<b>Rusiya səfirliyi, rus pasportu və...- <span style="color:red;">REPORTAJ </b>
30 aprel 2014 12:01 (UTC +04:00)

Rusiya səfirliyi, rus pasportu və...- REPORTAJ

0

“Yoldaşım burda, balalarım burda, nəyimə gərəkdi Rusiya vətəndaşlığı”

 

 

Neçə vaxtdır mətbuatda şimal zonasının çox sayda sakininin Rusiya vətəndaşlığını qəbul etmək üçün bu ölkənin Bakıdakı səfirliyinə müraciət etməsi barədə xəbərlər dolaşır.

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətindən verilən məlumata görə, Rusiya rəsmilərinin “... sabiq SSRİ-nin tərkibində yaşayan rus dilli, rus millətindən olan vətəndaşlar , RF-nın də vətəndaşlığını ala bilər” haqqında açıqlamasından sonra isə, Dövlət Miqrasiya Xidmətinə ikili vətəndaşlıq almaq üçün müraciətlər olsa da, belə bir sistem olmadığından, müraciətləri cavabsız qalır. Müraciət edənlər isə, əsasən rusdilli Azərbaycan vətəndaşlarıdırlar.

 

Bəs görəsən, Rusiya Federasiyası vətəndaşlığı almaq üçün doğurdanmı bu ölkənin Azərbaycandakı səfirliyinə axın var?

 

Elə yazılanları yerində araşdırmaq üçün üz tutduq səfirliyə.

 

...Səfirliyin giriş qapısındayıq. Səfirliyin işçisi bir-bir hər kəsdən nə üçün gəldiyini soruşur və yeni qaydaları onlara başa salır, hara, necə müraciət edəcəyini izah edirdi. İşçi təbii ki rus dilində danışdığından, bəzi əyalət insanları onun nə dediyini başa düşməkdə çətinlik çəkirdi. Nəhayət növbə mənə çatır.

 

- Dedilər qaydalar sadələşdirilib, gəlmişəm Rusiya vətəndaşlığı üçün müraciət edim.

 

Məlum oldu ki, əvvəlcə növbəyə yazılmalıyam. Bunun üçün isə səfirliyə gəlmək şərt deyil. Ərizəni internet üzərindən də doldurmaq mümkündür.

 

***

 

 

...Qapıya qucağında körpə uşağı olan xanım yaxınlaşdı. Əlində də bir kağız. Kağızı qapıda dayanan səfirliyin işçisinə göstərib kənarda dayanır.

Vəliyeva Günel azərbaycanlı, Rusiya vətəndaşıdır. İki il əvvəl Moskvadan Gəncəyə gəlin gəlib. Bir oğlu var. İkinci uşağını Moskvada dünyaya gətirmək istəyir. Deyir, həm gedib ailəsini görəcək, həm də körpəsini əmin əllərdə dünyaya gətirəcək. Gediş səbəbini özü belə izah edir. Səfirliyin “online” xidmətindən yararlanıb. Qucağında uşaqla Bakı-Gəncə yolunda qalmasın deyə. Yeni yaradılmış qaydadan da razılıq edir.

 

- İnşallah, uşağın da sənədləri düzəlsin gedəcəyik. Yoldaşım bankda işləyir. Bizimlə getmək imkanı yoxdu. Burda sənədləri düzəldəndən sonra Gəncədən uşağa da pasport alacam. Böyüyəndə ikili vətəndaşlığı olacaq. Hansı ölkədə hərbi xidmət çəkəcəyinə isə özü qərar verəcək. O vaxta çox var. Görək, hansı ölkənin vəziyyəti necə olur?”.

 

Səfirliyin hasarının lap sonunda divara lövhə asılıb. Burda bəzi lazımı məlumatlar yerləşdirilib. Bir də səsgücləndirici.  Növbə gözləyənlər üçün. Burada kimin növbəsi çatsa, çağırırlar: “Vəliyeva Günel”

 

Budur, Günelin növbəsi çatır. Uşağı həyat yoldaşına verib içəri keçir.

 

Növbə gözləyən yaşlı baba var. ƏLində əsası. Bu yaşda insanın nə gəzintiyə çıxacaq, nə də vətəndaşlıq alası halı yoxdu. Yaxınlaşıb dərdini anlamaq istədim. Başqa dildə danışdığından nə dediyini bilmədim. Səsinin tonundan bəlli idi ki, narazıdı. Elə hey, deyinirdi.

***

 

 

Qasımov soyadlı vətəndaş səfirlikdə təyin edilən vaxtdan gec gəlmişdi. Növbəsini qaçırdığı üçün yaman həyəcanlı idi. Samarada təhsil alıb. İndi diplomu ilə bağlı problemi var. Səfirlik vasitəsi ilə həmin təhsil ocağına sorğu göndərəcək. Qapıdakı işçiyə məlumat versə də, onu içəri dəvət etməyəcəklərini düşünürdü. Lakin içəridəki şəxs çıxandan sonra onu çağırdılar.

 

 

***

 

 

İsmayılova da Rusiya vətəndaşıdır. İllər öncə ailəliklə ora köçüblər. Doqquz il bundan əvvəl Azərbaycana ərə gəlib. İki qızı, bir oğlu var. Azərbaycan vətəndaşlığını almaq istəyir. Amma bunun üçün gərək əvvəlcə xarici pasportunu yeniləyə. Martda müddəti bitib.

 

- Yeddi il Azərbaycanda yaşayanda sonra vətəndaşlıq verirlər. Təzə vaxtlar başım uşağa qarışdı üstünə düşmədim. İki ilimi itirdim. Bu il artıq yeddi ilim tamam olacaq ki, müraciət etmişəm. Yoldaşım burda, balalarım burda. Nəyimə gərək Rusiya vətəndaşlığı?

 

***

 

Səfirliyin önündə Rusiya vətəndaşları da çoxu idi. Bəzisi sənəd itirib, bəzisi yeni doğulmuş uşağına sənə düzəltdirir.

 

Bax, beləcə 3 saata yaxın səfirliyin qarşısında var-gəl etsək də... Rusiya vətəndaşlığı almaq üçün heç bir ajiotaj görmədik...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4369

Oxşar yazılar