“Foks göstərmək hər adamın işi deyil”, deyir fokusçu Tofiq əmi. Deyir elə bilməyin ki, hər şey göründüyü kimi sadədir. “Çox çətin sənətdi, çox”.
Uşaqlığı Gürcüstanın Aşağı Oruzman kəndində keçən fokusçu 1978-ci ildə məktəbi bitirəndən sonra Bakıya gəlir.
- Ola bilməz ki, uşaq ikən kiminsə ürəyindən fokusçu olmaq keçməsin. Beşdə, ya altıda oxuyanda kəndə fokusçu gəlmişdi. Papağın içinə yumurta töküb ordakıların birinin başına qoydu, axmadı. Mən onun sirrini bilirdim…
Atamın üz qırxmaq üçün sabun köpüyü hazırladığı qabda ilk nömrəmi elədim. Alındı. Sonra kvadrat fiqurlardan ibarət bir fokus nömrəsi də vardı, onun da sirrini öyrəndim. Tamaşa qurtarandan sonra qrim otaqları vardı, illüzianistlər orda yır-yığış edirdi, ora getdim. Məni görəndə dedi ki, nə istəyirsən. Fokusun sirrini bildiyimi desəm də, məni qəbul etmədi. Dedi, aparın bu uşağı burdan. Növbəti gün yenə də onların olacağı kəndə gedib başqa fokus nömrəsinə baxdım, gəlib onu da evdə təkrarladım. Bizdə yay mətbəxi vardı, orda taxt düzəltmişdik, hansı ki, onu fırın adlandırırıq. Ora mənim səhnəmiydi. Bacımı, qardaşımı, qonşuları yığıb fokus göstərirdim. O zaman dəftərlərin arasında mürəkkəbi qurulamaq üçün suçəkən kağızlar olurdu. Onları yığıb qəzetin bir küncünə yapışdırmışdım. Suyu tökürdüm ki, su həmin hissəyə hopsun, açanda da görünməsin. Bir fokus nömrəsi də vardı, fokus ustası çərçivənin qırağını çubuqla deşirdi, sonra qəzeti açırdı, amma şəkil əvvəl olduğu kimi də qalırdı. Bu fokus mənə o qədər möcüzəli görünmüşdü ki... Sonra bibimə danışdım, soruşdum ki, necə elədi. Bibim dedi ki, onun sehrli çubuğu var, o da ki, sehrli ağacdan kəsilib. İnandım. Başladım o ağacı axtarmağa. Nağılları da çox sevirdim. Birində yazılmışdı ki, şahzadənin qızının sehrli çubuğu tuğbulu ağacından idi. Maraqlandım, bəlli oldu ki, belə ağac var. Yerini tapdım. O zamanlar bu ağacdan kənd yerlərində süpürgə də düzəldirlərmiş. Nə qədər etdim sehr göstərmədi ki, göstərmədi. Sonralar yalan olduğunu anladım.
Fokusçu olmaq həvəsi də onunla bərabər böyüyür. Müxtəlif tədbirlərdə də iştirak edir. Hərbi xidmətini Qazaxıstanda çəkib. Hərbi hissələrdə bədii özfəaliyyət yarışmalarında iştirak edir, təşəkkürnamələr, diplomlar alır. Rəssam və fotoqraf kimi də məşğul olur, kinolar göstərir. 80-ci illərdən sonra artıq peşəkar fəaliyyətə başlayır.
- Düzünü deyim ki, kəndə gələn tamaşaların heç birinə pul verməmişəm. Ya pəncərədən atlanıb keçərdim, ya qapıdan. Deyim ki, uşaq ikən də yaman dəcəl idim. Məktəbi yaxşı oxumuşam, 8-ə qədər əlaçıydım. Heç vaxt 3-2 qiymət almazdım.
- Nə zaman fokus ustası olacağınızı qətiləşdirdiniz?
