Bilənlər bilir, sovet vaxtı rayonlarımızdakı şair və yazıçılar yerli qəzetlərin ədəbi dərnəklərində püxtələşərdi. Mən özüm hələ gənc yaşlarımdan rayonda çıxan “Həqiqət” qəzetinin nəzdindəki ədəbiyyat dərnəyinin üzvü olmuşam. Onda dərnəyin rəhbəri tanınmış şair İsa İsayev idi. Biz hər ayın sonuncu bazar günləri ədəbi müzakirələr üçün redaksiyanın yaradıcı insanlara ayırdığı zala yığışar, şeirlər oxuyar, ədəbi müzakirələr aparardıq.
Bu günlərdə İsa müəllimlə rayon mərkəzində təsadüfən görüşdük və keçmiş günləri xatırladıq.
- İsa müəllim, yadınızdadırsa, mən qəzetin ədəbiyyat dərnəyinə gələndə orta məktəb şagirdi idim.
- Necə yadımda deyil? İlk dəfə gələndə doqquzuncu sinif şagirdi olduğunu demişdin.
- Hə... Necə də yadınızdadı, hər şey... Arada yaş fərqimiz olsa da, Səlim müəllimlə dostluq eləyirdik. Səlim müəllimin yanından söz ötürmək mümkün deyildi.
- Səlim müəllim fenomenal yaddaşa malik idi. Bizə qədər yazıb-yaratmış el şairlərinin bütün yaradıcılığını hafizəsində saxlayırdı. Sabirin “Hophopnamə”sini tam əzbər bilirdi. Cavid kimi ağır şairin dramlarının əzbərdən deyirdi. Hadini əzbər bilirdi.
- Bəli, elə buna görə ona Səlim Sinədəftər deyirdilər. Füzulidən, Aşıq Ələsgərdən, Səməd Vurğundan bilmədiyi misra yox idi. Ümumiyyətlə, Səlim müəllimlə siz bizim üçün böyük məktəb olmusunuz.
- Hələ sən o dərnəkdə şeir oxuyana qədər bizim başımıza çox işlər gəlmişdi.
- Nə mənada?
- Yəni, mənim o dərnəyə rəhbər olmağıma qədər çox hadisələr olmuşdu. Bizim rayon qəzetinin ilk adı “Qızıl Tovuz” olub. 1939-cu ildə qəzetin nəzdində Hüseyn Bozalqanlı adına “Varislər” ədəbi klubu fəaliyyət göstərib. Onda aşıq Mirzə, aşıq Əsəd kimi yaradıcı adamlar Azərbaycan Yazıçılar İttifaqının üzvü olublar. Həmin vaxtlarda Hüseyn Bozalqanlı el şairlərini yığıb bir neçə şeir məclisi də qurubmuş. Sonradan araya müharibə düşüb. Şəxsən mən rayon qəzetinin ədəbi mühitinə 1957-ci ildən qoşulmuşam. Xronologiya ilə danışsam belədi, 1954-cü ildə Azərbaycan Pedoqoji İnstitutunu bitirib 1956-cı ilə qədər Keş kəndində müəllim işləmişəm. 1956-cı ildən təqaüdə çıxana qədər isə doğma kəndim Aşağı Alplıda dil- ədəbiyyat dərslərini aparmışam.
Həmin illərdə rayon qəzetinin adı “Sosializm kəndi” idi. Sonradan, 1962-ci ildə Qazax İstehsalat İdarəsi yarandı və Qazax, Tovuz, Şəmkir rayonları buraya daxil edildi. O zaman Qazaxda çıxan “Qalibiyyət bayrağı” adlı qəzet, bütün bölgə üçün mərkəzləşdirildi. Biz mərkəzləşmiş qəzetin ədəbi dərnəyində iştirak etmək üçün Qazaxa getməli olurduq. Mərkəzləşmiş qəzetin ədəbi dərnəyinə qazaxlılar, tovuzlular və şəmkirlilərdən başqa, Göyçə şairləri də gəlirdi. Biz həmin şeir məclislərinə o qədər maraq göstərirdik, hətta Qazaxa yük maşınlarının banında yollanırdıq.
- Bəs, sizdən başqa kimlər gəlirdi dərnəyə?
- Şəmkirdən Səyavuş Sərxanlı, Şamxal Rüstəm, Tovuzdan İbrahim Rüstəm, Ənvər Cahan, Qədir Hümmət, Qazaxdan Ələddin İncəli, Qara Qafqazlı, Göyçədən müxtəlif şairlər gəlirdi. Sonralar, yəni 1966-cı ildə yenidən Tovuz ayrıca öz qəzetini buraxmağa başladı. Təxminən 1970-ci illərdə baş redaktor Musa Musayev məni qəzetin ədəbi şöbəsinə rəhbər təyin elədi.
- Mən sizin yanınıza gələndə qəzet artıq “Həqiqət” adlanırdı.
- Bəli, “Pravda”nın imitasiyası. Sənin dərnəyə gəlməyin yadımdadı. Yeni dalğa mənə xoş gəlirdi: Vaqif Nəsibli, Müzəffər Sarıoğlu, Vurğun Əyyub, Bəhruzər, Məhərrəm Qasımlı, Dilqəm, Süleyman Saraylı, Namiq Əhmədli, Akif Əhmədli, Məzahir Azaflı, Teyyub Məhərrəmov, Nazim Muxtar...
