“Polis məni küçədən tapanda səfil gündə idim” - <span style="color:red;">"Məzun evi"ndən  <span style="color:red;">REPORTAJ
27 oktyabr 2017 11:17 (UTC +04:00)

“Polis məni küçədən tapanda səfil gündə idim” - "Məzun evi"ndən REPORTAJ

0

 

Masanın ətrafında 4 nəfər oturub çay içə-içə söhbət edirik. Mən, fotoqrafımız Sabir, Nəzrin və Denis. Çayı həyat yoldaşına əziyyət olmasın deyə Denis özü süzüb.

 

 

Denislə Nəzrin ötən il ailə qurublar. Elə yaşadıqları “Məzun evi”ndə tanış olublar.

 

 

Nəzrin deyir, binaya köçəndə ondan əşyalarına kömək etməsini xahiş edəndə ağlına da gəlməzdi ki, sonradan evlənə bilərlər.

 

 

- Əşyalarımı daşıyanda kömək etdi, beləcə münasibətimiz başladı. Arada zəng edib halımı soruşurdu, maraqlanırdı, diqqət göstərirdi. Bir gün də zəng edib soruşdu: Mənə ərə gələrsən?

 

 

Evlənəndə Denis Surkovun 27, Nəzrinin 25 yaşı olub. Hər ikisi uşaq evində böyüyüblər. Denisin anası azərbaycanlı, atası Bakı rusu olub. Atası rus olsa da, Denis rusca bir kəlmə də bilmir. Özü də uşaqlıqdan İslamı qəbul edib. Sənəddə adı Denis getsə də, hər kəs onu Dəniz çağırır. Uşaq evinə veriləndə 6 yaşı olub. Bakıda küçədə polislər tapıb dövlətə təhvil veriblər. Dəniz deyir, mənim atam da, anam da dövlətimdir. Valideynlərimdən görmədiyimi dövlətimdən görmüşəm.

 

 

- Polis məni küçədən tapandan səfil gündə idim. Sonra bizi harasa apardılar. Oradan da bir neçə uşaqla məni göndərdilər Lənkərandakı Osman Mirzəyev adına qarışıq tipli uşaq evinə. 2007-də ordan məzun oldum və hərbi xidmətə getdim.

 

 

Dəniz hərbi xidmətini Ağdamda başa vurub 2009-cu ildə Bakıya qayıdıb. Ombudsman aparatının köməkliyi ilə ailəsini tapıb.

 

 

- Ailəm Nərimanov rayonunda yaşayır. Ünvanı öyrənib getdim. Çox soyuq qarşılandım. Bir bacım və ögey qardaşım vardı. Bacım ailə qurmuşdu, qızı da vardı. Atam evdə yoxuydu. Pis gündə yaşayırdılar. Ögey qardaşım dedi, sən sevin ki, burda qalmamısan. Həqiqətən də onları görəndən sonra şükür etdim, yaxşı ki, onlarla qalmamışam. Dövlət mənə təhsil verdi, tərbiyə verdi, sonda ev də verdi. Atamın yanında qalsaydım, Allah bilir, indi harda idim?! Açıb danışa bilmirəm, bacım, atam.... yaxşı ki, mən onlar kimi deyiləm.

 

 

- Bəs anan?

 

 

- Anamın öldüyünü dedilər. Sabunçuda yaşayıb. Xəstə imiş. Ölənə qədər ona bir qadın baxıb, öləndə də evini o qadına bağışlayıb. Ögey qardaşım dedi, məhkəməylə ananın evini almaq istəyirsən? Dedim, niyə? O qadına halal olsun ki, xəstə anama baxıb. Bacım baxmalı idi, amma baxmayıb. Təşəkkür üçün mən o qadının əllərini öpə bilərəm. Çıxdım gəldim evə. Bacımın nömrəsini götürmüşdüm. Sonra ha zəng elədim, cavab verən olmadı, gah da açıb dedi, tanımıram.

