[b]“Mentalitet buxovdur, keçib boynumuza” - SÖHBƏT[/b]
09 iyul 2014 15:36 (UTC +04:00)

[b]“Mentalitet buxovdur, keçib boynumuza” - SÖHBƏT[/b]

0

“Papaq” layihəsinin budəfəki qonağı tanınmış yazıçı Etimad Başkeçiddir.

 Azərbaycan xalqının folklorunda yer tutan “Papağı qarşısına qoyub düşünmək” deyiminin formal təminatı isə müsahibə zamanı milli baş geyimimizin ortada olması idi...

 

Sənətkarla  Bakı Slavyan Universitetindəki iş otağında görüşdük. Çaylı süfrənin alayı ləzzəti var. Amma sənətkar gördü çayı könülsüz içirəm. Söhbətarası sezdirdi ki, “ikinci hissəsiz müsahibə, boyat çörək kimi bir şeydi e, vətən oğlu, özü də mentalitetdən danışırıqsa…”. Mən də sözünə qüvvət verib “hə, özüm ölüm, araqsız süfrə banlamayan xoruz kimi bir şeydi” deyib başladıq söhbətə.

 

 

- Qağa, gəl ondan başlayaq ki, mentalitetin bizim həyatımızda nə kimi müsbət tərəfləri var?

 

- Mentalitet nə deməkdi ki? Kollektiv şüur deməkdi də. Davranış stereotipi, qərar vermək stereotipi, bir sözlə, tarixən formalaşmış stereotiplər toplusudur. Kollektiv şüurla əsasən faunaya aid canlılar idarə olunur. Tutaq ki, savannada dolaşan zebraların fərdi şüuru yoxdu axı. Sürüdən birini başçı seçirlər, hamısı da onun arxasınca gedir.

 

- Sürüdə də bütün qoyunlar bir səy  keçinin ardınca gedir…

 

- Əlbəttə. Mentalitet – kütlə tərəfindən qəbul olunmuş yazılmamış qanunlar sistemidi. Yaşadığın ərazidə miflərlə, əfsanələrlə, digər folklor nümunələri ilə möhkəmləndirilmiş irrasional qaydalar sistemi. Mentalitetin əslində zərərli tərəfləri daha çoxdu. Bir var ümumi, hamıya aid mentalitet, bir də var fərdi mentalitet. Ümumi mentalitet həmişə fərdi mentalitetin başını yeməyə çalışır. Böyük ədəbiyyat, sənət və mədəniyyət nümunələrini yalnız fərdi mentalitetin daşıyıcısı yarada bilər. Ümumi mentalitet insanlara passivlik, asılılıq, pafos aşılayır, fərdi mentalitet isə sərbəstlik hissləri.  Azərbaycan insanının mentalitetini ifadə edən gözəl atalar sözləri var, məsələn, “Elnən gələn toy-bayramdır”. İndi elnən gələnin nəyi toy-bayramdır, bunu rasional düşüncəylə kim mənə başa sala bilər?

 

- Biz qoyundan-keçidən, sürüdən danışdıq. Görəsən  onların da başıpapaqlısı var?
 

- Bilmirəm kimin sözüdü, deyir: “Kişilər qeybə çıxıb, ölkə papaqla doludu”. Papaq da əslində mahiyyətcə geyim formasıdı. Bizim papaq – şotlandların yubkası, hinduların başındakı lələk… Papaq sonradan atributa və simvola çevrilib, axı kollektiv şüur simvollarsız yaşaya bilmir.

 

- Şotlandların yubkası, hinduların lələyidəmi qeyrət simvoludu?

 

- Bəs necə? Hindularda lələyi ancaq qəbilə başçısı taxa bilər. Şotland kişinin yubkasına sataşsan, adamı birtəhər eləyər. Bizdə də papağı hər adam qoymurmuş. Hörmətli kişilər, el arasında nüfuzu olan adamlar “Qaragül” papaq qoyurlarmış. Bilirsənmi “Qaragül” papağı necə düzəldirlər?

 

- Bildiyim qədəri, təzə doğulmuş quzunun dərisindən hazırlanır. Quzu doğulan kimi dərisi qurumamış kəsirlər…

 

-  Hardasa düz deyirsən. Amma bir az başqa cürdü. Quzu hələ doğulmamış ana olacaq qoyunu kəsirlər, quzunu qarnından çıxardırlar və həmin quzunu da soyub dərisindən “Qaragül” adlanan papağı hazırlayırlar. Bu papaq ən bahalı papaq sayılır. “Qaragül”ü də zəngin kişilər qoyub. O da xüsusi imtiyaz imiş o vaxtlar. Kasıb-kusub çalma bağlayıb gəzib. İstəsələr belə imkan verməzlərmiş o papaqdan qoysunlar.

