Qondarma  psixoloqların əlindən hara qaçaq?
12 yanvar 2023 17:48 (UTC +04:00)

Qondarma psixoloqların əlindən hara qaçaq?

Nigar Namiq yazır...

“Ən qədim peşə sahibləri olan fahişələr bu gün özünü psixoloq kimi təqdim edirlər. Bu, Azərbaycan psixoloqlarının adına böyük ləkə gətirir. Qeyd etdiyim o qədim üzdəniraq peşənin sahibləri özlərini sosial şəbəkələrdə asanlıqla psixoloq kimi qələmə verir və təəssüflər olsun ki, bəzi vicdansız televiziya verilişləri də pul müqabilində onları efirə çıxarırlar. Nəticədə də insanlar elə bilir ki, psixoloq belə olmalıdır”.

Qarşıma psixoterapevt Elmir Əkbərin müsahibəsi çıxdı və müsahibədə bu hissə diqqətimi çəkdi. Onu da nəzərə alaq ki, hər gün “TikTok” platformasında özünü psixoloq adlandıranlar canlı yayımlar açıb jeton, pul qarşılığında insanların dərdlərini dinləyib şərh edirlər. Psixologiya maraqlanmaq yaman dəb halını alıb. Hər kəs motivasiya videoları çəkir, öz düşüncəsinə uyğun insanlara məsləhətlər verir, öz yaşadıqları ilə camaata nümunələr gətirir. Hətta sosial şəbəkə hesablarında “psixoloq”, “motivator”, “kouç” və s. tipli saxta adlar yazırlar. O “psixoloq”lar ki, empatiyadan və ümumilikdə maarifləndirmədən bixəbərdirlər. Bu, həqiqətən, psixologiya sahəsinin gəldiyi son nöqtədir. Məsələn, mən həmin canlı yayıma daxil oluram, dərdimi və ya məsləhət almaq istədiyim bir məsələni yazıram. Hələ üstəlik pul da göndərirəm ki, psixoloq kimsə oxusun. O da mənə cavabında desin ki, “Get başqa birini tap”, “Sənə dəyər verməyəni vecinə də alma” və s. Qəribə səslənir, hə? Hələ bu, dərdin yumşaq formasıdır. 

 “Gözəllik yarışması, Bakı Payızı, satıcı, xadimə, broşur paylayan, menecer, fitnes trener, dırnaq qaynağı, psixologiya, psixologiya və sosiologiyanın idarə edilməsi...”. Elmir Əkbərin nəzərdə tutduğu şəxsin kim olduğunu təxmin edirsinizmi? Dırnaq qaynağı edəndən psixoloqluğa keçid edərkən, qapı arasında ilişib qalan... Bu “psixoloq” paylaşımında öz cinsindən olan qadınları “müvəqqəti qadın” adlandırır. Necə də tragikomik mənzərədir, elə deyilmi? 

Halbuki psixologiya, psixoterapevtlik, psixo-analiz, parapsixologiya və s. ümumilikdə isə ruhla bağlı olan bu sənət sahələrini illərlə öyrənsən belə, yenə də yarımçıq təhsil almış olursan. Yəni ki, sonradan psixoloq olmaq buna aid deyil. Psixoterapevt Elmir bəyin bəzi psixoloqları “fahişə”, “üzdəniraq” adlandırması bir qırağa, belə psixoloqların bu sahəyə necə gəldiklərini analiz edir. Yaxşı, bəs televiziyalar? Sponsorları kolbasa, klinika və həkim olan proqramlar? Onlar bu psixoloqları təbliğ edib pul qazanır və insanları bir növ “şikəst” edir. Bəli, şikəst. Aralarında övladını itirmiş analar, sevgilisini itirənlər, borcları olanlar və başqa həssas qrupa aid insanlar da var. Buna bir nümunə də çəkəcəyəm. Həkim-psixoterapevt Dilbər Nazlı Çələbi deyir ki, psixoloq – normal insanın psixoloji vəziyyətini korreksiya edir. Psixoloji xəstəliyi olmayan adam üçündür. Psixo-terapevt isə artıq, kimyəvi maddələrlə, preparatlarla insanın psixoloji vəziyyətinə müdaxilə edir. Yaranan ruhi xəstəliyə öz yardımını göstərə bilir. Əgər, psixoloq insana vaxtında korreksiya edə bilməsə, sonda psixo-terapevtin, psixiatrın yanına gəlib çıxır”. Bəs bu, vicdansızlıq deyilmi? 

Ən acınacaqlı vəziyyət isə uşaqları etibar etdiyimiz “psixoloq”ların özlərinin psixoloqa ehtiyacının olmasıdır. Onları loqoped, pedaqoq adlandıran da var. Xüsusən, ötən il xüsusi qayğıya ehtiyacı olan uşaqları döyən loqopedlərin videolarını siz də yəqin görmüsünüz. Onlara kim diplom verir? Bu da şübhəli haldır. Ümumiyyətlə, psixoloqlarla bağlı hansısa qanun layihəsi tərtib olunub, barələrində ciddi tədbir görülməlidir. Yoxsa cəmiyyətin, gəncliyin taleyi ilə oynamaq olmaz. 
 

# 2649
avatar

Nigar Namiq

Oxşar yazılar