<b>Azərbaycanda siqaret və spirtli içki alanların sayı niyə çoxaldı? – <span style="color:red;">AÇIQLAMA </b>
30 may 2019 15:49 (UTC +04:00)

Azərbaycanda siqaret və spirtli içki alanların sayı niyə çoxaldı? – AÇIQLAMA

0

“Biz indi təəccüblənirik ki, ölkə nə üçün yeyib-içən, daha çox maddiyyatı düşünən cəmiyyətə dönüb. Nəyə görə ölkə vətəndaşları özlərini mədəni, sosial, siyasi həyatlarına biganədirlər. Axı niyə indiki insanlar Sovet dövründəki kimi filmlərə, kinolara, mənəvi sosial dünyasını zənginləşdirən yerlərə getmirlər, bunlara pul xərcləmirlər”.

 

Bu sözləri Lent.az-ın 2019-cu ilin yanvar-aprel aylarında Bakıda ticarət dövriyyəsinin həcminin ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 faiz artaraq 6 milyard 357,1 milyon manat olması ilə bağlı sualları cavablayarkən sosioloq Ağasəlim Həsənov deyib. O bildirib ki, tələbatlar mövzusu müxtəlif sosioloqlar, sosial sahəni tədqiq edən filosoflar tərəfindən həmişə maraq dairəsində olub:

 

“Filosof Karl Marks insanın tələbatlarını iki yerə (maddi və mənəvi) ayırırdı və qeyd edirdi ki, insan tutaq ki, musiqiyə, incəsənətə, siyasətə, mədəniyyətə tələbatlarından öncə daha çox maddi olanları ödəməyə meyilli varlıqdır.

 

Mənim bu mövzuda yanaşmam isə ondan ibarətdir ki, statistikanın bu cür olmasına səbəb gəlirlərdir. Yəni, vətəndaşların əldə etdiyi pul gəlirləri əsasən bu tələbatları ödəməyə bəs edir, qalanlarına isə vəsait qalmır. Sosioloji aspektdən yanaşsaq ölkədə minimum əməkhaqqı, eləcə də pensiya məbləği aşağıdır. Bu səbəbdən də vətəndaşlar aldıqları pulu istirahətlərinə sərf edə bilmirlər”.

 

 

Bir kommersiya reklamının yanında bir sosial reklam olarsa...

 

Sosioloq qeyd edib ki, içkilər və tütün məmulatlarının artmasının səbəbində isə yanaşma fərqlidir:

 

“Bu sahədə sosial tədqiqat (əhalinin daha çox hansı təbəqəsi üzrə, kənd şəhər nisbətində, yaşa görə, cinsə görə) aparılmalıdır. Bu cür sosial tədqiqat aparılmayıb, aparılmamasının səbəbi isə maddidir. Əslində maraqlı mövzudur və araşdırılmalıdır. Araşdırılsa və bütün parametrlər üzrə informasiyalar əldə etdikdən sonra isə konkret olaraq bunun artma səbəblərini sadalamaq olar.

 

Bunun başqa bir tərəfi isə spirtli içkilərin, tütün məhsullarının ölkədəki reklam və televiziya məkanında zərərli, təhlükəli olması ilə bağlı sosial reklamlar çox az, kommersiya reklamları isə həddən artıqdır. Bu isə kommersiya təşkilatlarının qanunla müəyyən edilmiş haqlarıdır. Ancaq həmin reklamın yanında sosial reklamın olması da lazımdır. Məsələn, bir kommersiya reklamının yanında bir sosial reklam olmalıdır ki, bu cür hallar azalsın”.

 

 

Onların təbliğat apardığı anti-təbliğatdır...

 

A.Həsənov son olaraq əlavə edib ki, sosial reklamlar dövlət tərəfindən tənzimlənməlidir:

 

“Azərbaycanın efir məkanında insanlara yeyib-içməyi, həmçinin elmi tərəfdən də əsası olmayan qida rasionunu tətbiq edən verilişlər var. Səhərdən axşama qədər hansısa yeməyin necə hazırlanması, nə vaxt yeyilməsi təbliğ edilir. Onların təbliğat apardığı isə anti-təbliğatdır.

 

Bu halları qruplaşdırsaq ilk səbəb sosial-iqtisadi asılılıq, ikinci səbəb isə cəmiyyətin sosiumunu formalaşdıran amillərdir. Belə ki, toplumdan qəhrəman da, yeyib-içən və ya “qarın üçün yaşayan” da formalaşdırmaq olar. Burada məsuliyyət cəmiyyətlə bərabər KİV-in üzərinə də düşür. Çünki onlar xalqın mənəvi dünyası üçün çalışmayıblar. Demək olar ki, son 15-20 ildə ümumiyyətlə, Azərbaycan cəmiyyətində yetərli səviyyədə mənəvi aşınma olur”.

 

Xatırladaq ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz artaraq 2 milyard 812,0 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3,5 faiz artaraq 3 milyard 545,1 milyon manata bərabər olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1208

Oxşar yazılar