 

- Salam Sarvan bir dəfə qayıtdı ki, “mən istəsəm şortikdə gəzərəm”. Sən də gəzə bilərsənmi?

 

- Yox, yalan deyir, Salam gəzə bilməz. İndi deyir də, sözdü. “İstəsəm”… Amma, gəzə bilməz. Heç mən də gəzə bilmərəm.

 

- Bizə daha çox doğma adamlar mane olur məncə. Yadlar nə düşünür-düşünsün, heç vecimizə olmaz. Ancaq, qohum-əqrəbanın dilindən qurtarmaq olmaz. Adamı psixoloji xəstə edərlər.

 

- Hə də, məsələ də budur. Sən indi bizdən cavansan də. Sən özün gəzə bilərsənmi şortikdə?

 

- Azərbaycanda yox.

 

- Görürsənmi? (gülür) Səni pisikdirərlər. Mən televiziyaya-filan çıxanda evdə min cür irad deyirlər. “Niyə qalstuk taxmamışdın? Niyə belini əyib otururdun? Niyə saçını daramamışdın?” İndi gör, şortikdə gəzsəm nələr deyərlər… (gülürük) Onda gərək bütün doğma adamların qəlbini sındırasan.

 

- Deməli biz bu zillətlərə məhkumuq?

 

- Haradasa məhkumuq. Buxovdu, keçib boynumuza. Ümumiyyətlə, Şərqdə fərdiyyətçi şüur formalaşmayıb, kütləvi şüurla idarə olunuruq. Məsələn, bir nəfəri 2, 3, 4-cü adam söysə, 5-ci adam da başlayacaq söyməyə. Heç bilmir onlar niyə söyür. Sadəcə, bu da onlara qoşulub söyəcək. Qərbdə isə fərdi mentalitet artıq çoxdan formalaşıb, onların insanı kimi söyüb-söyməyəcəyinə özü qərar verir.  Fərdin seçimi, fərdi dəyərlər sistemi qərb insanında var. Bizim yüksək mədəniyyətimiz ola bilər. Amma, sivilizasiyaya qovuşmamışıq. Mədəniyyət və sivilizasiya başqa-başqa şeylərdir. Şpenqlerin “Avropanın süqutu” əsərində bu barədə geniş danışılıb.

 

- Ustad, ümumiyyətlə bizim xalqın obrazını necə görürsən?

 

- Ümumiyyətlə görmürəm. (gülürük) Bizim xalqın obrazını müəyyən edə bilməmişəm. Tutaq ki, almanların bir obrazı var – dəqiq, dürüst, amerikan – məqsədli, praqmatik, rus - əhlikef, ürəyiaçıq və.s və. i  Bəs bizim xalqın obrazı nədi? Lüğətdə bir söz tapıb göstərə bilərmi mənə kimsə? Ki, Azərbaycan xalqının obrazını bu sözlə ifadə etmək olar. Xeyr, elə biz söz yoxdu. Göstərə bilməzlər.

 

- Bizə islam dininin də  təsiri var axı.

 

- O da var, təbii. Pafos, yersiz bəlagət, sofistika elə ordan gəlir bizə. Qurani - Kərimi niyə avazla oxuyurlar? Qədim Hindistanda qrammatika dərslərini də mahnıyla keçirmişlər. Mahnının bir ahəngi, ritmi var axı, ona görə tez yadda qalır. İnsanların beyninə təsir etmək daha asan olsun deyə.  Başqa cür adamları təsirləndirmək mümkün deyil.

 

- Bir dəfə yas məclisindəydim. Cavan bir oğlan böyük iftixar hissiylə coşub bəlağətlə Quran oxuyurdu. Sözünü kəsib dedim ki, “ay yoldaş, İnək sürəsin oxuyursan də, elə? Dedi, “hə”. Dedim mən İslam Universitetində Şərqşünaslıq oxumuşam 3 il, orda oxuduğun cümlə belədi: “Biz onları alçaldıb meymun olmağı əmr etdik. Orda yanğıyla, “ağlamalinski” oxunası nə var ki ? Normal şəkildə danış, qulaq assın də camaat. Yaxşı ki, tanış adamlar vardı, yoxsa edam edəcəkdilər məni. Orda əmin oldum ki, bizdə mentalitet adına sərsəm nə varsa, dindən gəlir.

