<b>”Rəqs edə-edə qumbaranı atıb qaçdım"  - <span style="color:red;">“Döyüşçü gündəliyi” </b>
03 iyun 2014 13:01 (UTC +04:00)

”Rəqs edə-edə qumbaranı atıb qaçdım" - “Döyüşçü gündəliyi”

0

Lent.az Fransanın Milli Qəhrəmanı, məşhur azərbaycanlı döyüşçü Əhmədiyyə Cəbrayılovun döyüş gündəliyinin altıncı hissəsini sizə təqdim edir.

 

(Əvvəlin bu linkdən oxuya bilərsiniz - http://news.lent.az/news/164648)

 

Kofman dedi:

-Xarqo, gəl biz də öpüşək. Bəlkə qayıtmadım. Qayıtmasam, bizə, qızıma məktub yaz. Yolun düşəndə mənim ailəmə baş çək, ürək-dirək ver.

Kofmanın bu sözləri mənə çox pis  təsir etdi. Elə danışırdı, sanki bu dəqiqə öləcək. Düşündüm ki, nə ailəm, nə də övladlarım var. Qərargaha getsəm, mənə icazə verməyəcəklər. Çünki tapşırıqdan yenicə qayıtmışdım. Getmə vaxtını öyrəndim. Axşamüstü saat 8 olardı, partizanlar maşına minmişdi. Hazır vəziyyətdə gəlmişdim. Əynimdə alman zabit forması var idi. Tez leytenant Kofmanın motosikletinə minib maşının qarşısına sürdüm. Kofman dalımca gəlsə də çatmadı. Biz tapşırıq verilən yolları kəsdik. Əmr elədim ki, partizanlar ağacların, kolların arxasında gizlənsinlər. Alman zabiti formasında yolun kənarında oturdum. Bero, Vasiliy alman əsgəri formasında əllərində avtomat ayaq üstə dayanmışdılar. Maşınlar görünməyə başladı. Bizə çatmağa yüz metr qalırdı. Əlimdəki qamçını fırlada-fırlada maşınları mühafizə edən almanlarla dolu olan maşının kənara çəkilməsinə işarə etdim. Maşın dayanan kimim içərisindəki alman mayoru düşüb gülə-gülə mənə tərəf gəldi. Beş metr qalmış tapançamı işə saldım. Bu vaxt həmin maşının üzərinə qranatlar və mərmilər yağış kimi yağdı. Ölənlər öldü, yaralılar təslim oldu. Yaralıları və sursat olan maşınları partizanlar qərargaha gətirdilər. Əsirləri danışdırıb, güllələdik. Göstəriş verdim ki, bütün partizanlar qərargaha toplaşsın. Gənclik dövrümün ən maraqlı illəri olsa da, müharibədəydim. Amma əyləncəmdən də qalmırdım. Motosiklet sürməyi xoşlayırdım. Tapşırığı yerinə yetirəndən sonra iki saat motosiklet sürüb qərargaha qayıtdım. Motosikleti partizanlar toplaşan yerə sürdüm. Yoldaşlarım motosikleti söndürməmiş məni atıb tutmağa, xoş sözlər deməyə başladılar. Leytenant Kofman üz gözümü, əlimi öpürdü. Qərargahın komandiri məni xəlvət getdiyimə görə məzəmmət etdi. Ona bildirdim ki, gəlib desəydim icazə verməyəcəkdiniz. Səhər yenidən qərargaha çağırıldım. Oraya yeni generallar da gəlmişdilər. Bizi sıraya düzdülər. Tanıdıqlarımdan Jak Duklo, Morer Torer, Pier Paskini də orda idilər. Məni sıranın önünə dəvət edib Fransa Partizan Korpusunun rəhbəri tərəfindən təşəkkür etdilər. Orada səsləndi ki, hər iki əməliyyatda tapşırığı itkisiz başa vurmuşam. Partizanlara və mənə orden medallar verildi. Hər kəs öz istirahət yerinə yollandı. Elə yenicə oturmuşdum ki, Sara, Suzanna, Simeone, Elira hərəsi bir tərəfdən məni təbrik edirdilər. Xahiş edirdilər ki,  onlarla şəkil çəkdirim.  Şəkil çəkdirib xeyli söhbətləşdik.  Partizanlar arada evlərinə baş çəkirdilər. Hər biri evə gedəndə istəyirdilər ki, məni də aparsınlar. Onların ailələri “Xarqo”nu  şəxsən görmək istəyirdilər. Don şəhərində 18 yaşlı Mişel adlı bir partizan var idi, xətrimi çox istəyirdi. Evdəkilərin istəyi ilə məni evlərinə dəvət etdi. Nəhayət, bir neçə xahişdən sonra alman zabiti formasında onlara getdim. Yolda, küçələrdə almanlar bütün sıravi insanlardan “propusk” istəyirdilər. Məni heç kim saxlamırdı. Mişelin iki qardaşı, iki bacısı, əlli yaşlı atası, qırx yaşlı anası vardı. Özlərinə məxsus böyük malikanə sahibi idilər. Səhəri Mişelin bacısı mademuazel Marqoli məni rəqs meydançasına dəvət elədi. Rəqs meydançasında məndən, alman zabitlərindən və qızlardan başqa heç kəs yox idi. Biz bir az əyləndik. Oyunun gur vaxtında cibimdəki qumbaranın kiçik halqasını çıxarıb ayaqlar altına ataraq oynaya-oynaya qapıya tərəf getdik. O qədər tez gedirdim ki, mademuzael Marqoli az qala yıxılacaqdı. Marqoliyə də söz deməyə imkan vermirdim. Biz qapıya çatanda qumbara partladı. Özümüzü zorla çölə ata bildik.

