Ermənistanla Azərbaycan cəbhə xəttində son günlər gərginlik daha da artıb. İyunun 22-də Azərbaycanın Tərtər rayon sakini Namiq Əliyev öz tarlasını traktorla şumladığı zaman Ermənistan silahlı qüvvələrinin nəzarətində olan Dağlıq Qarabağın Ağdərə rayonu ərazisindən gülləyə tutulub. Ayağından yaralanan Əliyev xəstəxanaya çatdırılaraq əməliyyat olunub. Ondan iki gün əvvəl, iyunun 20-də isə Ermənistan Respublikasının Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərindən Azərbaycanın Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqeləri atəşə tutulub. Nəticədə biri uşaq olmaqla 3 kənd sakini yaralanıb. 45 yaşlı Ənayət Əliyeva, 72 yaşlı Qaraqız Nağıyeva və onun beş yaşlı nəvəsi Nurcan Nağıyeva.
Tovuz rayonu Mərkəzi Xəstəxanasının həkimi travmatoloq Kəmaləddin Abbasovun sözlərinə görə, iyunun 20-də Nurcan xəstəxanaya sağ pəncənin güllə yarası diaqnozu ilə gətirilib: “Qəlpə sırıyıb keçib. Xəstə bizə gətiriləndə göz ətrafı da şişkinləşib göyərmişdi. Nurcanın yarası nisbətən yüngül idi. Amma nənəsi Qaraqız Nağıyevanın vəziyyəti daha ciddi. Güllə sağ pəncəni dəlib keçib, dördüncü və beşinci ayaq daraq sümüklərini metal yad cisimlərdən qəlpəli sınığı vardı. Biz bu yaranın qazlı qanqren dönüşəcəyindən qorxurduq. Əgər qanqren başlasaydı məcburən kəsilməliydi. Ə. Əliyeva isə bədənin müxtəlif nahiyələrində qəlpə yaraları vardı”.
***
“Neçə gündür ermənilər durmadan kəndi atəşə tutmuşdular. Uşaqlar yaman qorxmuşdu. Evdə otura bilmirdilər. Elə hey ağlayırdılar. Səhər-səhər məsləhətləşdik ki, uşaqları rayonda yaşayan əmisigilə aparaq. Biz evdən çıxanda ermənilər atmırdılar. Sakitçilik idi. Elə ayağımızı yenicə qapıya bayıra atmışdıq ki, bizi görüb atdılar. Yanımda iki nəvəm vardı. Nurcan və Nuray. Birinin beş yaşı var, digərinin yeddi. İkisinin də əlindən tutub gedirdim ki, atdılar. Özümü hiss etmədim, uşaq dedi “oy, ayağım, oy, ayağım”, qayıtdım uşağın üstünə. Gördüm ayağı qandır. Sonra bir də gördüm ki, ayağım yerimir. Baxdım ki, qan tökülür. İki güllə atıblar. Güllənin biri ayağımın altına düşüb, görməmişəm. Ayağımı üstünə qoyan kimi ayağımın altında partlayıb. Qonşunun oğlu bizi xəstəxanaya gətirdi. Heç mən razı deyildim, maşın sürməyinə. Qorxurdum, maşına atarlar. Əvvəllər bu qədər də deyildi. Son aylardı yaşlı, uşaq demədən hamıya atırlar”. Bunu Qaraqız Nağıyeva deyir.
Atışmadan qorxan uşaqlar evlərinə - Əlibəyli kəndinə getmək istəməyib. Xəstəxanadan birbaşa Tovuzun mərkəzində yaşayan əmisigilə gəliblər. Uşaqların anası Sevinc deyir ki, atışmadan qorxan Nuray bir neçə saat danışmayıb:
“Uşaq necə qorxmuşdusa, nə qədər elədik, iki-üç saat nə danışdı, nə də ağzına bir qurtum su aldı. Sonradan yavaş-yavaş dili açıldı. Elə bildik lal olub. Qorxudan hər şey ola bilər. Mən özüm də uşaq vaxtı dizimdən yaralanmışdım. Təqribən beşdə-altıda oxuyardım. Ermənilər atdılar deyə, qaçıb qonşunun zirzəmisinə gizlənmişdik. O da güllə gəlib evin ortasına düşəndə qıçıma dəydi. Nəsə yekə güllə idi. Bir dəfə Bakıda, bir dəfə Şəmkirdə, sonuncu dəfə öz rayonumuzda əməliyyat olunmuşam. Hələ də ağrılarım var. Axsaya-axsaya yeriyirəm. Kəndə qayıtmaq istəyirəm. Ata-baba yurdumuzdur. Biz böyüyük, qaçıb gizlənirik. Uşaqlar qorxur. Bilmirəm necə olacaq? Bu müharibəni bir dəfəlik bitirsinlər, biz də normal yaşayaq”.
Sevinc xanımın yoldaşı Osman Nağıyev həyətdə mal-qaraya görə, kənddə qayıdıb. Nağıyevlərin evləri erməni əsgərlərinin yerləşdiyi postlara çox yaxın yerləşir. Ümumiyyətlə, dərədə yerləşən kənd ermənilərin nəzarətində olan adsız yüksəkliklərdən aydın görünür. Elə biz orda olanda da ermənilər dəfələrlə kənddə atəş açdılar.
