Pensiyalarda  yeni amnistiya   tətbiq olunacaq
30 dekabr 2022 13:12 (UTC +04:00)

Pensiyalarda yeni amnistiya tətbiq olunacaq

Artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulmasında müddətli amnistiya tətbiq olunacaq.

Lent.az-ın APA-ya istinadla  xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qaydalara əsasən, bu məbləğ əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Mövcud qanunvericiliyə əsasən, bu zaman müddət müəyyənləşdirilmədən artıq məbləğin geri ödənilməsi həyata keçirilirdi. Amma yeni dəyişikliklərə əsasən, yalnız son 3 il üçün ödənilmiş artıq məbləğ geri tutulacaq.

Əgər pensiyaçıya fərqli səbəblərdən 2020-ci ildən əvvəl artıq ödəniş olubsa yeni dəyişikliklərə əsasən həmin ödəniş geri istənilməyəcək. Dəyişikliklər 2020-ci ildən əvvəlki dövrə amnistiyanın verilməsini nəzərdə tutur. Bu isə pensiyaçıların sosial təminatı baxımdan vacib addım hesab edilməlidir. Eyni zamanda, geri ödəniləcək hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz. Bu məhdudlaşdırmada da məqsəd pensiyaçının sosial vəziyyətini pisləşdirməmək məqsədi daşıyır.

Bu qanun qəbul ediləcəyi halda 2023-cü il yanvarın 1-dən qüvvəyə minəcək.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

# 2178
avatar

Oxşar yazılar