<b>Milyonlara bayraq tikən Gültəkin ananın</b> <span style="color:red;">YAS YERİNDƏN REPORTAJ
21 may 2014 18:29 (UTC +04:00)

Milyonlara bayraq tikən Gültəkin ananın YAS YERİNDƏN REPORTAJ

0

80-ci illərin sonunda Azadlıq meydanına toplaşan insanların istəyi bir idi: Azad olmaq! Bu azadlıq bizə müstəqil dövlət qurmağa imkan yaradacaqdı. Yuxarıda danışdığım azadlıq, dövlət, milli bayraq belə bizim üçün əlçatmaz idi.  Hələ üfuqdə belə görünməyən o dövlətin bayrağını ilk dəfə Gültəkin ana tikdi. Daha dəqiq desək, 1918-ci ildə təsis edilmiş, sonradan isə yasaq edilmiş bayrağa o can verdi.

 

 

İllər öncə “Azadlıq” hayqıran kütlənin qarşısına öz əlləri ilə tikdiyi bayraqla çıxan Gültəkin ananı unutmuşduq, amma...

Amma o, ölümüylə özünü bizə xatırlatdı, sükutu pozdu.

 

Gültəkin ananın ölümü o qədər ani oldu ki, hətta varlığı və yoxluğu arasında var-gəl də etdik. Varlıq və yoxluq arasındakı gəzişmə isə bizi Yasamal rayonunda Gültəkin ananın cənazəsinin bulunduğu evə apardı. Qəribə idi, yaşadığı evin yaxınlığındakı parkda Azərbaycan bayrağı dalğalanır. Sanki kimsə duyuq düşübmüş. Qəzənfər Musabəyovun heykəlinin yerinə Azərbaycan bayrağı dikilib ki, Gültəkin ana hər gün yaşadığı binanın eyvanından üç rəngli bayrağımıza tamaşa etsin. Bəlkə də hər səhər ilk işi bayrağı seyr etmək olub.

Nə bilmək olar...

 

Ölüm səssizliyinin hökm sürdüyü həyətdə təkəmseyrək insanlar gözə dəyirdi. Adət etdiyimiz ağı, oxşama, fəryad qulağa gəlmirdi...

 

Gültəkin Səfərli 1928-ci il aprelin 22-də Naxçıvan şəhərində anadan olub. Naxçıvanda müəllimə işləyib. Daha sonra Bakıda kar və lallar üçün məktəbdə ədəbiyyat fənnindən dərs deyib.

 

1988-ci ildə meydana öz əlləri toxuduğu Azərbaycan bayrağını hədiyyə etməsiylə milyonların “Gültəkin ana”sına çevrilib.

 

Yaşından asılı olmayaraq, insan itkisi ağırdır, ağrılıdır. Hələ-hələ ana itkisi. Mərhum Xalq şairi Məmməd Arazın “Ana yaşı” şeirini bəlkə də çoxlarınız xatırlayır: “Ana itirmişəm ana yaşında”.

 

 

***

 

Eşidib bilən qohum-qardaş yavaş-yavaş həyətə axın edirdi. Baş sağlığı verməyə gələnləri qarşılayan Gültəkin ananın oğlu Səfər müəllim möhkəm və təmkinli görünürdü. Dediyinə görə, anasının elə bir ciddi narahatlığı yox imiş: “Yaşlı adam idi. Səhhətində problem yox idi. Son beş-altı gün idi ki, yeməkdən kəsilmişdi. Axşam azanı verildi, elə azan qurtaran kimi canını tapşırdı”.

 

Səfər müəllim Gültəkin ana ilə bir evdə qalmadığı üçün son günlər anasının yanına gəlib – gedənlərin kimliyindən xəbərdar olmadığını da dedi: “Mən anamdan ayrı yaşamışam. Anama bacım baxdığı üçün geniş danışa bilməyəcəm. Ancaq əvvəllər Mirmahmud ağanın, İsa bəyin, Fazil bəyin anamın ziyarətinə gəldiklərindən xəbərim var”.

 

Gültəkin ana Azərbaycan bayrağını tikəndə Səfər müəllimin 33 yaşı olub. Səfər müəllim meydanda anasını tək qoymayıb. Birlikdə olublar:

 

- Vallah, indi dəqiq yadımda qalmayıb. Bayrağın rənglərindən birinin parçasını tapa bilmədik. Bilmirəm, hansı rəng idi. Rəhmətlik qardaşım rəssam olduğu üçün başqa rənglərin qarışığından o rəngi aldıra bildi. Anam hələ o vaxt mənə deyirdi ki, atası, yəni babam bayrağımız haqda ona danışıbmış. Sovet vaxtı bildiyiniz kimi, qadağan idi belə söhbətlər”.

 

Gültəkin ananın tikib hazırladığı bayraqlardan isə demək olar ki, qalan yoxdu. Ən sonuncusunu da Səfər müəllim Tarix Muzeyinə bağışlayıb:

 

- Anam çox bayraq tikmişdi. Elə həmin bayraqlardan sonuncusunu Tarix Muzeyinə verdim. Həmin bayrağı 90-cı ilin 20 yanvarından sonra “Qaqarin” körpüsündən asmışdıq”.

 

Müsavat partiyasının müavini Gülağa Aslanlı Gültəkin ananın vəfatını azadlıqsevər insanlar üçün böyük itki hesab etdiyini söylədi:

 

- Onun vəfatı Azərbaycan cəmiyyəti, azadlıqsevər insanlar üçün böyük itkidir. Gültəkin ana 1988-ci ildən Azərbaycan cəmiyyətinə tanışdı. Həmin günləri xatırlayan insanlar bilirlər ki, o vaxt meydana gətirilən Azərbaycan bayraqlarının böyük əksəriyyətini Gültəkin ana tikirdi. 1918-ci Məhəmməd Əmin Rəsulzadə və tərəfdarlarının qaldırdığı bayrağı 1988-ci ildə yenidən qaldırmağa çalışan insanlara hazırlayıb verən o idi. O, milyonların qəlbində yaşayacaq. Allah ona rəhmət eləsin”.

 

Klassik Xalq Cəbhəsi Partiyasının sədr müavini Xəzər Teyyublu Gültəkin ananı son mənzilə yola salmağı özləri üçün fəxr bildiklərini dedi:

 

- Gültəkin ana fədakar xanım idi. 1988-ci ildə Milli Azadlıq Hərəkatı başlayanda heç kimin tanımadığı Azərbaycan bayrağını öz əlləriylə tikmişdi, qəlbində Bütöv Azərbaycan sevdası daşıyırdı. Onu son mənzilə yola salmaq bizim borcumuzdur”.

 

...Cənazəsinin qoyulduğu avtomobilin hərəkəti küləklə mübarizədə qəddi şax tutan Azərbaycan bayrağı istiqamətində idi. Gültəkin ananın cənazəsi, o bayrağın altından keçəcəkdi...

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3331

Oxşar yazılar