[b]Dieta saç tökülməsinə səbəb olur? - DİQQƏT![/b]
22 avqust 2016 20:37 (UTC +04:00)

[b]Dieta saç tökülməsinə səbəb olur? - DİQQƏT![/b]

0

“Kişilərdə gündə 100-ə, qadınlarda isə 150-yə qədər saç tökülməsi normaldır”

 

“Qadınlarda daha çox dəmir çatışmazlığı ilə bağlı saç tökülmələrinə rast gəlinir”

 

“Saç tökülməsinin əsas səbəbi müalicə edilmirsə, nə qədər mezoterapiya etsək də, əhəmiyyəti olmayacaq”

 

“Əksər hallarda 35 yaşa qədər saç əkilməsi məsləhət görülmür”

 

 

“Saç tökülməsinə səbəb olan bir çox amillər var. Onların içində stress öndə gəlir”.

 

 

Bunu APA TV-nin “Öncə sağlıq” proqramında dermatoloq, uzman doktor Şikar Hüseynov bildirib.

 

Mütəxəssis deyib ki, stress ya istənilən tip saç tökülməsinə səbəb ola, ya da saç tökülməsini artıra bilər. Onun sözlərinə görə, səbəb olan amillər içində ikinci yerdə hər hansı mikroelementin, vitaminin çatışmazlığı, qan azlığı gəlir: “Üçüncüsü, genetik faktorları, dördüncüsü isə hormonal pozğunluqları qeyd etmək lazım gəlir. Hormonal pozğunluqlar, endokrin xəstəliklər fonunda saç tökülməsi mümkündür”.

 

Dermatoloq qeyd edib ki, uzunmüddətli yorğunluqlar, xroniki xəstəliklər də saçların tökülməsinə səbəb olur: “Dəridə olan göbələk və bakterial mənşəli saç dərisi problemlərində də saç tökülmələri baş verir”.

 

Ş. Hüseynovun sözlərinə görə, kişilərdə gün ərzində yüzə qədər, qadınlarda isə 150-yə qədər saç tökülməsi normal hesab olunur: “Biz əslində bunu o qədər də hiss etmirik, çünki tökülən saçların yerinə çıxan saçlar onları kompensasiya edir. Amma insan özü saçlarının seyrəldiyini hiss edirsə, bu gündəlik həyata təsir edirsə, bu o deməkdir ki, artıq tökülən saçların sayı çoxdur və kişilərdə bunun 100-dən, qadınlarda isə 150-dən çox olması xəstəliklərə bağlıdır”.

 

Həkim bildirib ki, qadınlarda ən çox hamiləlikdən sonrakı ikinci ayda, eləcə də artıq çəkidən azad olmaq üçün dietaya başlayanda saç tökülmələrinə rast gəlinir. Bu isə daha çox “depo dəmiri” deyilən ferritinin çatışmazlığı ilə bağlıdır. Bu gün qadınlarda məhz bu, dəmir əskikliyi anemiyasına bağlı olan saç tökülmələrinə daha çox rast gəlinir: “Yanlış olaraq bu kimi vəziyyətlərdə qadınlar ya özfəaliyyət şəklində, ya da bəzən mütəxəssislərin yanlış məsləhəti ilə qanda dəmirin səviyyəsi ilə bağlı analiz verirlər. Məsələn, müayinə olur, dəmirin normada olduğu bilinir və deyilir ki, saç tökülməsi bununla bağlı deyil. Əslində isə burada dəmirin özü yox, “depo dəmiri” yoxlanmalıdır”.

 

Ş. Hüseynov bildirib ki, orqanizmdə dəmir çatışmazlığı bir çox klinik əlamətlərlə, məsələn, yorğunluq, halsızlıq olur, göz qaralması, baş gicəllənməsi, yuxululuq kimi kilinik əlamətlərlə  özünü büruzə verir: “Amma analiz veriləndə dəmirə baxıldığı üçün cavablar normal həddə olur. Bizi-dermatoloqları isə ferritin, yəni “depo dəmiri”nin miqdarı maraqlandırır. Analiz zamanı qadınlarda ferritin dəyəri 70-dən az olanda bu dəmir əskikliyi kimi dəyərləndirilir”.

