“Erməni tankı qəfil peyda oldu, əl atıb düyməni basdım...” - XATİRƏ
24 iyul 2013 18:38 (UTC +04:00)

“Erməni tankı qəfil peyda oldu, əl atıb düyməni basdım...” - XATİRƏ

0

Döyüşçü-jurnalist Rey Kərimoğlunun Lent.az-da yeni başladığı “Barıt qoxusu” adlı silsilə yazılar bir qədər əvvəl başa çatan “Kəşfiyyatçının xatirələri” adlı layihədə adı çəkilən döyüşçülərin, müharibəni keçmiş müxtəlif insanların taleyi barədədir. Bu dəfə “Barıt qoxusu”nda Azərbaycanın tanınmış kinooperatoru, barıt qoxusunu duymuş Nizami Abbasdır.

 

“Ayağını götürüb vurdum qoltuğuma...”

 

“Cəbhə bölgəsindəydik, həkim döyüşdə ağır yaralanan əsgərin ayağını kəsib yerini tikirdi. Mən də sağ çiynimdə kamera bu anı çəkirdim. Ha eləyib tibb bacısı kəsilmiş ayağı götürüncə mən sol əlimlə əsgərin qanlı ayağını götürüb vurdum qoltuğuma. Çəkdiyim kadra o qədər aludə olmuşdum ki, heç nə etdiyimin fərqində deyildim...”

 

Onunla hələ bir neçə ay əvvəl görüşməyi planlaşdırırdım. Bu ilin mart ayında APA TV-nin “Müharibə adamı” verilişində Hocaz əməliyyatını çəkəndə döyüşçülər onun adını çəkmişdilər. Demişdilər ki, onlar Hocaza hücum edəndə, döyüş öncəsi Nizami Abbas onları lentə alıb. Amma o vaxtdan heç cür onunla danışıb görüşə bilmirdim. Bu gün-sabah deyib qalmışdım. Nəhayət, sözügedən verilişdə Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucovla bağlı çəkiliş zamanı onunla görüşümüz zəruri oldu. Çünki V.Orucovun Ağdərədə düşmən arxasında keçirdiyi bir əməliyyatın məhz Nizami Abbas tərəfindən çəkildiyini dedilər döyüşçülər. Elə bu məqsədlə də əlaqə saxlayıb, onunla görüşdüm. Məni iş yerində - “Yurd” sənədli filmlər studiyasında qarşıladı. Müxtəlif illərin istehsalı olan kino kameraları, kinolentə baxmaq üçün qurğular, çəkiliş studiyasında işıqlar və dekorasiya üçün digər avadanlıqlar, əşyalara birgə baxırıq. Fotoqrafımız Fəxrəddin bəy də yavaş-yavaş işləyir...

 

Tanıtım:

 

Nizami Abbas Vəli oğlu.

 

Rejissor – operatordur, Azərbaycanın Əməkdar İncəsənət Xadimidir. Azərbaycan Professional  Kinorejissorlar Gildiyasının və Azərbaycan Kinematoqrafçıları İttifaqının üzvüdür. 1 yanvar 1957-ci ildə  Şəmkir rayonunun Bayramlı kəndində anadan olub. 1988-ci ildə (Moskva) Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun "kinooperator" fakültəsini bitirib. 1974-1975-ci illərdə "Lenfilm" kinostudiyasında operator köməkçisi, 1976-cı ildən Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında operator işləyib.

1991-ci ildə könüllü olaraq Qarabağ Müharibəsinin iştirakçısı olub. 1992-1998-ci illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin "Sənədli Filmlər Kino-Telestudiyası" nın bədii rəhbəri olub. Hazırda Mədəniyyət və Turizm Nazirliyinin “Yaddaş” sənədli filmlər studiyasında rejissor-operator kimi fəaliyyətini davam etdirir və 2010-cu ildən “Yurdfilm” studiyasına rəhbərlik edir. Ailəlidir, Üzeyir adlı  bir oğlu var.

 

Uşaqlıqda fotoya böyük həvəsi olub. Bu həvəs hələ orta məktəbdə oxuyarkən onu Gəncə şəhərindəki foto dərnəyinə aparıb. İlk dəfə də “Çayka” markalı fotoaparatı olub. Amma sonradan fotonu kameraya dəyişib. Bu sahə üzrə ali təhsil alıb, sevdiyi işi ilə məşğuldur. Qarabağ müharibəsinin ən unikal kadrlarının müəlliflərindəndir Nizami Abbas. Amma Qarabağa qədər də maraqlı və xalqımız üçün çox vacib hadisələrin tarixin lent yaddaşına köçürülməsində iştirak edib.

