41 min "yadplanetli", döşlərini kiçildən kişilər, ölümcül əməliyyatlar - <span style="color:red;">ARAŞDIRMA
03 may 2018 15:18 (UTC +04:00)

41 min "yadplanetli", döşlərini kiçildən kişilər, ölümcül əməliyyatlar - ARAŞDIRMA

0

 

 

Hazırda ölkəmizdə bir plastik əməliyyat bumu yaranıb desək yanılmarıq. Gəncindən qocasına, kişisindən qadınına hər kəs gözəlləşmək, cavanlaşmaq uğrunda “bıçaq altına” yatır. Saç əkdirən kim, piylərindən qurtulan kim, qırışlarını dartdıran, sinəsini böyütdürən kim...

 

Burun kəsdirmə əməliyyatı isə o qədər geniş vüsət alıb ki, ətrafa baxdıqda təbii burunlu qız tapmaqda çətinlik çəkirsən. Getdikcə insanlar plastik əməliyyatlar vasitəsilə təbii görünüşlərini dəyişdirərək, yad planetlilərə bənzəməyə başlayıblar. Müasir dövrün gözəllərinin ümumi portretini çəkmək istəsək təxminən belə bir gözəl çıxar ortaya.

 

Kəsik burun, gellə doldurulmuş şişkin dodaqlar, iri dovşan dişlər, taxma saçlar, tatuaj qaşlar, əməliyyat vasitəsilə irəliyə və ya arxaya çəkilmiş çənə...

 

Amma bu portretə hansısa xarakter vermək, hisslərini üzə çıxarmaq istəsən, bax bunu bacarmayacaqsan, çünki təsvir etdiyimiz bu gözəl əsl hisslərini büruzə verməkdən qorxur. Azacıq bir emosiya plastik əməliyyat vasitəsilə dartdırdığı üzünü bir andaca xarab edə bilər axı...  

 

Gözəllik qurban tələb edir...

 

 

Ancaq gözəllik anlayışı ilə bağlı tək dəyişməyən həqiqət odur ki, o hər zaman qurban tələb edir. Nədən ki, estetik plastik əməliyyatlar zamanı istədiyi nəticəni almayan və sağlamlığından olan pasiyentlər kifayət qədərdir. Elə mətbuatda da vaxtaşırı bu cür qalmaqallara rast gəlirik. Bəzisi dodağına vurulan gelin keyfiyyətsizliyindən, bəzisi əməliyyat zamanı burnunda qalan sapdan, iybilmə qabiliyyətini itirməsindən, nəfəsalmada yaranan problemdən, kimisi də gözlədiyinin əksinə tamamilə eybəcər bir üz görünüşünün ortaya çıxması səbəbindən narazılıq edir, hətta bununla bağlı məhkəmələrə müraciət edirlər.

 

Bu yaxınlarda isə 73 yaşlı xalq artisti Amaliya Pənahovanın üzündə apardığı plastik əməliyyat sosial şəbəkələrdə geniş müzakirələrə səbəb oldu. Əksəriyyət A. Pənahovanın plastik əməliyyat səbəbindən tamamilə tanınmaz hala düşdüyünü və bunun ona yaraşmadığını bildirdilər. Uğursuz əməliyyat səbəbindən həqiqətən də üzündə dəyişiklik yaranan xalq artisti özü isə bütün bu deyilənləri ona qarşı hörmətsizlik kimi qələmə verdi və əməliyyat etdirməyin pis bir şey olmadığını bildirdi. 

 

Hətta plastik əməliyyat zamanı həyatını itirənlər də olur.

 

Bir neçə il əvvəl artıq çəkidən əziyyət çəkən müğənni Reyhan Müslümovanın acı sonluğu yəqin ki, hamının yadındadır. Şəkər xəstəsi olduğundan bir çox həkimlər onu əməliyyat etməkdən imtina edirdilər. Lakin riskin altına girməyə hazır olan cərrah tapılır. 2002-ci ilin mart ayında Bakıdakı 5 saylı xəstəxanada liposaksiya əməliyyatı keçirən sənətçinin şəkəri yüksəlir, o komaya düşür və həyatını itirir. Cərrah Məhəmməd Xəlilov isə törətdiyi əmələ görə bir neçə il işindən uzaqlaşdırılır.

