<b>“Həmin abidələri maşınlara yığıb harasa apardılar” </b>-  <span style="color:red;">ƏYALƏTDƏ KİM VAR, KİM YOX
11 avqust 2015 11:36 (UTC +04:00)

“Həmin abidələri maşınlara yığıb harasa apardılar” - ƏYALƏTDƏ KİM VAR, KİM YOX

0

Tovuz dağətəyi rayon sayılsa da, arada keçən sərt istilər bizdən də yan ötməmişdi. Hərdən Gədəbəydə yaşayan dostlarla zəngləşir, istidən şikayətlənirdim. Onlar da hər dəfə sərin meşəlikdə dincəldiklərini deyir, məni dağlara dəvət edirdilər.
Nəhayət, bir gün Gədəbəyə getməyi qərarlaşdırdım. Düşündüm ki, babalarımız demiş, həm ziyarət, həm də ticarət. Ticarətim bu ki, oradakı qədim abidələrə baş çəkib yazı yazmalı, maraqlı insanlarla tanış olmalı idim. Dostum Şəmsinin maşınında səhər tezdən Gədəbəyə yola düşdük.

Bizi qarşılayan Nizami müəllim dedi ki, əvvəlcə yaxınlıqdakı meşənin talasındakı abidəni ziyarət eləyək. Biz yolların imkan verdiyi qədər maşınla meşəliyin içinə getdik.  Sonra maşından düşüb məbədə tərəf xeyli piyada gedəsi olduq.
Nizami müəllim təklif elədi ki, məbədi ziyarət etdikdən sonra qayıdıb bu abidənin tarixi haqda Gədəbəydə yaşlı sakinlərdən sayılan tarixçi İkram müəllimlə söhbətləşərik.

Nəhayət, əcdadlarımızın yerli dağ daşları ilə tikib ucaltdığı abidənin yanına çatdıq. Biz, meşənin bir küncünə sıxaraq tarixin lazımsız bir tikili kimi xaraba qoyduğu bu qədim məbədin içərisinə daxil olduq.
Məbədin içində başımı qaldırıb qübbəsinə boylandım. Hündürlüyü ən azı 6 metr olardı. Qübbənin çox hissəsi uçulub töküldüyünə görə tikili üstü açıq kimi görünürdü. Məbəd dörd tağdan ibarət, dairəvi formada inşa olunub. Bu da sanki ruhani usta və şagirdlərin ocaq başına yığışmaları kimi, dairəvi oturub təlim keçmələri üçün nəzərdə tutulmuşdu. Abidənin təxminən ortalarında tağların yuxarıya doğru sıxılma yeri kimi ornament kəməri vardı.

Yerdən təxminən üç metr hündürlüyündə yerləşən arxa pəncərə qalalarda olduğu kimi çöldən dar, içəridən isə enlənən bucaq altında qurulmuşdu. Məbədin əsas girişi, iri heyvanların içəriyə daxil olmasının qarşısını almaq üçün, sonralar daş qalaqları ilə sementsiz hörülmüşdü.

Abidə çöl tərəfdən dairəvi görünsə də, dörd küncündə dördbucaqlı dayaqları var. Dayaqların ikisi qismən uçularaq dağıdılıb. Məbədin simmetrik quruluşu imkan verir ki, onun salamat qalmış yerləri ilə uçuq yerlərini səsləşdirib yenidən bərpa edəsən.

Biz bu sirli abidəni kədər içində tərk elədik. Bütün pisliklərə rəğmən yaşıllıqlar əhatəsində əzəmətlə dözüb dayanan bu tarixi abidədən uzaqlaşdıqca tez-tez arxaya boylanıb baxışımla onu təzədən oxşayırdım. O isə sanki mənə: “Get, narahat olma, tarix həmişə amansız olub!” deyirdi.

Nizami müəllimlə vədələşdiyinə görə 93 yaşlı İkram müəllim bizi yaxın dostu Katibli Ələkbərlə mərkəzi parkın çay süfrəsində gözləyirdi. (Şəxsi kitabxanasındakı kitabların sayı 2700-ü haqlamış Katibli Ələkbərlə söhbəti sonrakı yazıya saxlayırıq.)

