[b]İşıq şüaları ilə çəkilmiş rəsmlər: Neon sənəti haqqında reportaj[/b]
06 avqust 2016 15:57 (UTC +04:00)

[b]İşıq şüaları ilə çəkilmiş rəsmlər: Neon sənəti haqqında reportaj[/b]

0
Adətən, belə deyirlər: qaranlıqdan işığa. Amma bu məkanda hər şey işıqların sönməsi ilə başlayır. Belə ki, bir-birindən maraqlı, rəngarəng, hər biri başqa dünyaya aparan işlərlə tanış olmaq üçün məhz qaranlıq olmalıdır.
 
Adi halda heç nə bilinmir. İşıqların sönməsi ilə isə biz mistik aləmə daxil oluruq.
 
Seyr etdiyimiz rəsmlərin sirli parıltısı bizi həqiqətən tamam başqa ab-havaya kökləyir. Məsələ burasındadır ki, rəsmlər yalnız ultrabənövşəyi işıq altında tam aydın görünür. Neon sənətinin özəlliyi də elə budur. Belə ki, neon sənəti neon boyasının ultrabənövşəyi işıq altında əks olunma effektinə əsaslanan boya sənətidir. Rəsmlər işıq illüziyası və 3D effektinin köməyi ilə canlanır.
 
Qərbdə bu sənət tanınsa da, Şərqdə o qədər də populyar deyil. Bu sənətin Şərqdəki yeganə nümayəndəsi azərbaycanlıdır. Fərid Ələkbərov artıq uzun illərdir neon sənəti ilə məşğul olur. Onun atası heykəltəraş olub, rəssamlıq və heykəltəraşlıqla uşaqlıqdan məşğuldur. Neon sənətinə marağı isə adi müşahidədən yaranıb. Belə ki, bir dəfə o, diskotekada ağ işığın əks olunduğunu görüb. Eksperiment etmək istəyi ilə başlanan yol Fərid Ələkbərovu neon sənətinə gətirib.
 
Bir çox əcnəbi ölkələrdə sərgiləri keçirilən Fəridin xaricdə yaşayıb çalışmaq imkanı olsa da, o, vətəni seçib. Hazırladığı işləri isə xeyli müddətdir ki, “Farhause” neon ev muzeyində sərgilənir. Bu məkan nəinki Azərbaycanda, dünyada neon sənətinə aid işlərin nümayiş olunduğu yeganə muzeydir.      
 
Ötən ilin sonunda dünyada ilk dəfə olaraq Azərbaycanda neon en muzeyi açılıb. Buradakı işlər nəqqaş rəssam Fərid Ələkbərova məxsusdur. Qeyd edək ki, muzeydə heykəltəraşlıq, metal üzərində nəqqaşlıq, rəssamlıq hətta vitraj nümunələri var”.
 
“Farhause”, sadəcə, muzey deyil. Bura Fərid Ələkbərovun həm evidir, həm də emalatxanası. Nəqqaş-rəssam döşəmədən tavana qədər divarları, hətta mebelləri belə neon boya ilə işləyib.  Deyilənə görə, bu məkana gələnlər buradan getmək istəmirlər. Bu isə orada həm maraqlı, həm də rahatladıcı ab-havanın olması ilə əlaqədardır.
 
“İndiyə qədər heç kimin məşğul olmadığı işlə məşğul olmaq istəyirdim. Mən incəsənətdə öz yerimi tutdum. Neon sənəti təkcə yenilik deyil, həm də mistik sənətdir. Çünki adi işıqda deyil, qaranlıqda görünən hər şey mistik ab-hava yaradır. Bu məkan neon sənətini geniş şəkildə göstərməyə imkan verir. Həm interyer, həm eksteryer, həm divarlar, hətta aksesuarlar, mebellər belə neon boya ilə işlənib. “Farhause”da neon sənətinin çoxfunksiyalılığını göstərmək mümkündür”.
 
Rəssam qeyd edib ki, sifarişlər müxtəlif məkanlardan gəlir. Mövzulara gəlincə, o, daha çox Şərq üslubunda çalışmaqdan zövq alır:
 
“Adətən, bir neçə teatrın rejissorları ilə birgə komanda şəklində çalışırıq. İndiyə qədər hazırladığım ən böyük iş 100 kv. m-lik ərazi üçün nəzərdə tutulan dekorasiyadır. İşin ən çətin tərəfi nəzərdə tutulan ideyanı sifarişçiyə çatdırmaqdır. Sənin fikrin onun zövqü ilə üst-üstə düşəndə işləmək daha rahat olur. Əsasən ulduzlu səma, getdikcə populyarlaşan Şərq üslubunda işləməyi sevirəm. Həm şəxsi evlərin interyerində, həm də digər məkanlarda ən çox bu mövzularda işlər hazırlayıram”.
 
Fərid Ələkbərov artıq uzun müddətdir Azərbaycan qadınının obrazı ilə bağlı layihə üzərində çalışır. Təqdimatı elə “Farhause”da etməyi planlaşdırır.
 
Qeyd edək ki, bu məkana getmək üçün bilet almaq lazım deyil, xüsusi ekskursiyalar təşkil olunmur. Gərgin iş rejimindən sonra dincəlmək, stressdən xilas olmaq, rahatlanmaq arzusunda olanlar “Farhause”u heç bir ödəniş etmədən ziyarət edə bilərlər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 429

Oxşar yazılar