 

Bəs görəsən plastik əməliyyatların statistik göstəricisi necədir?

 

Plastik əməliyyatlar daha çox hansı yaş aralığında aparılmalıdır? Bu cür əməliyyatlar kimlərə məsləhət deyil? Əməliyyatın nəticəsindən narazı qalan pasiyent öz hüquqlarını necə müdafiə etməlidir? Lent.az estetik plastik əməliyyatlarla bağlı kiçik araşdırma aparıb. 

 

5 il ərzində 40,9 min plastik cərrahiyyə əməliyyatı

 

Dövlət Statistika Komitəsindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Səhiyyə Nazirliyinin məlumatına əsasən,  2012 - 2017-ci illər ərzində Azərbaycanda 40,9 min plastik cərrahiyyə əməliyyatı keçirilib. Onların yarıdan çoxu burunda aparılan əməliyyatlardır. Əməliyyat olunanların 14,3 faizi 0-17 yaşlı uşaqlar, 85,17 faizi 18 yaş və yuxarı yaşlı şəxslər olub.

 

Plastik əməliyyatlar zamanı hansısa ölüm halı və ya fəsadlarla bağlı suala cavabda isə qeyd olunub ki, Səhiyyə Nazirliyindən bu məlumatlar toplu şəkildə verildiyi üçün bununla bağlı daha müfəssəl məlumat yoxdur.

 

Bir burun əməliyyatı 45 dəqiqə çəkir

 

Azərbaycan Plastik Cərrahlar Assosiasiyasının sədri, Beynəlxalq Plastik Cərrahiyyə Assossiasiyasının həqiqi üzvü, cərrah-həkim Vaqif Qələndər Lent.az-a deyib ki, müraciət edən hər şəxsi plastik əməliyyat etmək olmaz: "Eləsi var ki, burnunda nəfəsalma problemi var, ya yıxılıb burun sümüyü əyilib, kosmetik görüntüsü də yaxşı deyil. Cəmiyyət içinə çıxanda utanır. Əyri burunu nə qədər makiyajla gizlədəsən?! Bir yerə gedəndə insan özünə əl gəzdirir, saçını, üzünü bəzəyir. Bütün bunlara bir saat vaxt gedir. Bir burun əməliyyatı da 45 dəqiqə çəkir. Tutaq ki, üzdə hansısa bir qüsur var. Cərrahiyyə elə inkişaf edib ki, hər gün mənfi emosiya ilə oyanmaqdansa, həmin problemlərdən qurtulmaq mümkündür. Əgər bu yol varsa, nədən olmasın? Amma bir də görürsən heç bir problemi yoxdur, burnu da gözəldir, sifəti də. Əlində tutduğu jurnaldan şəkil göstərir ki, məni ona oxşat. Deyirik, üz quruluşunuz, cizgiləriniz elədir ki, dəyişmək olmaz. Dəyişsək, üzünüzün quruluşu pozular. Beləsini əməliyyat etmirik. Amma doğrudan da yıxılıb, travma alıb, bir qüsuru var, genetik olaraq atasının, babasının burnu yekədir deyə qızın da burnu yekədirsə və bunu da 45 dəqiqəyə düzəltmək mümkündürsə, niyə eləməyək? O vaxtı deyirdilər ki, plastik əməliyyat etdirmək dini-nöqteyi nəzərdən düzgün deyil. Amma bunlar yanlış fikirlərdir. Bir pasiyentim vardı. Əmiuşağı idilər və nişanlanmışdılar. Qız yol qəzasına düşəndən sonra sifət sümüyü çökmüşdü, eybəcərləşmişdi. Oğlan almırdı onu. Qızı əməliyyat etdim və evləndilər”.

