Rubrika: “ZƏRİFLƏRİN SAVAŞI”
Lent.az “Zəriflərin savaşı” adlı yeni layihəyə başlayır. Bu layihədə müsahiblərimiz Qarabağ müharibəsində iştirak etmiş qadınlardır. O qadınlar ki, mənsub olduqları cins üçün xarakterik olmayan, o zərifliyə xas olmayan həyat yolu keçiblər. O qadınlar ki, cəsarət, şücaət göstərərək, qorxu bilmədən döyüş bölgəsində xidmət ediblər, silahla və ya silahsız, əllərindən gələn, bacardıqları işi görərək yardımlarını əsirgəməyiblər. O qadınlar ki, adları, xidmətləri, müharibə xatirələri unudulmamalı, tarixdə qalmalıdır.
Lent.az Qarabağ qazisi, Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədri İradə Abbasın Qarabağ müharibəsi ilə bağlı xatirə kitabını vərəqləyir.
PROLOQ
... Ağdamda ağır döyüşlər gedirdi. Hər gün hospitala yaralı əsgərlər, sıravi vətəndaşlar gətirirdilər. Bəzən yaralı o qədər çox olurdu ki, bir neçə ağır əməliyyat eyni vaxtda icra olunurdu. Bu əməliyyatların hamısında da həkimlərə kömək edən bir peşəkar tibb bacısı vardı. Həmin gün də belə gərgin günlərdən biriydi. Düz 31 saat əməliyyat otağında ayaq üstə qalmışdı. Gecə 3-də işini bitirib, elə xalatdaca özünü güclə yatağa atdı. Səhər 8-in yarısı qəfil həyətdəki səs-küyə ayıldı. Dərhal özünü çölə atdı. Yaralı gətirmişdilər yenə. Tərin, suyun içində, huşsuz vəziyyətdə xərəkdə uzanmışdı. Əlini cavan oğlanın alnına qoyub, yaralarını gözdən keçirməyə başladı. Ayaqlarının ikisi də yox idi. Qarnına bir qəlpə girmişdi, əlləri də yaralıydı. Rəngi ağappaq ağarmışdı. Buz kimiydi, amma nəfəsi gedib-gəlirdi, ölməmişdi hələ. Tibb bacısının əlinin istisi yaralının bədəninə bir istilik, can verdi elə bil. Birdən gözlərini açdı, tibb bacısının gözlərinin içinə baxıb, ikicə kəlmə deyə bildi: “Qoyma ölüm”. Dedi və gözlərini yumdu...
I HİSSƏ: Qarabağa gedən yol
- Məni Qarabağa aparan yol Meydan hərəkatından keçdi. Azadlıq hərəkatı başlayanda 26 yaşım vardı. Düzdü, o qədər də gənc deyildim, amma özümə görə arzularım vardı. Bütün gənc qızlar kimi. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində - Eksperimental xəstəxanada cərrahi blokun təcili təxirəsalınmaz cərrahiyyə bölümündə tibb bacısı işləyirdim. 1988-ci ildə Şuşada Topxana meşəsinin qırılması Meydan hərəkatının başlanmasına təkan verdi. Biz ağacların qırılmasına dözməyib azadlıq istədik. Amma bilmədik ki, irəlidə bizim igidlərimiz də qırılacaq, qızlarımız girov götürüləcək, sərvətlərimiz, evlərimiz talanacaq.
