“Cırtdan” firon ata, Hamletin “011”-i, Nübar müəllimənin hesabı - REPORTAJ
25 aprel 2013 16:43 (UTC +04:00)

“Cırtdan” firon ata, Hamletin “011”-i, Nübar müəllimənin hesabı - REPORTAJ

0

Lent.az-ın əməkdaşı “cırtdan”ların yaşadığı ailədə oldu

 

“Boyum böyük olsaydı, gedərdim Qarabağa”. Bunu 34 yaşlı Hamlet Qanbayev deyir. Hamlet yaşıdlarından fərqli 8-9 yaşında uşaq boyundadı. Ailəsi ilə birgə Qaradağın Qobustan qəsəbəsində yaşayır.

Hamlet danışmaqdan çox susmağa üstünlük verdiyi üçün onun haqqında daha çox anası Zöhrə xala danışdı.

- Bu uşaqların atası ilə ailə quranda iyirmi bir yaşım vardı. Qaynanam da, yoldaşım da, Hamletgil kimi qısaboy olub. Ailəm verdi, mən getdim. Daha nə edə bilərdim ki? Su töküldü qaba, oldu içməli.

Dörd oğul böyüdən Zöhrə xala sonbeşiyi qucağında  9 aylıq olanda həyat yoldaşını itirib. 27 yaşında dul qalan qadın uşaqları üçün həm ata olub, həm ana. Zöhrə xalanın indiki boyu, buxunu da cavanlığında gözəl  olduğundan xəbər verir.

 

- Gözəl bir xanım nədən qısaboy bir kişi ilə evlənib? Bu sualla tez-tez qarşılaşıbsız?

- Çox. Yol gedəndə daim arxamızca “booy, qadın böyükdü, yoldaşı balaca” deyərdilər. Nə yoldaşım, nə də mən bu cür sözlərə fikir verməzdik. Allah yaradan bəndəyə heç vaxt pis demək olmaz. Bizi belə öyrədib böyüklərimiz.

- Könül sevən göyçək olar. Bəlkə sevirdiniz, ona görə boyunun balacalığı  sizi narahat etməzdi?

- Bizlərdə sevmək yoxdu, böyüyümüz kimə verib ona da getmişik. Yoldaşımın boyunun balaca olmağına baxmayın, yaman firon adamıydı. Qızıl da, brilyant da balaca olur, amma qiymətli olur. Balacaboy olmağına baxma, yaman qıvraq adam idi, rəhmətlik. Toya-bayrama gedəndə hamı hörmətini saxlayardı. Qohum əqrəba arasında o boyu üç metr olanlardan da hörmətli var idi. Özü də çox qohumcanlı adamıydı. Ona görə də boyunun balacalığı gözə gəlməzdi.

- Hamiləlik vaxtı övladınızın qısaboy doğula biləcəyi fikri sizi qorxudurdu?

- Qorxmurdum, Allah verən paydır. Qurban olum Allaha. Dörd oğlum var. Nemətlə, Hamlet qısaboyludur, qalan ikisi hündür. Bələkdə olanda qısaboy olacağı bilinməzdi, yeriyən vaxtı bilindi. Övlad övladdır. Sevəndə boyunun hündürlüyünə, ya qısalığına baxılmaz.

Söhbət əsnasında Nemətin başı özünə  qarışmışdı. Hərdən başını qaldırıb bizə baxar, sonra yenə oyununa dalardı.

 

- Nemət mənim ilk övladımdı. Doğulanda başında problemi oldu. Onu böyütmək üçün qayınanamla mən çox zülm çəkdik. Hamletdən fərqli, o bir az uşaq kimidi. Daim nəzarət etmək lazımdı.

Səssizcə oturub analarının onlar haqqında dediklərini gözləri ilə təsdiqləyən Hamletlə söhbətləşirəm:

 

-  Boyumun balacalığına görə, hər kəs mənə qəribə baxardı, uşaqlar mənimlə oynamaq istəməzdilər. Daim oyunlardan kənarda qalardım. Bu da məni çox incidərdi. Kiçik qardaşlarımdan fərqli Nemətlə mən məktəbə getməmişik. Nübar müəllimə evə gəlib bizə dərs deyib. Onu çox sevirik. İndi toplama, çıxmanı da bilirik. Hətta latın əlifbasını da bilirik. Televizora baxa-baxa öyrənmişik.

Zöhrə xala əlavə edir:

- Bunları o vaxt məktəb qəbul etmədilər. Qayınanam da nazirliyə gedib ayrıca müəllimə istədi. 195 saylı məktəbin direktoru Allahverdi müəllim öz həyat yoldaşı Nübar müəlliməni bizim uşaqlara dərs deməyə göndərdi. Sağ olsun, bizim uşaqlara toplama, çıxma, vurma, bölməni öyrətdi.

- Hamlet, sizə gələndə gördüm normal maşın sürürsən. Bəs maşın sürməyi necə öyrənmisən?

- Əvvəlcə velosiped sürürdüm, sonra yavaş-yavaş qardaşımdan maşın sürməyi öyrəndim. Sonra qardaşım mənə “011” aldı. İndi də qardaşım uşaqlarını məktəbə, evdəkiləri ora-bura aparıb gətirirəm. Qəsəbədən kənara çıxmıram. Burda hamı bizi tanıyır, lazım gələndə kömək edirlər.

- Necə dolanırsan?

- Qırx dörd manat  yardım alıram. Amma bu pul çox azdı, bir aylıq siqaret pulumdu. Gündəlik işim yoxdur. Hərdən düşəndə uşaqların velosipedini düzəldirəm, elektrikdən yaxşı başım çıxır deyə, qonşuların elektrik işlərini görürəm.

- Ətrafınızda hər şey demək olar ki, böyüklərin boyuna hesablanıb. Bu sizə çətinlik yaratmır ki?

- Düzdü, çətinlikləri çox olur. Mağazalarda, dükanlarda piştaxtalar bizim boyumuzdan çox hündürdür. Amma burda hamı bizi tanıdığı üçün özləri kömək edirlər. Daha çox pilləkənlər problem yaradır. Mən yenə bir təhər çıxıb düşürəm. Nemət heç çıxa bilmir.

Evə gəldiyim ilk andan bir şey diqqətimi cəlb etdi. Çox mehriban ailədirlər. Uşaq təbiətli Nemətlə səbirlə davranırdılar. Evin gəlini Neməti öz övladlarından seçmir, “Nemət, köynəyini düzəlt. Nemət, corablarını geyin”. Bu vəziyyətdən ürəyimdə bir sual yarandı.

- Zöhrə xala, uşaq vaxtı da belə mehriban idilər?

 

-  Yox, nəinki ailəmizdə, heç qohumlar arasında da ayrı-seçkilik olmazdı. Bu yaşlarında belə qohum-əqrəba onları çiyinlərində gəzdirər.

- Bəs paltar seçmək necə?

- Uşaq vaxtı elə də çətin deyildi. Elə indi də Hamlet üçün paltar almaq asandı. Bədən ölçüləri xırda olduğundan uşaq köynəkləri alıram. Şalvarlarının da balağını kəsdirirəm. Amma Nemətin işi bir az qəlizdir. Ayaqqabıları və şalvarlarını “zakaz” tikdiririk. Belə hazır ayaqqabılar ayağını incidir. Toylara gedən daim təzə paltar geyinirlər.

- Toy demişkən, Hamlet, evlənmək istəyirsən?

- (Gülür) Elə bir qız yoxdur axı evlənəm? İnsanlar anlamırlar ki, hamını Allah yaradıb. Məni də. İnsan insandır. Gözdü, əldi, ayaqdı, onlarda da var, məndə də. Sadəcə ölçülərində fərq var. Mən demək istəyirəm ki, bir-birinin ətini yeməsinlər, mehriban olsunlar, yalan danışmasınlar. Ən başlıcası bizə qeyri-adi baxmasınlar.

- Hamlet, elə bir arzun var ki, boyun qısa olduğuna görə gerçəkləşdirə bilməmisən?

- Yox, elə bir arzum yoxdur. Nə olsun ki, boyum qısadır, sabah müharibə başlasa mən də gedəcəyəm. Ən azından güllə daşıyaram. Burdan əsgərliyə getmək istəməyən oğlanlara deyirəm ki, kişi olun, gedin vətəninizə qulluq edin!

Söhbətin şirin yerində Nemət başını oyunu qaldırıb “çay gətirin” dedi. Nemətin bu davranışı evdəkiləri güldürdü: “Deyəsən Nemətin xoşuna gəlmisən. Yoxsa, hər kəsə çay təklif etməz”.

Hamımız gülürük...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2508

Oxşar yazılar