Burada da tıxac?!
Torpaq yolda az qala bir-birinin üstünə çıxan maşınları görəndə ilk təəssüratım belə oldu. Bir az irəlidəki küçənin gölməçələrindən hamı ehtiyatla keçmək istəyirdi. 50-60 metrdən sonra maşınların çoxu qarşıdakı “Göy göl – 7 km, Kəlbəcər 80 km” yazılan lövhədən sola – Göygölə dönürdü. Bizim avtomobil sağa burulanda tıxacdan çıxdığımız üçün hamımız sevinclə, dərindən nəfəs aldıq. Amma bir təəssüf də var – sağa burulan maşınların sayı az idi...
Lent.az-da “Əsir düşərgəsi”nin Kəlbəcər bölümünü hazırlayarkən, dəfələrlə bu yolu gəlmək istəsəm də havanın əlverişli olmadığını bildirmişdilər. Elə sonuncu bölümü də Kəlbəcərə gedən istiqaməti göstərən yol nişanının qarşısında yekunlaşdırmışdım. Bir gün davamını yazmaq ümidi ilə...
Murovu qarış-qarış tanıyan dostlar xəbərdarlıq etmişdi: “İyulda gedə bilmədin, vəssalam, avqustda orada hava soyuyur, qar yağır”.
İyulun 31-də, səhər erkəndən yola çıxdım. Girov hekayələrindən bəhs edən “Əsir düşərgəsi”nin ikinci kitabını bitirmək üçün müsahiblərimin keçib gəldiyi yolları görməliydim.
Toğanadan üzü yuxarı, Murova sarı qalxırıq. Yağış başlayıb. Kəlbəcərli bələdçilərim “sürüşkən olacaq” deyirlər, mən “müsahiblərim hələ dağda qar əriməmiş gəlib çıxa biliblərsə, bu narın yağış bizə neyləyəcək” deyirəm, yola davam edirik.
Yağış xatirələrə yağırmış kimi aram-aram çiləyir...
Dolanbacların birində maşını saxlayırıq...
Murovdakı bu yolu bütün Azərbaycan tanıyır, yəqin... Kəlbəcərdən gələn köçü xatırlayırsınız? Fotoqraflar dağı aşıb Toğanaya çatanda çəkmişdilər camaatı. Bax, o mal-heyvanı ilə Kəlbəcərdən çıxıb günlərlə yol gələn adamların şəkli bu yerlərdə çəkilib...
Qalxırıq...
Yağış sanki yağmır, kimsə duymasın deyə səssiz, için-için ağlayır... Dağ çayı Kəlbəcərdən soraq gətiribmiş kimi səsini ətrafa yayır. Qarşıda çay ikiyə bölünür: yolun həm sağından, həm də solundan şaqqıltıyla axıb gedir... Murovu üzüyuxarı qalxdıqca sanki Kəlbəcərdən gələn həyəcanlı xəbərlərin sayı artır...
Arabir, nömrə nişanı 32 ilə başlayan maşınlarla rastlaşırıq. Bir az aralıda, çayın kənarında süfrə açıb, əyləşiblər. Kəlbəcərlilər sükuta dalıb, dağ çayını dinləyir, daha allah bilir nələri, nələri xatırlayırlar... Elə bil ki, bu səsin hansı dağdan, təpədən, ağacdan, kənddən, döngədən xəbər gətirdiyini ayırd etmək istəyirlər...
Kəlbəcərin Başlıbel kəndinin sakini, müsahibim Xasay Əmralıyevin Lent.az-a dediklərini xatırlayıram: “Erməni hər tərəfdə idi, Murov da təhlükəli idi. Dağa üz tutanların nə qədəri yolu keçib gələ bildisə, elə o qədəri də yolda erməniyə rast gəldi... Dağda ölənlər çox oldu... Atəş açıblar... Biz sonradan bildik, dedilər kimisi elə uşaqlarının yanında, kimisi də körpəsi qucağında ölüb... Yaşlı adamlardan nə qədəri dağ yolunun çətinliyinə dözməyib ölüb... Ayağı yer tutanlar gedir, yaşlılar isə qalırmış... Ermənilər də gördükcə güllələyirmiş... Və bu insanların heç birinin meyitlərini çıxartmaq mümkün olmadı... Hamısı dağda qaldı... 23 ildir ki, yüzlərlə kəlbəcərli ata-anasının, bacı-qardaşının, balasının məzarını ziyarət edirmişlər kimi, üzü Murova dayanırlar...”