- Yeddinci sinifdə oxuyanda. Deyim ki, o zaman kənddə gülüb-güldürənlərə qəribə baxırdılar, o sənətlərə qiymət vermirdilər. Amma sağ olsun valideynlərim. Yeddi uşaq olmuşuq. Heç birimizin işinə qarışmazdılar. Nə ixtisas, nə də ki, həyat yoldaşı seçimində. Bacılarımı da zorla ərə verməyiblər, hərə öz seçimini edib, məsləhətlisi olub. Atam-anam kəndli olsa da, dünya görüşləri, uşaqlara münasibətləri başqa idi. Əsgərliyi başa vurduqdan sonra Elektron Hesablayıcı Maşın zavodunda işləməyə başladım. Haradasa bir ilə yaxın. Bu arada universitetə qəbul üçün də sənəd verirdim. Təəssüf ki, bu illər ərzində müəyyən səbəblərə görə, daxil ola bilmədim, orada işləməli oldum. Yoldaşımla da elə həmin yerdə tanış olduq. Universitetə sənəd vermək üçün bir hərf səhvinə görə səhər tezdən Gürcüstana gedib tez də qayıtmışam, amma yetişə bilməmişəm. Növbəti illərdə də elə, bəzi problemlərə görə qəbul ola bilməmişəm. Nəhayət, 1985-ci ildə Kino-Dram Aktyorluğuna qəbul oldum, 89-da universiteti bitirdim. Ümidverici tələbə olmuşam. Sirkdə də uzun illər işləmişəm, daha sonra İntiqam Soltandan dəvət alıb Bakı Uşaq Teatrına getdim. Hazırda da orda işləyirəm, müəllifi olduğumuz tamaşaları təqdim edirik. Bu yaxınlarda “Kasıbın Yuxusu” adlı tamaşanı təqdim etdik, burda da müxtəlif fokus nömrələri göstərdim, maraqla qarşılandı. Tərəf müqabilim Rauf Şahsuvarov idi.
- Azərbaycanda əvvəllər bu işlə peşəkarcasına məşğul olan demək olar olmayıb, yaddaşlarda qalan biri...
- Lap əvvəllər də bizim peşəkar illüzianistlər olub. Mənsur Şirvani vardı, sirkdə işləyirdi. Təxminən 60-cı illərdən sonra heyvan təlimi ilə məşğul olmağa başladı, bu sənətdən uzaqlaşdı. Xosrov Abdullayev də vardı, jonqlyor idi, sonra illüziya ilə məşğul olmağa başladı. 80-ci illərdə SSRİ-də “Revyu” adlı konserti oldu. Xalq artisti adını almışdı, sırf konsert üslubunda çalışırdı. Xüsusi emalatxanası da yox idi. Proqramı hazırlayır, beş il ərzində SSRİ-nin müxtəlif yerlərində nümayiş etdirirdi. Repertuarda yenilik yox idi, eyni fokus nömrələrini nümayiş etdirirdi. “Uşaqlığın son gecəsi” filmində oğurlanan əti təhvil götürən şəxs o idi, Xosrov Abdullayev. Kim sənət üçün çalışır, zamanını xərcləyir, nələrisə qurban verirsə, o sənətdə qalır. Səthi yanaşanlar, heç bir yenilik etməyənlər tez unudulacaq. Çünki sənət yenilik tələb edir, məsələn olur ki, hansısa foks nömrəsindən istifadə edirəm, amma onu özümünküləşdirirəm, müəyyən əlavələr edirəm. Hazırda müəllifi olduğum 6 fokus nömrəsi var, patentlik hüququ almışam.
- Bu peşədə bazar necə, var?
- Adətən pulumuz tədbirlər, ad günü, konsertlərdən çıxır. Olur ki, ayda 10-15 sifariş mən, 50 sifariş də bir başqası götürür. Yəni, çox sifariş qəbul etmək də peşəkarlıq demək deyil. Bir var tanınmaq, bir də var sevilmək, bunlar fərqlidir. Yeni il şənlikləri, restoranlarda, adətən qiymət baha olur. Amma deyim ki, ən baha mən gedirəm. Bir gündə heç kəs adama min manat verməz. İstisnalar da var. Olub ki, bir günə 3500 manat almışam, bu da hər dəfə olmur. Qiymət də adamına baxır. Məhərrəmlik ayında isə bazar bağlanır. Amma yenə də, mənim daimi qazancım var, teatrdan. Ordan təxminən 160 manat alıram. Normal yaşam üçün hər şeyim var, nə artıq, nə əskik.