 

V. Qələndər məlumat verir ki, plastik cərrahiyyədə 6800 əməliyyat üsulu var: “Bunlardan yalnız 25 faizi estetikadır. Burun, qulaq, üz, qırış, piy... Qalanı isə anadangəlmə deformasiyalar, qurdağız, dovşandodaq, barmaqlar yapışıq, yanıq, bədəndə çapıqlar, travmadan sonra toxuma rekonstruksiyası kimi ağır əməliyyatlardır".

 

LOR-dur, amma plastik cərrahiyyə həyata keçirir

 

Bütün əməliyyatlarda olduğu kimi plastik cərrahiyyədə də fəsadlar ola bilər. Yaxud əməliyyat olduqdan sonra ona düzgün qulluq olunmursa, vaxtlı-vaxtında kontrola gəlmirsə, nəzarət olunmursa, bəzi problemlər ortaya çıxa bilər. Burada əsas odur ki, mütəxəssis seçimini düzgün edəsən. Plastik cərrahiyyə əməliyyatını qeyri mütəxəssislər də həyata keçirirlər. Ona görə də pasiyentlər həkim seçimində diqqətli olmalıdırlar. Bu işi bir çox hallarda mütəxəssis olmayanlar da həyata keçirir: “Baxırsan ki, ümumi cərrahdır, yaxud lordur, amma plastik cərrahiyyə həyata keçirir, pasiyentlər də özlərini onlara həvalə edirlər. Baxmayaraq ki, bunlar ayrı-ayrı sahələrdir”- deyə o qeyd edir.

 

V. Qələndər deyir ki, bütün cərrahiyyə əməliyyatlarından qabaq xəstə ilə həkim arasında müqavilə imzalanır: “Bu, istər apendisit əməliyyatı, istər estetik əməliyyat olsun, cərrahla xəstə arasında əməliyyat razılığı ilə bağlı kağız imzalanır. Bu, dünyada da belədir, Azərbaycanda da. O da həqiqətdir ki, xəstələr hamısı əməliyyatlardan razı qala bilməz. 500 xəstədən 2-3-ü narazı olur həmişə”.

 

Sinə böyütmək üçün vurulan gel təhlükəlidir

 

Dodaq –damaq yarığının qüsurları uşaqlarda erkən yaşlarda, məktəbə getməzdən qabaq aradan qaldırılmalıdır deyən həkim məlumat verir ki, üzdə olan burun, sifətdə olan toxumaların estetikası isə müəyyən bir yaşdan sonra həyata keçirilməlidir: “Məsələn, burun əməliyyatı 14-18, sifətin sallanması 40 yaşdan sonra həyata keçirilməlidir. Hər deformasiyanın öz yaş seçənəyi var. Sinə böyütmə əməliyyatları zamanı istifadə olunan implantlar xaricdə sertifikat almış implantlardır. Onlar xüsusi icazə ilə dünyada istifadə olunur və heç bir problem yaratmır. Amma sinə böyütmək üçün vurulan gel təhlükəlidir”.

 

Cərrahi yolla döşlərini kiçiltmək istəyən kişilər var

 

Plastik və estetik cərrahiyyə üzrə mütəxəssis, tibb üzrə fəlsəfə doktoru Mirsaleh Abdullayev Lent.az-a bildirir ki, plastik cərrahiyyə ilə bağlı müraciətlər yaşa, cinsə görə dəyişir: “Məsələn, kişi pasientlərimiz ginekomastiya - döşlərin həddindən artıq böyük olması səbəbi ilə klinikamıza gəlirlər. Belə kişilərdə cərrahi yolla döşlər kiçildilir. Bu xəstəlik kişilərdə hormonal pozuqluq nəticəsində yaranır. Yeniyetməlikdən sonra sinə böyük qalır və biz bunu ləğv edirik. İdmanla məşğul olsa da, yağlarını əridə bilməyən kişilər liposaksiya üçün müraciət edirlər. Əsasən də qarın bölgəsindəki piylərin əridilməsi üçün daha çox müraciət olunur. Son zamanlar bir neçə kişi pasientimizə üst-alt göz qapağı əməliyyatı da keçirmişik. Bir də kişilərdə şəlpəqulaq əməliyyatını həyata keçirmişik”.

