[b]Hitlerdən milyon il əvvəl, yanan şeytan, “Qara Qarayev”dəki sirli qutu – REPORTAJ[/b]
05 iyun 2014 13:36 (UTC +04:00)

[b]Hitlerdən milyon il əvvəl, yanan şeytan, “Qara Qarayev”dəki sirli qutu – REPORTAJ[/b]

0

“Bakı Krişna Şüuru” dini icmasının məskunlaşdığı məbədə gəlişim, “Nrisimha çaturdaşı” bayramına təsadüf etmişdi. “Nrisimha” sözünün sanskrit dilində mənası “şir başlı insan” deməkdir. Rəvayətə görə, tanrı milyon il əvvəl şir başlı insan formasında zühur edərək şeytanı öldürdüyü üçün “Nrisimha çaturdaşı” bayramı keçirilir.

 

Krişna tanrının adıdır və mövcud təlimdə tanrı möminləri xilas edib, şeytanı öldürmək üçün müxtəlif formalarda minillikdən minilliyə təzahür edir və bu təzahürlər dünyadakı krişnaçılar, o cümlədən də “Bakı Krişna Şüuru” dini icmasının üzvləri tərəfindən bayram kimi qeyd olunur.

 

Xüsusi bayramlardan əlavə, icma üzvləri mütləq şəkildə hər həftənin bazar günü və bir də Amerika, Avropa, Rusiya, Hindistan, İran və Türkiyədən qonaqlar gələn zaman yığışır.

 

Krişna təlimində müqəddəs yazıların ən qədimi sayılan Veda fəlsəfəsi təbliğ olunur. İçki içmək, siqaret çəkmək, qumar oynamaq, zina etmək krişnaçılara qadağandır. Onlar vegeteriandılar, yəni ət yemirlər.

 

“Bakı Krişna Şüuru” dini icmasının sədri, 1990 - 93-cü illər aralığında Kiyevdə təhsil alanda zaman krişna təlimi ilə tanış olan R.Əliyev elə o vaxtdan bu yana fədailik edir. İcma sonuncu dəfə 2009 – cu ildə dövlət qeydiyyatından keçib. R.Əliyevin dediyinə görə, qeydiyyat sarıdan problem yaşamırlar:

 

- Qeydiyyatdan ən birinci elə biz keçirik. O barədə problem yoxdur. Nə  hökumət, nə də cəmiyyət üçün problem yaratmırıq. Xristianlığa, islama, bir sözlə başqa dinlərə münasibətimiz normaldır. Heç kimi dinindən azdırmağa çalışmırıq. Əksinə, çalışırıq hər kəs öz dinində nümunəvi olsun. Krişna hərəkatında din dəyişmək, bir dindən başqasına keçmək söhbəti yoxdur. Bu söhbət bizdə bağlıdır. Bu bir fəlsəfi elmdir. Müsəlman olan kəs söhbətlərimizə qulaq assa, kitablarımızı oxusa, o daha gözəl müsəlman olar.

 

***

 

Qara Qarayev metrostansiyası həndəvərində yerləşən ev və yaxud məbəd şəxsi mülkiyyətdir. Evdə əvvəllər ermənilər yaşayıb. 90-cı illərin əvvəllərində, ara qarışıb məzhəb itəndə icma üzvləri nəzir toplayıb evi satın alıb. R.Əliyev bu məsələdə tanrının əli olduğunu düşünür:

 

- Açıq danışsaq, ev o vaxt bizə ucuz düşdü. Bizim o qədər pulumuz yox idi ki, ev alaq. Yəqin, bu işdə tanrının əli varmış.

 

“Bakı Krişna Şüuru” dini icmasında şura fəaliyyət göstərir. Nizamnaməyə görə, icmanın ümumi yığıncağı şuranın tərkibini dəyişə bilir. Şura isə mütəmadi toplanır, yığıncaq keçirir və sədri seçir.

 

Deputatdan tutmuş fəhləyə qədər hamının yolu bu məbəddən keçib. İcma üzvləri arasında memar, rəssam, həkim, aktyor və başqa peşə sahiblərinə rast gəlmək mümkündür. Suallarına cavab axtaranlar isə əsasən icma sədri R.Əliyevə üz tutur:

 

- Kimin sualı varsa gəlib verir, mən də cavablandırıram. Yaşlı insanlar da gəlir. Ancaq gənclər daha çoxdur. Gənclərin aktual sualları var e... (gülür). Məsələn, allah bir olsa da, niyə bu qədər din var, nəyə görə yaxşı adamlar pul qazana bilmir, pis insanlar kef edir kimi suallar çoxluq təşkil edir. İndiki gənclər texnologiya dövründə yaşayır. Onları aldada bilməzsən. Onların suallarına məntiqli cavablar verməlisən. Suala elə cavab verməlisən ki, qəlblərində inam olsun. Bu baxımdan “Bakı Krişna Şüuru” dini icmasının fədailəri mahirdir. Bizim fəlsəfə bu məsələdə çox konkretdir. Hər sualın da konkret cavabı var. Kənar dinlərdən verilən sualları da cavablandırmağa çalışırıq.