- Sehrli çubuğun təsiri ilə təsadüfi sənətə gələnlər necə, varmı?
- O sehrli çubuğun təsiri ilə bu gün sənətə gəlmək istəyənlər az deyil. Öyrənməyə başlayanda görür ki, bir balaca “şarik”i fırlamağa günlər sərf etməlidir. Əziyyətə qatlaşa bilməyən, gedir. 2 mindən artıq əşyam var, bilsəm ki, kim bu sənətin ardıyca gedəcək, ona kömək edərəm. Amma beləsini görməmişəm. Fokus göstərənlərin əksəriyyəti çörək puluna işləyir. Fikirləşir ki, bir fokus göstərib 30-50 manat almaq yaxşıdır ki, nəinki fəhləlik edib çörək pulu qazanmaq. Kimsə, nəsə eləyəndə, bir də görürsən ki, deyir mən sənəti qaldırmaq istəyirəm. Sənət qalxmır, sənətlə qalxmaq olur. Gərək səhnədə özünü sevdirəsən. Səhnəyə çıxarkən birinci tamaşaçı səni görür, fokusu yox. Tamaşaçının borcu deyil ki, kiminsə konsertinə, tamaşasına bilet alsın. Ona görə, sən müəyyən təəssürat yaratmalısan, yaxşı mənada. Tamaşaçı ədabaz fokusçunu sevmir. Nəsə onu çəkməlidir, maraq oyatmalıdır ki, o da pul xərcləsin. Səhnə bağlandıqdan sonra kimsə yaxınlaşıb soruşursa ki, bunu necə etdin, deməli həmin fokus göstərən işini görə bilib. Tamaşaçını inandırmaq, əyləndirmək və düşündürmək lazımdır. Şərt deyil ki, 500 tamaşaçının hamısı səni bəyənsin, kimsə bəyənir, kimsə qəsdən “bəyənmədim” deyir. Dünyaca məşhur illüzianist Devid Kopperfildin Moskva konsertində belə tamaşaçı zalı tərk edirdi. Ötən ilin iyununda “Ecazkarlar” adlı 3 saatlıq konsertimiz oldu, tamaşaçıların bu qədər maraqlı qarşılayacaqlarına inanmırdıq, amma gözləmədiyimiz nəticə oldu, çox sevindik. O konsertdən bizə nəsə bir xeyir qalmadı. Əsas o idi ki, ziyana düşmədik. Nə yaxşı ki, əziyyətimiz hədər getmədi, işin alınmamağını istəyənlər də var idi. Yenə də konsert vermək istəyərdim. Amma teatrlar, arenalar çox bahadır. Gənc Tamaşaçılar Teatrında 2500, Akademik Milli Dram Teatrında isə deyilənə görə 5000 manatdır bir günlük icarə. 5000 manatlıq mənə nə verirlər ki? Bir boş səhnə, dekorasiya yox, kamera yox, aparat yox.
- Əşyalarınızdan danışaq, fokusda istifadə etdiyiniz. Ən ucuzu, ən bahalısı haqda...
- Çoxunu özüm düzəltmişəm. Ya da xaricdən almışam. Bizdə bu işlə məşğul olan dükanlar yoxdur.
-2001-ci ildə ilin ən yaxşı 20 illüzianistindən biri olmusuz, dünyada...
- Festivallar özləri də bir məktəbdir. Az öyrənməmişəm. Festivallara getmədən sənətkar kimi yetişə bilməzsən. Çində, o cümlədən bir çox festivallarda olmuşam, 2001-ci ildə də ilin ən yaxşı 20 illüzianistdən biri seçilmişəm.
- Nədənsə dünyada belə bu işlə məşğul olan qadınlar yoxdur, belə görünür. Səbəb nədir?