 

Valideynləri tərəfindən atılmış uşaqların taleyi birə-bir eyni olmasa da, bir-birinə çox oxşayır. Nəzrinin hekayəsi də aşağı-yuxarı Dənizinkinə bənzəyir. Dənizdən fərqli olaraq Nəzrin keçmişindən sakit danışa bilmir. Həyəcanlıdır.

 

- Bir gün mən də anamı axtarıb tapacam. Ana da heç balasını atar? Ona bircə kəlmə sözüm var...

 

Dəniz günahkarcasına: -Vaxt edim, Nəzrinin anasını da axtaracağam. İşdən-gücdən imkan etmirəm.

 

Nəzrin yenə öz səssizliyinə gömülür. Dəniz onun əvəzinə danışır.

 

- Nəzrin balaca olanda onu internatın qapısına atıblar. Nikah kəsdirmək üçün “ASAN”a getmişdik. Bütün məlumatların qarşısında “X” çıxdı. Ətraflı məlumat yoxdur. Sadəcə ad-soyad məlumdur: Mədətova Nəzrin. Ayrı bacısı-qardaşı varmı, bilmirik.

 

 

Nəzrin Mərdəkan Uşaq Evindən məzun olub. “Məzun Evi”nin ilk sakinlərindəndir. “Məzun Evi”nin direktoru Rüxsarə Axundovanın sözlərinə görə, Dənizə ərə gələnə qədər Nəzrinə çox adamlar elçi düşüb. Hətta uzaq Almaniyadan belə.

 

Sevdiyinin başqasına ərə gedə biləcəyi düşüncəsi Dənizi lap dəliyə döndərib. Nəzrinə “ya mənə öz istəyinlə ərə gələcəksən, ya səni qaçıracağam” - deyib. Könlü Dənizdə olduğundan qaçırılmağa ehtiyac qalmayıb. Dəniz dostlarını da götürüb Nəzrinə elçi gəlib, nişanlanıblar. Dənizin doğum günündə - 15 avqustda təmtəraqlı toyları olub.

 

Dəniz həvəslə 1 ili yeni tamam olmuş ailəsindən danışır.

 

- Nəzrin çox yaxşı qızdır. Hər gün səhər 6-da məndən əvvəl oyanıb, səhər yeməyimi hazırlayır. Hamamdan çıxanda görürəm paltarlarım hazırdır. Geyinib, səhər yeməyimi yeyirəm. Çox təmizkar və səliqəlidir. Bu vəziyyətində belə hər gün evi silib-süpürür, şüşələri silir.

 

Nəzrin düzəliş edir:

 

- Yoo, şüşələri silmirəm, mənə olmaz.

 

Dəniz şkafın güzgülərini göstərir:

 

- Nəzrin, bunları deyirəm.

 

Nəzrin:

 

- Həə, onları silirəm. Pəncərənin şüşələrini və çilçırağı Dəniz özü silir.

 

Dəniz başını bulayıb gülür:

 

- Mən həm də yaxşı yeməklər bişirə bilirəm. Cücə plov, yarpaq dolması...

 

Nəzrin ərinin sözünü kəsir:

 

- Ən çox kələm dolmasını sevirəm.

 

Söhbət yeməklərdən sonra dönüb-dolaşıb doğulacaq körpəyə gəlir. Stulun üstündəki çəhrayı naxışlı uşaq çantasını görüb soruşuram:

 

- Deyəsən, qızınız olacaq?

 

Ər-arvad xorla:

 

- Həəə!

 

- Ad fikirləşmisiniz?

 

- Dəniz öz adına uyğun olaraq Dəniz qoyacaq.

 

- Uşağın gəlişinə hazırlıq görmüsünüz?

