Bir siniyə 300 manat xərcləyərdiniz? Əntiq malları sevənlər üçün bu elə də böyük məbləğ deyil. Bu gün sizlərə əntiq əşyalardan, paytaxtımızda əntiq əşyaların satıldığı dükanlardan danışacağıq. Əntiq əşyalarla tanış olmaq üçün “Tarqovı”ya yollandıq.
“Antiquary” adlı mağazanın satıcısı Elçin Əhmədov dükanlarında müxtəlif ölkələrdən, xüsusən də Rusiyadan gətirilən əntiq mallar olduğunu deyir:
- Daha çox Rusiya istehsalı olan əntiq mallar üstünlük təşkil edir. Çexiya, Almaniya istehsalı qablarımız var. Köhnə Çin malları da az deyil. Polşa, Rumıniyadan gətirilən əşyalara da alıcıların böyük marağı var. 19-cu əsrin sonları, 20-ci əsrin əvvəlləri ilə yanaşı lap yaxın keçmişə aid əşyaları da dükanımızdan ala bilərsiniz. Əntiq malları sevən, düşünmədən buna pul xərcləyən heç zaman burdan əliboş çıxmaz. İstənilən zövqə uyğun əşya, rəsm və başqa əşyalar tapmaq mümkündür. Yaşlı nəsil üçün bura gənclik xatirəsidir. O zaman aldıqları, gördükləri əşyalar bu gün burada satılır. 30-40 ilin də, 150 ilin də əşyaları bizim dükanda var. Bu vaxtadək satdığımız ən qədim əşya 19-cu əsrə aid 84 əyarlı gümüş qılınc olub. Həmin qılıncdan döyüşlərdə istifadə olunub. Üzərində qılıncı hazırlayan “Əli” adlı ustanın adı da yazılmışdı.
Elçin Əhmədov deyir ki, tarixi simaların fiqurları, portretləri də alıcılar tərəfindən böyük maraqla qarşılanır:
- Puşkinin, Maksim Qorkinin, Stalinin fiqurları, Leninin portreti də satışdadır. Fiqurların böyük qismi Rusiyaya aid olsa da, Ukrayna, Almaniyaya istehsalı olan fiqurlarımız da az deyil. Bundan başqa bir çox ölkələrin qədim pulları, medallarının satışı ilə də məşğul oluruq.
Satıcı son zamanlar daha çox qeyri-adi əntiq əşyaların alıcıların marağını çəkdiyini qeyd edir:
- Daha çox qeyri-adiliyi ilə seçilən əşyalar alıcıların marağını çəkir. Alıcılar göz qabağında olan əşyalardan çox nadir tapılan əşyalara meyl göstərirlər. Bununla yanaşı, deyə bilərəm ki, əntiq gümüş əşyalara da maraq az deyil. Son zamanlar bu sahəyə əsasən gənc nəsil tərəfindən tələbat artıb. Çox güman insanlar evlərinin görünüşünün fərqlənməyini istəyir. İstəyirlər ki, evləri yaxşı mənada zövq oxşasın, diqqət çəksin. Onu da deyim ki, vaxtilə “Madonna” servizlər hamı tərəfindən böyük maraqla alınırdı, evlər bəzədilirdi, ana qızını köçürəndə cehiz verirdi. Amma indi ona da maraq yoxdur. Vaxtı ilə yeni ailə quranlar evlərin divarını bəzəməli xalçalarla bəzəyərdilər. Amma artıq bu dəb də geridə qalıb. Bu mənada modernləşmə bir növ də bizim işimizə zərər verir. “Madonna” servislərimiz çoxdur. Alıcısı olmadığı üçün qiymətləri aşağıdır, 120-180 manat arası. Öncələr 1000, daha sonra 300 manata olub. Xüsusən də qeyd edim ki, yeni nəsil bu tip köhnə qablara maraq göstərmir. Gümüş suyu ilə hazırlanan melxio qaşıq, çəngəllər var ki, artıq onlara da maraq azalıb. Yeni nəsil daha çox müasirliyə üstünlük verir. Bu bazara maraqlı olanlar arasında da 30-40 yaşdan yuxarılar daha çox üstünlük təşkil edir.