Əzəmətli və duru səsini özündə saxlayan bu uzunömürlü qoca hərəkətlərindən və davranışından heç də 93 yaşlıya bənzəmirdi.

Söhbətə başlayırıq.

-         İkram müəllim, sözü gedən bu abidə neçənci əsrlərə aiddir, sizcə?

-         Taladakı bu kilsənin tarixi təxminən VIII-IX əsrlərə gedib çıxır. Oxşar abidələri tarixi kitablarda alban adlı millətin abidəsi kimi xarakterizə edirlər, ancaq qətiyyən belə deyil! “Dədə Qorqud” kitabında “alban evlər” sözü dəfələrlə keçir. Bilirsinizmi, biz türklər maldarlıq həyat tərzinə uyğun olaraq arandan yaylağa, yaylaqdan da arana köç eləmişik. Köç etdiyimiz yerlərdə yurd salmaq üçün yun keçə icad eləmişik. Həmin keçələri təbii otlarla müxtəlif rənglərə boyamışıq. Alban – qırmızı rəng atılmış yurtlara deyilirdi. Qədim türklər əlamətdar günləri, qalib orduları qırmızı ilə bəzəməyi sevib. Yəni “alban” sözünün indiki alban xalqı ilə heç bir əlaqəsi yoxdu. Al-qırmızı, Ban-uca deməkdi. Söhbət qırmızı və uca yurtdan gedir. Alban sözü buradan qidalanaraq türkün bir qoluna deyilmişdi. İslama qədərki dövrlərdə həmin alban tayfaları xristianlığı qəbul etmiş, oturaq həyata keçərək özlərinə məbədlər inşa etmişlər. Baxın, “Əsli və Kərəm” dastanındakı ibrət dərsinə. İndiki aşıqlar söyləyir ki, guya Əsli erməni qızı olub. Tamamilə yanlışdı! Tarix boyu erməni öz qızını türkə verməkdən ötrü sino gedib, xeyir ola, bu dastanda erməni türkə qız vermir? Məsələ başqa cürdü. Dastandakı qız, Əsli xristian türkü idi. Dastanın da mənası budu ki, ay türk, sən eyni millətsən, qəbul elədiyin dinə görə sevənləri biri-birindən ayırma! Ayırsan qəbirlərinin üstündə qaratikan kolu bitəcək!
Yəni, bu abidə öz babalarımızın tikib ucaltdığı məbədgahdı. O vaxtkı türklər xristianların kitabını qəbul eləyib onlarla ticarət əlaqələri qururdular. Xristianlar öz dinlərini yaymaq üçün türk dünyasına emissarlar göndərir, onların təklif elədiyi ilahi qüvvənin daha humanist olduğunu çatdırmağa çalışırdılar. Sonralar ərəblərin güclənməsi və üstümüzə qılıncla gəlməsi böyük bir əlaqəni və yenicə dirçəlmək istəyən türk mədəniyyətini darmadağın etdi. Ərəblər bütün məbədləri, ocaqları  kafər yuvası elan edərək qarşılarına çıxanı dağıtdılar. Həmin məbədlərdə ibadət edənləri edam etdilər. Ərəbin bu barbarlığından sonralar istifadə edən ermənilər həmin abidələri rahatca öz adlarına çıxmağa başladılar. Yeri gəlmişkən, bu taladakı məbədin girəcəyində, üstündə böyük alban xaçı olan sal daşı da sovet dövründə ermənilər bir vasitə ilə oğurlayıb aparmışdılar.
 

-         Tamamilə doğrudu! Nəhayət ki, bu alban kilsəsi məsələsinə bir aydınlıq gətirən adama rast gəldim. Oxşar kilsələr ölkəmizin hər yerində var. Di gəl ki, ərəbin keçmiş xofu ilə hələ də öz tariximizə yaxın düşə bilmirik.
 