- İsa müəllim, ancaq yaddaşımda o illərin çox maraqlı məqamları var. Məsələn, Həsən Mülkülü qoşma-gəraylıdan başqa şeir qəbul eləmirdi. Onun tələbi ilə şeirin sonunda mütləq möhürbənd olmalı idi. Səlim Sinədəftər lap tələbkar idi. Onun fikrincə, bir şeirdə qalın saitlə başlanan qafiyə sırasına incə saitli qafiyə düzmək olmazdı. Bu mənada mən özümü o dərnəkdə klassik şeirin akademik məktəbini bitirmiş kimi bilirəm. Yadımdadı, bir dəfə dərnəkdə sərbəst şeir oxudum, Həsən Mülkülü papağını geri itələyib üstümə qışqırdı ki, ayə, bu nə şeirdi. Çaşıb qalmışdım. Sonralar o günlər yadıma düşəndə məni gülmək tutur. Onlar ədəbiyyatın radikal mühafizəkarları idilər, qafiyəsiz şeiri qəbul eləmirdilər. Bütün bu tələbkarlığı, konservatorluğu ilə bərabər, Səlim müəllim çox məzəli, dinamik adam idi.
- Həsən müəllim də yumorlu adam idi. Həmin gün sən gəlməmişdin, rayonun özündən olan şair Qaib adlı yaşlı kişi dərnəkdə xeyli bərbad şeir oxudu. Hamımız qalmışdıq belə, ağsaqqal kişiyə necə başa salaq ki, bunlar şeir deyil. Ona görə dedim, Həsən müəllim hamımızdan təcrübəlidi, xahiş edirəm, bu şeirlər haqda bir neçə kəlmə söz desin. Həsən müəllim şair Qaib haqda gözlənilməz təriflər söylədi və sonda belə dedi: “Atamın goru haqqı, belə şeirləri Qaibdən başqa heç kim yaza bilməz!” Qaib kişi dəliqanlı adam olduğundan, hərəmiz bir şeyi bəhanə gətirib gülürdük. Belə məclislər üçün tam təcrübəsiz olan Akif Əhmədgil söz aldı və qalxıb şair Qaibin oxuduğu şeirləri möhkəm tənqid elədi. Qaib kişinin beyni qızdı, söyüşlərlə Akif tərəfə cumaraq bağırdı: “Ayə, cüllüt, sən Həsən Mülkülüdən çoxmu bilirsən?” Akifi kişinin əlindən zorla aldıq.
- Akifin halını təsəvvür eləyirəm. Xatırlayıram, belə məzəli hadisələr çox olurdu dərnəkdə. Bir dəfə hansısa dağ kəndindən yaşlı bir kişi gəlib şeir oxudu. Səlim müəllim qalxıb dedi, kişi, əla şeirlərdi, ancaq qafiyələrin yerində yaxşı oturmur, laxlayır. Kişi soruşdu ki, bəs nağayırm? Səlimin eyhamını göydə tutan Musa müəllim üzünü kişiyə tutub dedi, a kişi, kəndinizdə cökə ağacı varmı? Kişi dedi, hə! Musa müəllim dedi, o cökədən xırda çüylər (balaca pazlar) düzəldib qafiyələrin qıraqlarına vur ki, sözlərin oynaqlamasın. Onda hamımız gülüşdük. Kişinin özü də bizə qoşulub möhkəm güldü.
- Hə, onların bu tipli söhbətləri məclisdəki gərginliyi götürürdü.
- İsa müəllim, şair Həsən Mülkülü də müəllim olub, hətta məktəb direktoru işləmişdi. Ancaq köhnə kişilər kimi dəri papaq qoyardı. Sizi isə həmişə şlyapada görmüşəm. Nə vaxtdan şlyapada gəzirsiniz?
- Şlyapa bizim tərəflərə, məncə, Rusiyadan gəlmişdi. Adətən, 60-70-ci illərdən ziyalıların və vəzifəli şəxslərin şlyapa qoymağı dəb halını almışdı. Fərman adlı müəllim yoldaşım vardı, həm də dostum idi. Bir gün israr elədi ki, sən də şlyapaya keç. Nəsə, sözü ağlıma batdı, hardasa, 1980-ci ildən şlyapa qoyuram.
- Neçə il müəllimlik eləmisiniz?
- 62 il müəllim işləmişəm. Bir şeirimdə deyirəm:
Bəli, müəlliməm, şərəfdi işim,
Günəş şüasıyam, sərin mehəm mən.
İnsanlar üçündü könül atəşim,
İnsan taleyinə cavabdehəm mən.
- Doğrudan da, insanın yetişməsində əsas işi müəllim görür. Müəllim, bəs metodikanıza şagird döyməyi əlavə eləmişdinizmi?
- Döymək yox, qulaqburması olurdu. Mən şagirdlərlə mehriban davranan adamam, ona görə bir sərt baxışım hər şeyi həll eləyirdi.
- Sizi həm böyük müəllim, həm də el şairi kimi tanıyırıq. El şairlərindən hansı müasirlərinizlə deyişmisiniz?
- Kimlərlə deyişməmişəm ki? İsmayıl Sadıxlı, Azaflı Mikayıl, Kəmsavad, Səlim Sinədəftər, Bəhmən Vətənoğlu, Vaqif Nəsibli...
- İsa müəllim, özünüz bilirsiniz, xətrinizi çox istəyirəm, sizi bu yaşda belə gümrah gördüm, xeyli sevindim. Yəqin, belə gənc qalmağınızda xanımınızın rolu az olmayıb.
- Qocalmaq olmaz Murad! Gələn il xanımımla evliliyimizin 60 illiyini, brilyant toyumuzu keçirəcəyik. Bəri başdan sən də xanımınla dəvətlisən.
- Təbiət sizə çoxlu ömür və can sağlığı versin, mütləq gələcəyik!