Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə ölkəyə gələn turistlər və sərmayədarlar arasında dini və məzhəb ayrı-seçkiliyi yaratma təhlükəsindən narahatlığını bildirib.
APA-nın məlumatına görə, Şeyxülislam turizmlə bağlı qanuna, o cümlədən ölkəyə gələn səhmdarlarla bağlı qaydalara hörmətlə yanaşdıqlarını bildirərək deyib ki, bu məsələdə diqqətli olmaq lazımdır.
O qeyd edib ki, kimsə sərmayə qoymaq adı ilə gəlib, gizli şəkildə cərəyanını yayırsa, bu, məzhəb ayrı-seçkiliyinə səbəb olur: “Sərmayəni qoyur və ondan istifadə edərək möhkəmləndiyi yerdə öz fərqli dini baxışını yayır. Bütün bunlar məzhəb ayrı-seçkiliyinə səbəb olur və bu da sonda dini qarşıdurma yaradır. Bu gün silahlıların tüğyan etdiyi ölkələrdə proseslər elə belə başlayıb. Ona görə də o sərmayə gəlib burda dini qarşıdurma yaradacaqsa, lazım deyil”.
***
“Azərbaycan prezidentinin apardığı uğurlu siyasətini ətrafda gözü götürməyənlər var və buna mane olmağa çalışırlar”.
APA-nın məlumatına görə, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə bildirib. O qeyd edib ki, bunu daha çox din adı altında etməyə çalışırlar: “Azərbaycana qarşı din adı altında hazırlanan təxribatlara dindarları cəlb etmək istəyirlər. Biz bununla bağlı dindarlara xəbərdarlıq edərək ayıq-sayıq olmağa çağırmışıq. Yenə də dindarlarımızı ayıq olmağa səsləyirəm. Dindarlarımızı qarşıdan gələn Məhərrəmlik ayındakı tədbirlərdə edilə biləcək belə cəhdlərə uymamağa, buna yol verməməyə çağırıram. Bizim güclü dövlətimiz və onun uğurlu siyasət aparan lideri var. Biz dövlətimizi qorumalıyıq”.