“Səfir olsaydım, Azərbaycanı necə təbliğ edərdim” layihəsi təqdim edilib
30 noyabr 2015 12:01 (UTC +04:00)

“Səfir olsaydım, Azərbaycanı necə təbliğ edərdim” layihəsi təqdim edilib

0

Noyabrın 28-də Demokratik İslahatçı Gənclər İctimai Birliyi Azərbaycan Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Gəncədə “Səfir olsaydım, Azərbaycanı necə təbliğ  edərdim” layihəsi çərçivəsində dəyirmi masa keçirilib. Lent.az-ın məlumatına görə, tədbirdə mərkəzi  informasiya vasitələrinin fəaliyyət  göstərən jurnalistləri, yerli mətbu orqanların əməkdaşları, blok və xəbər saytlarının rəhbərləri və dövrü mətbuatla  fəal əməkdaşlıq edən gənclər iştirak ediblər.

 

Tədbiri çıxış sözü ilə açan layihənin rəhbəri Vüsalə Hüseynli layihə barədə məlumat verib. O bildirib ki, əsas məqsəd Azərbaycan həqiqətlərini, Qarabağ problemini  dünyaya daha yaxından tanıtmaq məqsədilə mətbu sözün təsir gücündən səmərəli istifadəyə nail olmaq, eləcə də Azərbaycan haqqında Beynəlxalq aləmə daha dolğun və obyektiv məlumatlar çatdırmağa kömək göstərməkdir: “Layihənin öncə Gəncədən start  verilməsi şəhərin 2016-cı il Gəncə Avropa Gənclər Paytaxtı kimi seçilməsidir. Bura artıq  turistlər çox gəlib gedir, beynəlxalq gənclər təşkilatı mütəmadi səfərlər edirlər və biz də  düşündük ki, gələn il öncəsi media nümayəndələrinə dəstək olaraq, belə bir layihə həyata keçirək. Bu eyni zamanda, Gəncənin gənclər paytaxtı kimi tanıdılması  üçün beynəlxalq aləmdə bir kampaniya aparılmasına dəstək olsun”.

 

Daha sonra dəyirmi masa ətrafında jurnalistlərin və gənclərin bu sahədə üzərinə düşən  vəzifələr ətrafında qızğın müzakirə aparılıb, müxtəlif fikir və təkliflər irəli sürülüb, beynəlxalq media səhifələrində Azərbaycanın təbliğində lobbiçilik siyasətinin qurulması və ondan səmərəli istifadə edilməsi xüsusi vurğulanıb.

 

Azərbaycan Aqrar Universitetinin birinci kurs tələbəsi Cəmaləddin Məmmədovun fikrinə görə, Azərbaycanı dünyaya tanıtmaq üçün birinci yaxşı təhsil almaq, Azərbaycanın tarixi və mədəniyyətini bilmək lazımdır. Tədbirdə iştirak edən digər gənc tələbələr də yoldaşlarının fikri ilə razılaşıb, bu yolda daha uğurlu olmaq üçün əlavə xarici dilləri də bilməyi vurğulayıblar.

 

Gənc jurnalistlər isə Azərbaycanı dünyada tanıtmaq üçün təhsillə yanaşı vətənpərvər olmağı, hazır imkanlardan istifadə edib sosial şəbəkələrdə xarici dostlar qazanmaq və Azərbaycan gerçəkliklərini onlara çatdırmağın da vacibliyini qeyd ediblər.

 

Dəyirmi masada iştirak edən ölkənin bir sıra aparıcı media qurumlarının nümayəndələri, gənclər mövzu ətrafında çıxış edib, təkliflər səsləndiriblər. İki saata yaxın müzakirənin sonunda Azərbaycan Dövlət Aqrar Universitetin mətbuat xidmətinin rəhbəri Qalib Rəhimli son sözlə müzakirəni yekunlaşdırıb. Yekun nəticəyə əsasən, belə qərar alınıb ki, ölkəmizi dünyada yaxşı təbliğ etmək üçün həm yaxşı təhsil almaq, həm xarici dillərə yiyələnmək, həm də vətənpərvər olmaq vacibdir. Bu yolda da əsas iş gənclərin boynuna düşür.

 

Qeyd edək ki, layihə çərçivəsində iştirakçılara “Jurnalist nəyi bilməlidir” mövzusunda bukletlər də paylanılıb. Gəncədən sonra növbəti tədbirlər İsmayıllı və Bakının müxtəlif rayonlarında şəhərlərində keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 593

Oxşar yazılar