Təsəvvür edin, iki daşın arasında sıxışıb qalmısınız. Nə çıxmağa yolunuz var, nə səsinizi eşidəcək adam. Ümidinizin kəsildiyi an qulağınızın dibində hənirti gəlir. Sevinməyə macal tapmamış, qarşınızda böyük bir it peyda olur. Zil qara, zəhmli bir itlə burun-burunasınız. Vahimə içinizi bürüyür. Elə mənim kimi. Udqunuram, qışqırmamaq üçün dişlərimi sıxıram. Hürdükcə, ağzının suyu çənəsindən süzülüb sol dizimin üstündən ayağıma axır.
Qaçmaq nədi, tərpənməyə belə yer yoxdu. Başımın üstündəki qaya parçasından süzülən su damcısı ürəyimin ritmini təkrarlayır: tıp, tıp, tıp... Küncə sıxılıb nə vaxt xilas ediləcəyimi gözləyirəm. Bir neçə dəfə var gücüylə hürür it və daşların arasından, gəldiyi yerdən də aralanır.
Ardınca da digəri gəlir. Qara qıvrım tükləri var. Bu dəfə qorxmuram. Yanıma gəlib qabaq pəncələrini dizimin üstünə qoyur. Dili olsa, “qorxma, mən sənə kömək etməyə gəlmişəm” deyəcəkdi. Belinə bağlanmış ratsiyadan səs gəlir: “Bunu götür, danışanda sol tərəfindəki uzun düyməni bas. Necəsən?” “Yaxşıyam”, deyib düyməni buraxıram. Qarşı tərəf az sonra yanıma gələcəyini və məni burdan xilas edəcəyini deyir.
Beş dəqiqə sonra artıq xərəkdəyəm. Fövqəladə Hallar Nazirliyinin xilasediciləri məni sıxılıb qaldığım qaya parçalarının arasında xilas etmişdi...
***
Bu, Kinoloqların təlimindən bir imitasiyadır. Və mən də həmin təlimdə könüllüyəm. Fövqəladə Hallar Nazirliyinin Kinoloji Mərkəzində itlərin təlim keçməsi üçün süni uçqun hazırlanıb. İri qaya parçalarından. Daşların arasından dibə endim və Lamanşın gəlib məni tapmağını gözlədim. Vahiməli itin adı Lamanş idi. Labrador cinsindən. “Təcili yardım” isə Dımok idi. Spaniel cinsi. Lamanş yerimi təyin edəndən sonra, Dımok mənə ağrıkəsici və ratsiya gətirmişdi. Təlim olduğundan xilasedicilərin işini mərkəzin kinoloqları görürdü. Əsl qəzalarda isə hadisə yerinə nazirliyin Xüsusi Riskli Xilasedici Xidmətin xilasediciləri cəlb olunur.
Unutmadan onu da qeyd edim ki, dünyada ilk dəfə bizimkilər xilasetmə zamanı itlərin üstünə kamera bağlayıblar. Bununla da onlar, uçqunda qalmış zərərçəkmişi görür, ərazini qiymətləndirə bilirlər. Bu metodun lisenziyası bizə aiddir. Yəni FHN-nin Kinoloji Mərkəzinə.
***
Mərkəzdə itlər 4 istiqamətdə təlim keçir: mühafizə itləri, insan axtaran, partlayıcı maddə tapan və yardım çatdıran. Dımok kimi. Biri digərinin işini görmür. Görə bilmir də. Çünki hər biri öz istiqaməti üzrə komanda alır. “Axtar” əmrini alandan sonra insanı tapdığını və yerini bildirmək üçün müvafiq siqnal (hürür) verir. Partlayıcı maddə axtaran it isə qətiyyən hürmür. Tapır və yerdə oturur. Yardım daşıyan it də hürmür. Qorxutmamaq üçün.
***
Mərkəzin Xidməti İtlərin Təlimi üzrə Şöbənin müdiri, ehtiyatda olan polkovnik-leytenant Orxan Məmmədov bizi kinologiya haqqında məlumatlandırır.