Noyabrın 2-dən dekabrın 5-ə qədər mitinqlər oldu. O vaxt nələr yaşadıq?! Milyonlarla insan Azadlıq meydanına yığılırdı. Özü də meydanın qəribə psixologiyası vardı - ana-bala, ata-bala, bacı-qardaş psixologiyası. Hamı bir-birinə o gözlə baxırdı. Bəlkə gözəl günlər arzusundaydıq, ona görə. Sovet əsgərləri görüb tutmasın deyə meydana gizlincə, paltomuzun altında odun, qəzet keçirirdik ki, gecə yandırıb isinsinlər. Gültəkin anamız vardı - onun evinə yığışıb, gizli bayraq tikirdik ki, səhər meydana çıxaraq. Bayraqları əlimizdən alıb yandırırdılar, biz gecə yenə tikirdik. İnanın, qonşu öz evinə keçəndə də ürəyimiz qırılırdı ki, gəlib tapdılar yerimizi. Tikiş maşınlarını gecə işlədə bilmirdik, çünki səsini eşidib, yerimizi xəbər verə bilərdilər. Əllə tikirdik. Tikiş fabrikində işləyən qızlar işdən çıxandan sonra gecə 10-a qədər onu maşınlayırdılar. Bir gecəyə 10 adam 200-300 bayraq tikirdik... Sonra Sumqayıt hadisələri, 20 yanvar faciəsi oldu, Qarabağda döyüşlər başladı.
- Necə oldu döyüş bölgəsinə getmək qərarına gəldiz?
- İşdəydim. Bir gün gəlib dedilər ki, baş həkim Şakir Hacıyev səni çağırır. Getdim yanına. Dedi, səhər saat 6-da Ağdamdan qayıtmışam. Dəmiryolu relslərinin üstündə, vaqonda yenicə sanitar hospital formalaşdırıblar. Vəziyyətləri pisdi, hər şey pərakəndədir. Cərrahi blokun işini bilən peşəkar tibb bacısına ehtiyacları var. Getmək istəyərsənmi? Dedim, əlbəttə, canla-başla. O vaxt əmimgildə qalırdım. İşdən çıxıb evə gəldim. Heç kimə heç nə demədim. Desəydim, əmim razı olmayacaqdı. Mən sözünə baxmayıb, onsuz da gedəcəydim. O da fikirləşəcəkdi ki, məni saymır. Ona görə xəbərsiz-ətərsiz əşyalarımı yığıb, getdim Müdafiə Nazirliyinə. Nazirlikdə Yusif Mirzəyev, Dağlar Abdullayev və adını unutduğum bir nəfər vardı. Onlara vəziyyəti danışdım. Dedilər, get, sabah gələrsən. Dedim, yox, bu boyda çanta ilə evə qayıda bilmərəm, ikincisi də, qayıtsam, bir də çıxa bilməyəcəm. Yusif müəllim günorta 1-ə qədər Ağdama gedən maşın axtardı. Axırı Kəlbəcərə gedən İcra Hakimiyyətinin maşınını döndərdilər Müdafiə Nazirliyinə. Sürücüyə tapşırdı ki, qızı aparıb qoyun Ağdam hospitalına. “Villis” maşını ilə uzun yolçuluğumuz oldu. Nəhayət, gəlib çatdım. Dəmiryol relslərinin üstündə səliqə-sahmansız balaca bir yer idi. Hər şeyi səliqəyə saldıq, düzən qurduq və başladıq işləməyə.

- Ailəniz döyüş bölgəsinə getdiyinizi biləndə necə reaksiya verdi?
- Bir neçə gün məndən xəbər çıxmadığı üçün qorxub axtarıblar məni. Gedəndən 4 gün sonra özümü toparlayıb əmimə zəng elədim. Əvvəl əmim narahatlıq keçirməmişdi. Çünki xəstəxanaya da yaralılar çox gəlirdi deyə bəzən bir neçə gecə ard-arda növbədə qalırdım. O da fikirləşib yəqin yenə növbədədi. Amma 3-cü gün narahat olmağa başlayıb. Telefonu götürüb səsimi eşidən kimi hirsləndi ki, hardasan neçə gündü? Dedim döyüş bölgəsində. 1 həftə keçmiş, əmim xeyli yardım yığıb gəlmişdi yanıma. Valideynlərim də qərarımı adi qarşıladı. Çünki qardaşlarım Yaşar və Vüqar da müharibədə idi. Biz Ağcabədinin Hacılar kəndində yaşayırdıq. O kənddən bizdən qabaq müharibəyə gedən olmamışdı. Vətənpərvərlik bizə qanla keçib. Mən Pənah xanın şəcərəsindənəm. İbrahim xanın qızı bizim nənəmizdi. Babamız oğru Abbası onu götürüb qaçmışdı. Azərbaycanlılar Ermənistandan deportasiya edilən zaman Qafandan qonşu kəndə qadınlar gəlmişdilər. Ermənilər qadınların süd vəzilərini kəsib, zənbilə qoyub əllərinə vermişdilər. Mənim anam o vaxt qadınları görəndə infarkt keçirmişdi.
