Sabah - 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günüdür. Sözügedən günlə bağlı olaraq isə artıq illərdir ki, paytaxtda, eləcə də digər şəhər və rayonlarda silsilə tədbirlər keçirilirdi. Həmçinin bu münasibətlə Dənizkənarı Milli Parkda atraksionlardan, qatarlardan və gəmi gəzintisindən uşaqların ödənişsiz istifadə aksiyası da baş tuturdu.
Maraqlıdır, sabah uşaqlar üçün xüsusi hansı tədbirlər həyata keçiriləcək?
Bu barədə
Lent.az-a ilk olaraq danışan Bakı şəhər İcra Hakimiyyətinin mətbuat katibi
İsrafil Kərimov bildirib ki,
bu gün İcra Hakimiyyəti tərəfindən məktəbəqədər təhsil müəssisələrində və uşaqlar evlərində tədbirlərin həyata keçirilməsi təşkil edilib.
Dənizkənarı Bulvar İdarəsinin mətbuat katibi
Günay Yelmarqızı isə
Lent.az-a açıqlamasında qeyd edib ki, sabah uşaqların ödənişsiz olaraq atraksionlardan istifadəsi nəzərdə tutulmayıb:
“Sabah Kukla teatrının arxasındakı meydanda saat 12:00-da Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin təşkil etdiyi “Təhlükəsiz qida uşaqların gözü ilə" adlı rəsm müsabiqəsinin yekunu keçiriləcək. Burada əyləncə də olacaq.
Bundan başqa isə bulvarda heç bir tədbirin keçirilməsi planlaşdırılmayıb”.
Mövzu ilə əlaqədar
Lent.az-a danışan Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat katibi
Eyvaz Qocayev isə
1 iyunla əlaqədar şəhərin Dram teatrında bu gün tədbir keçiriləcəyini bildirib.
Qeyd edək ki, agentlik tərəfindən məktəblilər arasında həyata keçirilən "Təhlükəsiz qida uşaqların gözü ilə" adlı rəsm müsabiqəsinə ölkəmizin bütün bölgələrindən maraqlı əl işləri daxil olub. Sabah keçirilən sərgidə qalib və iştirakçı məktəblilərə isə agentliyin xatirə hədiyyələri təqdim olunacaq.
Bildirək ki, 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Bakı dəmir yolu xəstəxanasında aksiya keçiriləcək. Belə ki, bayram günü aksiyada pediatriya baxışı pulsuz olacaq. Müayinələrə isə 40 faiz endirim ediləcək. Həmçinin xəstəxanaya gələn uşaqlara al-əlvan bəzədilmiş otaqlarda bayram əhval-ruhiyyəsi yaşadılacaq.
Bu günlə əlaqədar həm də Mərkəzi Gömrük Hospitalında 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə "Uşaqların ürəyi Qarabağda döyünür” devizi altında tibbi müayinə aksiyası keçiriləcək. Həmçinin Mərkəzi Gömrük Hospitalında Elmi Tədqiqat və Tədris Mərkəzinin həkim briqadası və tanınmış xarici mütəxəssislər tərəfindən iki gün Cocuq Mərcanlıda və Böyük Bəhmənli kəndindəki Tibb Mərkəzində təmənnasız tibbi müayinə aksiyası keçiriləcək.
Bundan başqa Azərbaycan Dövlət Uşaq Filarmoniyasının Uşaq-Gənclər Xalq çalğı alətləri orkestri də 1 iyun saat 19:00-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert proqramı ilə çıxış edəcək. Proqramda orkestrlə birgə Respublika və Beynəlxalq müsabiqələr laureatları Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının əsərlərini səsləndirəcəklər.
Son olaraq qeyd edək ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən qadınların beynəlxalq konfransında iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün uşaqların beynəlxalq müdafiəsi günü kimi tarixə düşüb.