Uşağı dürtüb deyir ki, müxbirlər sual versə, dinmə -  Şagirdi döyülən məktəbdə
05 oktyabr 2022 09:24 (UTC +04:00)

Uşağı dürtüb deyir ki, müxbirlər sual versə, dinmə -  Şagirdi döyülən məktəbdə

Dünən məlum video ilə bağlı Sabunçu rayonu Pirşağı qəsəbəsində yerləşən 112 saylı məktəbin önündə xeyli izdiham var idi. Lent.az-ın təqdim etdiyi kimi də hadisədən xəbər tutan valideynlər, babalar, nənələr məktəbə axın edirdilər. Burada problem yoxdur, təbiidir. Məsələdən ciddi mənada narahat olan və məsələnin müzakirədə qalması üçün can atan şəxslər mediaya dərdlərini danışırdılar, hadisə barədə narahat olduqlarını dilə gətirirdilər. Amma həmin izdihamın arasında say nisbəti digərlərindən az olmayan və diqqətimi çəkən başqa şəxslər də var idi. Onlar məsələdən narahat olan, məktəbdəki bütün problemləri bilən, amma danışmayan şəxslər idi.

Onlar valideyn, nənə, baba və ya şagirdlərin hansısa yaxın qohumları idi. Amma onlar yanlarındakı uşaqlara: "Bax, desələr ki, məktəbdə nəsə problem yaşamısan? cavab ver ki, yox, mənim heç nədən xəbərim yoxdur" - deyirdilər. Onlar həmin uşaqları dürtüb xəbərdarlıq edirdilər ki, müxbirlər sual versələr, cavab verməyin. Eyni zamanda həmin "onlar" olan tərəf məktəblə bağlı bütün dərdlərini, demək istədiklərini bir ara cəsarət tapıb deyirlər, amma xahiş edirsən ki, "gözləyin, dediklərinizi görüntüyə alım" və bu anda "yox, yox xahiş edirəm, bu qaydada danışım" cavabını verirlər. Səbəbini soruşduqda isə deyirdilər ki, "mediaya danışmağa ərim narazıdır", "məktəb rəhbərliyi ilə problem yaşayaram", "adım və görüntüm olmasın, səsim getsin" və s.

Aydın məsələdir ki, bununla bağlı heç bir məcburiyyət yoxdur. Həmin şəxslər mediaya danışmaq istəməyə bilərlər. Amma bu qədər insanın məktəblə bağlı narahatlıqlarının olması və aşkar problemləri dilə gətirməmələri qəribədir. Həmin valideynlər susqunluqlarını və biganəliklərini öz övladlarına da ötürürlər. Eyni ənənəni valideynlərindən görmüş valideynlər özləri kimi generasiyanın yetişməsinə təkan verirlər. Bir gün ayılırlar ki, robot kimi yaşayan övladları var. Onlar susurlar, susurlar və yenə də susurlar. Yuxarıda da qeyd etdiyim həmin "onlar" bu psixologiya ilə böyütdükləri övladlarından dərdlərini, problemlərini eşitmirlər. Buna da özləri şərait yaradırlar. Hazırda məktəblərdə bilmədiyimiz bu tip hadisələr hələ də yaşanır, hətta, bu hadisədən daha da ciddi olan, şagirdlərin sağlamlığına təhlükə ola biləcək mövzular da var. Bunu çoxumuz bilirik. Açın hər hansısa aparıcı xəbər saytını və son bir ildə "məktəb" sözü üzrə çıxan xəbərləri analiz edin. 90% problemli mövzular barədə işıqlanan və ciddi hadisələrdir.

Cəmiyyət məktəbdən və ailədən formalaşır. Hər ikisində də boşluq varsa, bu tip hadisələr çox olur. Qınadığınız gəncliyi özünüz yaradırsınız.

Lətif İsmayılov

# 9606
avatar

Oxşar yazılar