II HİSSƏ: Əlvida, hörüklər...
- Dəmiryolu relslərinin üzərindəki hospital nə qədər fəaliyyət göstərdi?
- Bir müddət sonra Ağdamın Mahrızlı kəndinə köçdük. Köhnə kənd xəstəxanasının binasına. Hospitalı orda formalaşdırdıq. Otaqlarda arakəsmələri açdıq. Həyətdə çadırlardan əlavə yerlər düzəltdik. Biri yaralıların qəbulu, biri çirkli paltarları yığmaq, digəri dezinfeksiya ediləcək paltarlar üçün. Artıq hospitalda 40 qız var idi. Yadımdadı, bir dəfə 8 martda korpus komandiri bizə hədiyyə olaraq 40 kəlağayı göndərmişdi.

Özü də mənim işim əməliyyatda həkimə kömək etməklə yekunlaşmırdı. Əməliyyatdan çıxandan sonra alətlər yuyulub sterilizə olunmalı, növbəti əməliyyata hazırlanmalıdır. Tənzif materialını, sapı hazırlamalısan. O sapları hazırlamaq özü böyük proses idi. Sistem şlanqları yuyulurdu, kəsirdik, onun üstünə xüsusi qayda ilə sapları dolayırdıq. Onu qaynadırdıq, spirtə, sonra da formalinə qoyurduq. İndi hər şey hazır şəkildə gəlir, əziyyətsiz. Amma o vaxt hər şeyi biz özümüz edirdik. Əməliyyat otağı yuyulub, silinib, dezinfeksiya olunmalıdı – buna nəzarət etməlisən. Qanlı, çirkli mələfə, paltar qala bilməz, çünki qan infeksiya daşıyıcısıdır. İnfeksiyanı öldürən xüsusi lampalar var. Əməliyyat yoxdusa, onlar qoşulmalıdı. Bunun hamısı nə qədər işdi. Yatmaq, dincəlmək yox idi.
- Yeri gəlmişkən, harda yaşayırdız?
- Xəstəxanadan bir çəpər o yanda Rahib Məmmədovun adını daşıyan məktəbi bizə yaşamağa vermişdilər. Böyük sinif otaqları idi. 8-9 qız bir otaqda qalırdıq. Eləcə də həkimlər. Həkimlərin paltarlarını da özümüz yuyurduq, otaqlarını özümüz yığışdırırdıq.
- Bir xanım üçün o cür şəraitdə yaşamaq, ən azı gigiyena qaydalarına riayət etmək çətin olardı yəqin. Məsələn, çimməyə yer var idi?
- Heç bir şərait yox idi. Həftədə 1 dəfə, 10 gündən bir avtobusla bizi yığıb aparırdılar Bərdəyə - hamama. Yaxud görəndə çox dayanılmazdı, qaşıntıdan ölürük, həyətdə şlanqı tuturduq, elə soyuq suyla başımızı yuyurduq. Neyniyək? Başqa çarə yox idi. Mən elə o vaxt saçlarımla vidalaşdım. Saçım çox uzun idi, tez-tez yumaq lazım idi, gördüm saxlaya bilmirəm, bit düşəcək, ona görə kəsdim. Bir də heç vaxt uzatmadım...
- Yeməyi kim hazırlayırdı bəs?
- Ümumi qazandan yeyirdik. Özümüzün ayrıca yemək hazırlamağa nə vaxtımız, nə də imkanımız vardı.