 

Xanımlar implant vasitəsilə sinələrini böyüdürlər

 

M. Abdullayev deyir ki, gənc xanımlar burun əməliyyatı üçün daha çox müraciət edirlər: “Ana olan qadınlarda aqumentasyon mamoplastika - sallaq süd vəzilərinin dikləşdirilməsi əməliyyatını icra edirik. Bir az orta yaş və üstü xanımlarda 3-cü, 4-cü dərəcəli mastopitozlar olur, yəni süd vəzilərinin həddindən artıq böyük və sallanmış olması. Bunun kiçildilməsini həyata keçiririk, buna reduksiyon mamoplastika deyirik. Orta yaşdan yuxarı, bir az yaşlı qadınlarda üz gərmə əməliyyatı, göz qapaqlarının bleforaplastikasını həyata keçiririk. Bununla yanaşı, gənc xanımlarımızda süd vəzilərinin kiçik olması ilə bağlı kompleks yaranır. Biz onlara implant vasitəsilə sinələrin böyüdülməsi əməliyyatı edirik. Qadınlarda bir neçə doğuşdan sonra qarın düz əzələ yatağının diastazı olur, eyni zamanda “fartuk” əmələ gəlir. Onu da abdominoplastika əməliyyatı, yaxud da liposaksiya ilə ləğv edirik. Klinikada balefrik cərrahiyyə icra olunur, yəni arıqlatma cərrahiyyəsi. Kök adamlar mədə kiçiltmə əməliyyatı etdirir, ondan sonra həmin pasientlər kəskin arıqlayır. Bu zaman bədənin müxtəlif yerlərində dəri sallanmaları olur. Qol altında, qarın nahiyəsində və sair bunları gərməklə artıq dəri hissələrinin götürülməsini həyata keçiririk”.

 

Geli vurdurandan sonra peşman olub çıxartdırırlar

 

Kütləvi halda xanımların dodaqlarına gel vurdurmasına da münasibət bildirən cərrah qeyd edir ki, bununla bağlı müəyyən dəyişiklik yaranıb: “İndi də dodaqlara gel vurdurma halı çoxdur, amma geli vurdurandan sonra peşman olub çıxartdırırlar. Həmin gelləri dodağa vurandan bir müddət sonra o gellərin lokal toplanması olur, yumru vəz şəklində. Buna görə də çıxartdırırlar”.

 

“Əlbəttə ki, hər bir əməliyyatın fəsadı və ağırlaşmaları olur. Tutaq ki, göz qapaqlarının əməliyyatı zamanı, göz qırpılmasında çətinliyin olması da bu fəsadlardan biridir. Artıq dəri korreksiyası götürülərsə, yanlış əməliyyat icra olunarsa, bəli, göz yummada problem əmələ gələ bilər. Amma burada bəlli bir ölçülər var və icra olunan standartlara uyğun olaraq bunu həyata keçiririk. Blefaroplastika əməliyyatları zamanı xəstələri oftalmoloq konsultasiyasına göndəririk. Tutaq ki, gözdə zəiflik var. Oftalmoloq əks göstəriş verirsə, biz əməliyyat etmirik”-deyə o bildirir.

 

Süd vəzində aparılan əməliyyat xərçəngə səbəb olar?

