Alyona Baxşıveya əfvlə bağlı arayışı alarkən
19 mart 2021 15:37 (UTC +04:00)

Alyona Baxşıveya əfvlə bağlı arayışı alarkən

Qardaşını öldürən Alyona, 6 ildən sonra əfv, “mən səni tanıdım” – O qız AZADLIQDA

...Bu gün o qızı gördüm.

6 il sonra.

Son dəfə 2015-ci ildə görmüşdüm.

18 yaşı vardı.

Tez-tez məhkəməsində iştirak edirdim.

Sonuncu məhkəmədə hakim ona 10 il azadlıqdan məhrumetmə cəzası kəsmişdi.

Qardaşını öldürmüşdü.

 

Onu zorlamaq istəyən qardaşını...

 

Prezident İlham Əliyevin ötən gün “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam imzaladı. Bu gün həmin əfv sərəncamının icrası üçün cəzaçəkmə müəssisələrinə getmişdim.

İlk baş çəkdiyimiz həbsxanalardan biri Bakıda qadın məhkumların saxlandığı 4 saylı cəzaçəkmə müəssisəsi oldu.

Ombudsman, Penitensiar Xidmətin rəis müavini, Ədliyyə Nazirliyinin idarə rəisi əfvə düşən məhkumlarına bir-bir adlarını çəkir, sonra arayışlarını təqdim edirdi.

Birdən Səbinə Əliyeva Alyona Baxışova adını çəkdi. Ad tanış gəldi. Uzun illərdir məhkəmələrdən yazdığım üçün səs-küylü işlərin iştirakçılarının adları yadımda qalır.

Qız kürsüyə gələndə onun məhkəmə işi yadıma düşdü: 2014-ci ildə Qusarda bu qız qardaşını öldürmüşdü.

Həmin işlə bağlı məhkəmə reportajlarım olmuşdu. A.Baxışova məhkəmədəki ifadələri zamanı qardaşının zoofil olduğunu demişdi. Anası Bacıxanım Baxışova da bu faktı qismən etiraf etmişdi.

17 yaşlı Alyona deyirdi ki, hadisə günü qardaşı onun otağına girib, zorlamaq istəyib. Alyona həyətə qaçıb, qardaşı da arxasınca gəlib. Bu zaman tövlədən baltanı götürüb onu vurub. Sonra isə...

Həyətdə yer qazaraq qardaşını basdırıb.

 

7 ay hadisəni gizlədə bilib. Lakin 7 aydan sonra qardaşının basdırıldığı yerdən iy gəlməyə başlayıb. Beləcə cinayətin üstü açılıb və Alyona şübhəli şəxs kimi saxlanılıb.

Məhkəmədə anası və digər qardaşı yeniyetmə Alyonanı günahkar bildilər. Və ondan imtina etdilər.

Qız isə durmadan ağlayırdı.

...Bu gün Alyonanın əfvə düşdüyünü eşidəndə çox sevindim. Açıqlama almaq üçün Alyonaya yaxınlaşanda, dedi sizi tanıdım. Tutulub qaldım...

Dedi, siz mənim məhkəmə dövründə iştirak edirdiniz.

Zarafata saldım ki, yaxşı hafizəniz var.

Dedi, yox, mənim sizə borcum var.

Doğrusu, əvvəlcə nə dediyini başa düşmədim.

“Ailəm məndən imtina etmişdi. Heç kimim qalmamışdı. Məhkəmədən çıxanda siz mənə 30 manat pul verdiz”, - Alyona əlavə elədi.

 

İstər-istəməz kövrəldim. Doğrusu unutmuşdum.

Dedim, Alyona, sənin mənə borcun yoxdur, narahat olma.

Gülümsədi.

O vaxt vəkili Səbirə xanım onu pulsuz müdafiə etməklə yanaşı pul, yeri gələndə şirniyyat verirdi.

Səbirə xanımı da tapacağını, ona da təşəkkürünü çatdıracağını bildirdi.

Sağollaşanda ailəsi ilə barışıb-barışmadığını soruşdum. Münasibətlərin yaxşılaşdığını və ailəsinin yanına qayıdacağını dedi.

Ümid edirəm gənc yaşda həyatı yarıda qalmış Alyona özündən yenidən güc tapacaq.

Və üzündəki gülüş bundan sonra heç zaman onun çöhrəsini tərk etməyəcək.

 

 

# 117213
avatar

Səlcuq Elçin

Oxşar yazılar