Hospitalla valideynlərimin evi arasında 2-3 km məsafə olardı. Evimiz hərbi hissənin qərargahına çevrilmişdi. Əsgərlər bizim evdə çimirdi, yeyirdi, dincəlirdi. Bir qırmızı maşınımız vardı. Onu görən kimi həyətdə qapıları taybatay açırdılar. Bilirdilər ki, dolu ərzaqla gəlir. Anam böyük qazanlarda yemək bişirib göndərirdi. Bəlkə 10 dəfəsindən birində o yeməkdən yeyirdim. Çünki əməliyyatda olurdum, camaat məni gözləyəsi deyildi ki. O vaxt Yasamal rayon İcra Hakimiyyətinin başçısı Sahib Məmmədov, zərgərlik zavodunda işləyən Aminə Vəliyeva biz nə qədər yardım, dərman preparatları, qan gətirirdilər. Bakıdan dostlarımızdan o dəstəyi çox görürdük. Özümsə 3-4 aydan bir Bakıya gəlirdim. O da yalnız tibbi materiallar, işçi yığmaq üçün. Gələnlərin çoxu şəraiti görüb dözmürdü, 1 həftə sonra qayıdırdı. Amma dözüb qalanlar da vardı. Bakıya gələndə də havam çatmırdı. Elə bil başqa ölkəyə düşürdün. Hamı öz kefində, damağında idi. Biz isə orda nələr görürdük...
III HİSSƏ: Dağlarda döyüş
- Nələr görmüsüz, hansı hadisələrin şahidi olmusuz? Bir az da o xatirələri vərəqləyək.
- Mənim gözüm nələr görməyib ki?! İki oğlunun meyitini tapıb, 3-cü oğlunun nəşini axtarmağa gedən atalar gördüm. Sayıla bilməyəcək qədər yaralılar, şəhidlər gördüm. Elə olurdu, hər gün 3-5 nəfər əlimizi tuta-tuta əməliyyatda ölürdü. Çingiz Mustafayev güllələnəndə bizim hospitala gətirdilər. Son nəfəsi idi, heç nə edə bilmədik. 2-3 nəfəs alıb, rəhmətə getdi. Öz qohumum əlimdə öldü. Yalvarırdı “əlimi buraxma, öləcəm”. Əməliyyata başlamalıydıq, o da əlimi buraxmırdı. Götürdüm taxtaya dəsmal doladım, elə bildi mənim əlimdi. Elə də canını tapşırırdı. Anası nə qədər çağırdı, çıxmadım qarşısına, gücüm çatmadı. Öləndən 3 gün sonra qızı dünyaya gəldi. Bir yaralı gətirmişdilər, rəngi ağappaq ağarmışdı, əlini qarnından çəkmirdi. Stula oturdanda əlləri yanına düşdü, bağırsaqları töküldü. Tez dəsmalı götürdüm yığdım içinə, dərhal əməliyyata saldıq. Sağ qaldı, ölmədi. Minaya düşüb hər iki əlini, ayağını, gözlərini itirən adamı əməliyyat etdik. 6 il yaşadı.
Mənim gözüm nələr görməyib ki?! Bir hamilə qadın həyətdə olanda ora mərmi düşmüşdü. Onurğa arteriyası dağılmışdı, qarın boşluğu qəlpəylə dolmuşdu. Qadının bətnindəki körpənin ürək döyüntülərini ömür boyu unutmaram. O döyüntü dayanana qədər əlim qadının qarnında qaldı... Ermənilər hamilə qadının qarnını yarıb, uşağı çıxarıb, qucağına qoyub, meyitlərini göndərmişdilər. O uşağı yenidən ana bətninə salıb qarnını tikdik, dəfn etdik. Bədəni iki yerə ayrılan insanı tikdik ki, o cür dəfn olunmasın... Bunlar hələ dilimə gətirə bildiklərimdi. O biri dəhşətləri danışsam, heç kimin ürəyi dözməz...