 

“1988-ci ilin noyabr-dekabr aylarında indiki “Azadlıq” meydanında keçirilən mitinqləri lentə alırdıq. Yuxarıların tapşırığı ilə Azərbaycan Dövlət Televiziyasının kameralarını otağa qoyub, ağzına qıfıl vurmuşdular. Amma biz dərk edirdik ki, bütün bunlar çəkilməlidir. “Azərbaycanfilm” kinostudiyasının direktoru Ramiz Fətəliyevin iştirakı ilə biz - Zaur Məhərrəmov, Köçəri Məmmədov, Rəfael Salamzadə, Bağır Rəfiyev meydan hadisələrini kino lentə aldıq. O vaxtkı “Abşeron” və “Azərbaycan-İnturist” mehmanxanalarından çəkirdik. Bir müddət çəkəndən sonra dövlət təhlükəsizlik komitəsinin əməkdaşları duyuq düşdülər. Biz bunu nəzərə alaraq əvvəlcədən içərisində yanmış lent olan kino kamera da quraşdırmışdıq. Yəni duyuq düşsələr, tutulsa o kino kamera tutulsun. Elə də oldu. Onlar gəlib hər iki mehmanxanada axtarış apardılar. Yalnız aldadıcı kameraları tapdılar. Biz həmin o tarixi anların lentlərini mehmanxanada işləyən xidmətçi qadınların köməkliyi ilə xilas etdik. Onlar lentləri bədənlərində gizlədərək xilas elədilər. Elə kinostudiyanın əməkdaşları da lentlərin çıxarılmasında iştirak elədilər. Həmin lentlərin sayəsində bir qədər sonra Zaur Məhərrəmovun rejissor olduğu, xalqımızın bu gün də izlədiyi, “Meydan” filmini ərsəyə gətirdik. Filimin səs operatoru isə Şamil Kərimovdur”.

 

1990-cı ildə şair Rüstəm Behrudinin qardaşı İlham Behrudinin təklifi ilə ssenari müəllifi Nəriman Əbdürrəhmanlı, səs operatoru Şamil Kərimov olan “Sərhəd” filmini çəkib.

 

Bütün bu işlərdə kinostudiyanın direktoru Ramiz Fətəliyevin və əziyyəti olan hər kəsin adını minnətdarlıqla anır.

 

Fransanın TV 3 kanalı “Sərhəd” filmini nümayiş etdirmək üçün ona 1000 ABŞ dolları qonorar da verib. O puldan özünə cəmi 21 dollar qalıb. Qalanını sursat alıb Qarabağa aparıb.

 

Kərkicahanda çəkilən lentlər necə olub?

 

Qarabağa ilk səfərinin Şuşanın Kərkicahan kəndinə olduğunu deyir:

 

“İlk dəfə Kərkicahanda oldum. O vaxt orada Daxili İşlər Nazirliyinin idmançılardan ibarət seçmə bir dəstəsi xidmətdə idi. Biz də ora ezam olunmuşduq. Hər gün ermənilər Kərkicahanı atəşə tuturdu, amma asayişi qoruyan sovet-rus əsgərləri onlara “gözün üstə qaşın var” demirdi. Vay o gündən ki, biz ermənilərin atəşinə cavab verəydik. Sovet əsgərləri ixtiyarlarında olan bütün silahdan atəşə tuturdular Kərkicahanı. Elə bir silahımız da yox idi, ov tüfəngi və bir ədəd beşatılanımız var idi. Orada Elxanla (Belarusda azərbaycanlı dünya çempionu Kamandar Məcidovla bağlı çəkiliş aparanda onun yanında görmüşdüm), İslamla (şəhid oldu), Qırxqız Qasımla, Famillə və digər qəhrəman insanlarla tanış oldum. Çox qeyrətli və qorxmaz oğlanlar idilər. Bir dəfə digər posta işarə vermək üçün göyə fişəng atdım. Tərslikdən fişəng gedib düz bir erməni evinin damına düşdü. Ev alışıb yandı... Ruslar yenə bizi atəşə tutdu”.

 

Nizami Abbas Kərkicahanda unikal kadrlar çəkib. Amma indi o lentlər ortalıqda deyil. Deyir, həmin lentləri rəhmətlik Məhəmməd Əsədova verib. M.Əsədov rəhmətə gedəndən sonra isə o lentlərin taleyi məlum deyil.

 

Plagiatlın baş alıb getdiyi bir zamanda digər həmkarları kimi onun da haqqı tapdanır. Televiziya ekranlarında onun çəkdiyi kadrları tez-tez görürük. Amma kim bilir ki, onu məhz Nizami Abbas çəkib? Həyatı bahasına çəkdiyi tarixi kadrları çox vaxt adsız-filansız verirlər efirə.

 

Yeri gəlmişkən, xalqımızın müstəqillik tarixini, Qarabağ müharibəsini çəkib bizlərə təqdim edən, gələcək nəsillərə ötürən o qəhrəman insanlarımız elə də çox deyil, azdılar onlar. Seyidağa Mövsümlü, Çingiz Mustafayev, Fəxrəddin Şahbazov, Şakir Məmmədov, Şakir Eminbəyli, Tahir Qarayev, Fikrət, Ədil, Babək...

 

O dövrün şəkillərinə baxırıq Nizami bəylə. Hər şəkilin öz tarixçəsi var. Bir şəkildə əlini beş nəfərdən birinin üstünə qoyub heyfsilənir:

 

- Laçınlı Mübarizdir, qəhrəman oğul idi! Çox heyf, şəhid oldu!

