Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən həyata keçirilən dövlət nəzarəti zamanı ayrı-ayrı müəssisələrdə əmək qanunvericiliyinin pozulması ilə bağlı ümumilikdə 1953 fakt aşkar olunub.
Nazirlikdən Lent.az-a verilən məlumata görə, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin gücləndirilməsi işçi vətəndaşların əmək hüquqlarının təminatına, iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına işəgötürənlərdə məsuliyyət hissinin artırılmasına xidmət edir.
Aparılan təhlillər zamanı bu hüquq pozuntularına əsasən özəl sektora aid müəssisələrdə, topdansatış, ticarət və ictimai iaşə, tikinti sektorlarında yol verildiyi müəyyən olunub. İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndlərinə uyğun olaraq, həmin hüquq pozuntuları ilə əlaqədar aidiyyatı işəgötürənlərə tətbiq olunmuş cərimələrin 40,1 faizi (128 969 manat) dövlət büdcəsinə ödənilib. Qeyd olunan göstərici ötən ilin noyabr ayına dair müvafiq göstərici ilə müqayisədə 26,9 dəfə çoxdur.