Deyir, itlərin 7-8 aylığından təlim başlayır. Özü də hamısı yox. Xüsusi cinslər. İnsanlar kimi itlər də xarakterinə görə istiqamətləndirilir. Psixikasına görə, fleqmatik olanlar xidmətə yaramır. Necə insanlar, bu növ xarakterli itlər də tənbəl olurlar. Gec reaksiya verir, ləng tərpənirlər. Bu işdə isə operativ davranılmalıdır. Dövlət əhəmiyyətli binaları mühafizə edən mühafizə itləri cəld və aqressiv olmalıdırlar. Buna görə də xolerikdirlər. İnsan axtaran itlər isə sanqvinik olurlar. Cəlddirlər. Partlayıcı maddələr axtaran itlər mühafizəçilər kimi cəld olsalar da, onlardan fərqli olaraq təmkinli və həssas, yəni melanxolik olmalıdırlar.
- İt bir metrlik diapazonda partlayıcını tapdığını oturmağı ilə bildirir. Hürə bilməz. Çünki səs detonatoru ola bilər. Hürmək, toxunmaq, tərpətmək olmaz. Tapdı, oturmağı ilə bildirir. Bu, siqnal pozasıdır. İnsan axtaran it uçqun altındakı adamı tapan kimi hürür və həmin yeri cırmaqlayır. Hər it ayrıca funksiyanı yerinə yetirir. Partlayıcı maddə üzrə təlim keçmiş it uçqun altındakı insan faktoruna reaksiya verməyəcək. Bu istiqamət üzrə çox effektiv nəticələr verən cinslər var: alman, şərq və Avropa ovçarkaları, labrador, spaniel, rassel, teryer... Belçika ovçarkaları da partlayıcılarla yaxşı işləyir.
İtlər hər biri 6 ay olmaqla 2 mərhələli təlim keçirlər. Birinci pillədə onlar ilkin komandaları öyrənirlər. Daha kiçik diapazonda axtarışlar edirlər. Həm də qısa müddətə. İlkin mərhələdə it zərərçəkmişi, yəni fiqurantı on dəqiqəyə tapmalıydısa, ikinci mərhələdə it həmin əraziyə yarım, bir saat sonra buraxılır. İkinci mərhələdə də itlər necə deyərlər “şlifovka” olunur.
- Axı biz hadisə yerinə həmin dəqiqə çatmırıq. 20-30 dəqiq vaxt çəkir. Uçqun altındakı insan ölübsə, molekullar parçalanır və iy zəifləyir. İtin burnu daha güclü iyləməlidir ki, bilsin dağıntılar altında insan var, ya yoxdu? Adam sağdırsa, it ürək döyüntüsündən eşidəcək. Paralel iyləyir də. Çünki dağıntı altında iti buraxan zaman tam sakitlik yaradılmalıdır. İtin işinə mane olmamaq üçün. İtin reaksiyasından, təlaşından uçqun altındakının sağ olduğunu bilmək olur.
Daha böyük uçqunlarda xidmətə çıxmış itlər elə olur ki, saatlarla işləməli olur. Bəzən günlərlə. Ona görə də, hər 45-50 dəqiqədən bir itlər 10 dəqiqə istirahət edir. Su verilir, konteynerdə uzadılır.
- Heç olub ki, it ona verilən komandanı yerinə yetirməsin?
- Heç vaxt. Əgər kinoloq ona təlimdə öyrətmədiyi komandanı verirsə, ancaq o zaman belə hal baş verə bilər. Çünki itlər sadəcə təlimçinin öyrətdiyi komandaları yerinə yetirir. Təzə komanda üçün əlavə təlim keçmək lazımdır. İti “otur” komandası öyrədilibsə, “əyləş”, desəniz oturmayacaq. Ancaq “otur” deyilməlidir. İt insan deyil ki, dərk edə? Düzdür, bir çox insanlardan daha etibarlıdır. Bizim işimiz xilasetmə olduğundan itlərimiz sadiq olurlar. Kimliyindən asılı olmayaraq, ona kömək etməyə çalışırlar. Bayaq Lamanşın və Dımokun sizə etdikləri kimi. Sonda isə mütləq mükafatlandırma olmalıdır.
***
Bir kinoloq iki itə təlim keçə bilər. Amma bir itlə bir kinoloq məşğul olar. Valideyn uşağını tanıyan kimi təlimçi də öz itinə bələddi.
İtlərin saxlanıldığı “setka”ların yanında keçirik. İnsan axtaranlar itlər “setka”nın içində var-gəl edirlər. Sevinirlərmiş. Partlayıcı maddə axtaranlar isə “setka”nın arasından burunlarını çıxarırlar. Sanki iyləmək istəyirlər. Mühafizə itlərinə isə yaxın düşmək olmur. Sanki “setka”nı yerindən çıxarıb üstümüzə cumacaqlar.