 

Lentə köçürülə bilməyən anlar

 

Vəzir Orucovla bağlı yuxarıda qeyd etdiyimiz kadrdan söz salıram:

 

“Əslində o zaman çəkən az idi, cəmi bir neçə nəfər idik. Seyidağa Mövsümlü, Tahir Qarayev, Vaqif Dərgahlı və mən vertolyotla müxtəlif istiqamətə uçurduq. İndi o anları xatırladan bir kadr da var. Birimiz Laçına, birimiz Kəlbəcərə, birimiz Ağdərəyə, digərimiz isə Ağdama uçurduq. Çəkirdik, sonra birləşdirirdik. Ağdərədə Vəzir Orucovun düşmən arxasında həyata keçirdiyi bir əməliyyatı çəkə bildim. Mən təsadüfən Vəzirin olduğu qrupda yox, əməliyyat zamanı ona dəstək verəcək qrupla getmişdim. Bu qrupa rəhmətlik Elman müəllim rəhbərlik edirdi. İş elə gətirdi ki, Mənim olduğum qrup bir qədər gecikdi və Vəzir əməliyyata başladı. Onunla danışıqları lentə almışam. Vəzirin olduğu qrupun döyüşünün səsi gəlir, biz çatırıq ki, erməni əsgərləri indicə məhv edilib. Güllənin dəydiyi yerdən, erməni əsgərinin paltarından hələ tüstü çıxırdı. Həmin döyüşdə 57 erməni əsgəri məhv edildi. Onları çəkmişəm”.

 

Qeyd edək ki, o kadrlar tam halda ilk dəfə APA TV-yə, “Müharibə adamı” verilişinə təqdim etdi Nizami Abbas. Əvəzsiz kadrlardır!

 

Həmin döyüşün çox maraqlı bir hissəsi var. Amma...

 

“Erməni əsgərlərinin cəsədi olan yerdə durmuşduq. Qəflətən yandan bir erməni tankı çıxdı. Uşaqlar hərəsi bir tərəfə atılıb özlərinə mövqe tutdular. Mən də onlar kimi. Bu vaxt əsgərlərdən birinin qumbaraatanının kəməri ayaqlarıma dolaşdı. Yıxıldım, kamera yerə dəydi. Bu an Vəzir ermənin tankının yanında peyda oldu! Vurmaq üçün qumbaraatanı çiyninə qoyub düşmən tankını nişan aldı. Əla kadr idi. Əlimi atdım ki, çəkim, nə qədər düyməni basdımsa kamera işə düşmədi... yerə dəyəndə sıradan çıxmışdı... Vəzir tankı vurdu! Tank alışdı...”

 

O anları danışanda bir peşəkar kimi, vətənpərvər vətəndaş kimi heyfsilənir, kövrəlir...

 

Bəli müharibəni çəkən bu fədakar insanlar kameralarının yaddaşlarına köçürə bilmədikləri kadrları da danışaraq bizlərə, gələcək nəsillərə çatdırılar. Onları çox danışdırmaq lazımdır. Çəkə bilmədiklərini danışsınlar, o faktları bu şəkildə tarixin yaddaşına köçürsünlər.

 

Nizami Abbas bu günə qədər 54 bədi, sənədli filmin rejissoru, operatoru, ssenari müəllifi olub. Ciddi rəqəmdir. Xeyli mükafat və diplomlara layiq görülüb

“Sərhəd”-  1992-ci ildə I Beynəlxalq Aşqabad “Gümüş aypara” Ən yaxşı sənədli reportaj filminə görə diplom və mükafat.

“Sərhəd”-  1992 “Milli Mükafat” Azərbaycan Kinematoqrafçıları İttifaqı.

“Şeytan bazar”  - 1997 “Evro Azia” Almata Film festivalı.

                         1998 III Türk Dünyası Sinema Günləri.       

“Narahat adam”  - 2005  “Humay” Bakı.                            

“Qobustan”-  2007  “Beynəlxalq Turizm və Mədəniyyət Film Festivalı” Hindistan – Chairman.

 

Aşıq Ələsgər və babasının dəyirmanı

 

Otağında saz da görürük həmsöhbətimizin. Deyir, babasından qalma sazdır. Axı əslən Kəlbəcərdən olan babası Cəlal kişi saz ustası olub. Onun haqqında da sənədli bir film var. Digər maraqlı bir fakt ondan ibarətdir ki, Aşıq Ələsgər Cəlal kişinin atasının dəyirmanında işləyib. Babası Aşıq Ələsgəri canlı görən, onunla bağlı xatirələri olan nadir adamlardan olub. Köçkün həyatı, Kəlbəcər həsrəti olmasaydı bəlkə də Cəlal kişi hələ də yaşayırdı...

 

Nizamı sağlamlığını bu torpaq yolunda itirən vətəndaşlarımızdandır. Amma bunu yazmağımı istəmədi.

 

Hə, bir də onu dedi ki, nə qədər Qarabağ, Azərbaycan torpaqları işğal altındadır, bizim rahat yaşamağa haqqımız yoxdur!

 

[email protected]

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2425

Oxşar yazılar