15 yaşlı "Xalq Cəbhəsi" - REPORTAJ
0
0
"Xalq Cəbhəsi" qəzeti özünün 15 yaşını qeyd edir. Qəzetin ilk nömrəsi 2001-ci il noyabrın 20-də çıxıb.
Qəzetin çapdan çıxdığı gün 20 noyabr helikopter faciəsi ilə eyni günə təsadüf etdiyindən, kollektiv öz ad günlərini hər il noyabrın 21-də qeyd edir. "Xalq Cəbhəsi" qəzetinin ilk baş redaktoru Vüsalə Mahirqızı olub. 2006-cı ildən isə qəzetə Elçin Mirzəbəyli rəhbərlik edir. Həftənin 5 günü yayımlanan 15 illik mətbuat orqanının əsas siyasi xətti dəyişməz olaraq qalır: Bütöv Azərbaycançılıq, vətənpərvərlik, türkçülük, Türk Dünyasının birliyi, dürüstlük, Güney Azərbaycançılıq.
Son dövrlərdə çap mediasına marağın azalması "Xalq Cəbhəsi" qəzetinə də təsirsiz ötüşməyib. Qəzetin baş redaktoru Elçin Mirzəbəyli deyir ki, tirajda və satışda azalma var. Amma daimi oxucular öz sadiqliyini qoruyur. Qəzetdə silsilə araşdırmalar, tarixi yazılar dərc olunduğundan, əsas oxucular da Azərbaycan milli düşüncəsinə bağlı olan insanlardır. Məhz bu cür daimi oxucuların olması, eyni zamanda dövlətin dəstəyi qəzetin ayaqda durmasına kömək edir: "Bütövlükdə Azərbaycanda oxumaqla bağlı problem var. Ciddi ədəbiyyata, ciddi mətbuata, ciddi publisistikaya maraq azdır. Çap mediasının yayım problemi var. Bildiyiniz kimi, əksər bölgələrdə çatdırılma ilə bağlı problemlər var. Yayımın təşkili Azərbaycanda hələ də menecmentə çevrilməyib. Reklam bazarının liberallaşması, mətbuat orqanlarına sosial reklamların verilməsi ilə bağlı problemlər var. Bir çox ölkələrdə qəzetlər sosial reklamlar hesabına fəaliyyət göstərir. Bu da ciddi vəsaitlərdir".
Elçin Mirzəbəyli çap mediasına son dövrlərdə marağın azalmasını qəzetlərin rəngli formatda çıxmaması ilə də əlaqələndirir. Qəzet gələcəkdə rəngli formatda çıxmağı planlaşdırır. Özünün gənclik illərini yaşayan 15 yaşlı mətbu orqanın hədəfləri bununla bitmir: "Hədəflərimiz çoxdur. Qəzet olaraq rəngli formatda çıxmağı arzulayırıq. Qəzetdə idman, ədəbiyyat, moda və digər əlavələrimizin olmasını istəyirik. 2016-cı ildə yaşasaq da, qəzetlər hələ də 2 rəngdə çıxır. 1-2 qəzet var ki, birinci və sonuncu səhifəsi rəngli çıxır. Bu da keyfiyyətli deyil. Azərbaycanda ciddi poliqrafiya problemi var".
Bu gün qəzetdə əsasən ilk gündən fəaliyyət göstərən şəxslər çalışsa da, yeni gələnlər də az deyil.
Əli Zülfüqaroğlu, müxbir: "4 ildir ki, "Xalq Cəbhəsi" qəzetində fəaliyyət göstərirəm. Bilirsiniz ki, "Xalq Cəbhəsi" qəzeti həmişə ümummilli məsələlərə önəm verib. Bütöv Azərbaycan ideologiyası olan azsaylı qəzetlərdən biridir. Kənarda işlədiyim dövrlərdə də bu qəzeti izləmişəm və bu ideologiyanın daşıyıcısı olduğuma görə sayqı duymuşam. Burada işləməyimin səbəbi də qəzetin bu istiqaməti əsas tutması olub".
14 ildir ki, "Xalq Cəbhəsi" qəzetinin komandasında olan Habil Hüseynov isə çap mediasında işləməyin elə də asan olmadığını deyir: "Qəzetdə işləməyə gərək tab gətirəsən. Bəzən səhər tezdən gəlirsən, gecə isə getməyinin saatı yoxdur. İşin gecə saat 2-3-də də bitə bilər. İndi işimiz bir az tez bitir. Amma əvvəllər saat 2-3-də işdən çıxanda tez çıxdığımızı deyirdik".
Qeyd edək ki, qəzetin həm də internet səhifəsi var. "Xalq Cəbhəsi" qəzeti ilk mətbuat orqanlarındandır ki, yayıma başladığı andan həm də internet səhifəsi olub.
0
0