 

- Hamısı dindən gəlir demək də doğru olmazdı. Amma moizə oxuyanların mütləq əksəriyyəti şəbih çıxartmaqla məşğuldurlar. Baxırsan, iki ayrı-ayrı adam eyni şeyi danışırlar, amma bunlardan biri daha çox dinləyici toplayır, o biri az. Ona görə ki, o yaxşı oynamır rolunu. Bu bir aktyor sənətidir. Bir aktyorun tamaşasına çox adam gedir, o birinə az. Amma eyni rolu oynayırlar. Tamaşaçıya mətn lazım deyil, oyun maraqlıdı. Adamlar aktyorun, mollanın oyununa baxmağa gedir, danışdığına qulaq asmağa yox. Amma din inanc məsələsidi. Onu sərbəst buraxmaq lazımdı. Multikulturalizmdə bir növ bunu deyir elə; mən sənin inancına, dəyərinə toxunmuram, sən də mənim inancıma, dəyərimə toxunma…

 

- Bə nə edək, ay qağa?

 

-  Heç nə. Birdən-birə nəyisə dəyişmək mümkün deyil. Sən nihilistcə ona qarşı çıxdıqca, kütlə daha da kəskinləşər. Hazırda bizdə şizofrenik ikiləşmə gedir. Belə baxanda, bizim xalqın heç bir ortaq dəyəri yoxdur. Bax, rus şairi Apollon Qriqoryev bir vaxtlar “Puşkin bizim hər şeyimizdir” deyə bir ifadə işlətmişdi. Bu ifadəylə razılaşmayan rus tapa bilməzsən, istər patriot olsun, istər liberal, istərsə də dazbaş faşist rus. Hamısı Puşkini özlərinin milli dəyəri sayır. Bizdə belə bir yanaşma varmı? Nizamini bir para insanlarımız dünyanın ən böyük şairi hesab edir, digərləri fars dilində yazmış kollaborasionist. Füzuli poeziyanın zirvəsidir, yoxsa vay-şivən bülbülü, mərsiyəxan? Yarımız “Molla Nəsrəddin”çiyik, o biri yarımız “Füyuzat”çı. Heç millətin adıyla bağlı otraq görüşümüz yoxdur – kimi özünü türk sayır, kimi azərbaycanlı. Biz nominal olaraq müsəlmanıq, amma bütün sitatlarımız və istinadlarımız Qərb mənbələrindəndir. Qərb yazıçısını, qərb filosofunu, qərb alimini oxuyuruq, amma şərqli kimi düşünürük, şərqli kimi davranırıq. Ona görə, nəyisə hələm-hələm dəyişə bilməzsən. Nə vaxtsa biz də özümüzə inanıb sivil olacağıq. Dünyanın maddi nemətlərini israf edən və əvəzində heç bir dəyər yaratmayan biokütlə olmaqdan qurtulacağıq. Adət-ənənə zamanla dəyişməlidi. Dəyişilmənin qarşısını almaq, cinayətə bərabərdir. Bax, Çexovun  “Albalı bağı” pyesində bir gənc qız obrazı var, 19-cu əsrdə bu qızın rolunu aparmaq üçün qadın aktyor tapa bilmirlərmiş. Heç kəs belə bir əxlaqsız rolunu oynamaq istəmirmiş. Bəs bu obrazın əxlaqsızlığı nəymiş? Heç nə, sadəcə bağda hələ rəsmi nikaha girmədiyi oğlanla söhbət eləyir, vəssalam. Başqa bir misal, vaxtilə senzura Dostoyevskinin “Şeytanlar” əsərindən bütöv bir fəsli çıxartmışdı. Sən demə, bu fəsildə Stavroqin azyaşlı bir qızı yoldan çıxarıbmış və bu, rus mentalitetinə zidd imiş. Ruslar həmin şüuru yaşatsaydılar, indi böyük rus ədəbiyyatı haqqında danışa bilməzdik. Ona görə də “mentaliteti qoruyaq, ənənəyə sadiq qalaq” kimi içi boş, çürük çağırışlardan əl götürsək, insanlarımızı dəyişilmənin vacibliyinə inandıra bilsək, hər şey zamanla düzələcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2564

Oxşar yazılar