Mənim gözüm nələr görməyib ki?! Gültəkin Əsgərova ölməzdən 1 gün əvvəl gəlmişdi yanımıza. Su şlanqını tutduq, başını yudu. Dedi, sabahkı döyüşdən çox qorxuram. Dedim qorxursansa, getmə. Dedi, yox, gedəcəm mütləq. Elə bil ürəyinə dammışdı. Səhər 11-in yarısı meyitini gətirdilər.

- Həqiqətən də bir xanım üçün o cür durumda yaşamaq və işləmək dəhşətlidi. Hər gün belə qorxunc mənzərəylə qarşılaşmaq, o hadisələrin içində olmaq... Heç qorxub, ürkdüyünüz anlar olmurdu?
- Əlbəttə, olurdu. Ayağı, qolu kəsilmiş, gözü çıxmış, üzünün yarısı qopmuş, bağırsaqları qucağına tökülmüş yaralılar gəlirdi. Qorxmamaq mümkün deyildi. Amma bu, mənim işim idi. Ürəyim gedə bilməzdi. “Vay” eləməklə onlara kömək edə bilməzdim. Mənim köməyim dərhal lazımi tibbi müdaxilə etmək idi. 7 əsgərə qan verib, həyatını xilas etmişəm. Mənə heç kim demirdi qan ver. Əslində, əməliyyat blokunun həkimi və tibb bacısı qan verməli deyil. Onların qan verməsi qanuna ziddi. Çünki normalaşdırılmamış iş saatıyla işləyirlər. Mən bu gün səhər əməliyyata girmişəm. Əlimlə başımı qaşıya bilmərəm, sterildi. Heç kim mənə əlilə toxuna bilməz. Çörək yeyə, su içə bilmərəm. Vacib ehtiyaclarımı belə ödəməyə vaxtım yoxdusa, nədən danışa bilərik? 1500 nəfərin əməliyyatına dayanmışam. Bunu sonradan Müdafiə Nazirliyinin qeydlərindən öyrəndim. Amma eyni otaqda 3-4 həkim briqadasına kömək edirdim. Hamı məəttəl qalırdı ki, necə bacarırsan? Bütün varlığımla xidmət edirdim. Mənim üçün çox müqəddəs və ağrılı iş idi. Ölən hər xəstəylə ölürsən. Sağalan hər xəstə sağlamlığından nəyisə aparır. O, sənin sağlamlığının hesabına sağalır.
- Əməliyyat otağında ən çox neçə saat qalmısız?
- Qədirov Azər vardı. Hər dəfə mən əməliyyata girib çıxanda saatı qeyd edirdi. Gah deyirdi 16 saatdı, gah deyirdi 23 saatdı əməliyyatdasız. Həkimlər dəyişirdi, amma mən yox. Çünki ixtisaslaşmış tibb bacısı yox idi. Bir gün də ağır döyüşlər olmuşdu, yaralılar çox idi. Əməliyyat otağını tam qaydasına salıb çıxandan sonra Azər təəccüblə üzümə baxıb dedi ki, Radə xanım, düz 31 saatdı əməliyyat otağındasız. Gecə saat 3 idi. Qapının ağzında bir stulda oturdum. Nə qədər çalışdımsa, ayağa qalxa bilmədim. Əsgərlərə dedim məni tutun aparın harda bir boş yataq varsa, uzadın ora. Uzatdılar, ayağımın altına da yastıq qoydular. Çaysız, yeməksiz, elə xalatda uzanıb yatdım. Səhər 8-in yarısı gördüm bir maşın mən yatan pəncərəyə özünü rəsmən çırpdı. Səsə ayıldım. Tez özümü həyətə atdım. Gördüm bir oğlan gətiriblər. Ağdamın “Şur” ansamblında ud çalırdı. Ayaqları yoxuydu. Qarnına da bir qəlpə girib, əllər yaralıdı. Rəngi ağappaq. Tərin, suyun içində. Əlimi alnına qoydum, gördüm buz kimidi, amma sağ idi. Əlimi alnından çəkmədən yaralarına baxıram ki, neyniyək. Elə bil əlimin istisi buna can verdi. Gözünü açıb, gözlərimin içinə baxdı. Dedi, qoyma ölüm. Tez apardıq əməliyyata. Həkimlər gəldi. 3 briqada əməliyyata başladı... Bu gün o, evlidi, 3 uşağı var. Və mən həmişə deyirəm, onunla evlənən qadın müqəddəs qadındır.
