<b>Köhnəqalalı “Nyuton”, Çingiz Xanın şamanları, Tomu ağanın nəvələri –</b> <span style="color:red;">"ƏYALƏTDƏ KİM VAR, KİM YOX"
17 dekabr 2014 14:10 (UTC +04:00)

Köhnəqalalı “Nyuton”, Çingiz Xanın şamanları, Tomu ağanın nəvələri – "ƏYALƏTDƏ KİM VAR, KİM YOX"

0

 

Orta məktəbdə oxuyanda İslam müəllimin bir xasiyyətindən yaman çəkinərdik. Yazı taxtasında dərs izah edərkən ona qulaq asmayan şagirdi nişan alıb tabaşirlə düz alnından vurardı.

Əslində müəllim bu hərəkəti ilə fizikanın ağırlığını ortadan qaldırar, sinifdə pozitiv əhval yaradardı. O, şagirdlərlə son dərəcə mehriban davranan zarafatcıl bir insandı.

İslam müəllim mənim atamla eyni ildə anadan olub. Hər ikisi qonşu Alakol məktəbində yeddinci sinfi bitirdikdən sonra orta məktəb təhsilini bizdən 6-7 kilometr aralıda yerləşən Yanıqlı  məktəbində almışdılar. 

- Müəllim, deyəsən, atamla elə uşaqlıqdan dost olmusunuz.

- Hə, lap uşaqlıqdan. Hər ikimiz Tomaxlı nəslindənik, 1930-cu ildə doğulmuşuq. Sənin atan təbiətən mülayim və sadəlövh adam idi. Bilirsən ki, bizim Tomaxlıları dəfələrlə yurd-yuvasından didərgin salıblar. Elə atan anasının qucağında olanda atası Məhəmmədi “kulak” kimi güllələmişdilər. Ona görə arxasınca yalnız cəfakeş anası Həlimə xanım gəlirdi. Mən də atamı 12 yaşımda itirmişəm, dayım Məhəmmədəlinin himayəsində böyümüşəm.

- Bəs Yanıqlıda harada qalırdınız?

- Dəllək Kalveysöyün deyilən bir adamın yurdunu bizə yataqxana kimi istifadəyə vermişdilər. Biz də meşə ağaclarından özümüzə yataq düzəltmişdik.

- O vaxtlar oxumaq məcbur idimi?

- Yox, özümüz həvəsli idik, oxuyub elm öyrənmək, ziyalı həyatı yaşamaq istəyirdik. Sənin nənən savadsız olsa da, elmin tərəfdarı idi, atanı ali təhsilli görmək onun ən böyük arzusu idi. Atan anasının sayəsində ali təhsil ala bilmişdi.

- Bəs, bu “Tomaxlı” kitabını yazmağınız hansı zərurətdən doğub?

- Bilirsən, əslində bu, kitab yox, tarixi itib-batmış böyük Tomaxlı nəslinin yadımda qalan şəcərəsidi. Eşitdiyim, gördüyüm, yadımda qalan nə varsa qısaca da olsa bura yazmışam. Yazdıqlarımın əksəriyyəti uşaq vaxtı atamdan və dayımdan eşitdiklərimdi. Belə götürəndə, bizə edilən zülmləri özüm də az görməmişəm.

- Mən bu “tomaxlı” sözünün haradan qaynaqlandığı ilə çox maraqlanmışam. Qədim türk tayfa və nəsil adlarının etimologiyası ilə maraqlanan Çingiz adlı bir dostum var. O mənə dedi ki, qədimdə iri təbilləri çalmaq üçün işlədilən əyri ağaca “tomax” deyiblər. Həmin təbilləri çalan adamlara isə tomaxçı deyilir. Tomaxçılar, tomaxlılar Çingiz xanın qoşunu önündə gedən musiqiçilər, şamanlar olub.

- Onu səndən eşidirəm. Ancaq bu kitabda yazmışam, indi danışacam, o sözə də yavaş-yavaş gəlib çıxacağıq. Şəmkir qəzası, Zəyəm çayının sağ sahilində, indiki Bakı-Tiflis dəmiryolundan dörd-beş kilometr aralı, qərb tərəfdə yerləşən şenlik, kənd Tomaxlı adlanıb. Tarixi XII əsrə gedib çıxan Tomaxlı qəbristanlığı hazırda Zəyəm-Cırdaxan kəndinin ərazisi sayılan yerdə qalmaqdadı. Yerlilər indiyə qədər buranı “Tomaxlı qəbristanlığı” adlandırır. Əsasən əkin-biçin və maldarlıqla məşğul olan tomaxlılara Zəyəm çayının yuxarılarından torpaq sahəsinin ortaları ilə arx çəkdirmək vacib sayılırdı. Deyilənə görə, yığılıb birlikdə arx çəkdirdiklərinə görə, özlərini “tom arxlılar”, yəni arxın birgə sahibləri adlandırmışlar.