 

 

Nəzrinin dilinin düyünü açılır elə bil. Açır çantanı, tökür uşaq paltarlarını. Bir-bir əlinə alıb göstərir:

 

 

- Qızımın bütün paltarları xaricdən gəlib (red.- Uşaq evindəykən onu himayəsinə götürdükləri norveçlilər alıb) Baxın, bu “bodi”sidir. Görün, necə şirindir?! Bu şalvarıdır. Hələ buna baxın?!

 

Beləcə, körpənin əl boyda geyimlərinin birini qoyub digərini götürür. Doğulmamış qızının əvəzinə paltarlarını əzizləyir.

 

Dəniz:

 

- Nəzrin, “kurtka”sını da göstər.

 

Nəzrin şkafa yaxınlaşıb qapıları açıb uşağın “kurtka”sını axtarır. Birinci qapını örtüb ikincini açır:

 

- Hə, burdaymış.

 

Böyük “kurtka”larının altından çəhrayı kombinezon görünür.

 

“Bu da xaricdən gəlib” – deyir və birdən gözü kombinezonun yaxasında qarışqa boyda ləkəyə sataşır, “Aaa, ləkəsi varmış, gərək bunu da yuyum”- deyib asılqanı yerinə asır.

 

- Balaca nə vaxt gəlir?

 

 

Dəniz utancaq:

 

- Həkim çağırıb, bu gün xəstəxanaya gedəcəyik. Çantanı da ona görə yığmışıq. Həkimi dedi, bəlkə elə bu gün...

 

 

Uşaqlıqdan Nəzrinin sağ gözündə problem olub. Uşaq evindəykən Norveçdən gələn qonaqlar Nəzrini himayəsinə götürüb. Xeyirxah xaricilər Nəzrini gözünün müalicəsi üçün özləri ilə Norveçə də aparıblar. Lakin xəstə gözü xilas etmək mümkün olmayıb. İndi Nəzrinin sağ gözü protezdir. Sol gözündə də zəiflik olduğundan həkimlər təbii doğuşu tövsiyə etməyib. Bu günlərdə ana və körpənin vəziyyətinə baxıb kesar olunacağı günü təyin edəcəklər (red. - Elə bu sözləri yazdığım vaxtlarda Nəzrinin ana olduğu müjdəsini aldıq).

 

“Məzun evi” Sosial Müəssisəsi dövlət uşaq müəssisələrinin valideyn himayəsindən məhrum olmuş, yaşayış sahəsi olmayan məzunları üçün nəzərdə tutulmuş yaşayış evidir. Müəssisə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun vahid sisteminə daxildir.

 

Nəzringillə sağollaşıb, söhbətimizə “Məzun Evi”nin direktoru ilə davam edirik. Deyir, Nəzrinlə Dəniz kimi burada tanış olub ailə quran 2 cütlük daha var: Ənvərlə Nuranə, Ramidlə Aliyə.

 

Hazırda “Məzun Evi”nin 2 binası tikilib. 120 mənzilli 3-cü yaşayış binası isə bu ilin dekabr ayında təhvil verəcək. Prezident İlham Əliyev və birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsünün nəticəsində dövlət uşaq müəssisələrinin məzunu olan, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum gənclər üçün daha 3 binanın tikilməsi də nəzərdə tutulub.

 

Müəssisənin direktorundan öyrənirik ki, “Məzun evi”ndəki gənclərin məşğulluğunun təminatı üçün də müvafiq işlər görülüb:

 

-20 nəfər “Məzun evi”ndəki ştat vahidlərində, 28-i “Məzun evi”ndə yaradılmış xalça və tikiş sexlərində, 30-u yaşıllaşdırma müəssisəsində, 25-i “Məzun evi” üçün tikilən yeni yaşayış binasının, 17-i yaxın ərazidəki “Yeni Bakı” yaşayış kompleksinin və məcburi köçkünlər üçün yaşayış kompleksinin tikintisi işlərində, 6-sı karton fabrikində, 3-ü Dövlət Neft Şirkəti (SOCAR) sistemində, 3-ü beton istehsalı zavodunda, 2-si klinikalarda və s. iş yerləri ilə təmin olunub. Müəssisənin digər sakinləri də fərdi qaydada müxtəlif ictimai-iaşə xidməti müəssisələrində işlə təmin olunublar. “Məzun evi”ndə yaşayan gənclərin demək olar ki, artıq əksəriyyətinin daimi iş yeri var.