Qidalanmalarına gəlincə, əsasən quru qidalar verilir. Normasında. Nə az, nə çox. Formada olmalıdırlar çünki. Həddindən artıq arıq, yaxud kök də olmaz. Adından bəlli, xidməti itlərdilər. Onlar da bir növ burda xidmət çəkirlər. Qocalıb, “təqaüd”ə çıxana kimi.
- İtin bir ili insan ömrünün yeddi ilinə bərabərdir. Bir it səkkiz - on il işləsə biz şükür edərik.
Sağlamlıqlarına isə mərkəzin baytarları cavabdehdir. Onlar hər gün itlərə baş çəkir, müayinələrdən keçirir, peyvəndlərini edir. Xəstə it xidmətə çıxmır, ta ki sağalana qədər. İnsan kimi...
***
Xilasetmə zamanı onlar da yaralana bilir, ağır zədələr alırlar. Türkiyədəki baş vermiş sonuncu zəlzələnin qəhrəmanı Çip axtarış zamanı pəncəsindən ağır zədə almışdı. Əməliyyat növbətçi hissənin rəisi, kapitan Elnur Qarayev danışır ki, türkiyəli həkimlər Çipə yaralı insanlardan da çox diqqət göstəriblər. Axı o, “həmkarları” Maks, Pit, Lamanş və Layma ilə birgə uçqun altında qalmış 25-ə yaxın yaralını xilas etmiş, 30-a yaxın cəsədin yerini tapmışdılar. Və Çip bundan sonra da neçə-neçə insan həyatı xilas edəcəkdi. Deyilənə görə, hətta sarğılardan da sonra Çip yerində dinc dayanmırmış, dağıntıları olan əraziyə getmək istəyirmiş.
Volf, Maks, Dımok, Pit, Lamanş, Misnik, Layma, Çip, Kiara, Pirat, Ulf, Rem... Maraqlı adları (ləqəbləri) var. Hər birinin adını öz kinoloqu qoyub. Ta doğulan gündən. Bizimkilər onları almamışdan. Gələndə pasportlarında adları olur. Pasport demişkən, sən demə bu itlər xarici pasportları belə varmış. İtlərin də adlar kitabı var. Siyahıda hardasa minə yaxın ad var. Yeni doğulmuşlar üçün də adlar oradan seçilir.
- İtlərin erkək və ya dişi olmasında fərq var?
- Əslində fərqi yoxdur. Amma dişilər təlimə daha tez uyğunlaşır. Şərti reflekslər tez yaranır, gec itir.
Ulf alman ovçarkasıdı. Mühafizə itidir. Növbəti təlimi Ulfla edirik. Təlimçisi İsgəndər Qasımovdur. “Fas” komandası alan kimi təhlükəli şəxsin üstünə cumur. Silah səsi gəlir. Lakin Ulf geri çəkilmir. Çənəsini quldurun qolunda daha da bərkidir. İsgəndər “aus” komandası verənə qədər də buraxmır. “Aus” almanca burax deməkdir.
Biz söhbətləşərkən Şerri növbəti təlimi yerinə yetirmək üçün hazırlaşır. Sonuncu təlim partlayıcı qurğunun tapılması olacaq. Partlayıcı maddəni imitasiya etmək üçün istehkam briqadası ərazidə köhnə ağ “Mercedes”in “kapot”unun altında sol küncə trotil yerləşdirilir. Və Şerri əraziyə buraxılır. Yanından ötdüyü maşınlarda partlayıcı maddənin olmadığından əmindir. 1, 2, 3... və ağ “Mercedes”in qarşısında dayanır və maşının başına fırlanır. Təlimçisi Adil Məmmədov deyir ki, hava küləkli olduğundan iyi dağıdır. Üstəlik də, bu əsl partlayıcı olmadığından iyi də zəifdir. Şerri trotilin yerini dəqiqləşdirməyincə əyləşməyəcək. Budur, Şerri maşının sol küncündə dayanır, burnunu daha da yaxınlaşdırır, yanını yerə qoyur və Adili gözləyir. Adil sağ əlini yuxarı qaldırana qədər də yerdə oturur, qalxır. Bu da o deməkdir ki, Şerri azaddır, komandanı uğurla yerinə yetirib və mükafatlanacaq. Mükafat isə daim dəyişilməzdir. Balaca sarı rezin top...