Rusiyalıların Gürcüstana kütləvi axını - Sərhəddə nə baş verir?  - REPORTAJ
29 sentyabr 2022 13:53 (UTC +04:00)

Rusiyalıların Gürcüstana kütləvi axını - Sərhəddə nə baş verir? - REPORTAJ

Sentyabrın 21-də Moskvanın qismən səfərbərlik elan etməsindən sonra rusiyalıların Ukraynadakı müharibəyə münasibəti bir qədər də aydınlaşdı. Səfərbərlik elan edilməsindən sonra Rusiyadan xüsusilə də viza tələb etməyən qonşu ölkələrə kütləvi miqrasiyanın ikinci və bəlkə də ən şiddətli dalğası başlandı. Birinci dalğada əsasən tətbiq edilən sanksiyalar səbəbi ilə işini Rusiyada davam etdirə bilməyənlərin, imkanlı rusiyalıların daha əlverişli şərtlər təqdim edən ölkələrə üz tutduğunu görürdük. Bu dəfə isə durum fərqlənir. İndi ölkəsindən tələsik çıxmağa çalışanların böyük bir hissəsini müharibədə iştirak etmək istəməyən, səfərbərlikdən boyun qaçıranlar təşkil edir. Bunların arasında ən yoxsul rusiyalılar var.

“Düşməni” qonaq etmək

Gürcüstanın Rusiya vətəndaşları üçün viza tələb etməyən ölkələrdən biri olması onu rusiyalıların kütləvi miqrasiyasının əsas istiqamətlərindən birinə çevrilməsi ilə nəticələnib. Statistika qismən səfərbərlik qərarından sonra bu ölkəyə gələn rusiyalıların sayının kəskin artdığını göstərir. Rəqəmlər fərqlidir. Müxalifət artıq 200 min rusiyalının Gürcüstana yerləşdiyini və bunun əhəmiyyətli demoqrafik dəyişiklik yaratdığını bildirir. Hökumət isə müxalifətin açıqladığı rəqəmlərin həqiqətə uyğun olmadığında israrlıdır.

Gürcüstan daxili işlər naziri Vaxtanq Qomelauri bir neçə gün öncə jurnalistlərə açıqlamasında bildirdi ki, sentyabrın 21-dən sonra Rusiyadan Gürcüstana daxil olanların sayı gündəlik 10-12 min nəfər təşkil edir. Bu isə əvvəlki günlərlə müqayisədə təxminən 40 faiz çoxdur. Ümumilikdə rusiyalıların Gürcüstana kütləvi miqrasiyasını görmək üçün mütləq rəsmi və ya qeyri-rəsmi statistika axtarmağa ehtiyac yoxdur. Bunun üçün sadəcə Tbilisinin küçələrinə çıxmaq və kiçik bir müşahidə aparmaq yetərlidir.

Rusiyalıların Gürcüstana “böyük köç”ündən sonra ölkədə bir sıra sosial-iqtisadi dəyişikliklərin meydana gəldiyini asanlıqla sezmək olur. Artıq paytaxtda və digər böyük şəhərlərdə kirayə ev bazarında, daşınmaz əmlak qiymətlərində bahalaşma qeydə alınır. Bu vəziyyətdən zərər görənlər arasında azərbaycanlı tələbələr də var.

Ekspertlər problemin digər tərəfinin isə təhlükəsizliklə bağlı olduğu bildirirlər. Yayılan, lakin hələ təsdiqlənməmiş məlumatlara görə indi Gürcüstana üz tutanlar arasında 2008-ci ildə bu ölkəyə qarşı vuruşanlar da var.

Vəziyyətlə əlaqədar artıq bəzi müxalifət partiyaları, eləcə də müstəqil ekspertlər hökumətdən tədbir görməsini, Rusiya ilə sərhədi bağlamasını və ya viza rejimi tətbiq edərək kütləvi miqrasiyanın qarşısının alınmasını istəyirlər.

Humanizm milli təhlükəsizliyə qarşı

Gürcüstanın ABŞ-dakı keçmiş səfiri, Gürcüstan Təhlükəsizlik Şurası katibinin sabiq müavini Batu Kutelia hesab edir ki, Gürcüstana qarşı hibrid müharibə aparan Rusiyanın vətəndaşlarının kütləvi axını ölkənin milli maraqlara ziddir:

“Rusiya Gürcüstanın əsas düşməni olan ölkədir. Rusiya bizim ərazilərimizin 20 faizini işğal edib və eyni zamanda, bizə qarşı digər növ hibrid əməliyyatlar həyata keçirir. Ona görə də Gürcüstan ərazisinə kütləvi miqrasiyanın istənilən növü, xüsusilə də Rusiyadan olan kütləvi miqrasiya milli təhlükəsizliyə təhdiddir. Buna bu bucaqdan baxılmalıdır. Gürcüstanın rusiyalılarla bağlı miqrasiya siyasəti humanitar və siyasi məsələlər nəzərə alınmaqla, lakin ilk növbədə Gürcüstanın milli təhlükəsizliyi nəzərə alınmaqla işlənib hazırlanmalıdır. Rusiyalı miqrantların kütləvi hərəkəti məhdudlaşdırılmalıdır”, - deyə Kutelia bildirir.

