[b]Beş ay İsveç düşərgəsində: “Məni ərimin qardaşına verdilər” – 10-cu YAZI[/b]
06 iyun 2014 14:50 (UTC +04:00)

[b]Beş ay İsveç düşərgəsində: “Məni ərimin qardaşına verdilər” – 10-cu YAZI[/b]

0

əvvəli: http://news.lent.az/news/167913

 

Yadınızdasa, ötən yazımda düşərgədəki ərəb qadınlardan danışacağımı demişdim.

 

Demək, mən Yəvli şəhərindəki miqrasiya mərkəzindən yaşadığımız düşərgəyə üç nəfər qadınla gəldim. Onlardan ikisi ərəb, biri isə zənci idi. Zənci qadın gənc idi, yanında kişisi olmasa da hamiləliyi yüngülcə hiss olunurdu. Ərəb qadınlardan isə biri yaşlı, digəri nisbətən cavan idi.

 

Mən məlum düşərgədə əvvəldən axıra qədər həmin qadınlarla həmişə xoş salamlaşırdım. Onlar da məni görəndə doğma adamlarını görürmüş kimi gülümsəyər, salamlaşardı.

 

Çox maraqlıdı, gördüyüm yüzlərlə ərəb kişidən beş-altısı siqaret çəksə də mənimlə gələn bu ərəb qadınların ikisi də siqaret tüstülədirdi.

 

Biz siqaret çəkmək üçün koridorun baş tərəfindəki açıq balkona çıxırdıq. Adətən, həmin balkona iki gənc ərəb, bir də bu qadınlar siqaret çəkməyə gəlirdi. Təbii, İsveçin yağ kimi gedən siqaretlərini açıq balkonda qarlı küknar meşəliyinə baxa-baxa tüstülətməyin başqa ləzzəti vardı. Sevdiyim xanımla internetdə yazışanda, yaxud skaypla danışanda hər yarım saatdan, bir saatdan bir, “gedim, bir siqaret çəkim”, deyirdim. Siqaret çəkməyi az qala bir ayinə döndərmişdim. Kürkümü çiynimə atıb, ayağıma yun corab geyər, təxminən eni üç, uzunu isə yeddi metr olan balkonda var-gəl eləyərək şaxtalı havada siqaret sümürərdim. 

 

Biz siqaret almaq üçün dörd kilometr aralıda yerləşən Delsbo qəsəbəsinə getməli idik. Belə soyuq havalarda düşərgədən tez-tez çıxmamaq üçün qəsəbəyə gedəndə özümüzə biryolluq bir neçə qutu siqaret alırdıq.

 

Tərs kimi, ərəblər nə siqaretə, nə də spirtli içkiyə meylli idi. Ona görə siqaretim qurtaranda borc istəməyə bir kişi tapılmırdı.  Qonşuluğumda isə siqaret çəkən iki gənc ərəb məskunlaşmışdı, onlar da elə ömrü boyu, küçə uşaqları kimi, siqareti məndən istəyirdilər.

 

Siqaretim tükənəndə yalnız, bayaq haqqında söz açdığım yaşlı ərəb qadından – Rəbiyyədən istəyə bilirdim. Biz biri-birimizin dilini başa düşməsək də mənim bildiyim on-on beş ingilis sözü, mimika və əl hərəkətləri ilə anlaşırdıq.

 

Yaşadığım otaq balkona yaxın olduğundan Rəbiyyə xanım hər dəfə siqaret çəkməyə çıxarkən qapını döyüb, məni də balkona çağırırdı. İnternetə çox taxıldığıma görə hərdən məni danlayırdı da. Təxminən elə mənim yaşlarımda olan bu qadın da siqareti qurtaranda mənə müraciət eləyirdi. Yəni, biz həm də siqaret dostu idik.

 

Rəbiyyə məndən “borc” aldığı siqaretləri, adətən, artıqlaması ilə qaytarardı. Hiss edirdim ki, o, çox etibarlı dost, sədaqətli və dürüst insandı.

 

Rəbiyyə həmişə balkonda çox qayğılı görsənir, ciyərdolusu öskürürdü. Adətən, əynində şalvar və yanlarında iri cibləri olan uzun jaket geyinirdi. Hərdən “necəsən?” kimi sual jestləri eləyirdim. O da “no problem, okey!” kimi sözlərlə ondan yana nigarançılığımı gülümsəyərək xoş qarşılayırdı. Rəbiyyə həmişə birgə hərləndiyi rəfiqəsinə nisbətən ucaboylu idi. Rəfiqəsi Xədicə də xoşxasiyyətli nazik bir qadın idi. Onun rəngi nə qədər qara olsa da, üzündə nə vaxtsa yaşadığı hansısa dəri xəstəliyindən yadigar ləkələr gözə çarpırdı.   

 

Adətən, yeməkdən sonra geri qaytarılmış bulaşıq qabları kafenin işçiləri mətbəxdəki makinada yuyurdular. Yəni bu iş heç vaxt emiqrantlara həvalə edilmirdi. Lakin dəfələrlə görmüşdüm ki, Rəbiyyə şəxsi təşəbbüsü ilə makinanın arxasına keçərək öz ərəblərinin zibillədiyi qabları yuyur.

