Tanınmış jurnalist, Azərbaycan Respublikası Prokurorluğunun mətbuat xidmətinin sabiq rəhbəri Müsəllim Həsənov
01 oktyabr 2021 18:02 (UTC +04:00)

Tanınmış jurnalist, Azərbaycan Respublikası Prokurorluğunun mətbuat xidmətinin sabiq rəhbəri Müsəllim Həsənov

Məharətli aparıcı, tamaşaçıları inandıra bilən jurnalist - UNUDULAN MƏTBUAT KATİBLƏRİ

Vaxtı ilə vəzifədə idilər. Bütün jurnalistlər onları tanıyır və işləri mediadan keçirdi. Bir vaxtlar onların saytlarda, qəzetlərdə açıqlamalarını oxuyardıq. İndi isə unudulanlar siyahısındadırlar. Hazırda iş-güc sahibi olanlar da var. Amma bir çoxu təqaüdlə dolanır. İndi nə işlə məşğuldurlar?

Lent.az dövlət qurumlarının sabiq mətbuat katiblərinə həsr olunan layihəsini təqdim edir:

Layihəmizdə bu dəfə Respublik Prokurorluğu mətbuat xidmətinin sabiq rəhbəri Müsəllim Həsənovdan bəhs edəcəyik.

Jurnalist, ssenarist, kino redaktoru, Azərbaycanın əməkdar mədəniyyət işçisi Müsəllim Həsənov...O Müsəllim Həsənov ki, 1958-ci ildə Şəmkirin Şiştəpə kəndində doğulub.1985-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirib. Ali təhsili başa vurduqdan sonra 1985-1989-cu illərdə "Azərnəşr"də çalışıb. "Yeni fikir" qəzetində şöbə müdiri, redaktor müavini olub, 1997-ci ildə isə "Panorama" qəzetində şöbə müdiri kimi çalışıb.1997-2000-ci illərdə Respublika Baş Prokurorunun mətbuat xidmətinə rəhbərlik edib. Yaradıcılığının sonrakı illəri "Media-Holdinq" şirkəti ilə - "Bizim əsr" qəzeti və "Lider" telekanalı ilə bağlıdır. Bu da 2002-2008-ci illəri əhatə edir.

2010-2013-cü illərdə isə İctimai Televiziyada redaktor vəzifəsində çalışıb. İctimai Televiziyanın efirindən yayımlanan "Daşdan tikilmiş şəhər", "Mübariz", Mirzə Fətəli Axundzadədən, Mirzə Ələkbər Sabirdən, Mirzə İbrahimovdan bəhs edən sənədli filmlərin ssenari müəllifi olub.

Amerika Birləşmiş Ştatlarında uzunmüddətli səfərdə olarkən hazırladığı "Amerika etüdləri" silsiləsi geniş tamaşaçı rəğbəti qazanıb. Bu silsilədən hazırlanan "Alnımızın Qarabağı. Amerikadan oxunanlar", "Tarixdən səhifələr", "Nyu-York mozaikası", "Heydər Əliyev. Şəxsiyyətə Amerikadan baxış" və digər sənədli filmlərinə böyük maraqla baxılır. 2014-cü ildən Bakı Media Mərkəzinin redaktorudur. 2016-cı ildə Ali Media mükafatı alıb. 2018-ci il avqustun 1-də isə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb. Tərcüməçi, professor Şəhla Nağıyeva ilə evlidir, 3 övladı var.

62 yaşlı jurnalist hazırda İctimai Televiziyada yayımlanan və tamaşaçı auditoriyasının xeyli hissəsinin diqqətini özünə cəlb edən "XX yüzillik. Faktlar, hadisələr və insanlar" telelayihəsinin aparıcıdır. O, verilişi çox məharətlə aparır, hadisələri, sanki görürmüş kimi nəql edir, nüanslar dəqiq qabardır, ən başlıcası odur ki, tamaşaçıları inandıra bilir. Tamaşaçılar bu verilişə həm də, məhz aparıcıya inandıqlarına, onun ciddiliyinə və intellektual səviyyəsinə görə baxırlar.

 

# 10128
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar