[b]Beş ay İsveç düşərgəsində: “Tualetin sirri” – 13-cü YAZI[/b]
21 iyul 2014 12:27 (UTC +04:00)

[b]Beş ay İsveç düşərgəsində: “Tualetin sirri” – 13-cü YAZI[/b]

0

Əvvəli: http://news.lent.az/news/171659

 

Keçən yazıda söz verdiyim kimi, tualetdəki fırçanın hansı səbəbdən yanı üstə çevrilməyinin sirrini açacam.
 

Qış fəsli olduğundan biz siqaret çəkməyə, koridorun mənim otağım olan tərəfin qurtaracağındakı balkona çıxardıq. Nədənsə, ərəblər arasında siqaret çəkən çox az idi. Adətən, siqaret çəkməyə iki qadın, iki gənc ərəb, bir zənci oğlan, bir də mən çıxardıq. Gənc ərəblər əksər hallarda, küçə uşaqları kimi, siqareti məndən alırdılar. Müşahidə eləmişdim, özlərində siqaret olanda iki nəfərə bir dənəsini çəkirdilər.

 

Siqaretdən belə danışmağıma baxmayın, hər bir emiqrantın hesab kartı vardı və oraya köçürülən pullar siqaretə də, lap elə içkiyə də çatırdı. Bu tüfeylilər, sadəcə olaraq, mərkəzə gedib siqaret almağa ərinirdilər. Hər ikisi balkondakı skamyada oturub siqaret çəkə-çəkə söhbət eləyər, tez-tez yerə tüpürərdilər. Onlar durub getdikdən sonra oturduqları yerin qabağında tüpürcək gölməçəsi yaranardı.

 

Balkonun ortadakı dirəyinə, bir də sol divara iri külqabı bərkidilmişdi. Bir gün gəlib gördüm, ortadakı külqabını dirəkdən qopardaraq yerə atıblar. Bildim ki, bu, həmin tüfeyli gənclərin işidi. Çünki onlar siqareti külqabına basmağı qəbul eləməz, həmişə kötüyü aşağıda üstünü qar örtmüş yaşıllığa atmağı sevərdilər. Ona görə qar əriyəndə yaşıllığın üstü siqaret kötüyü ilə dolu görünərdi.

 

Nə isə, otelin işçiləri həmin dirəkdən təzə külqabı asdılar. Aradan bir neçə gün keçdikdən sonra baxdım ki, həmin divardakı külqabını da qırıb yerə vızıldadıblar. Yadıma Bakının küçələrində və avtobus dayanacaqlarındakı zibilqabıların halı düşdü.

 

Ərəb gənclər siqaret vaxtı dayanmadan danışıb-gülərdilər. Bilirdim ki, onların mövzusu mənasız, danışdıqları isə boş laqqırtıdan başqa bir şey deyil. Bütün düşərgə həyatında təkcə bu gənclərin deyil, heç bir ərəbin əlində kitab, yaxud  qəzet görmədim. Emiqrant ərəblərin hərəkətlərini müşahidə etdikcə düşünürdüm ki, müsəlman ölkələrindəki faciələr elmdən, bilgidən qaçma kimi bir mərəzdən qaynaqlanır. Onlar yalnız səhərdən-axşama “həbibim!” deyə zarıyan sevgi mahnılarına, yaxud kədərli sözlərlə süslənmiş musiqilərə qulaq asmaqla məşğul idilər.     

 

Bir gün balkona gələndə, gördüm, ərəb qadını Rəbiyyə də siqaret çəkməyə çıxıb. Balkonun qar tutan yerində qarın üstü sapsarı “bəzədilib.” Demək, gənc ərəblər üç addımlıqdakı tualetə getməyə ərinib, elə balkondanca aşağı işəyiblər. Siqaret çəkə-çəkə var-gəl eləyən Rəbiyyə xəcalətindən həmvətənlərinin murdarladığı qarlıq tərəfə getmirdi. Məni görən kimi məzəmmətli bir tərzdə başını bulayaraq baxışları ilə gənc ərəblərin əməlini göstərdi. Bu zaman yadıma tualetdə daim böyrüstə qoyulan fırça düşdü. Siqaret dəsgahından sonra Rəbiyyəni xahişlə tualetə çağırdım. İçəridə yana atılmış fırça və ağzı üstə çevrilmiş qabı ona göstərərək, bunu kimin və nə üçün elədiyini soruşdum. Üstəlik də dedim, bu hadisə hər gün təkrar olunur. Yazıq qadın çiyinlərini çəkərək məyus-məyus üzümə baxdı və bu işdən bir şey anlamadığını bildirdi.

 

Balkona siqaret çəkməyə gələn alçaqboylu gənc zənci oğlan isə tamam fərqli idi. O, hər dəfə müxtəlif formalı paltarlar geyinər, əhvalı daim şən olardı. Balkonda var-gəl edərkən dodaqaltı öz-özünə nəsə danışıb qımışardı. Hərdən dəxlisiz yerə şlyapa geyinər, gah da uzun plaşda, qırmızı şalvarda hərlənərdi. Mənə elə gəlirdi, “dostum” bir vaxtlar yaşadığı məmləkətin “ən modnu” oğlanlarından olub. Yemək yeyərkən əllərini qarşısında açaraq sakitcə dua eləyib xaç çəkdiyini gördükdən sonra anladım ki, bu gənc zənci xristiandı...