 

R.Əliyevlə söhbət əsnasında qonaq otağına Rəna və Tural adlı iki gənc daxil oldu. Tanrını daha ağıllı, daha məntiqli yolla başa düşmək üçün məbədə gələn Rəna, sonradan iş yoldaşı Turala da krişna təlimini sevdirib.   

 

Turalın krişna cərəyanına sevgisinin formalaşmasında uşaqlıqda sevə - sevə baxdığı hind filmlərinin təsiri olub.

 

Qonaq otağında sakitcə dayanan pinəçi Novruz isə icma sədrindən krişna təlimi haqda onu məlumatlandırmağını xahiş etdi. Novruzun danışığından, verdiyi suallardan hiss olunurdu ki, o, icma haqda formalaşmış “rəy” əsasında məbədə gəlib. Çünki Novruzun R.Əliyevlə dialoqu belə düşünməyə əsas verirdi.

 

Novruz:

 

- Baxıram bura, əlhəmdulillah, insanlar mehribandılar, bir – birini sevirlər. Bu çox yaxşıdır. “Quran”ı, “İncil”i oxumuşam, Krişna təlimi haqda isə heç nə bilmirəm. Siz Allahı necə təsəvvür edə bilirsiniz?

 

Ramil Əliyev:

 

- Allahı təsəvvür etmək mümkün deyil.

 

Novruz:

 

- Bəs siz 4 səmavi kitabı qəbul edirsiniz?

 

Ramil Əliyev:

 

- Əlbəttə.

 

Novruz:

 

- İlk və son peyğəmbərləri də qəbul edirsiniz?

 

Ramil Əliyev:

 

- Təbii ki, qəbul edirik.

 

Novruz:

 

- Əlhəmdulillah.

 

R.Əliyevlə Novruzun dialoqu uzun çəksə də, sonda Novruz istədiyi, amma gözləmədiyi cavablarla qonaq otağını tərk etdi. 

 

İcma üzvlərinin köynəkləri, ruhani geyimləri Hindistandan gətirilir. R.Əliyev də məhz bu amili əsas gətirərək, icmanın keçmiş sədri Tərlanın köynəyini bəzəyən svastika işarələrini Adolf Hitlerə, faşizmə bağlamağı düzgün hesab etmədi:

 

- Veda mədəniyyətində cürbəcür beş bucaqlı, altı bucaqlı, səkkizbucaqlı ulduz işarələr var. Bunların hamısı Hitlerdən milyon il əvvəl mövcud idi. Svastikanın sanskrit dilində adı samsaradır. Samsara sözünün anlamı “doğuluş - ölüm dövranı” deməkdir. Bizim təlimdə ruhun yenidən bədən alma prosesi var. Bax bu, onun işarəsidir. Siz haqlısınız, başa düşürəm, Hitler bu işarə haqda pis fikir yaradıb. Bu, Hitlerin günahıdır. Savadı olmayan insanlar asanlıqla bizi ittiham edə bilərlər ki, siz faşizmi təbliğ edirsiniz (gülür). O köynəkdən ancaq Tərlandadır. Fikir verməyib geyinib. Siz dediyiniz səbəbdən də o simvoldan istifadə etmirik. Məbəddə axtarıb o işarəni tapa bilməzsiniz. Əslində Veda nöqteyi-nəzərdən çox qiymətli simvoldur. Ümumilikdə, ruhani paltar adama başqa bir əhval-ruhiyyə verir.

 

R.Əliyev təbliğat işlərinin qeyri-qənaətbəxş olduğu fikrindədir. Bir növ, həyat reallıqları fəlsəfəni üstələyib:

 

- Qabaq daha aktiv idik, indi passivləşmişik. Əvvəllər subay uşaqlar çox idi. Burda yaşayırdılar, çıxıb küçəyə təbliğ edirdilər. Əksəriyyət ailə qurdu, evləndi. Ailə problemləri, qayğılar artdı. Elə mən özüm ailə qayğılarıyla təbliğatı bir yerə sığışdırmağa çalışıram.

