“Women Online” layihəsi həyata keçirilib
15 mart 2023 12:45 (UTC +04:00)

“Women Online” layihəsi həyata keçirilib

“Women Online” gənc qadın sahibkarların rəqəmsal bacarıqlarının artırılması layihəsi Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi və “Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilib.

Lent.az xəbər verir ki, layihənin icraçı qurumu olan “Odlar Yurdu” Gənclər İctimai Birliyinin sədri Xəzər Cabbarlı layihə haqqında media nümayəndələrinin suallarını cavablandırıb.

O bildirib ki, “Women Online” gənc qadın sahibkarların rəqəmsal bacarıqlarının artırılması layihəsi Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi və “Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilirdi: “Layihə Azərbaycanın müxtəlif regionlarından olan gənc qadın sahibkarın və sahibkar olmağa həvəsli olan gənc xanımların rəqəmsal dünya haqqında bilik və bacarıqlarının formalaşdırılması, rəqəmsal məkanda önəmli yerə sahib olan insanların təcrübələrinin öyrənilməsi və onlar arasında netvörkinqin qurulması məqsədini daşıyırdı. Müxtəlif bölgələrdən və Bakıdan ümumilikdə 50 gənc xanımın qatıldığı layihə müddətində onlar 3 gün ərzində 10 ilə yaxın təcrübəsi olan təlimçidən sosial media marketinqi mövzusunda çox önəmli biliklər əldə etdilər. Eyni zamanda öz sahibkarlıq fəaliyyətlərində qarşılaşdıqları problemləri müzakirə edə və real həllər tapa bildilər. Həmçinin, layihə gənc qadın sahibkarlar arasında şəbəkələşmə baxımından da çox faydalı oldu”.

Üç ay davam edən layihəni uğurla tamamlayan gənc xanımlara sertifikatlar təqdim olunub. Təqdimat mərasimində AR Kiçik və Orta Biznesnin İnkişafı Agentliyinin Regional layihələrlə iş və monitorinq departamentinin rəhbəri Eldəniz Əmirov , AR Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin əməkdaşı Zülfiyyə Mustafayeva və bir sıra iş adamları iştirak edib. Həmçinin mərasimdə ölkənin rəqəmsal marketinq sahəsinin önəmli adlarından biri olan Marcom şirkətinin icraçı direktoru Ceyhun Fərzəliyev layihə iştirakçılarına məxsus sahibkarlıq müəssisələrinin sosial media hesabları üzərində apardığı araşdırmalara əsasən iştirakçılara hesabların düzgün quruluşu, sosial media üzərindən satışların artırılması və s. haqqında dəyərli tövsiyələr verib.

Layihə gənc qadınların fəaliyyətinin təkmilləşdirilməsi üçün çox faydalı olub və onlar məmnuniyyətlərini ifadə ediblər.

Qeyd edək ki, layihə “Odlar Yurdu” Gənclər İctimai Birliyinin prioritet istiqamətlərindən biri olan “Gənclər arasında sahibkarlıq fəaliyyətinin təbliği” istiqaməti üzrə həyata keçirilib. Gələcəkdə də bu istiqamətdə layihələrin keçirilməsi nəzərdə tutulub.

# 1500
avatar

Oxşar yazılar