“Onun uşaqlara qarşı heç bir aqresiyası yoxdur. Əksinə, uşaqları çox sevir. Hətta uzaqda balaca bir uşaq görən kimi tez istəyir qarşısına qaça, onunla oynaya…”
Bunu hazırda Bakı şəhəri 220 nömrəli məktəb-liseyin 1”a” sinfində oxuyan “Daun” sindromlu 8 yaşlı Elşən Əliyevin ( ad şərtidir) anası deyir.
Onunla yaxından həmsöhbət olub, tanımasan hansısa bir qüsurunun olduğunu bilməzsən.
Məktəbə bir il gec qalsa da, bu ildən birinci sinfə gedən Elşən məktəbini, sinif yoldaşlarını çox sevir. Hər gün səhər tezdən özü oyanıb sevinə-sevinə məktəbə gəlir.
Anasının dediyinə görə, Elşəndə belə bir problemin olduğu 2 yaşında ikən bəlli olub.
- Doğulanda heç bir qüsuru yox idi. 2 yaşında artıq hiss elədik ki, nitqində ləngimə, hiperaktivlik, diqqət əskikliyi var. Hətta “ ana” sözünü də ilk dəfə 5 yaşında deyib. Məktəbə gedəndən yavaş-yavaş cümlələr qurmağa başlayır.
Elşənin oxuduğu 220 nömrəli məktəb-liseyin direktoru Almaz Əsgərova bu ildən başlanan inkluziv təhsil sistemində uğur əldə edəcəklərinə inanır:
- İnkluziv təhsillə bağlı Təhsil Nazirliyin əmrinə əsasən, Bakıdan bir 138 nömrəli, bir də bizim məktəb seçilib. Bu mərhələyə ilkin addımı atmadan əvvəl Almaniyanın Düsseldorf şəhərindəki məktəbə təlimə getdik.
Hələ ki, heç bir çətinlik yaşanmadığını deyən A.Əsgərova, əslində bu cür addım atılmasını təqdirəlayiq hesab edir:
- Bizdə ailələr bu cür övladlarını gizlətməyə çalışırlar. Ancaq bu uşaqları evin bir küncə sıxılaraq qapalı həyat yaşamaqda xilas etmək, onlara kömək etmək mütləqdir. Bu uşaqları sosiallaşdırmaq lazımdır. Sadəcə uşaqlar deyil, onların valideynlərini də cəmiyyətdə tək qoymaq olmaz.
Bəs, görəsən bu uşaqlar da digərləri kimi dərslərini yaxşı qavrayıb, gündəlik dərsə cavab verə bilirlərmi?!
A.Əsgərovanın sözlərinə görə, bu cür uşaqların təhsilə yönləndirilməsində əslində yeganə məqsəd onlara nəyisə əzbərlədib, danışdırmaq deyil, bacarıqlarını inkişaf etdirməkdir.
- Hazırda bizim məktəbdə inkluziv təhsil üçün iki sinif mövcuddur ki, bu siniflərin birində 2, digərində 1 belə qüsurlu uşaq oxuyur. Onu da qeyd edim ki, normal uşaqlarla eyni sinifdə oxuyurlar, təcrid etməmişik.
Təhsil almaq üçün bu gündən həmyaşıdlarının sırasına qoşulan belə desək “balaca qəhrəmanlarımız “ la tanış olmaq üçün siniflərinə getdik.
1 “a” sinfində bayaq haqqında danışdığımız Elşən və autizm xəstəsi olan Aygün (ad şərtidir) oxuyur.
Uşaqlarla söhbət zamanı, düz qarşımda əyləşən balaca qızcığaz mənə yaman diqqətlə baxırdı. Yaxınlaşıb adını soruşdum.
- Aygün.
Anasının dediyinə görə, onda bu problem 3 yaşdan büruzə verib.
- Qandakı şəkər səviyyəsi anidən düşüb. Həkimlər tərəfindən inkişafdan geriqalma diaqnozu qoyulub. Əvvəllər yazı yazmağa, heç nəyə həvəsi yox idi. İndi müəllimin dediklərini etmək üçün çox həvəslidir.
Aygünlə söhbətləşdikdən sonra, xatirə qalsın deyə, uşaqlarla şəkil çəkdirdim.
Şəkil çəkdirəndən sonra Elşən dərhal yanıma qaçıb, “ Bu nədiyee, hə?” - deyə, maraqlanır.
- Telefondur, Elşən. Sənin də telefonun var?
- Hə...
Sinfin müəlliməsi İlahə İsmayılova hələ ki, bu uşaqlarla çalışmağın çətin olmadığını deyir:
- Allaha şükür. Dərslərimiz normal qaydada gedir.
Uşaqlarla sağollaşıb, qüsurlu olan digər uşaq Rəhimin ( ad şərtidir) oxuduğu 1 “b” sinfinə keçirik.
7 yaşlı Rəhimə 3 yaşında ikən həkimlər “inkişafdan geriqalma” diaqnozu qoyub.
6 aylıq ikən əmgəyi şişib, təzyiqi yüksək olduğundan travma alıb.
Mən sinfə girəndə uşaqlar dərsə fasilə edib qəlyanaltı edirdilər.
Rəhim isə “ mən su içirəm, mən bunu xoşlayıram “ deyə-deyə, şirəsini içirdi.
İlk əvvəl bütün uşaqları ümumi danışdırıb, Rəhimə yaxınlaşdım.
- Rəhim, necəsən?
- Yaxşııı...
- Neçə yaşın var sənin?
- Yeddi
- Nə edirsən?
- Su içirəm
- Məktəbi xoşlayırsan, Rəhim?
- Mən suyu çox istəyirəm...
Elə bu an suyunu masaya dağıtdığı üçün qorxur sanki
- Hiii...Tök...
Sinfin müəlliməsi Tünzalə Babayeva məktəbin ilk günlərində işləməyin bir az çətin olduğunu, indi onların da artıq dərsə, qaydalara uyğunlaşdıqlarını deyir.
Bu uşaqlarla da şəkil çəkdirdikdən sonra yenə gələcəyimə söz verib sinifdən çıxdım.
Onu da qeyd edim ki, inkluziv təhsil üzrə məktəbə gələn bu 3 uşaq üçün məktəbdə ayrıca istirahət otağı da var. Uşaqların yorulduğunu hiss edən pedaqoq onları bu otağa keçirib ayrılıqda məşğul olur, dincəlmələri üçün imkan yaradır.