İndi Murovun ətəyində ailəlikcə sükuta qərq olub çayın şırıltısını dinləyən ailələrdən kimə yaxınlaşıb nə soruşa bilərəm deyə çəkinirəm. Onları ən məhrəm xatirələrindən ayırmağa ürəyim gəlmir.
Yola davam edirik...
Yağış ara verən kimi yolun xeyli hissəsini ayaqla gedirik. Maşınla getmək daha asandır, amma dağın da haqqını verməliyik. Bu yollar qət edilmədikcə, bu torpaq tapdanmadıqca bizim olmaqdan çıxır axı... Bəlkə zaman bizə haqq qazandıracaq, gələcək bizi bağışlayacaq, amma dağlar onu insansız, tapdaqsız qoyduğumuz üçün bizi bağışlamayacaq!
Aşıq Ələsgərin bir bəndi beynimdə dolaşır:
“Xaçpərəstlə düşdü bund inqilabı,
Onunçün bağlandı yolların, dağlar!”
Aşığın fəhminə məəttəl qalıram. Elə bil indilərdə deyilib:
“Ölsün Ələsgərtək qulların, dağlar!”
Ətraf yamyaşıl, kəpənəklər uçuşur. Nəm torpağın qoxusu insanı bihuş edir. Təbiət sanki Murovu sərgi salonu kimi bəzəyib... Qapılarını isə yüngülcə aralayıb – “Gəz, gəzə bilirsənsə”, deyir...
Yol yoldaşlarım uşaq ikən Murov dağı ilə günlərlə yol gəldiklərindən, hansı cığırda yorulub yerə çökdüklərindən, hansı yolda yıxıldıqlarından sanki bu günmüş kimi danışırlar. Bəzi yolları göstərərək, “Bu yolu sonradan düzəldiblər, biz bax, bu cığırla gəlmişdik” deyib, əllərini kənardakı dağa uzadırlar... Onların həyatı heç son 23 ildə də xoş keçməyib. Buna rəğmən Murov dağının heç bir cığırını unutmayıblar... Bu yerdə oxucu özü müəyyən edəcək Murovun onların həyatındakı rolunu... Onlar keçmişdən danışarkən – “Murovun o üzündə” deyərək xoşbəxt günlərindən həsrətlə söz açır, “Murovun bəri üzündə” deyərək müharibə itkilərini, qaçqınlıq əzablarını gizlətmək üçün susurlar...
Dağların döşündə yurd yerləri görünür. Amma şairin dediyi “çadır-çadır” binələrdən əsər-əlamət qalmayıb... Tək-tük, adda-budda... Ən sıx binədə 5 alaçıq saymaq mümkündür. Bunlar da əsasən çobanlarındır. Yollara səpələnən qoyunlar vecsiz otlayır, quzular mələyir, keçilər atlanır, itlər isə maşına hürürdü. Həmən maşının şüşəsini qaldırırdım. Sonra vəhşi heyvanlara yaxalanmaq riskini gözə alaraq, yollarda doğmalarını itirə-itirə, hər dolanbacda canından, ürəyindən bir parça qoya-qoya gecə-gündüz bu cığırlarla yol gələn insanların qarşısında canıəzizliyimi gizləmək üçün utanıb, söhbəti dəyişirdim...
“Turş su”da dayandıq. Oba çıxarkən elə nə qədər adamı burada güllələyiblər... Solumuzda sıldırım qaya var. 1993-cü ildə erməni hərbçiləri həmin dağların başından kəlbəcərliləri atəşə tutublar... Hadisə şahidləri xatırlayır: “İlahi, güllə başımıza yağış kimi yağırdı, daldalanmağa bir yer yox, hərə bir tərəfə düşürdü... Atəş kəsiləndən, ara sakitləşəndən sonra kim ayağa qalxdısa, demək o sağ qala bilmişdi... Yerdən qalxıb ətrafa boylananda dəhşətə gəlirdin. Ay Allah, dağlara nə qədər insan cəsədi səpələnmişdi...”
Burada şəhidlərin xatirəsini bir dəqiqəlik sayğı duruşu ilə yad edirik.
Sazını özü ilə gətirən kəlbəcərlilərin birindən xahiş edirəm:
- Burada saz çala bilərik?
Tərəddüd edir, israr edirəm:
- Burada o qədər narahat, nakam ruhlar dolaşır ki... Kəlbəcərlilərin ruhuna saz qədər heç nə sığal çəkə bilməz...