IV HİSSƏ: Nakam sevgilər...
- O vaxt subay, gənc, gözəl, mərd xanımdınız. O qədər kişilərin içində sizə sevgi etirafı edən, məktub yazan olurdu?
- Mən sərt biriydim. Məktub yazan olmamışdı, yox. Amma sevgi etirafları olurdu. Bilirsiz, müharibədə o qədər ağır, psixoloji baxımdan gərgin, yüklü ab-hava olur ki. Əgər hər hansı döyüşçü orda qadına eşq elan edirsə, deməli, bir anlıq da olsa o gərginlikdən uzaq olmaq istəyir.
Vüqar adlı bir əsgər vardı. Heç xoşum gəlmirdi ondan, qətiyyən ruhuma yaxın deyildi. Mən onunla heç vaxt evlənməzdim. Bir gün mənə dedi, Radə, icazə ver ata-anamı göndərim sizə elçiliyə. Dedim Vüqar, indi bir-birimizə nəsə desək yalan olar. Çünki hələ döyüş gedir. Nə bilirik sabah başımıza nə iş gələcək. Dedi yəni sən mənə “yox” deyirsən? Dedim, nə “yox” deyirəm, nə də “hə”. Bir-birimizə ümid verməyək, amma ümidsiz də olmayaq. Tələsmə, bir şey qalmayıb. Qoy müharibə qutarsın, baxarıq. Bu söhbətimizdən 2 saat sonra Vüqarın meyiti gəldi.

- Nə hisslər keçirdiz onda?
- O qədər şükür elədim ki, nə yaxşı onu acılayıb, ürəyini qırmamışdım. Məzahir vardı, o da mənə sevgi etirafı eləmişdi. Ona qarşı da heç bir hissim yox idi. Amma ona da konkret “yox” deməmişdim. Demişdim, gözlə hələ, tələsmə. Onların maşınını tanıyırdım. Görəndə gəlir, gizlənirdim, qızlara tapşırırdım ki, deyin Radə əməliyyatdadı. 3 saat da orda dayansaydı, əməliyyat otağında oturub çıxmırdım. O gedəndən sonra otaqdan çıxırdım. Hamı da bilirdi. Deyirdilər, Radə həbsdən çıxdı. Onun sonrakı aqibətindən xəbərim olmadı. Belə hallar mənə gərginlik gətirirdi. Qorxurdum ki, birdən qıraram onları. Ona görə nə “hə” deyirdim, nə də “yox”...
V HİSSƏ: Qarabağda son aylar...
- Qadınların kişilərdən bir fərqi odur ki, daha həssas olurlar, istədikləri, kövrəldikləri zaman utanmadan, çəkinmədən ağlaya bilirlər. Siz necə, o cür dəhşətli hadisələri görəndə ağlayırdız?
- Qəribə də olsa, yox, ağlamamışam. Əvvəla, oturub ağlamağa vaxt yox idi. Həm də artıq bərkimişdik. Ağladığım müddətdə nəsə başqa kömək edə bilərdim. Əməliyyat qurtarırdı, otağı təhvil verirdik, çıxırdıq. Baxırdım ki, boş vaxtım var. Su, əski götürüb gedirdim meyitlər yığılan otağa. Üzlərinin, sinəsinin qanını silib təmizləyirdim ki, anaları oğullarını o cür görməsin. Heç onda da ağlamırdım. Ürəyimdə onlarla söhbət edirdim. Yaralını gətirirdilər. Cibindən anasına, sevgilisinə yazdığı məktub, zərfin içində qurumuş çiçək, muncuqlar çıxırdı. Kövrəlirdim, ürəyim ağrıyırdı, amma ağlamırdım.