Xalçalardan söz düşmüşkən həmsöhbətimiz deyir ki, son zamanlar xalça satışı ilə az məşğul olurlar:
- Hazırda əllə toxunan xalçamız yoxdur. Xalçalarımızın bəziləri 50 il öncəyə aiddir. Qədimi palazlarımız da var ki, onlar da İrandan gətirilib. Digər xalçalarımız isə 30-40-ci illərə aiddir. Əvvəllər xalça alış-satışına çox üstünlük verirdik. Qış aylarında nəmişlikdən çürüdükləri üçün artıq almırıq.
Alıcıların böyük qisminin yerli sakinlər olduğunu deyən Elçin turistlərin ölkəmizə aid milli əşyalarla xüsusilə maraqlandığını vurğulayır:
- Gələn turistlər daha çox ölkəmizə aid milli əşyalar almaq istəyirlər. Təəssüf ki, dükanımızda Azərbaycana aid qədim əşyalar çox azdır. Öncəki illərlə müqayisədə iki fərq nəzərə çarpır. Biri alıcıların müxtəlifliyidir. Məsələn, bu gün bəzi şeylər var ki, istər geyim, istərsə də bir başqa şey, onlarda qiymət süni olaraq artır. Bu da ki, tələbatla bağlıdır. Tələbat varsa həmin malın qiyməti qalxır. Amma bu sahədə belə deyil. Elə şeylər var ki, çox dəyərlidir, tələbat olmadığı üçün qiyməti düşüb.
Satıcıdan bu əşyaların necə, kimlər tərəfindən gətirildiyini də öyrəndik:
- Xüsusi adamlar var ki, onlar ev-ev düşüb maraqlanır, uyğun şeyləri alıb bizə gətirirlər. Özümüz xaricdən heç nə gətirmirik, müxtəlif ölkələri gəzən turistlər var ki, onlar dükanımıza əntiq mallar təklif edirlər, biz də alırıq.
Mağazada çox da qədim olmayan, 50, 60 yaşı olan duzqabının qiyməti o qədər də bahalı deyil. Duz qabının 5-6 manata almaq mümkündür. Ən bahalı əşya isə çıraqdır, Onun qiyməti 1000 manatdır:
- İkonalar var ki, 100 ildən artıq yaşı var. Samovarlarımız da çox qədimdir, ən azı yüz yaşı var. Kəmərlərin ikisi 1917, üzəri pullu olan isə 1944-cü ilə aiddir. 19-cu əsrin ortalarına aid çəngəllərimiz də var. Üzərində 1855 yazılıb. İrana aid 19-cu əsrin qədim işləmələri, saxsıları da var ki, bunlar da maraqla qarşılanır. Medallarımız İkinci Dünya Müharibəsinə, pullar isə SSRİ dövrünə aiddir. Bunlar arasında Hitler Almaniyasının medalları da var ki, üzərində faşizm işarəsi əks olunub. Çox kiçik olan, bəlkə də kiminsə pul xərcləməyə heyfi gəldiyi bu medalların biri 80, digəri isə 200 manatadır.
Elçinin dükanında sözün əsl mənasında Nikolaydan qalma, 1844-cü ildə kəsilmiş pulu da gördük. Dükanda həmçinin Abbasilər dövrünə aid sikkə də var. Sikkənin qiyməti 30-200 manat arasında dəyişir. Diqqətimizi çəkən digər məqam isə, qədimi əl güzgüsü oldu. 300 manatlıq güzgü 19-cu əsrin 80-ci illərinə aiddir. Leninin portreti, qədimi üst geyiminin qiyməti isə 200 manat təşkil edir. Çox iri, qədimi güzgü isə 400 manata satılır.
Satıcı deyir ki, köhnə malın qiyməti heç vaxt qalxmır:
- Köhnə malın qiyməti heç zaman qalxmır. Saatların da qiyməti 50-60 manatdan başlayır. Kamançanın qiyməti 100, “padnos”un qiyməti isə 300 manatdır. O qədər də qədim olmayan elektrikli çıraq isə 150 manatadır. Mis qabların qiyməti isə 40-120 manat arası dəyişir. Rəsm əsərləri arasında qədimi olanlar da var ki, bunlardan birinin qiyməti 250 manatdır. Bu rəsmlər azərbaycanlı rəssamların əl işidir. Təəssüf ki, üzərlərində adları yazılmayıb. Bir vaxtlar köhnə telefonlarımız da var idi. Başqa ölkələrdə istehsal olunan, Rusiya, Yaponiyadan gətirilən bu telefonlar çox bahalı əşya hesab olunur.