 

Günorta yeməyində, rus dilini bilən suriyalı həkim Tamer gülərək dedi, xəbərin varmı, düşərgəyə bir nəfər belorus da gəlib. Xəbərdən xeyli sevindim, hər halda söhbət eləməyə bir adam olacaqdı. Lakin Tamer belorusun yerləşdiyi otağın nömrəsini  bilmədiyini dedi. Axşama qədər adamların arasından ağsifətli, kürən saçlı belorus axtardım.

 

Axşam yeməyindən sonra, indiyə qədər görmədiyim ucaboylu, tatarsifət, eynəkli bir oğlan mənə yaxınlaşıb rusca salam verdi. Sən demə, Tamer onunla maraqlandığımı belorusa deyibmiş. Dərhal tanış olduq, adı Sergey idi. Sergey özünü belorus kimi təqdim etsə də, simasından tatarəsilli olduğu bilinirdi. Söhbət əsnasında hansı səbəbdən mühacirət etdiyini soruşdum. Gülərək dedi, mən bank işçisi olmuşam, “moşennik”əm. Mən zarafatla soruşdum ki,  Avropa hara, “moşennik” hara? Dedi, buralara elə “moşennik”lər gəlib çıxır.

 

Məlum oldu ki, Sergey ingiliscə çox yaxşı bilir. Həmişə birgə hərlədiyimizə görə lazım olanda mənim üçün tərcüməçilik də eləyirdi. Biz bütün günü ərəblərin məntiqsiz hərəkətlərinə baxıb lağlağı edirdik.

 

Üçüncü mərtəbə otaqlarının birində trenajor və iki ədəd bilyard stolu quraşdırılmışdı. Ərəblər hər axşam yeyib doyduqdan sonra itələşə-itələşə trenajorda “əzələ yığar”, bilyard stollarında ağıllarına gələn üsullarla şar qovardılar.

 

Bir gün Sergey əlimyandı ilə gəldi ki, bəs deməzsənmi, yuxarıda ərəblər biri-birini qırır. Biz tezcə yuxarı, “hadisə yerinə” gəldik. Baxdım ki, təzəcə quraşdırılmış trenajorun trosu yerindən çıxıb, daşlarının da hərəsi bir tərəfə səpələnib. Ortada beş-altı nəfər biri-biri ilə dalaşır, qalanları isə onları aralamaqla məşğuldu. Bilyard kiyinin bir neçəsini qırıb döşəməyə töküblər. Gözümə küncdəki stolun üstündə və yerdə bir neçə boş pivə bankası dəydi. Bildim ki, dalaşan dölbeyin ərəbləri özündən çıxaran alkoqol faizi cəmi 3,5 faiz olan pivələr olub. Sergeyə dedim, təsəvvür elə, bunlar samoqon-zad içsələr nə günə düşərlər? Əlqərəz, hay-küydən otaqda qulaq tutulurdu. Onlara bir az tamaşa eləyib aşağı düşdük.

 

Neçə gün idi tualetdəki fırçanın əhvalatını Sergeyə də danışmışdım. Biz oturub bu “sirri” müzakirə edir, bu absurdun səbəbini  anlamağa çalışırdıq. Fırça məsələsinin hər gün təkrar olunması əməllicə əsəblərimi yerindən oynatmışdı. Bu söhbətlərdə “moşennik” hər dəfə bir versiya söyləyər, eynəyini yuxarı qaldırıb başını qaşıyaraq daha məntiqli izah verməyə çalışırdı. Mən tualet fırçasını hər gün yanıüstə yıxan adamın psix olması versiyası  üzərində dayanırdım. Beləcə, ərəblərin hərəkətlərini müşahidə edərək gah əsəbiləşir, gah da öz aramızda məzələnirdik.

 

Bir gün Sergey yeyin-yeyin yanıma gəlib dedi ki, tualetin sirrini tapmışam! Ta, müəmmaya bundan düzgün cavab ola bilməz! Dedim, uzatma, ey məlun, tez de görüm, nə tapmısan, ərəb ağlının dərinliklərində necə qəvvaslıq eləmisən? Danış, yoxsa bağrım partlayacaq!

 

Sergey bütün ədəb-ərkanını səfərbər edərək sakit-sakit izah eləməyə girişdi. Dedi, adətən, müsəlmanlar böyük bayırdan sonra yuyunurlar, düzdümü? Burdakı tualetlərdə də aftafa yoxdu, yalnız kağız qoyurlar. O adam kimdisə, otaqdakı duşun şlanqı ilə yuyunmaq heç ağlına da gəlməyib. Ona görə hər dəfə tualet fırçasının qabında götürdüyü su ilə yuyunur. Məsələ bu qədər sadə imiş!

 

Mən Sergeyin zəkasına heyran qaldım. Əlbəttə, bu yerdə onunla razılaşmaya bilməzdim. Sonda onu da deyim ki, təzəcə yeriyən qızı ilə qonşuluğumda yaşayan ərəb qadın oturum izni alıb düşərgəni tərk etdikdən sonra tualetdəki fırça rahatlıq tapdı.     

 

(davamı olacaq)     

 

Murad Köhnəqala

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2872

Oxşar yazılar