 

Yemək vaxtı podnosu götürüb növbəyə durarkən həm də divardakı qurğudan salfet çəkirdik. Yemək növbəsinə durarkən hansısa ərəb qadının özünü unudaraq yanındakı meymunla söhbət eləyə-eləyə qurğudan dayanmadan onlarla salfet çəkməsi məni özümdən çıxarırdı. Təsəvvür eləyin, qadın yanındakı ilə ucadan söhbətləşərək bir əli ilə dayanmadan kağızların hamısını dartır və növbədə olanlara salfet çatmır. Mətbəxin isveçli işçiləri isə məcburən makinanı yenidən kağızla doldururdular. Yeməkdən sonra baxırdım ki, həmin debil qadınların dərdikləri kağızlar bütün kafe boyu döşəməyə səpələnib. Bu epizodu da Rəbiyyənin şəxsiyyətini açıqlamaq üçün xatırladım. Rəbiyyə öz həmvətənlərinin eşşəkliyini ört-basdır eləmək üçün hər dəfə yeməkdən sonra stulları stolların üstünə yığıb kafeni başdan-ayağa silib təmizləyər, debillərin yerə səpələdiyi zir-zibili kədərli bir tərzdə yığışdırardı. İsveçlilər onun bu əməyinə ehtiyacın olmadığını dəfələrlə desələr də o, öz zəhmətsevər qadınlığından geri durmaq istəməzdi.

 

Bir dəfə kafedə Rəbiyyənin Tamerlə oturub söhbətləşdiyini gördüm. Ötən yazılarda suriyalı Tamer haqda məlumat vermişdim. O, nə vaxtsa Moskvada altı il həkim təcrübəsi keçdiyinə görə rus dilini yaxşı bilirdi.

 

Bu dəfə Rəbiyyə nədənsə öz həyat tarixçəsindən danışdı. Üzü kədərli, balaca ağızlı, ağ dişli, ciyərdən öskürən bu ərəb qadını danışdıqca iri gövdəli Tamer onun söhbətini mənə tərcümə eləyirdi. 

 

Sən demə, üç uşaq anası olanda Rəbiyyənin əri avtobus qəzasında ölür. Dəfndən sonra iki tayfa yığılıb onu ərinin kiçik qardaşına, yəni subay qaynına verməyi qərara alırlar. Rəbiyyə isə onlara deyir, ölümə razı olaram, ancaq qaynımla bir yatağa girə bilmərəm.

 

Axırda onu böyük qayını və böyük qardaşı döyərək, kiçik qaynı ilə bir yatağa salırlar.

 

Mən soruşdum, bəs niyə qoymurdular ayrı bir kişiyə ərə gedəsən? Rəbiyyə söylədi ki, birincisi, təhsilim olmadığına görə heç yerdə işləməmişəm, evdar qadın olmuşam, ikincisi, uşaqlar aclıq çəkməsin deyə bizə ailə başçısı lazım idi, üçüncüsü, mən nə qədər çalışsam da özgə kişiyə belə tezliklə ərə gedə bilməzdim.

 

Sonra Tamer belə “evliliklərin” üstünlüklərindən danışdı. Demək, ərəblər düşünür ki, dul qadının uşaqlarına yad kişi ögey münasibət bəsləyər. Odur ki, yetimləri ölənin qardaşına etibar eləmək daha məqsədəuyğundu. Yəni əmi ögeylik eləməz, qardaşı uşaqlarını özünə doğma bilər. Mən soruşdum, yaxşı bəs bunun psixoloji travmalarını hara qoyaq?
 

Əslində bu tip nikahlar vaxtilə bizdə də çox olub, düşündüm ki, demək, bu adət bizə ərəblərdən din yolu ilə keçibmiş.

 

Rəbiyyənin danışdıqca bu qəmli həyat tarixçəsinə qulaq asır, hərdən də ona sual verirdim. 

 

Demək, Rəbiyyəni məcburən qaynının qoynuna itələsələr də o, özünü itirmir. Qaynına and verərək ona toxunmamasını xahiş edir, əks halda intihar edəcəyini söyləyir. Ölmüş qardaşının ruhuna and verdiyinə görə gənc qardaş onunla razılaşır. Onlar beləcə, tayfadakılar üçün ər-arvad rolunu oynayaraq bir neçə il birgə yaşayırlar.

 

Rəbiyyət belə söyləyirdi: “Qaynıma yazığım gəlirdi, özünü evli kimi aparsa da ona qadın lazım olduğunu başa düşürdüm. Ona görə gecə-gündüz ayrılmaq, yalançı əri də azadlığa buraxmaq haqda düşünürdüm. Günlərin bir günü həyatımın bu əzabını uzaq bir qadın qohumuma söylədim. Vəziyyəti başa düşən qohumum məni yüngül maaşlı bir işə düzəltdi. İşim ağır olsa da çox sevinirdim, çünki uşaqları sərbəst böyütməyə gücüm çatırdı. Artıq qaynımdan boşana bilərdim. Həmin imkanlı uzaq qohumumun tayfaya təzyiqləri altında birtəhər onlardan qopa bildim. Boşandıqdan altı ay sonra başqa bir kişiyə ərə getdim və yaşayış yerimi dəyişdim. Qaynım isə boşandıqdan sonra başqa bir ərdən çıxmış qadınla evləndi”. 

 

Bunları danışdıqdan sonra Rəbiyyə uzun-uzadı öskürdü. Gərginliyi aradan qaldırmaq üçün zarafata keçdim, Tamerə dedim, xanımın öskürəyini tərcümə eləmək lazım deyil. Üçümüz də bir xeyli güldük...

 

Səhər tezdən Vətənə qayıdacağımı eşidib Rəbiyyət axşamdan sağollaşmağa gəlmişdi. O, məni qucaqlayıb, ana qayğısı ilə uzun müddət sinəsinə sıxdı...

 

(davamı olacaq)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3204

Oxşar yazılar