İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Mingəçevir və Yevlax rayonunda oktyabrın 2-dən 15-dək süd vəzisinin xərçəngi, oktyabrın 9-dan 22-dək prostat vəzi xəstəliklərinin profilaktikasına həsr olunmuş sağlamlıq həftələri təşkil edib. Agentlikdən Lent.az-a verilən məlumata görə, süd vəzisi sağlamlıq həftələri ərzində müxtəlif yaş qruplarına aid 552 qadın tibbi müayinələrdən keçib.
Müraciət edən vətəndaşların 53 nəfəri 16-25 yaş, 134 nəfəri 26-35, 149 nəfəri 36-45 yaş, 122 nəfəri 46-55 yaş, 86 nəfəri 56-70 yaş arasında, 8 nəfəri isə 70 yaşdan yuxarı olublar. Müayinələr zamanı 379 nəfərdə süd vəziləri ilə bağlı patologiyalar və yenitörəmələr aşkarlanıb.
Sidik-cinsiyyət sistemi xəstəliklərinin erkən aşkarlanması, mümkün qədər tez müalicəyə cəlb edilməsi məqsədilə təşkil edilmiş və prostat vəzi xəstəliklərinin profilaktikasına həsr olunmuş sağlamlıq həftələrində 197 nəfər kişi müxtəlif şikayətlərlə ASM-lərə müraciət edib. Müayinələrdən keçənlərin 3 nəfəri 0-15 yaş, 9 nəfəri 16-25 yaş, 36 nəfəri 26-35, 35 nəfəri 36-45 yaş, 36 nəfəri 46-55 yaş, 55 nəfəri 56-70 yaş arasında, 23 nəfəri isə 70 yaşdan yuxarı olublar. Sidik-cinsiyyət sistemindən şikayətlərlə bağlı müraciət etmiş 197 nəfərin 110-da erkən mərhələdə müxtəlif xəstəliklər (prostatit, uretrit, prostat vəzin adenoması, sistit, pielonefrit və s.) aşkarlanıb.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Milli Onkologiya Mərkəzi (MOM) ilə birlikdə oktyabrın 10-dan 12-dək Yevlax şəhər Ailə Sağlamlıq Mərkəzinin ərazisində yerləşdirilmiş MOM-un Mobil Diaqnostik Kompleksində müayinələr təşkil edilib.
3 gün ərzində davam edən müayinələr ərzində 482 nəfərə xidmət göstərilib və ümumilikdə 1404 müayinə aparılıb. 88 nəfər mammoqrafiya, 77 nəfər rentgenoqrafiya, 298 nəfər isə ultrasəs müayinəsindən keçıb. Müayinələr zamanı 8 nəfərdə süd vəziləri, 24 nəfərdə qadın cinsiyyət üzvləri (uşaqlıq, uşaqlıq boynu, yumurtalıq və s.), 4 nəfərdə qalxanabənzər vəzi ilə bağlı patologiyalar və yenitörəmələr qeydə alınıb. 10 nəfərdə isə müxtəlif formada sidik-cinsiyyət sistemi ilə bağlı patologiyalar aşkarlanıb.