Lent.az “Oxucu odası” layihəsini davam etdirir. Dərdiniz, sözünüz, probleminiz varsa, yazın. Bu dəfə “Oxucu odası”nın qonağı Bakı sakini Suğra Məmmədsalahovadı.
- Suğra xanım, əvvəlcə özünüzü tanıdın, lütfən. Kimsiz, nəçisiz?
- Tələbəyəm. Azərbaycan Dövlət İqtisad Universitetinin 4-cü kursunda oxuyuram. 20 yaşım var. 5 aylıq bir oğlum var. 2011-ci il noyabrın 18-də ailə qurmuşam. Amma ayrılmışıq.
- Səbəb?
- evləndikdən 3 ay sonra öyrəndim ki, narkomandı. Təzə evliydik, bətnimdə bir neçə aylıq körpə vardı. Övladıma qıymaq istəmirdim, arzuları puça çıxmış gənc bir qadın, üstəlik tələbə... Fikirləşdim ki, ona dəstək olum. Ümid elədim ki, vəziyyətdən bir yerdə çıxa bilərik. Alınmadı.
- Narkoman olduğunu necə bildiz? Neynirdi, məsələn, necə davranırdı? İstəyirəm ki, başqa qadınlar da evlilik kimi ciddi bir addım atmazdan öncə diqqətli olsunlar. Sözsüz ki, ömründə narkoman görməyən adam bunu həmən anlaya bilməz.
- Doğrudu, görməyən adam anlamaz. Əvvəlcə mən də anlamırdım ki, niyə belə qəribə hallara düşür. Ağlı başında olmurdu, heç bir məsuliyyət hiss yox idi, beyni çönürdü, gözünə heç nə görünmürdü, vaxtı gələndə hardan və necə olsa pul tapırdı. Heç nə vecinə deyildi, gecələr gəlmirdi, pul tələb edirdi, çantamdan pul oğurlayıb gedirdi, deyirdi ki, ailəndən pul al, ver mənə, anamdan gedib hər dəqiqə bir bəhanəylə pul qopardırdı. Gah deyirdi polis tutub, gah deyirdi maşını vurmuşam. İşə getmirdi, bilmirdim hara gedir, harda olur. Sonra özü etiraf elədi ki, uzun müddətdi narkotikdən istifadə edir. Başa düşürdüm ki, bunun sonu yoxdu.
- Boşanmaq qərarı verdiz…
- Ailəmə hər şeyi danışdım. Kömək oldular. “Ərə getmisən, qaxıl, otur” demədilər. Dəhşətə gəldilər. Boşanmaq üçün məhkəməyə müraciət elədim. Övladıma doğum haqqında şəhadətnamə almaqdan imtina etdilər .
- Bu necə olur? Uşağa doğum haqqında şəhadətnamə almaqdan imtina etmək…bunu necə əsaslandırdılar?
- Nə bilim…mən də sizin kimi təəccübləndim, şok keçirdim. Uşaq doğuldu, anam onlarla söhbət elədi, dedi ki, uşağa metrika almaq lazımdı. Onlar da alarıq, nə tələsikdi deyə-deyə axırda qızıl qırmızı imtina elədilər. Sonra gəlin köçdüyüm evə qeydiyyata düşmək və oğluma doğum haqqında şəhadətnamə almaq üçün Səbail rayon məhkəməsinə müraciət etdim. Sağ olsun, hakim Kəmalə Əmirxanova yəqin ki, həm də qadın olduğu üçün məni anladı. Həmin evə qeydiyyata düşməyimlə, yaşamaq və istifadə etmək hüququmla bağlı qərar imzaladı. Sevindim... sevindim ki, haqq var, ədalət var. Amma onlar əl çəkmədilər.
- Nə etdilər? Nə mənada əl çəkmədilər?
- Oğlumun babası hakimin çıxardığı qərara etiraz olaraq məni apellyasiya məhkəməsinə verdi. İşə baxan hakim İlqar Xələfov qərarı onların xeyrinə çıxardı. Bu prosesdə məndən də “şirinlik” istəyənlər oldu. Mən tələbəyəm. Amma ən əsası mən Azərbaycan vətəndaşıyam. Bu məbləği vermək imkanım olsa belə niyə verməliyəm? Bu cür əyri işlərə əl qoymağı, ölkəsinin qanunlarına sayğı duyan, özünə hörməti olan bir vətəndaş kimi ləyaqətimə, savadıma yaraşdırmıram. Niyə mənim haqqım tapdanmalıdı?
- Qərar nə idi?
- Məni, oğlumu yaşayış və istifadə hüququndan məhrum elədilər. Oğlumun atası o evdə qeydiyyatda deyil. Onu da qeydiyyata salmırlar. Bilmirəm, bunlar çox iyrənc işlərdi. Amma hakimin işi ədalətin tərəfində olmaqdı axı. Hakim niyə belə bir hökm çıxarır?! Bu onun öz vicdanına qalsın, amma öz hüquqlarına sahib çıxmaq da bizim işimizdi. 20 yaşım var. Məktəbi əla bitirmişəm, universitetə qəbul olmuşam. Ağlı başında, savadı yerində olan bir xanımam. Niyə mən susmalıyam, müti kimi kiminsə haqqımı yeməsinə gözümü döyə-döyə baxmalıyam. Aldanmışam, bunu etiraf edirəm. Yoldaşım məni aldadıb. Narkoman olduğunu deməyib. Məlum olub ki, yaşadığımız ev də onun adına deyil. Heç qeydiyyatı yoxdu. Sonra məlum olub ki, işsiz-gücsüzdü. Məlum olub ki , avaradı, xəstədi, ona ancaq pul lazımdı. Çirkin məqsədlərlə mənimlə ailə qurub. Özünü bizim çiynimizə yıxmaq, ailəmdən istifadə etmək istəyib. Və bu planı hazırlayan da onun ailəsidi. Amma məni indi bütün bunlar narahat etmir. Olan oldu. Məni hakimin ədalətsizliyi narahat edir. Bunu necə edə bilər?
- Belə hallar insanların dövlətə olan inamı sarsıda bilər. Əhalidə belə bir təsəvvür yaranır ki, qanun boş şeydi, qanuna məhəl qoyan yoxdu.
- Mən də ölkəmə, dövlətimə olan inamımın belə cavan yaşdan darmadağın olmasını istəmirəm. Bir vətəndaş böyüdürəm. İstəmirəm ki, böyük bir inamsızlıq içinə düşüb bu hissi ona da ötürüm. Mən istəyirəm ki, oğlum dövlətini sevərək böyüsün. Və mənimçün maraqlıdır, görəsən, bu cür qucağında körpəsiylə nə qədər ananın haqqı yeyilir, nə qədər, neçə yerdə qanun tapdalanır?.. Yenə də dövlətimə inanıram. Yoxsa sizə üz tutmazdım. İnandığım üçün Sizlərə böyük ümidlərlə müraciət etmişəm. İnanıram ki, mənim və 5 aylıq körpəmin haqqının tapdanmasına yol verməzsiniz. Mən Sizə həm bir gənc qadın, həm də bir ana, ən əsası bu ölkənin haqlı vətəndaşı kimi müraciət edirəm.
- Biz bu söhbəti və sizin problem yayımlayacağıq. Əminəm ki, məsələ həllini sizin xeyrinizə tapacaq.