Mən o müddətdə cəmi iki dəfə ağlamışam. Biri Şuşanın işğal günüydü. O qara xəbəri eşidəndə elə bildim həyat qurtarıb. Hospitalın arxasına gedib, uzandım çəmənliyə, hönkürtüylə ağladım. Elə hey arzuladım ki, kaş bir ilan gələ çala məni, elə burda ölüm.
Bir də Ağdam işğal olunanda ağladım o ki var. Həmin vaxtlar yaralıların qanlı paltarlarını yuyanda soba partlamışdı, üstümə qaynar su tökülmüşdü. Ayaqlarım, kürəyim yanmışdı. Hardasa 20 gün sarğıda yatdım. Ağdam elə o vaxtlar işğal olundu. Elə onda da Allaha yalvardım ki, mən olan yerə mərmi düşsün, ölüm, bu günü görməyim... Öz əlimizlə qurub yaratdığımız hospitalı el öz əlimizlə dağıtdıq, sökdük. Ağcabədinin Sarıcalı kəndinə köçdük. 1995-ci ilə kimi Sarıcalıda xidmət etdim. Sonra Bakıya Hərbi Hospitala gəldim. 2001-ci ildə səhhətimlə əlaqədar tərxis olundum.
EPİLOQ ƏVƏZİ
Tərxis olunana kimi ailə qurmaq, övlad sahibi olmaq barədə düşünmürdü. Hərəkata qoşulanda, müharibəyə gedəndə şəxsi həyatını bir kənara qoymuşdu. Axı böyük ümidlə getmişdi müharibəyə. İnanırdı ki, qələbə qazanacağıq, müharibə qurtaracaq, torpaqlar azad olunacaq, köçkünlər geri qayıdacaq. Bir sözlə, hər şey yoluna qoyulacaq və o, özünə toy edəcək. Amma bu ümidlərini də elə Qarabağı itirəndə itirdi. Bir qadın kimi özünü, hisslərini Qarabağdaca dəfn etdi. Elə sevdiyini, sevgisini də ürəyində basdırdı... Şəxsi həyatı alınmadı. Müharibə veteranı olan iki mənəvi qızına toy elədi, cehiz verdi. Amma özünü unutdu. Və bir də onda fərqinə vardı ki, artıq ana olmaq yaşını keçir. Tərxis olunandan bir neçə ay sonra, 40 yaşında döyüş yoldaşlarından biri ilə ailə qurdu. Gəlinlik paltarı geyinmədən, toy çaldırmadan, sadəcə nikah kəsdirməklə...
Yenə şəxsi həyatı alınmadı. Döyüş yolunda birgə addımlasalar da, həyat yolunda irəliləyə bilmədilər. Bir neçə aydan sonra ayrıldılar. Deyir, “müharibə insan sağlamlığında sağalmayan izlər buraxır. Bəlkə də ayrılmağımızın səbəblərindən biri müharibənin bizə vurduğu zərbələr oldu. Biz birlikdə döyüşsək də, birlikdə yaşaya bilmədik, bir-birimizi yola verə bilmədik. Bəlkə də bu, sadəcə mənim alın yazımdı. Təklik qismətimə yazılıb”.
Amma ailə qurmasına peşman da deyil. Çünki bu izdivac ona bir oğul payı verdi. Bir qadın kimi tək olsa da, bir ana kimi tək qalmadı. İndi həyatdan arzuladığı oğlunu vətənə layiq övlad kimi böyütmək və ana-oğul ikinci dəfə müharibəyə getməkdir. Məhz qələbə qazanmaq üçün.

Deyirlər kimsə yanında ölürsə, gərək meyit qüsulu verəsən. Radə xanım illərdir o qüsulu vermir. Şəhidlərin ruhlarını incitməmək üçün. Həm də ona görə ki, onun üçün Qarabağ müharibəsi ilə bağlı xatirələr kitabı hələ bağlanmayıb. O kitabın sonunda boş vərəqlər qalıb. Qələbə ilə bağlı xatirələrin yazılacağı vərəqlər...
O kitab hələ bağlanmayıb...
ARDI VAR...
ARDI OLACAQ...