O. Nağıyevin özünü hələ orta məktəbdə oxuyarkən qonşusu Raufla birgə girov götürüblərmiş.
- 16 yaşım heç tamam olmamışdı. Heyvan otarırdıq. O məndən iki yaş balacaydı. Üç erməni əsgəriydi. Əllərində avtomat. Əlimizi bağlayıb apardılar Movsez kəndinə. Rus dilində suallar verdilər. Biz də rus dilini bilmirdik. Cavab vermədikcə avtomatla döydülər. O vaxt Martuni adında qoca erməni Ağdamdan yolu azıb biz tərəf keçmişdi. Onu dəyişmək üçün bizi tutmuşdular. Oradan da bizi apardılar ermənilərin Berd rayonuna. On üç gün orda saxladılar. Hər gün döyürdülər. Bir həftə betonun üstündə yatdıq. Sonra rus hərbçi vardı, polkovnik-leytenant. O gələndən sonra bizə yataq verdilər. Sonra bizimkilər ermənini tapıb gətirdilər, bizi dəyişdilər. Bərk soyuqlamışdıq. Dəyişənə yaxın bizə iynə vurdular. Ondan sonra hər il ağzım yara tökür. Girov düşənə qədər heç vaxt belə şey olmazdı.
Kəndin icra nümayəndəsi Valeh Rzayevin “Azadlıq radiosu”na verdiyi məlumatda baş vermiş atışmalarda kənddə çox evin dam örtüyü və pəncərələrinin yararsız hala düşdüyü, kənd sakinlərinə məxsus maşınlara güllə dəydiyi bildirilir. İcra nümayəndəsi onu da deyir ki, son 2-3 ildə Əlibəyli kəndində 20-ə yaxın mülkü vətəndaş Ermənistan tərəfdən açılan atəşdən yaralanıb.
APA-nın Azərbaycan Müdafiə Nazirliyinin gündəlik təsdiq etdiyi məlumatlarına əsasən verdiyi xəbərə görə, Ermənistan Silahlı Qüvvələri cəbhə xəttində 2013-cü ildə atəşkəs rejimini 1796 dəfə pozub. Bu da 2012-ci ilin nəticələrindən 21,3 faiz, 2011-ci ilin nəticələrindən isə 2,3 dəfə çox olub. Nəticədə hər iki tərəf itki verib.
Ötən il cəbhədə atəşkəsin ən çox pozulduğu ərazi Füzuli, Ağdam və Goranboy rayonları olub. Füzuli rayonu istiqamətində 470, Ağdam rayonu istiqamətində 433, Goranboy rayonu istiqamətində isə 242 döyüş baş verib. Atəşkəs pozuntularının sayına görə sonrakı yerlərdə Tərtər (188), Xocavənd (135), Qazax (126), Tovuz (60), Cəbrayıl (57), Gədəbəy (42), Göygöl (25), Daşkəsən (10), Ağstafa (4) və Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu (1) gəlir.
Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, ötən il Azərbaycan Ordusu tərəfindən cəbhədə diversiyaya cəhd göstərən Ermənistan Ordusunun 5 hərbçisi öldürülüb, biri mayor olmaqla, 6 hərbçisi isə yaralanıb. Ermənistan Silahlı Qüvvələrinin bir hərbçisi isə Azərbaycan tərəfinə keçərək təslim olub. Ötən il atəşkəsin pozulması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 8 hərbçisi həlak olub, 11 hərbi qulluqçusu yaralanıb.
“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin apardığı monitorinqə əsasən, 2014-cü ilin 6 ayı ərzində 10 Azərbaycan hərbçisi erməni gülləsindən dünyasını dəyişib, 10-u yaralanıb. Eyni dövrdə Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində Azərbaycanın 7 mülki vətəndaşı yaralanıb. Mərkəzin gəldiyi nəticəyə görə, cari ilin ötən 6 ayı ərzində atəşkəsin pozulması intensivliyi və itkilərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2-3 dəfə artıb.
Mərkəzin direktoru Cəsur Sümərinli Lent.az- bildirib ki, bu hesablamalar təqribi xarakter daşıyır və dəqiq statistikadan danışmaq çətindir: “Hazırkı şəraitdə atəşkəsin pozulması hallarının hesablanması istiqamətində konkret mexanizm olmadığından tərəflərin bu istiqamətdə bəyanatlarında müəyyən qədər subyektiv yanaşma ola bilər. Amma ümumilikdə, ortada olan statistika cəbhə xəttində durumun ötən illərlə müqayisədə fərqli olduğunu, hiss ediləcək dərəcədə gərginləşdiyini göstərir”.
Sümərinli onu da qeyd edib ki, cəbhə xəttində atəşkəsin pozulması səbəbləri müxtəlifdir: “Tərəflərin, xüsusilə də Ermənistanın Azərbaycana təsir və təzyiq etmək cəhdləri - bu daha çox Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mühüm siyasi danışıqlar ərəfəsində baş verir. Ermənistan cəmiyyətində hakimiyyətə qarşı yaranan ictimai etirazların (xüsusilə də əsgər valideynlərinin) qarşısını almaq məqsədilə cəbhədə durumun məqsədyönlü şəkildə gərginləşdirilməsi - bu daha çox hərbi hissələrdə qeyri-döyüş əsgər ölümlərinin sayının artdığı zaman müşahidə olunur. Bir sıra hallarda ayrı-ayrı erməni bölmə komandirlərinin özbaşına, rəhbərliklə razılaşdırılmamış qərarları atəşkəs rejiminin pozulmasına səbəb olur”.