Maraqlı məqamlardan biri də köhnələn, bəzən də istifadəyə, hətta satışa yararsız olan bu əşyaların yenidən bərpasıdır. Elçin tarixiliyinə xələl gətirilmədən onların Kömürçü bazarına göndərdiklərini dedi:
- Aldığımız bu əşyaların bir qismini tarixiliyinə xələl gətirmədən bərpaya göndəririk. İndi işıldamağına baxmayın, samovarlarımız çox pis gündə idi. Elə samovarlar var ki, onların qulpu yox idi. Belə halda həmin əntiq əşyanı təmir üçün Kömürçü bazarına göndəririk. Qədimiliyi qorunmaq şərti ilə yenidən bərpa olunur, üzərindəki yazılar əvvəli tək oxunur.
Dükanda milli geyim istisna olmaqla, başqa qədimi geyimlər demək olar ki, gözümə dəymədi:
- Geyim elə bir şeydir ki, tez cırılır, istifadəyə yararsız olur. Buna görə qədimi geyimlər saxlanılmır. Açığı, biz bu işdə maraqlı deyilik.
Yəqin ki, elə əntiq əşya olub ki, onu satmağa heyifiniz gəlib, deyə sual verdikdə, Elçinin cavabı belə oldu:
- Yox biz bunu özümüz üçün, kolleksiya yığmaq məqsədi ilə alıb-gətirmirik. Məqsədimiz yalnız onun satışını təşkil etməkdir.
Elçingilin dükanına müxtəlif muzeylərdən də gələnlər az deyil.
Ziyarət etdiyimiz digər bir dükanda isə satıcı Şamo dayı ilə söhbətləşdik. 50 ildir ki, bu işlə məşğul olduğunu deyən Şamo dayı müştərilərin alıcılıq qabiliyyətinin aşağı olmasından gileyləndi:
- Dövran dəyişib, maraqlar dəyişib. Elə olur ki, günlərlə bura gələn olmur. Amma indi, görürsüz də ayağınız düşərli oldu, artıq 3-cü alıcıdır ki, pul xərcləyir. Hamı qiyməti öldürməyə çalışır, birini verdim, daha aşağı qiymətə satmayacağam. Biz də dolanmalıyıq. Kimisi gəlib baxır deyir ki, cavanlığım yadıma düşdü. Kimisi alıb toplayır, kimisi də baxıb həzz alır. Həzz alan daha çoxdur. Cavanların marağı nədənsə azdır. Amma ötən bir neçə illə müqayisədə son zamanlar onlarda da dirçəlmə hiss olunur. Bizim aləmimizə daha çox 45 yaşdan yuxarı insanlar maraq göstərir. Medal, pul, sikkə, köhnə saatlar daha çox alınır. Dəmir pullar arasında köhnə Azərbaycan pullarına maraq yaranıb. Məsələn, Atabəylər, Şirvanşahlar, Abbasilər dövrünə aid pullara maraq çoxdur. Qiymətlər 30-1000 manatadəkdir.
“Tarqovı”da, böyük ticarət mərkəzinin ikinci mərtəbəsində yerləşən bu mağazada da qiymətlər fərqli idi. Gümüş dəstlər 120, 140 manatadır. Bu arada Şah İsmayıl Xətai, I Təhmasib, Nadir şah, Fətəli şahın dövründə istifadə olunan pullarla da tanış olduq.
Satıcı deyir ki, yalnız SSRİ-nin təltif etdiyi medalları alıb-satır. Elə gördüyümüz kağız pullar da SSRİ-yə, 1927-ci ilə aid idi. Satış qiyməti 30-40 manatdır. Saat təmiri üçün istifadə olunan gözlüklər isə çox ucuz, beş manata, qolbaqlar 10-100 manata satışdadır.