[b]Sumqayıtdakı uşaq qəbiristanlığından REPORTAJ[/b]
12 may 2017 14:59 (UTC +04:00)

[b]Sumqayıtdakı uşaq qəbiristanlığından REPORTAJ[/b]

0
Hər il Azərbaycanda 170 min körpə doğulursa, onun təxminən 1700-ü vəfat edir.
 
APA TV-nin məlumatına görə, Səhiyyə Nazirliyinin Neonatoloji xidmətin təkmilləşdirilməsi üzrə Xüsusi Komissiyasından bildirilib ki, son illər hər 1000 yeni doğulan uşaqdan 10-u ölür. 2016-cı ildə də oxşar vəziyyət qeydə alınıb.
 
2015-ci ildə Azərbaycanda diridoğulmanın yeni meyarlarına keçiddən sonra uşaq ölümlərinin sayı 0,8 faiz artıb.
 
Maraqlıdır ki, doğuş zamanı qadın və uşaq ölümlərinin konkret hansı səbəblər üzündən baş verməsi nəinki açıqlanmır, hətta çox zaman bütün məsuliyyət hamilə qadının üzərinə qoyulur. 
 
Ölkədə uşaq ölümlərinin statistikasının artması faktları uşaq qəbiristanlığı mövzusunu aktuallaşdırıb. Bu məzarlıq Sumqayıt-Bakı yolunun üstündə yerləşən Sumqayıt şəhər qəbiristanlığının yanındadır. Adından da görüldüyü kimi, burada yalnız uşaqlar dəfn olunub.
 
Bu qəbiristanlığın yaranmasının da maraqlı tarixçəsi var - 80-ci illərdə şəhərin ekoloji fəlakət zonasına çevrilməsi nəticəsində ölü doğulan uşaqların sayı artmış, habelə şikəst və zəif doğulan uşaqların ölüm halları çoxalmışdı.
 
Bu məkan ölkədə yeganə belə məzarlıqdır. Qəbiristanlıq 30 il əvvəl körpələrin kütləvi ölümü zərurətindən yaransa da, indinin özündə belə dünyasını dəyişən azyaşlıları burada dəfn edənlər var.
 
Buradakı qəbirlərin əksəriyyəti sadə olsa da, fərqlənən məzarlar da var. Həmin qəbirlər isə sonradan orda dəfn olunan uşaqlara aiddir.
 
İlahiyyatçı Samir Ağayev hesab edir ki, İslamda uşaq və yaxud böyük qəbiristanlığı deyilən bir fərq yoxdur. Qəbiristanlıq bütün müsəlmanlar üçün eynidir: "Uşağından, böyüyündən, cavanından asılı olmayaraq, qəbiristanlıqlar hamı üçün eynidir. Uşaqlar da eyni qayda ilə dəfn olunmalıdır. Uşağa qüsl verilməli, meyit kəfənə bükülməli, hənud verilməlidir. Bir dənə qalır namaz, o da 6 yaşdan sonra vacib olur. Əgər 7 yaşı tamamdırsa, namazı da artıq vacibdir. Ana bətnində uşağın 4 ay 10 günü tamam olandan sonra vacibdir ki, bu işlər görülsün. Hətta uşaq ana bətnində tələf olsa, ölü dünyaya gəlsə belə, qüslü, kəfəni vacibdir ki, üzü qibləyə torpağa tapşırılsın".
 
Uşaqlara başdaşılarının qoyulmasına gəlincə, müsahibimiz bildirir ki, İslamda bəyənilən formada başdaşının qoyulmasında heç bir problem yoxdur: "Dəbdəbə və israfçılıq həm böyük, həm də uşaqlar üçün haram sayılır. Başdaşı qoyulmasında da heç tərəddüd yoxdur. Hüzr verilməsində də böyük və kiçik yaşlılar arasında problem yoxdur, hüzr insanların bir-birinə təskinlik xarakteri daşıyır. Bu, dərdə şəriklik deməkdir əslində, burda da valideynin təsəlliyə daha çox ehtiyacı olur".
 
İlahiyyatçı dünyasını dəyişən uşaqlar üçün ehsan verməyə gərək görmür. Çünki uşaq günahsızdır, böyüklər qədər savab əməllərə ehtiyacı yoxdur. Hədislərdən birində deyildiyi kimi, cənnət quşlarından biridir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 451

Oxşar yazılar