-         Bəli! Bizim tərəflərdə olan abidələri öz tarixinə çevirmək üçün ermənilər çox iş gördülər. Məsələn, bax elə indi ziyarət elədiyiniz abidənin üstünə iskənə ilə erməni xaçı çəkən bir gədəbəyli ermənini yaxalamışdıq. Həmin erməniyə ağıldan az adam kimi baxır, adına Qidili deyirdik. Bir də xəbər yayıldı ki, Qidili kilsənin daşlarına erməni xaçı çəkirmiş. Bizimkilər isə əlinə lom alıb məbədin ora-burasını qazıb uçururdular ki, görüm qızıl varmı. El içində dəfələrlə  demişəm, ay camaat, o abidələrdə qızıl yoxdu, onlar insanların ruhi rahatlığını təmin eləmək üçün tikilib. Həmin abidələr əksinə, həmişə qızıldan, var-dövlətdən qaçmağı təlqin ediblər. Oralarda qızıl nə gəzir?
 

-         İkram müəllim, bəs ermənilər niyə yenidən xaç həkk edirlər, o kilsələrdəki xaçlarla erməni xaçının fərqi varmı, yəni?

-         Əlbəttə var! Həmin kilsələrin öz xaçları çox yerdə yanıüstə, qılınc kimi həkk olunub. Xətlərin kəsişmə yerləri bir növ qılınc dəstəyinə bənzəyir, ucluğu isə uzun olur. Erməni xaçı isə, əksinə, yuxarısı uzun, aşağısı gödək olur. Ona görə ermənilər həmin kilsələri özününküləşdirmək üçün xəlvətcə öz xaçlarını döyməli olurlar.
 

-         Çox acınacaqlı haldı ki, görün doğma tariximizə nə qədər laqeydik ki, balaca bir qonşu millət gəlib bizim abidəmizə sahib çıxmaq istəyir.
 

-         Mən 1988-ci ildən başlayaraq Gədəbəydə tarix diyarşünaslıq muzeyinin əsasını qoydum. Bu da haradan başladı? O vaxtlar rayonun müxtəlif yerlərində tikinti işləri aparıldıqca qazıntı işləri də olurdu. Qazılan yerlərin hamısında tarixi əşyalar tapılırdı. Mən əvvəlcə qədimi küpləri toplamağa başladım.
 

-         O küplər tarixdə hansı məqsədlə istifadə olunurmuş?
 

-         Qazıntıdan tapılan küplərin hamısında müxtəlif qida qalıqları və insan cəsədləri vardı. Bir zamanlar əcdadlarımız ölənlərini iri küplərdə dəfn edər, öz inanclarına görə isə yanına qida və müxtəlif bəzək əşyaları qoyarmışlar.

-         Belə qəbiristanlıqlar əsasən hansı bölgələrdə tapılırdı?
 

-         İlk qazıntı Arısuyu bölgəsində olmuşdu. Belə götürəndə, qədim əşyalar çox yerdən tapılıb. Cəfərlidən, Qızıl Torpaqdan, Nağılardan, Daryurddan, Şınıxdan. Qızıl Torpaqda üstündə Tundra meşələrinə aid olan sayqak (maral növü) şəkilləri həkk olunmuş metallar tapmışdıq. Topladığımız eksponatlar çoxaldıqdan sonra Nazirlər Kabinetinin qərarı ilə rayonumuzda tarix muzeyi yaratdıq.
 

-         Bəs bu bölgədə daş bitiklərə rast gəlinirmi?

-         Tarix deyir ki, islam yayılarkən qədim türk əlifbasında yazılan bütün daş bitiklər məhv edilib. Mənim yadımdadı, İkinci Dünya müharibəsi bitdikdən xeyli sonra Gəncədən milis forması geyinmiş adamlar gəlmişdi. Bizdə Kiçik Qaramuradla Çaldaş deyilən ərazinin arasında Çoban qəbiristanlığı adlandırdığımız bir yer var. Orada çoxlu sayda qoç şəkilli qəbirüstü abidələr vardı. Gələnlər həmin abidələri maşınlara yığıb harasa apardılar. Düşünürəm ki, burda da erməni əli vardı. Çünki, ermənilər bizim qoçşəkilli qədim daş abidələrimizi mənimsəyərək öz tarixlərinə yamamağı sevirlər.

-         Sizcə, niyə bizim millət öz tarixinə bu qədər laqeyddi?
 

-         Çünki insanların başı var-dövlət toplamağa, yağlı yeməyə qarışıb. Ümid edirəm ki, bir gün üzlərini mənəviyyata da döndərəcəklər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 502

Oxşar yazılar