 

Qaçanda iki nəfər patrul qabağımızı kəsdi. Mənim qaçmağımdan şübhələnmişdi. Sənədlərimi istədi.  Əlimi sənəd çıxarmaq üçün döş cibimə aparıb tapança ilə onları vurdum. Mademuazel Marqoli özünü tam itirmişdi. Onu zorla ara yolla evə gətirdim. Qızın sifətinin ağardığını görən ata nə baş verdiyini soruşdu. Marqoli mənə baxıb atasına “yorulmuşam” dedi. Səhər eşitdim ki, həmin vaxt 50 alman ölüb, çoxlu yaralananlar var. Bu hadisə partizanlara da çatmışdı. Qərargaha gələndə komandir dedi ki, Xarqo, sən heç istirahət vaxtında da dinc durmursan? Sən bir az istirahət et, bizə lazımsan.

 

***

 

1944-cü ilin aprel ayında Oş və Monde Marsan şəhərlərinin dağ və meşələrində məskən salmışdıq. Bizə çoxlu yeni partizan qoşulmuşdu. Günü-gündən partizanların sayı artırdı. Partizanların sayı siyahıya əsasən 12 min 253 nəfərdən ibarət idi. Bu şəhərin meşələrində qarın olmaması, havaların isti keçməsi partizanlar üçün əlverişli idi. Bir gün eşitdik ki, Oş şəhərinin bir kəndində  partizanlara qoşulanların evlərinin yandırılması, ailələrinin tutulub sürgün edilməsi üçün bir qrup alman zabiti göndəriləcək. Xəbəri alman komendaturasında işləyən bir fransız polisi 13 yaşlı qızına vermişdi. Həmin ailə kağızı çörəyin arasında naxırçı vasitəsilə partizanların qərargahına çatdırmışdı. Partizanların qərargah rəisinin əmrinə əsasən həmin kəndin ətəyindən keçən yolu üzük qaşı kimi mühasirəyə aldıq. Bir alman zabiti və əsgərini buraxmaq olmazdı.

Almanlar deyildiyi vaxtda, gündüz saat 14:10 dəqiqədə gəlməyə başladı. Uzaqdan bir motosiklet göründü. Mən gizləndiyimiz yerdə əmr verdim ki, dəyməyin. Motosiklet salamat keçdi. Saat 14:25-də maşın gəldi. Maşın bizə yaxınlaşırdı. 15 metr qalmış hücum əmri verdim. Biz motosiklet keçəndən sonra yolu ağacla bağlamışdıq. Sürücü maşını saxlayıb çevirincə qumbara və güllələr dolu kimi maşına tərəf yağdı. Maşındakı almanlara atəş açmağa, qaçmağa macal verilmədik. 35 alman həlak oldu. Yenidən maşın göründü. Biz tez qarşı döngəyə gedib dayandıq. Əvvəlki maşının darmadağın olduğunu görüb geri dönmək istədilər. Maşında cəmi iki nəfər var idi. Maşına od vurub yandırdıq. Partizanlar dağlara çəkildilər. Arbet məni tək qoymurdu. Mənə dedi ki, gəl  gedək. Dedim ki, əvvəlki motosiklet gələcək, onun da payını verib gəlirəm. Biz söhbət edirdik ki, motosikletin səsini eşitdik. Arbetlə gizləndik. Motosikleti sürən maşınların darmadağın olduğunu görüb geri dönmək istəyəndə avtomatdan atəş açdıq, yerə sərildi. Motosikleti minib bir qədər gəzintiyə çıxdıq. Birdən motosiklet söndü Arbet dedi:

 

 

- Xarqo, motosikleti tulla gedək qərargaha.

- Arbet, mənim motosikletdən yaxşı başım çıxır.

Motosikleti düzəldib işə saldım. Arbet arxada oturmuşdu. Birdən dörd motosiklet və bir alman markası olan minik maşını gördüm. Arbetdən məndən bərk yapışmasını tələb etdim. Motosikleti var qüvvə ilə sürürdüm. Almanlar bizi qovmağa başladılar. Getdikcə bizə yaxınlaşırdılar. Yaxınlaşdıqca da atəş açırdılar. Motosikleti gah yolun sağı, gah da solu ilə sürürdüm ki, güllə dəyməsin. Çatmaqlarına yüz metr qalmış hiss etdim ki, bizi diri tutmaq istəyirlər. İki nəfər motosikletə yük idi, həm də istədiyim kimi sürə bilmirdim. Arbetə qışqırdım ki, özünü at, ya ölək, ya da qaçıb canımızı qurtaraq. Arbet avtomatı işə saldı. Alman motosikletlərindən ikisini vurdu. Arbetə dedim ki, qaç canını qurtar. O, yenidən atəş açaraq üçüncü motosikleti də vurdu. Dördüncüsü isə yoxa çıxdı. Ancaq maşındakılar gülləni yağış kimi yağdırırdılar. Arbet maşına tərəf qumbara atdı, maşın bir az ləngidi. Motosikleti dağa doğru sürməyə başladım. Arbet mənə dedi ki, Xarqo, qumbara və patron qurtardı. Döngəyə çatanda Arbetin tullanıb qaçmasını əmr etdim. O, məni qoyub qaçmaq istəmirdi. Əmr etdim: ”Atıl, atıl”.

 

Növbəti yazıda leytenant Kofmanla Əhmədiyyə Cəbrayılovun “motosiklet” macərası”nda başına gələnlərdən, bir çobanın sayəsində sağ qalmağından və bundan sonra daha da dramatik xarakter alan real əhvalatlar xəbərdar olacaqsınız.

Əfsanəvi partizanın gündəliyini Lent.az-da izləyin.

 

İntiqam Valehoğlu

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2570

Oxşar yazılar