 

Onun sözlərinə görə, ferritin azlığı zamanı çox sürətli, güclü tökülmə qeydə alınır. Gün ərzində 250, hətta 500 tükün tökülməsi mümkündür: “Təbii ki, belə hallarda saçların tökülməsinin qarşısını almaq üçün çatışmazlığa səbəb olan amil aradan qaldırılmalıdır. Amma bu kimi saç tökülmələrində kompleks müalicə aparmaq lazımdır. Bizim mezoterapiya dediyimiz müalicə üsulu ilə saç üçün lazım olan elementlərin -  mineralların, vitaminlərin inyeksiya ilə saç diblərinə yeridilməsi saç seyrəkliyinin aradan qaldırılması üçün mühüm sayılır. Bu tökülmələrin şiddətinə görə, 6-8-10 seans şəklində icra olunur. Bu istənilən saç tökülməsinə qarşı görülən tədbirlərin əsas komponentlərindən biridir. Amma əgər bir xəstədə dəmir əskikdirsə, ona nə qədər mezoterapiya olunsa belə bir faydası olmayacaq”.

 

Həkim bildirib ki, qalxanabənzər vəzinin problemlər, həm hipo, həm də hiper funksiyaların pozğunluqları zamanı saç tökülmələri müşahidə olunur.

 

Mütəxəssis, orqanizmdə A vitamininin çoxluğu yarandığı hallarda saç tökülməsinin baş verdiyini də qeyd edib: “Ya qida, ya dərman şəkildən çox qəbul edildiyi hallarda belə hallar yaranır. Amma A vitamini ilə zəngin olan qidaları az yerikdə,  həblərin qəbulunu dayandırdıqda problemin öz-özünə aradan qalxması mümkündür”.

 

Saç tökülmələri zaman maskalardan istifadə barədə danışan həkim sarımsaq maskalarının hər hansı elmi əsaslarının olmadığını vurğulayıb: “Bununla bağlı hər hansı elmi araşdırma yoxdur. Bəzən tükün diblərinə sarımsaq sürtürlər ki, tük dibi qıcıqlansın və tük çıxsın. Amma bu, əks effekt verir. Bəzən sarımsaq maskasının saçda saatlarla saxlayırlar və bu saç dərisində atrofiya dediyimiz çökəkliklər yaradır. Bu zaman nəinki saçla bağlı, hətta dəridə itki meydana gəlir”.

 

Amma dermatoloq deyib ki, alternativ təbabətdə saç tökülməsindən əziyyət çəkən şəxslərə badam, zeytun, qara çörək otu yağlarından olan maskaları tövsiyə edilir: “Bunlar ən azı saçları təravətləndirir və hər hansı ziyanı da yoxdur”.

 

Bu gün Azərbaycanda da geniş tətbiq olunan saç əkilməsi barədə suallara cavabında həkim bildirib ki, saç köçürməzdən əvvəl saç tökülməsinin tipi araşdırılmalıdır: “Məsələn, ocaqlı dazlıq deyilən tökülmə zamanı, yəni autoimmun mənşəli xəstəliklərdə saç əkilməməlidir.

 

Saç əkilməsinin daha çox göstəriş sayıldığı hal genetik meylliliklə, hormonların təsiri ilə  bağlı olan saç tökülmələridir. Bu halda belə ilk növbədə əmin olmaq lazımdır ki, saç tökülməsi dayanıb. Ümumiyyətlə, belə hallarda saç tökülməsi erkən yarana bilər. Yəni 18 yaşdan etibarən bu hal müşahidə edilməyə başlayır, 30-35 yaşlarda ya zəifləyir, ya da tamamilə dayanar.  Ona görə də saç əkilməsi ilə professional şəkildə məşğul olan yerlərdə 35 yaşa qədər saç əkilməsi məsləhət görülmür.

 

Bəzən etik olmayan səbəblərdən, yəni sırf maliyyə ilə bağlı saç əkilə bilər, amma bunlar qətiyyən doğru deyil. Əmin olmaq lazımdır ki, saç tökülməsi dayanıb. Bəli, bəzi şəxslərdə 35 yaşdan öncə də saç tökülməsi dayanır. Belə şəxslərdə saç əkmək mümkündür. Amma tökülmə davam edirsə, tük əkilməsi məsləhət deyil. Əkilərsə, o zaman əkilən tüklər tökülməz və ya tökülərsə, bu cüzi halda olar. Amma hormonun təsirindən tökülməkdə olan tüklər tökülməyə davam edir deyə estetik baxımdan xoş olmayan bir görüntü yaranar. Belə hallarda saç əkməkdənsə, qalan saçların tökülməsinin qarşısını almağa çalışmaq lazımdır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 707

Oxşar yazılar