[b]Çay nədir, say nədir? - SORĞU[/b]
0
0
İlin bütün fəsillərində populyarlığını itirməyən çay məişətimizin, hətta mentalitetimizin bir hissəsinə çevrilib. Qonağın qarşısına mütləq çay qoyulur, elçilikdə qız sahibi razılığını süfrəyə şirin çay gətirməklə ifadə edir. Sözsüz ki, dünyanın ən çox çay içən toplumlarından biri azərbaycanlılardır. Boş vaxtını saatlarla çayxanalarda keçirən, sözünü-söhbətini çayla müşayiət edən ikinci toplum çətin tapıla. Elə bu səbəbdəndir ki, "avaraxana", "bekarxana" sözü az qala çayxana sözünün sinonimi olub. Çay içməyə aludəçiliyimiz deyəsən bizlərə atalardan keçib, belə olmasaydı, "çay nədir, say nədir, çıxdın beşə vur, on beşə" kimi atalar sözü yüz illərdir populyarlığını qoruyub saxlamazdı.
Çay içməyin əleyhinə deyilik, olsaq belə, bu, heç nəyi dəyişməz. Çünki bütün Şərq ölkələrində olduğu kimi Azərbaycanda da çay insanlar arasında ən populyar içki növü olaraq qalır və qalacaq. Çayın xeyirli cəhətləri həddən artıq çoxdur. Aparılan araşdırmalar göstərir ki, gündə bir neçə stəkan yaşıl və ya qara çay içmək qadınlarda ölüm riskini 23, kişilərdə isə ölüm riskini 12 faiz azaldır. Bundan başqa çay içmək ürək xəstəliklərində ölüm riskini müvafiq olaraq 31 və 22 faiz, iflicdən ölüm riskini 62 və 42 faiz azaldır. Çay aterosklerozun profilaktikasına, bədəndə artıq piylərin əriməsinə, xolesterinin azalmasına müsbət təsir göstərir. Orqanizmin infeksiyalara qarşı mübarizəsində, immun sisteminin möhkəmlənməsində çay əvəzsiz içki sayılır. Amma...
Çayın orqanizmə müsbət təsiri gündə neçə fincan çay içilməsindən asılıdır. Tədqiqatçıların və bu araşdırmalara istinad edən həkimlərin mövqeyi illərdir ki, dəyişməyib. Həkimlər gündə 6 fincandan artıq çay içməyi məsləhət görmür. Çayın tərkibində çoxlu miqdarda kofein var, çay vasitəsilə qəbul olunan kofeinin miqdarının artıq olması orqanizmə zərər yetirir.
Çayınız soyuyur, için, nuş olsun!
0
0