“Ruhani” ilə birlikdə yağış da başlayır... Bu dəfə bayaqkı kimi sakitcə səpələmir. Səsini dağ çayına qatıb, hönkürür... Sanki təbiət nəsə demək istəyir; Murovdağ şəhidlərin ruhundan üzr istəyir – ağacı, kol-kosu, daş-kəsəyi ilə onlara daha yaxşı daldalanacaq olmadığı üçün...
“Ruhani” ilə yağışın səsinin ahəngi... Bir də yağışdan islanmış yanaqlarına göz yaşlarını axıdan şahidlərinin hənirtisi... Dinləyirsən və yer üzündəki bütün müharibələrə nifrət etmək üçün ürəyin nə qədər kiçik olduğunun fərqinə varırsan... Nə qədər ömürlər yarıda kəsildi, nə qədər evin çırağı söndü... Dağlarda çürüyüb, torpağa qarışan şəhidlərlə Murov bir boy da böyüdü...
Kimin üzərində dayanmışam deyə narahat olub, çayın kənarındakı bir daşın üstündə büzüşürəm... Ayağımız altında nə qədər bacı-qardaşımız var. Murova doğru hər addımımızda neçə-neçə arzuların üstü ilə addımlayırıq...
Hələ tariximizdə 1994-cü ilin “Murovdağ əməliyyatı” da var. Murov yenə də bizdən can almışdı boy atmaq, ucalmaq üçün... Hündürə ucaldıqca, bizim üçün daha da əlçatmaz oldu... O döyüşlərdə nə qədər hərbçi qar uçqununa düşdü, nə qədəri itkin düşdü, nə qədərini don vurdu, nə qədərinin sonradan ayaq barmaqları kəsildi... Axı düşmənlə Murovda döyüşmək həm də təbiətlə döyüşmək idi... Hadisədən 20 il sonra Müdafiə Nazirliyi ilə Azərbaycan Əfqanıstan Müharibəsi Veteranları Təşkilatı Göygöl-Toğana yolunun kənarında “Murovdağ əməliyyatı”nda şəhid olan oğulların xatirəsinə yaddaş abidəsi qoyacaqdı... Bu abidə Murovdağın qarlı zirvələrində həlak olan, yer üzündə məzarları belə olmayan şəhidlərin valideynləri üçün yeganə ziyarət yeri olacaqdı...
Murova yolu düşənlərin yaxşı tanıdığı “yol evi”ni keçirik. Təxminən 250-300 metr gedəndən sonra yol dumanın içində itib-batır... Dəniz səviyyəsindən 2248 metr yüksəkdəyik. Bələdçilərimiz buradan o yana yolun minalandığını, geri qayıtmalı olduğumuzu deyirlər... Ətraf ağappaqdır, ancaq bir-birimizi, bir də ayağımızın altındakı xırda daşları görürük. Müsahiblərimdən “Dumana düşüb yolu azdı, gedib erməni postuna çıxdı, əsir düşdü” sözünü çox eşitmişdim. Dumana düşməyin əslində nə demək olduğunu isə indi daha yaxşı başa düşürəm. Əllərimi irəli uzadanda soyuqdan donan barmaqlarım gözdən itirdi... Eyni ilə o torpaqlar kimi... Biz, bir parçamızı bir addımlığımızda itirmişik... Bu qədər yaxın, amma gözlə görmək mümkün deyil... Havasını belə varlığımızla hiss edirik, amma görə bilmirik...
Yağış başlayıb... Yenə səssizcə dağlara nur səpələyir. Bir daşın üstünə çöküb:
- Yenə də Murov öz amansızlığında qalır... Sanki işğal edilən ərazilərimizlə bizim aramızda dumandan pərdə çəkib, – deyirəm.
Yol yoldaşım:
- Hə... Buradan evimizə cəmi 45 dəqiqə yoldur. Torpaqlarımıza uzaqdan baxmağa da imkan vermir...
- Bəlkə “bəsdir uzaqdan baxdınız” demək istəyir...
Narahat bələdçi söhbətimizə müdaxilə edir:
- Bu dumanın olmağı bəlkə də sizin üçün daha yaxşıdır. Çünki indi dumanın gizlətdiyi ətrafımızdakı yüksəkliklərin başında erməni hərbçilərinin postları qurulub.
Və son xəbərdarlığı alırıq: “Duman çəkilsə, snayperlər sizi görər!”
Geri qayıdırıq...
Reportaj isə hələ başa çatmır.
Davamı olacaq...