“Bu iş qumar kimidir. Elə gün olur evə heç 1 manat da aparmıram. Heyf deyildi “Basin”?! “Paçka” ilə pul qazandığım olub orada. Burada isə boş-boş günümü keçirirəm”
Gülbala kişi neçə illərdir ki, elektrik cihazların təmiri ilə məşğuldur. Onun iş otağı isə bu kiçik, dar və soyuq vaqondur.
“Peşə məktəbini bitirmişəm. 20 il “torq”da işlədim. Arenda pulunu qaldırdılar. Çarəsiz qalıb, köçdüm bura. Allah canını sağ eləsin, vaqonun yiyəsi 1 qəpik də almayıb hələ məndən. Məhlədəkilər məni tanıyır, qiymət deyə bilmirəm. Nə versələr, razı oluram. Eləsi olur ki, heç pul da vermir”.
Usta bəzi müştərilərdən gileylənir, deyir, bəzən insanlarla dil tapmaq da çətin olur.
“Burda bir yaşlı arvad var, ütüsünü düzəltdim, gəlib mənə deyir ütümün altı yanıb. Məndən polisə şikayət edəcəyi ilə hədələdi. Arada müştərilərlə belə problemlər də olur... Canı sağ olsun, bu dünya ki, Zeynalabdin Tağıyeva qalmadısa, kimə qalacaq?!”
Gülbalanın 4 uşağı və nəvələri var. Deyir ki, aylıq qazancı ehtiyaclarını ödəməyə bəs eləmir.
“Biri pərdə pulu istəyir, nə bilim, süfrə pulu istəyir. Məndə də yoxdur, haradan verim. Oğlum 8-ci sinfə keçdi bu il, özü çıxmaq istədi məktəbdən. Dedim sənə peşəni öyrədim, istəmədi. Dəmirçilik öyrənir, yəqin gələcəkdə yaxşı pul qazanar. Özünə də demişəm, əsas halallıqdır...”
Artıq yay gəlir. Soyuğun yerini isti alır. Gülbala kişi indi də yayın istisinə dözməli olacaq. Ancaq çətin olan təkcə isti, ya soyuq deyil. Çətin olan övladlarının ehtiyaclarını ödəyə bilməməkdir. Onlar böyüyəcək. Bəs, görəsən özü kimi usta olmağa çalışan, məktəbi yarımçıq qoyan oğlu necə? Onu hansı tale gözləyir?..
İlkin Quliyev