“Gənclərlə bağlı daha böyük proqramların, layihələrin həyata keçirilməsi planlaşdırılır. “2015-2020-ci illər Gənclər Proqramı”, bundan əlavə, “2015-ci il Azərbaycan Gənclərinin İnkişaf Proqramı” təsdiqlənmək üzrədir. Azərbaycan gəncliyini daha uğurlu layihələr gözləyir”. Bu fikirləri APA TV–nin “Səhər zəngi” verilişinin qonağı, “Gənclərin Dostluq Şəbəkəsi” İctimai Birliyinin sədri İmaməddin Quliyev deyib.
Təsis etdiyi qurum haqqında ətraflı məlumat verən qonaq, sözügedən qurumun 2008-ci ildə təsis olunub: “Sırf gənclərlə bağlı layihələr həyata keçiririk. Qeyd edim ki, o zamanlar gənclər təşkilatları az idi. Amma bu gün 310-a yaxın gənclər təşkilatı var. Əsas məqsədimiz gəncləri maarifləndirməkdir. İndiyə qədər bir çox mövzuları əhatə edən layihələr həyata keçirmişik – vətənpərvərlik, ekoloji problemlər, liderlik keyfiyyətlərinin artırılması, beynəlxalq inteqrasiya ilə bağlı proqramlarda iştirak etmişik. Bir çox dövlət qurumları, donor təşkilatlarla əməkdaşlıq edirik. Biz vətəndaş cəmiyyətini təmsil edirik. Burada isə gənclər üstünlük təşkil edir. Azərbaycan əhalisinin 30%-i gənclərdən ibarətdir. Çalışırıq, aktiv olaq”.
Birliyin sədri həyata keçirilən layihələr barədə ətraflı məlumat verib: “İnformasiya müharibəsi dövründə yaşayırıq. “Qarabağ qanı” layihəsi tək Azərbaycan yox, xarici auditoriya üçün də nəzərdə tutulub. Qısametrajlı filmdir. Qarabağ müharibəsində birbaşa iştirak etmiş şəxsləri çəkmişik. Məqsədimiz vətənpərvərlik ruhunun artırılması idi. Ən uğurlu layihələrimizdən biri seçildi və mükafata layiq görüldü. Gənclər və İdman Nazirliyi 2015-ci il 310 təşkilatın gördüyü işləri araşdıraraq, ən aktiv təşkilatlar arasında “Gənclərin Dostluq Şəbəkəsi” İctimai Birliyinə də yer verib. Yeri gəlmişkən, ötən il nazirliklə birgə www.milliqahraman.az saytını yaratdıq. Portalda şəhid olan və yaşayan milli qəhrəmanlarımız haqqında Azərbaycan və ingilis dillərində məlumatlar yerləşdirilib”.
Verilişin digər qonağı, müğənni Nofəl Aslanov isə bildirib ki, hələ uşaq yaşlarından idmançı olub: “Hər kəsə idmanla məşğul olmağı, zərərli vərdişlərdən uzaq durmağı məsləhət görürəm. Musiqi ilə də uşaqlıqdan məşğul olmuşam. İdmana üstünlük versəm də, musiqi ilə davam etməyi qərar aldım. Hazırda vokal üzrə təhsil alıram. Musiqi yarışmalarında iştirak etmişəm. Ümumiyyətlə, dəstək ailədən gəlir. Yeni mahnılar yazdırmaq, uğurlu işlərə imza atmaq istəyirəm”.