 

 

“Məzun evi”nin 1-ci binasında 120 mənzilin hamısı, 2-ci binasında 125 mənzilin 80-i yerləşdirilib. 1-ci binada 33, 2-ci binada 35 ailədə cəmi 70 uşaq yaşayır. Bu gün binaya daha 6 ailə köçəcək deyə, Rüxsarə xanımın başı qarışıqdı. Telefonu heç susmur, zəngin biri bitir, digəri gəlir.

 

Direktorun kabinetindən çıxıb “Məzun Evi”ini gəzirik. Açıq qapıdan içəri boylanıram. İçəridə bir qadın başını aşağı salıb, xalça toxuyur. Bizi görüncə gülümsünür.

 

- Mane olmuruq?

 

- Yox, gəlin.

 

Stuldakı əşyaları özünə tərəf çəkib, oturmağım üçün yer düzəldir. Yanaşı əyləşirik. Onun üzü hanaya doğru, mənimki divara. Adının Bahar olduğunu öyrənirəm. Bahar Sıxıyeva. Əslən Hacıqabuldandır. Bura Ramana Gənc Əlillərin Əmək və İstirahət evindən gəlib. Sadəcə bu qədərini xatırlayır.

 

- 1999-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsində qəbul olmuşam. Qiyabi oxuduğum üçün həm də pedaqoji fəaliyyətim vardı, məktəbdə müəllimə işləyirdim. Həmin il yanvarın 3-də kəndə bərk qar yağmışdı, dərsə gedəndə ayağım sürüşdü yıxıldım, onurğa beynim zədələndi. 3 il yataqda yatdım. İndi çox çətinliklə də olsa, gəzirəm. Heç ona gəzmək də demək olmaz, amma buna da şükür. Özümlə bağlı çox şeyi xatırlamıram, xatırladıqlarımı heç yadıma salmaq istəmirəm. Çünki o bir həyat deyil. Daha nə etmək olar? Yaradana şükür! Sadəcə onu deyə bilərəm ki, valideynlərim rəhmətə gedib. Bir məsəl var, qardaşdan ata olmur, bacıdan ana. Nə bilim, mən tək yaşamağı seçdim. İnsanlardan qorxuram. Şirdən, pələngdən, tülküdən, heç nədən qorxmuram, amma insanlardan qorxuram. Həyatda insanlardan çox pislik görmüşəm. İlk dəfə Rəhilə xanımdan (Ramana Gənc Əlillərin Əmək və İstirahət evinin direktorunu nəzərdə tutur - red.) yaxşılıq gördüm. İnsanlığı, insana hörməti, insanın insana dəyər verdiyini orda gördüm. İkinci dəfə bura gəldim, Rüxsarə xanımda gördüm.

 

Əlini iplərdən ayırmadan pıçıltılı səslə:

 

- Bircə şeyə görə heyfsilənirəm ki, keçmişimdən xəbərim yoxdu.

 

- Maraqlana bilərsiniz.

 

 

- Qorxuram.

 

- Keçmişdən kimsə gəlməyib?

 

- Yox.

 

- Gözlədiyiniz kimsə var?

 

- Yox. Kimsəni görmək istəmirəm. Bacım-qardaşım var. Heç nə istəmirəm. Həyatda arzusunda olduğum bir şey yoxdur.

 

 

İndi o da “Məzun Evi”nin sakinlərindən biridir. Toxuculuqla məşğuldur. Balaca xalçalar toxuyub satır. Həm də müəllim kimi bu peşəyə sahib olmaq istəyən “Məzun Evi”nin digər sakinlərinə də öyrədir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 819

Oxşar yazılar