- Müəllim, mən bu versiya ilə o qədər də razı deyiləm. Çünki, tomaxlılar bu ərazilərə gələnə qədər də tomaxlı adlanıblar. Yaşlı nəsildən başqa versiyalar da eşitmişəm. Guya, bu nəslin kökündə Tomu ağa adlı birisi olub, buna görə “Tomuağalılar”, yaxud, guya hündür papaq qoyurlarmış, ona görə “Tompapaqlılar” adlanıblar və s. Ancaq mən dostum Çingizin dediyi versiyanı daha çox haqlı sayıram. Çünki, tomaxlıların qonşuluğundakı Monqol-tatardan qalma Tatar kəndi də dediyimə bir tutalğacdı.-

- Ola bilsin. Mən bu kiçicik kitabımda tomaxlıların yalnız yaxın tarixdə başına gələnləri yaza bilmişəm. Bax, Düyərli dərəsindən Şak arxının sol sahilinə və Zəyəm çayının sağ sahilindən Düldül dərəsinə kimi uzanan torpaqlar, hazırda adı yalnız dillərdə qalan Tomaxlı kəndinə məxsus olmuşdu. Onlar yaylaq vaxtı Tatar dağına qalxarlarmış. Sonralar kollektivləşmə getdikcə Tomaxlının aşağı sahələrini Eyyublu və Düyərli kəndlərinə, baş tərəfini isə Tatar kəndinə verirlər. Hələ bunlara qədər rus qoşunları Sisyanovun başçılığı ilə Qazax və Şəmsəddin mahalını zəbt edərkən Tomaxlı kəndi də dağıdılmış, say-seçmə bəyləri qətlə yetirilmişdi. Sonradan 1918-ci ilin yanvarında Şaumyanın əmri ilə Azərbaycan bəylərinin qırğını başlayanda müqavimət göstərən Tomaxlı kəndi yenidən darmadağın edilmişdi. Həmin ilin mayında Nuru Paşanın köməkliyi ilə evsiz-eşiksiz qalmış adamlar öz yurdlarına qayıtmışlar. Tədricən öz torpaqlarından sıxışdırılan tomaxlılar üçüncü dəfə, 1941-ci ildə didərgin düşürlər. Kənd əhalisini Zəyəm-Cırdaxan kəndinin yararsız torpaqlarına köçməyə məcbur edirlər. Təxminən 110 ailədən ibarət olan kənd sakinləri Tovuz, Şəmkir və Göranboy rayonlarının kəndlərinə səpələnir. Elə həmin 41-ci ildən də Tomaxlı kəndinin adı tarixdən silinir.

- Oxumuşam kitabınızı. Orada mənim atam və babam haqda da yazmısınız.

- Hə, kitabda Tomaxlıdan çıxan çoxlu sayda ziyalı haqda da məlumatlar toplamışam.

- Müəllim, neçə il dərs dediniz?

- Düz 57 il.

- İndi təqaüdlə yorğunluğunuzu çıxırsınız, yəqin.

- Yox, mən heç müəllimlikdən doymadım.

- Onda gəlin, biraz da fizikadan danışaq. Ən çox sevdiyiniz fizik kim olub?

- Fizikada sevdiyim alimlər çoxdu, ancaq mənə ən doğma gələn Nyutondu.

- Hə, Nyutonun alma məsələsini mən də çox sevirəm.

- Alma söhbətini ilə cazibə qüvvəsinin  nəzəriyyəsini verib. O vaxtlar məşhur fransız yazıçısı, maarifçi filosof Volter İngiltərəyə gələndə təsadüfən Nyutonla görüşür. Onun bu nəzəriyyəsi haqda Volter yazır və bütün Avropaya yayır. Nyuton bu məqalədən sonra məşhurlaşır.

- Bildiyim qədər, onun əsas üç qanunu məşhurdu.