 

"Qadınlarda süd vəzilərində aparılan əməliyyatlar hansısa fəsadlara, ya elə xərçəngin yaranmasına təkan verə bilərmi" sualına da aydınlıq gətirən M. Abdullayev məlumat verir ki, implant süd vəzisinin və böyük döş əzələsinin altına qoyulur: “Adətən biz bunu böyük döş əzələsinin altına qoyduğumuz üçün süd vəzisinə bir zərər toxunmur. Bu, süd vəzisinə nə kanserogen təsir göstərir, nə də gələcəkdə süd vermə ilə bağlı problem yaradır. Sadəcə laktasiya dövründə analarda bir az süd vəzisinin həcmi artır, sonra yenə də yığışır. Bununla yanaşı bu cür əməliyyata gələn bütün pasientlərimizi onkoloq-mammoloqun konsultasiyasına göndəririk. Orada ultrasəs müayinəsindən keçir. Lazım olarsa, mammoqrafiya olunur. Hər hansı fibralgioma, böyük ölçülü kista, yaxud xoşxassəli, bədxassəli şişə rast gəlinərsə, əməliyyatı icra etmirik”.

 

“ Cinsi azlıq nümayəndələri də plastik əməliyyat üçün müraciət edirlər. Onlar adətən süd vəzisinə implant qoyulması, yaxud süd vəzilərinin kiçildilməsi, həmçinin liposaksiya, "popo" düzəltmək üçün müraciət edirlər”-deyə o qeyd edir.  

 

Pasiyentin hüquqları necə qorunmalıdır?

 

Plastik əməliyyatlar zamanı pasiyentlərin hüquqlarının necə tənzimlənməsi ilə bağlı məsələyə aydınlıq gətirən hüquqşünas Səbuhi Axundov deyir ki, əməliyyatdan əvvəl xəstə ilə həkim arasında müqavilə bağlanır: “Hansı ki orada əməliyyatın xərci, əməliyyatın keçirilməsi, hansı qaydalara əməl edilməsi və sair ilə bağlı məsələlər öz əksini tapır. Burada hüquqi normalar belədir ki, sağlamlığa vurulmuş istənilən zərərə görə miqdar müəyyənləşdiriləndən sonra onunla bağlı avtomatik olaraq məhkəmə başlanılır”.

 

“İşlərimdə belə bir hadisə olmuşdu. Düzdür, burada əməliyyat deyildi, lazer epilyasiyası zamanı xanımda ləkələr əmələ gəlmişdi. Onun sağlamlığına ziyan vurulmuşdu. Onunla bağlı biz məhkəməyə müraciət etdik. Həm onun pulu qaytarıldı, həm də əlavə olaraq kompensasiya ödəndi. Eynilə də bu, plastik cərrahiyyədə də keçərlidir. Həkim tərəfindən vurulmuş, aradan qaldırılması mümkün olmayan hansısa bir fəsadla (tutaq ki, burun həddindən artıq kiçildilib və ya əksinə) bağlı istənilən pasiyent məhkəməyə müraciət edib, həkimdən təzminat tələb edə bilər. Fərqi yoxdur ki, o bununla bağlı müqavilə

bağlayıb, yoxsa yox. Yetər ki, o əməliyyatın həmin həkim tərəfindən aparılmasını sübut edən sənəd olsun”.   

 

Və nəticə:

 

Arzuolunandır ki, hər görülən işin nəticəsi gözəl və mükəmməl olsun. Bunun üçün də ilk əvvəl qarşıda atacağımız addımları yüz ölçüb, bir biçməyə dəyər, məncə. Xüsusilə də sağlamlığımızla bağlı məsələlərdə səhlənkarlıq həyatımız bahasına başa gələ bilər deyə..

 

Artıq dünya süni deyil, təbii gözəllik axtarışındadır. Onsuz da getdikcə ətrafımızda təbii nəsnələr tükənmək üzrədir. İnsanlar da bu süni axına qoşulub, bütün təbii jestlərindən, mimikalarından uzaq düşüb. O qədər uzaq düşüb ki, hətta ürəkdən bir qəhqəhə çəkə bilmir, üzünə vurdurduğu gellər, dartdırdığı üz dərisi sayəsində bir gülüşə həsrət qalıb.

 

Bütün bu yaşananlar isə ortaya belə bir sual çıxarır:

 

Külli miqdarda pul xərcləyərək ürəkdən gülməyə belə qorxacağınız, saxta bir üzlə illər boyu yaşamağın nə mənası var???

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 983

Oxşar yazılar