Gürcüstanın tanınmış beyin mərkəzlərindən olan “Georgian İnstitute of Politics”in direktoru Korneli Kakaçia isə bildirir ki, rusiyalıların Gürcüstana kütləvi miqrasiyası iki ölkə arasında növbəti siyasi böhranın təməlini qoya bilər:

“Biz bu insanların kim olduqlarını bilmirik və onları nəzarətdə saxlamaq üçün heç bir vasitəmiz yoxdur. Artıq bildiyimiz kimi, onlardan bəzilərinin hərbi təcrübəsi var və ona görə də Rusiyanı tərk edirlər. Biz onların niyyətlərini və bu ölkənin nə kimi gələcək planları olduğunu da bilmirik. Əlavə olaraq kütləvi miqrasiyanın sosial və iqtisadi tərəfləri də var. Mənzil və qonaqlama qiymətləri artır. Eyni zamanda, onlar Tbilisidə və Batumidə mənzil alırlar. Üstəlik Rusiya ilə Gürcüstan arasında toksik münasibətlər var. Ona görə də bu insanlarla yerli sakinlər arasında baş verə biləcək kiçik bir insidentin nə ilə nəticələnəcəyini bilmirəm. Düzü bu Rusiya ilə Gürcüstan arasında növbəti siyasi böhranı yarada bilər. Ona görə də bu axında risklərin çox olduğunu düşünürəm və məncə Gürcüstan hökuməti QHT-lərlə, akademiya ilə birlikdə onun yaratdığı risklərlə bağlı, bəlkə də müəyyən məhdudiyyətlərin tətbiq edilməsi ilə bağlı düşünməlidir”.

Korneli Kakaçianın fikrinə görə Gürcüstan hökumətinin hazırkı siyasəti Rusiyanı qıcıqlandırmamaq məqsədi daşıyır. Bundan başqa, hökumət rusiyalıların kütləvi miqrasiyasını iqtisadi fürsət kimi görür. Çünki yeni gələnlər özləri ilə gətirdikləri pulu Gürcüstanda xərcləyir, investisiya yatırırlar.

Gürcüstan hökuməti isə mövcud vəziyyətə təmkinli yanaşır. Gürcüstan DİN-in məlumatında bildirilib ki, hazırda Rusiya ilə sərhədin bağlanması üçün heç bir təhdid yoxdur. Müdafiə naziri Cuanşer Burçuladze istər Rusiyada elan edilmiş qismən səfərbərliyin, istərsə də “Yuxarı Lars” yaxınlığında yerləşdirilmiş zirehli texnikanın Gürcüstan üçün təhdid təşkil etmədiyini, ümumilikdə isə nəzəri təhdidlərin hər zaman mövcud olduğunu bildirib.

“Yuxarı Lars”da nə baş verir?

Rusiya və Gürcüstan arasında birbaşa uçuşlar 2019-cu il mayın 19-da baş vermiş “Qavrilov gecəsi” insidenti və ardınca Tbilisidə keçirilən anti-Rusiya aksiyalarından sonra Prezident Vladimir Putinin göstərişi ilə dayandırıldı. Həmin vaxtdan ölkələr arasında yeganə birbaşa gediş-gəliş “Yuxarı Lars” vasitəsilə ilə mümkün olub.

Artıq istər sosial mediada, istər KİV-də yayılan görüntülər Rusiyada qismən səfərbərlik elanından sonra iki qonşu arasındakı yeganə sərhəd qapısının həddindən artıq yükləndiyini göstərir. Sərhədin Rusiya tərəfində adamlar təxminən 20 km uzunluğundakı növbələrdə gözləyir və gecələyirlər. Avtomobillərin sayının artması səbəbi ilə Vladivostokdan “Yuxarı Larsa” piyada və ya velosipedlə hərəkətə icazə verilib. Bununla belə, Gürcüstana gəlmək istəyənlərin sayının hər gün daha da artdığı bildirilir.

Mərhələ-mərhələ Gürcüstan

Lars yaxınlığında təsis edilmiş səfərbərlik məntəqəsini də geridə qoyaraq neytral zonaya daxil olmuş rusiyalılar burada bəzən 5, bəzən də 14 saat gözlədiklərini bildirirlər. Neytral zonada gözləyənlərin sayının artması səbəbi ilə sərhəd məntəqəsinin Rusiya tərəfində piyadaların hərəkəti müvəqqəti məhdudlaşdırılır.

Həmsöhbət olduğumuz rusiyalı blogger bəzilərinin rüşvət verərək sərhədi daha tez keçməyə çalışdığını deyir.

Gömrük prosedurlarını geridə qoyaraq Gürcüstana daxil olanları ilk olaraq reportyorlar qarşılayır. Onlar hekayələrini daha emosional, daha təsirli etmək üçün ağlayan rus qızı, rus qadını axtarırlar.

Miqrantları daha sonra taksi və mikroavtobus sürücüləri qarşılayır. Onlar yeni gələnlərdən, cibində lari olmayan rusiyalılardan Tbilisiyə çatdırılma müqabilində 3000 rubl istəyirlər. Yəqin rublun onlara uzun müddət lazım olmayacağını düşünən rusiyalılar da təkliflə razılaşırlar.

Rusiyalıları qarşılayan digər kütlə isə onlardan çox ucuz qiymətə velosipedlərini almağa gəlmiş yerlilərdir. Bir cütlüyün iki velosipedi 50 lariyə (30 manat) satdığını gördük.

Bəzi piyadalar və velosipedçilər isə yaxınlıqdakı Stepansmindayadək velosipedlə gedir, orada avtobus dayanacağında növbə gözləyirlər.

Rusiyalıların bir hissəsi daha sonra Tbilisiyə gəlir və artıq bahalaşmış mənzillərdən birini taparaq burada qalırlar. Onlardan bəziləri isə artıq bahalaşmış hotellərdə qalaraq burada gedəcəkləri digər ölkələri seçir, bilet almağa çalışırlar. Gürcüstan DİN-in məlumatına görə, rusiyalıların 60 faizi artıq ölkəni tərk edib.

Bu gün Ukraynada müharibənin 218-cü günüdür.

# 2739
avatar

Oxşar yazılar