- Nyuton bəşər tarixində ən lazımlı insanlardan biri olub. O, təkcə fizika ilə yox, riyaziyyat, kimya, astronomiya ilə də məşğul olub. Planetlərin Günəş, Ayın Yer ətrafında hərəkətini elmi əsaslarla sübut eləyib. Planetlərin təsiri ilə okeanların qabarıb çəkilməsini elmə o gətirib. Günəş sistemini atomun quruluşuna bənzədib.

- Müəllim, sizcə, Nyuton qanunlarının həyat fəlsəfəsi varmı?  Yəni bu qanunlar yaşamaq üçün insana kömək edə bilərmi?

- Əlbəttə! Şəxsən mən gördüyüm hadisələrin mənasını, zamanın gedişatını, insan taleyini Nyuton qanunları əsasında anlamağa çalışıram. Məsələn, bir qanununda deyir ki, əgər cismə heç bir qüvvə təsir etmirsə, ya sükut vəziyyətində qalır, ya da öz sürətini saxlayır. Burada həyatın qızıl qanunu var. Heç kim sənə mane olmur, xətrinə dəymirsə olduğun kimi sakit qalırsan. Yaxud, getdiyin yerdə sənə dolaşan yoxsa, öz sürətində qalırsan. Tutaq ki, getdiyin yerdə səni tələsdirən bir zəng gəlir, onda sürətini artırmalısan. Demək, sənə təsir elədilər. Bütün bunlar təbiətin normal halından bəhs edir. Lakin, tutaq ki, bir dəli, ona təsir olmadan hərəkətini, yaxud istiqamətini dəyişdi. Əslində bu, kənardan yersiz görünə bilər, ancaq Nyuton deyir, o dəli öz sürətini heç vaxt yersiz dəyişməz, ona mütləq təsir edən var. Düz deyir, dəliyə öz anormal ağlı təsir edib onun istiqamətini dəyişə bilər. Bu mənada, insan davranışının kökünü onun ağlında, daxildən gələn təsirdə görürəm.

- Maraqlıdı, yaşamaq üçün Nyutonun digər qanunlarından da istifadə etmək olarmı?

- Bəli! Həyatı, insanları anlamaq üçün hər üç qanunundan istifadə etmək olur. İkinci qanun sanki birincinin davamıdır. Deyir, maddi nöqtənin aldığı təcil verilən qüvvə ilə düz, kütləsi ilə tərs mütənasibdi. Tutaq ki, sənə yardım göstərirlər, bu, sənin inkişafınla düz mütənasibdi, yəni, ağlın olsa normal iş quracaqsan. Lakin kütlən ağırdısa, yəni, tənbəlsənsə inkişafın ləngiyəcək. Ta, bundan aydın nə deməlidi bu yazıq Nyuton?

- Bəs üçüncüdə necədi həyat fəlsəfəsi?

- Üçüncüdə deyir, biri digərinə zərbə vurarsa, vurduğu qüvvə ölçüsündə əks qüvvə görəcək. Təsir əks təsirə bərabərdi nəzəriyyəsi. Söhbət cansız cismlərdən gedir. Ancaq mən düşünürəm ki, əgər bunlar təbiətin pozulmaz qanunudursa, demək insan davranışlarına da şamil eləmək mümkündü. Demək, birinə pislik edərsənsə, qarşı tərəf ən azı həmin ölçüdə sənə zərbə vurmağa çalışacaq. Yəni pislik edən adam qarşı tərəfin cavab pisliyindən inciməməlidi, anlamalıdı ki, bu, təbiətin qanunudu. Bu qanuna uyğun həyat məsəlləri də çəkə bilərəm. “Döymə taxta qapımı, döyərəm dəmir qapını”, “Nə əkərsən, onu da biçərsən” və s. Bu məsəllər Nyutonun üçüncü qanununa uyğundu.

- Müəllim, indi anladım ki, sizin bütün insanlarla xoş rəftarınızın sirri Nyutonu sevməyinizdə imiş.

- Nyuton möcüzəli adam olub. Onu İngiltərə krallarının qəbristanlığında dəfn eləyiblər. Qəbirüstü abidəsində: “Ey insanlar, sevinin ki, sizinlə belə bir insan yaşamışdır!” yazılıb.

- Çox sağolun, müəllim! Mən də sevinirəm ki, sizin kimi bir insanı görmüşəm.

- Sən də sağol ki, gəlib müəllimini yad elədin. Ancaq məndən Nyuton  olmaz!          

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 632

Oxşar yazılar