“Həzi Aslanovu ermənilər aradan götürdülər” – <span style="color:red;">REPORTAJ
09 may 2014 17:36 (UTC +04:00)

“Həzi Aslanovu ermənilər aradan götürdülər” – REPORTAJ

0

Bu gün Lənkəranda 9 May – Qələbə günü qeyd edildi.

Müharibəni canlı olaraq görmüş, odun-alovun içindən keçib bu günümüzə gəlib çatmış insanları görmək istəyim məni rayon mərkəzinə apardı.

 

Bütün şəhər bayram əhvalında idi.

 

Öncə Milli parka yollandım, burada hamı sabahkı Gül bayramına hazırlaşırdı.

 

- Veteranlar hardadırlar?- soruşdum.

- Həzi Aslanovun abidəsi yanında, - dedilər.

 

***

 

Az qala bütün rayon iki dəfə Sovet İttifaqı qəhrəmanı adına layiq görülmüş general-mayor Həzi Aslanovun abidəsini ziyarət etməyə toplaşmışdı. Şeirlər oxunurdu, mahnılar səslənirdi, idarə və müəssisələrdən gəlmiş insanlar abidənin qarşısına çiçəklər düzürdülər.

Hərbçilər, ziyalılar, məktəblilər...

- Veteranlar hardadırlar? – soruşdum burada da.

- Burdaydılar, “Veteranlar klubu”na getdilər - dedilər.

 

***

 

“Veteranlar klubu”nda nəhayət ki, onları tapa bildim.

Dünyanın ən real romanını yazmış əfsanə insanlar.

Qəribə baxışları olur döyüş görmüş adamların, onlar hamı kimi baxmırlar.

Və onlara da hamı kimi baxmaq düzgün deyil...

 

***

 

Budur, tədbirin təşkilati işlərinə məsul şəxslər vəsiqəmi yoxlayıb, reportaj hazırlamağım üçün imkan yaradırlar.

 

Klubun içinə keçirəm.

 

«П» şəkilli düzülmüş çay süfrələrinin arxasında 1941-45 illərinin Böyük Vətən Müharibəsi veteranları, artıq həyatda olmayan döyüşçülərin ailə üzvləri olan xanımlar, “Əfqanıstan uşaqları”, Qarabağ əsgərləri oturublar.

Rus dilində məşhur müharibə mahnıları səsləndirilir, hamının üzündə bir həzinlik və rahatlıq ifadəsi dolaşır, hamı bu mahnıları tanıyır, dodaqucu oxuyur.

 

***

 

- Mən Həzi Aslanovun qohumuyam, - deyir yaşlı xanım, - bütün müharibə veteranlarını bu bayram münasibətilə təbrik edirəm, ölkəmizə sülh, əmin-amanlıq arzulayıram, insanlarımız bir daha müharibə acısı nə deməkdir, bilməsinlər.

 

Yenə şeirlər, mahnılar, saz ifası...

 

Rayon rəhbərliyi hər kəsin bayramını təbrik edir, veteranlara can sağlığı, ölkəmizə qələbə diləyir.

“Əfqanıstan uşaqları”ndan bəzilərinə həmin döyüşlərin 25 illiyi münasibətilə ordenlər təqdim olunur. Onlar da öz növbələrində mənə qərənfil bağışlayırlar. Masalarına yaxın dayandığım üçün qısa söhbət etmək imkanım olur, daha ətraflı danışmaq istəyimi bildirirəm, çox sevinirlər.

Yemək dəsgahı başlayanda çölə çıxıram, burada da xeyli adam var, bir azdan içəridəkilər də gəlirlər.

