"Səhiyyə sistemində, sadəcə tibbi xidmətlər nəzərdə tutulmur" -  TANINMIŞ HƏKİM
30 mart 2023 19:07 (UTC +04:00)

"Səhiyyə sistemində, sadəcə tibbi xidmətlər nəzərdə tutulmur" - TANINMIŞ HƏKİM

Bu gün ölkədə və dünyada "Dünya Həkimlər Günü" kimi qeyd olunur. 

Bu gün münasibəti ilə bağlı Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Almaniyanın Reyn-Zig bölgəsində klinika direktoru, tibb elmləri doktoru, dosent Nuran Abdullayev Lent.az-a danışıb.

- Bu gün sizin bayramınızdı, "Dünya Həkimlər Günü"dür. Bununla bağlı  həkim olaraq nə deyərdiniz?

- Mən də öz növbəmdə həkim adına layiq olan hər kəsin, xüsusilə də yorulmadan xalqımıza xidmət edən azərbaycanlı həkimlərin gününü təbrik edirəm. Düşünürəm ki, son 4 il hər kəsə göstərdi ki, səhiyyə sektoru, xüsusilə də elmə əsaslanan səhiyyə və onun inkişafının əsasını təşkil edən həkimlərnə qədər önəmlidir. 

- Hazırda Azərbaycan səhiyyəsini xarici ölkələrlə müqayisə etsək, ortaya nə çıxar?

- Hər zaman bildirmişəm ki, səhiyyə sistemi dedikdə, heç də sadəcə göstərilən tibbi xidmətləri başa düşüb müqayisə etmək doğru deyil. Burada səhiyyə sistemini formalaşdıran bir neçə amilləri və onların ərsəyə gəlmə mexanizmləri müqayisə edilməlidir. Digər önəmli məsələlələrdən də biri hansı büdcə ilə və hansı səviyyədə olan kadrlarla səhiyyə sistemi çalışır.

Sadaladığım aspektlərin müqayisəsindən başqa Azərbaycanda ortalama insan ömrünün uzadılmasına pozitiv təsir göstərəcək xidmətlərin və mərkəzlərin təşkilinin müqayisəsinə də toxunmaq istərdim. Bu istiqamətdə də ictimai səhiyyə qanunları çərçivəsində addımların atılması mütləqdir. Bundan başqa, tibb təhsilin səhiyyədəki roluna da nəzarət edilməlidir. Bir sözlə, Azərbaycan səhiyyəsini mükəmməl infrastruktura malik, amma hələ inkişaf etməli olan və ya inkişaf potensialı olan bir səhiyyə sistemi kimi görürəm.

- Ümumiyyətlə, hazırda səhiyyəmizin durumu necədir?

- Qeyd etdiyim kimi, səhiyyə daha da inkişaf etdiriləcək durumdadır. Bununla bağlı dövlət tərəfindən artıq ən vacib məsələlər görülüb və mükəmməl infrastruktur artıq yaradılıb. Bu məsələdə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi səylərini qeyd etmək vacibdir.

Fikrimcə, elmə əsaslanan səhiyyənin təşkil edilməsi istiqamətində də düşünən beyinlərin cəlb edilməsi ilə qısa zamanda Azərbaycan səhiyyəsi fərqli yerlərdə olacaq.

Sonda onu da qeyd etmək istəyirəm ki, Prezidentin və ya Birinci vitse-prezidentin tibb məsələləri üzrə köməkçisi institutunun yaranması yuxarıda qeyd edilən məsələlərdə hökümətə və səhiyyə sisteminin fərqli şəkildə qurulmasına ciddi dəstək göstərə bilər. Səhiyyə sistemlərində inkişafa aparan fərqli qanunların qəbul edilməsi və müvafiq dəyişiklərin aparılması isə ancaq alqışa layiqdir və bu cür dəyişiklikləri hazırda bir çox inkişaf etmiş ölkələr, o cümlədən də Almaniya da aparır.

# 2877
avatar

Fidan İlqar

Oxşar yazılar