- O zamanlar Azərbaycan Dövlət Konsert Qastrol Birliyində Yelena adlı bir xanım vardı ki, bu işlə məşğul idi. Aruçi vardı, həyat yoldaşı ilə birgə fokus göstərirdi. Gəncədə İntizar Nəbiyeva vardı. Yaxşı fokus göstərirdi. Adriana Blek adlı amerikalı qadın var ki, dünyaca məşhurdur, böyük fokus nömrələri nümayiş etdirir. Amma indi yoxdur. Qadınların bu sahəyə çox meylli olmamasının səbəbi, düşünürəm ki, işin çətinliyidir.
- İstər aparıcı, istər də aktyor səhnədə baş verəcək fövqəladə hadisədən xəbərsizdir. Gözlənilməyən anda nəsə olur. Siz də yəqin belə hallarla qarşılaşmısız?!
- Fokusun 6 qızıl qaydası var. Onlardan biri də budur ki, səhnədə gözlənilməz hadisə olduqda, fokus alınmadıqda, özünü itirməyəsən, gülümsəməyi bacarasan. Çalışmaq lazımdır ki, həmin fövqəladə hadisəni tamaşaçı fokus nömrəsinin tərkib hissəsi kimi qəbul etsin, guya belə də olmalıymış. Sirkdə olmuşdu belə bir hadisə. Deməli, səhnəcik belə idi, qızı qutunun içinə salırıq və yoxa çıxır. Bizdə sirk iridir deyə, həmin qutunu fırladırıq ki, bütün səhnə görsün, bu zaman qızın olduğu qutunun bir hissəsi açıldı. Tez həmin hissəni bağladım. Tamaşaçı gördü, başa düşmədi yəqin ki.
- Ən asan fokus hansıdır?
- Fokusda asan nömrə yoxdur. Kart, qəpik, şarlarla olan nömrələr mütəmadi məşq tələb edir. Ən çətini isə daha böyük aksessuarlar, avadanlıqlarla işləməkdir. Məsələn, adamın uçması, çox çətindir, texniki bir işdir.
- Daha çox da dovşan, quş, ördəklərdən istifadə olunur. Bunun biz bəlli olmayan bir sirrimi var?
- Yox, sadəcə dovşan, ördək sakit, sevimli heyvan olduğu üçün daha çox istifadə edilir. Onlarla işləmək çox rahatdır. Qoyduğun yerdə bir müddətəcən qalır.
- Qara geyimin sirri, sehri, tarixçəsindən danışaq...
- Əvvəllər fokus ustalarının geyimi şərq üslubunda olub. Bəzəkli çalma, xalatla səhnəyə çıxardılar. 18-ci əsrdə Rober Uder illüzianistlərin hazırkı geyimini səhnəyə gətirir, kəpənəkli frakı. O zaman bu geyim aristokratlara xas idi. O ilk dəfə belə geyimlə səhnəyə çıxdı. Frak adlanan bu geyimin bir özəlliyi də vardı ki, onun açıq olan bir hissəsində istənilən əşyanı gizlətmək olurdu, birdən-birə göyərçin çıxır, tamaşaçı onun haradan çıxdığını anlamır. Həm də qeyri-adidir. Devid Kopperfild isə tam müasir geyimi, cins şalvar, adi köynəklə səhnəyə çıxdı. Bu zaman tamaşaçı səhnədə özünü gördü, düşündü ki, bu da mənim kimi bir adamdır.
- Başqa hansı işlə məşğul ola bilərsiniz?
- Mənim üçün əsas bu sənətdir, yataq otağımı fokus əşyaları ilə doldurmuşam, yatanda da, duranda da onlarla məşğulam. Bacardığım işlər var. Məsələn, peşəkar fotoqrafam. Həvəskar kino çəkən idim. Kameram, montaj stolum var, indi də qalıb. Tələbə ikən qısametrajlı süjetlər çəkərdim.
- Ailənizdən sənətinizi davam etdirən var?
- Yoxdur. Qazancımın yarıdan çoxunu bu sənətdə qoymuşam. İstəyərdim ki, oğlum bu yolu davam etsin, səhnə görünüşü də var. Amma istəmədi, mən də məcbur etmədim.
Nigar Məhərrəm