 

***

 

- Çox sevirəm bu günü, - deyir Əfqanıstan veteranı Əhmədağa Ağayev: “Düzdür, əvvəlki ovqat hiss olunmur indi, məsələn, Rusiyada yaşayan “əfqanlar” ( onlar özlərini belə adlandırırlar öz aralarında) daha möhtəşəm keçirirlər bu cür bayramları. Bizim ölkəmizdə isə Qarabağı müharibəsinin ağrısı elə bil bizi  Əfqanıstan veteranları olaraq, bir qədər arxa plana sala bildi. Əfqanıstanda döyüşən uşaqların əksəriyyəti Qarabağda da döyüşüblər. Hərdən yığışırıq, bir-birimizə həyan oluruq, istərdik bir qədər əvvəlki kimi yanaşılsın yenə bizə, məktəblilərlə, tələbələrlə görüşlərimiz olsun, onlara deyəsi sözlərimiz çoxdur, sadəcə danışmaq və dinlənilmək istəyirik. Yadıma düşmüşkən, bir dəfə “Dalğa” verilişində İlqar Əlfioğlu bizi necə lazımdır, dinləmişdi, o vaxt bizi incidən həkimlər vardı, İlqar müəllim bizə imkan yaratdı, danışdıq, bircə kəlməni də montaj edib kəsməmişdi. Mənim nə qədər ömrüm varsa, o adama canım qurbandı...”.

 

- Mən üç cəbhənin əsgəriyəm, - Lənkəran rayonunun Veteranlar Şurasının sədri Musarza Əzimov isə bunları danışır, - arxa cəbhədə kolxozda çay briqadiri işləmişəm, “İgidliyə görə” medalı da almışam. Daha sonra ön cəbhədə olmuşam, Şimali Qafqazın Orconikidze şəhərində general Akif Abbasov bizi cəbhəyə yola saldı, “Düşmənə arxa çevirməyin, Azərbaycan adını qaldırın, Azərbaycan oğulları qəhrəman olsun” dedi. Buna da biz əməl etdik, hər yerdə qələbə çaldıq. Dəfələrlə yaralanmışam, hərbi hospitallarda yatmışam. Bir gecə qırıcı təyyarələr hücuma keçdi, biz həkimləri çölə çıxardıb vuruşmağa məcbur olduq. Müharibədə açıq döyüşdə ölməyənlər vardı ki, məhz həmin gün həlak oldular. Mən bunların canlı şahidiyəm. Sağalmışam, yenə də cəbhəyə getmişəm, üç il Belorus cəbhəsində olmuşam, Həzi Aslanovun göstərdiyi qəhrəmanlıqları mən öz gözlərimlə görmüşəm. Həzini ermənilər aradan götürdülər. Baqramyan və Babacanyanın planına əsasən, Həzini vurdular. Onların gözü götürmədi Həzini, çünki o, hər yerdə qələbə qazanırdı. Krımda, Moskvanın müdafiəsində, Stalinqrad döyüşlərində...Mən müharibədən sonra turist kimi də gedib gəzmişəm oraları, qardaşlıq məzarıstanları bilirsiz nə qədərdi?!

 

- Ramazanova Rima Zakir qızı, - deyə özünü təqdim edir veteran xanım, həmən də səsini yazdığımı görüb həyəcanlanır, - amma mən müsahibə vermirəm! Hə, Rostovda döyüşmüşəm, Semiqorskda, çox yerdə... Rostovda olanda müharibə qurtardı və mən buralara döndüm. Bakılıyam, Bayılda yaşayırdım, sonra Lənkərana ərə gəlmişəm, o vaxtdan da burada qalmışam...

 

***

 

“Qaranlıq gecə...yalnız güllələr vıyıldayır çöl boyunca, yalnız külək məftillərdə səs edir, solğun işarır ulduzlar... Qaranlıq gecədə, əzizim, bilirəm sən oyaqsan və uşaq çarpayısı yanında gizlicə göz yaşını silirsən...” - deyə oxuyur Mark Bernes həzin-həzin.

 

Başımı bir qəhrəman çiyninə qoyub ulduz-ulduz ağlamaq istəyirəm Qələbə sevincinə...

 

Qarabağımız üçün...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1446

Oxşar yazılar