 

İcmanın gəliri daha çox satılan kitablardan çıxır. Və bir də məbəddə nəzir qutusu var. Beynəlxalq Krişna Şüuru Cəmiyyətinin nəşriyyatında çap olunan kitabları icma üzvlərinə, o cümlədən başqa insanlara paylayıb nəzir yığırlar:

 

- Kitab verib, nəzir alırıq. Düzdür, indi kitabları küçədə paylamağımıza müəyyən məhdudiyyətlər qoyulub. Bir yolumuz bu idi. İkinci yolumuz da odur ki, cəmiyyətin üzvləri hərəsi bir yerdə işləyir. Onlar özləri könüllü nəzir verir.  

 

***

 

R.Əliyevi qonaqlarla baş – başa buraxıb ümumi dua mərasiminin keçirildiyi zala keçirəm. Zalda əsl qələbəlikdir. Kişilər və qadınlar ayrı – ayrılıqda “Hare Krişna”, “Hare Krişna” oxuyaraq ruhlarını təmizləyirdilər. Zalda özündən keçərək oynayanlara tamaşa edəndə hind filmlərini xatırlamaya bilmirsən. Bircə rejissor çatmırdı...

 

Bir neçə yaşlı qadın kənarda əyləşib maraqla oynayanları izləyirdi. Hiss olunurdu ki, məbədə yeni gəliblər. Ritualda işlədilən sözlər dillərinə yatmadığı üçün ümumi fonda dodaqlarını tərpətməklə kifayətlənməli olurdular. Ancaq qırıq – qırıq dedikləri sözlər onların necə həvəsli olduğunu göstərirdi.

 

Tərəddüd edən qadınlar da yox deyildi. Onların yaşları oynamaqlarına imkan versə də, oynamaqla bağlı qəti qərar vermədikləri aşkar duyulurdu. Görünür, coşğulu rəqslər, ekstaza çatmış kütlə, məbəd nabələd qadınlar üçün sirli qutu idi. Bu sirli qutunu hələki öyrənməklə məşğul idilər. 

 

Bir yerdə qərar tuta bilməyən kütlənin arasında insanın sümükləri sözünə baxmırdı. Kənardan tamaşa edib çəpik çalanları bir qədər sonra meydanda süzən görürdün.

 

“Hare Krşna”nı müxtəlif aranjimanlarda ifa edib oynayan kütlənin arasından bir qadın musiqiçilərə etirazını bildirdi. Sən demə minor notlar üzərindən çalınan hava onun sümüyünə düşmürmüş. Etiraz dərhal faydasını verir. Ritmik fonda əllər göyə qalxır və “Hare Krişna”, “Hare Krişna”... Yola davam...

 

Bir az əvvəl qonaq otağında hind filmlərinə olan sevgisindən danışan Tural artıq kütləyə qarışıb özündən keçmişdi. Onun gözlərində sevinc qarışıq təəccüb gizlənmişdi:

 

- Neçə dəfədir ki, bura gəlirəm. Hələ beləsini görməmişdim...

 

“Yeni ulduz” yarışmasından tanıdığımız müğənni Renat əlində tutduğu gülü ətrafdakılara qoxuladırdı.

 

İki yaşlı əminin söhbəti isə bir başqa aləm idi:

 

- Gedirsən evə, oturursan televizorun qabağında.

 

- Yaşlı kişiyəm də. Nə edim e...

 

- Gəl bura, çal oyna, ruhunu təmizlə. Neqativlərini at. Allahın evidir e bura. Yoxsa, Yanukoviç belə getdi, Yatsenyuk elə getdi. Ukraynanın işləri sənə qalıb?!

 

Rəqsdən sonra süfrə açılır. Yemək düzülür.

 

Və tanrı “təzahür edir”. Şeytanın samandan hazırlanmış müqəvvası çırta-çırtla yanmağa başlayır. Necə də rahatmış şeytanı yandırmaq. Müsəlmanlar uzaq Ərəbistan çöllərinə düşüb, bu yaramaz şeytanı daşlayır, hətta başlarını belə yarır, amma krişnaçılar Bakıda oturub şeytanın atasında od qoyur. Bir az çır – çırpı, benzin, kibrit... vəssalam! Sadaladıqlarım şeytanı yandırmağa bəs edir...

 

Məbəddən çıxan zaman qonşuluqda başını bulayan dayı isə deyəsən, yaranmış səs – küydən şikayətçi idi, giley-güzar edərək deyinirdi:

 

- Hələ bu dünyada elə şeylər görəcəyik ki...  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2573

Oxşar yazılar