2013-cü ildə BMT-nin təşkilatçılığı ilə Fransanın cənubunda keçirilmiş İçməli Su Forumuna 140 ölkədən 20 minə qədər iştirakçı yığılır. Xeyriyyə məqsədi ilə təşkil olunmuş Forumda çıxış edənlərin sözlərinə görə, dünyada hər on nəfərdən biri içməli su problemindən əziyyət çəkir. Minlərlə insanın həyatını çirkli sulardan və epidemiyadan xilas etmiş Reyçel Bekvis adlı doqquz yaşılı qızcığazın adı bu Forumda tez-tez hallanır. Bəs Reyçel kimdi?
Günlərin birində “Charity: Water” adlı xeyriyyə təşkilatının rəhbəri Skott Harrison çıxış etmək üçün Sietl şəhərinə gəlir. Hələ doqquz yaşı tamam olmamış Reyçel anası ilə həmin təşkilatın kilsədə təşkil etdiyi tədbirə qoşulur. Kilsənin səhnəsinə qalxan Skott Harrison yoxsul ölkələrdə ciddi problemə çevrilmiş içməli su çatışmazlığından danışır. Çirkli sudan istifadə etdiyinə görə planetimizdə hər gün dörd-beş min adam əzablar içində həyatı ilə vidalaşır. Skott fikirlərini əsaslandırmaq üçün Afrika ölkələrində içi həşərat dolu çirkli su içən insanların görüntülərini də çıxışına əlavə edir. İçməli su axtaran, müxtəlif infeksiyalardan bədəni çürüyən insanların acınacaqlı həyatının videogörüntüləri tədbirdəki insanları şoka salır.
Öz tədbirlərini əsasən kilsələrdə təşkil edən, kilsə səhnələrindən səslənən missioner fəlakətdə olan insanlara yardım etməyin ən asan yollarını söyləməyi də unutmur: “Bu xeyirxahlığı hər bir dinləyici ən azı ildə bir dəfə həyata keçirə bilər. Hər biriniz ad günündə doğmalarınızdan və dostlarınızdan müxtəlif hədiyyələr alır, tədbirlər düzənləyirsiniz. Siz bu dəfə ad gününüz ərəfəsində hədiyyələrin yerinə pul vəsaiti toplaya, həmin vəsaitlə içməli su tapa bilməyən insanlara yardım edə bilərsiniz. Təşkilatımız yığılan həmin vəsaitlərlə su tapılmayan bölgələrdə quyular qazdırıb insanları suya qovuşdurur”.
Missionerin çıxışından və videogörüntülərdən bərk təsirlənən Reyçel anasının köməkliyi ilə həmin təşkilatın saytında səhifə açır və ad günündə ona hədiyyə etməyə hazırlaşan doğmalardan səhifənin hesabına pul köçürmələrini xahiş edir. Qızcığaz susuzluqdan əziyyət çəkən 15 uşağı xilas etmək arzusu ilə 300 dollar toplamağı qərara alır.
İki həftədən sonra bütün Amerikanı bir bəd xəbər sarır. Belə ki, Sietli şossesində qəza baş verir və iyirmiyə yaxın maşın toqquşur. Qəzaya düşənlərin arasında Reyçelin ailəsi də olur. Bu zəncirvari maşın qəzasında əzilənlər və yaralananlar olsa da, Reyçeldən başqa ölən olmur. Arzusunda olduğu xeyirxahlıq üçün ad günü ərəfəsində hələlik cəmi 160 dollar toplaya bilən Reyçel onurğa sütunundan güclü zədə alır və çatdırıldığı reanimasiya şöbəsində keçinir.
Faciəni eşidən Skott Harris çox təsirlənir və təşkilatın saytında Reyçel haqda yazaraq qızcığazın səhifəsini yenidən gündəmə gətirir. Missioner yazır: “Bu faciədən sonra onun anası ilə görüşdüm. Sən demə, mən Sietlidə çıxış edərkən Reyçel də sual vermək üçün növbəyə duran uşaqların arasında olub. Lakin anası işə tələsdiyinə görə qızcığaz öz növbəsini axıra qədər gözləyərək sualını verə bilməyib. Heyf ki, o gözəl qəlbli varlığı həyatda canlı görə bilmədim...”
Reyçelin hesabına nəzarət eləyən təşkilat rəhbəri Skott Harris sonralar öz müsahibəsində deyib: “Reyçel haqda kilsələrdə yayılan xəbərdən sonra onun hesabına qəfildən pul axını başladı. İlkin günlərdə bu vəsait 100 min dollara qədər qalxdı. Biz nə baş verdiyini anlaya bilmirdik. Sonra vəsait sürətlə artaraq 200 minə, 500 minə çatdı. Bir neçə aydan sonra Reyçelin hesabındakı pullar bir milyonu ötdü. Səhifəyə on minlərlə dəstək məktubu ünvanlayır, təsirli sözlər yazırdılar. Dünyanın hər tərəfindən uşaqlar evdə topladıqları pulları Reyçelin hesabına köçürməyə tələsirdi. Hesabda bir milyon iki yüz min dollar vəsait olanda biz artıq anladıq ki, bu pul qızcığazın arzuladığı kimi 15 adamın yox, 60 min adamın həyatını xilas edəcək...”
Doqquz yaşlı qızını itirən ana Samanta Pol bu kədəri tam yaşamamış onu müxtəlif televiziya verilişlərinə dəvət edir, Reyçel haqda danışdırırlar. Gözəl qəlbli qızcığazı ilə fəxr edən ana belə söyləyir: “İnsanlardan gördüyümüz böyük sevgi və dəstək məni çox təsirləndirir. Bu ağrı dolu xoşbəxtliyi sözlə ifadə edə bilmirəm...”
Anasının söylədiyinə görə, pul toplamaq işi Reyçelin birinci xeyriyyəçiliyi deyilmiş. Sən demə, bu balaca qız iki dəfə öz saçlarını uzadaraq, kəsib xərçəng xəstəliyindən saçı tökülmüş uşaqlara parik üçün hədiyyə edibmiş. Avtomobil qəzasından sonra isə Reyçelin salamat qalan orqanları ilə bir uşağı ölümdən xilas eləyiblər. “Charity: Water” təşkilatının rəhbəri Skott Harrison böyük stadion tədbirində Reyçelin anasını yenidən təqdim edərək belə deyib: “Biz Reyçelin ölümünün ildönümündə xanım Samantanı da götürüb Afrika əyalətlərinə gedəcəyik. Orada su çəkilmiş bölgələrdəki insanların sevincini görəcəyik, yeni-yeni su quyuları inşa edəcəyik. Biz təmiz suya qovuşan adamları Reyçelin adından anası ilə birlikdə salamlayacağıq!”
Samanta Pol isə missionerin sözlərini belə tamamlayır: “İçməli su çağlayan yerlərdə sevinən insanları görəndə, üzünə təbəssüm qonan Reyçeli səmada, başımızın üstündə hiss edəcəm!”