Psixoloq Samirə Bağırova
04 avqust 2021 17:00 (UTC +04:00)

Psixoloq Samirə Bağırova

"Kişi qadından nömrə götürürsə, bu, artıq xəyanətdir" - Tanınmış psixoloq Lent.az-a elə şeylər danışdı ki... - MÜSAHİBƏ

Əvvəli burada 

- Bakıda, hələ paytaxtda, eyni cinslər hər zaman təzyiqlərə məruz qalırlar. Bölgədə eyni cinslərlə bağlı nə müşahidə edirsiniz?

- Bu birbaşa olaraq psixoloji durumdu. Bu yaxınlarda yanıma az qala bütün bir nəsil gəlib ki, 31 yaşlı kişi evdə qadın paltarları geyinir. Niyə bu vaxtı gətirirsiz bunu? Siz görürsünüz ki, uşaqlıqdan  nəsə düzgün getmir. 31 yaşında bu adamı evə bağlayıblar ki, çölə çıxmasın. Adam deyir mən intihar edəcəm, özümü öldürəcəm. Mənim üçün çətindi, deyir. Mən onun özünə sübut etdim ki, o yüz faiz kişidi. Çünki  suallar ki, mən ona verdim, özü də təsdiq elədi. Sadəcə, ondakı psixoloji durum  dəyişməyəcək. Bu insanların hamısının həyatında mütləq şəkildə travmalar olur. Demək olar ki, çoxunda valideyn uşaq vaxtı nəzarətsiz qoyur, təcavüzə məruz qalır. Uşaq qorxur və dərdini deyə bilmir. Yaxud da tək oğlandır, ailədə bacı çox olub. Bacıları qız kimi tərbiyə ediblər. Ana deyir ki, istəyirəm oğlum olsun, qız doğulur, oğlan kimi tərbiyə verirlər.

Bölgələrdə yaşayanlar üçün təbii ki, çox çətindi. Valideynə deyirəm, 31 yaşında artıq formalaşmış bir şəxsiyyətdi. Bunu uşaq vaxtı görürdünüz axı. 5 yaşından, 6 yaşından sənin pamadalarını oynadanda niyə icazə verirdin? Oğlan uşağı nə ilə oynamalıdı? Tapança, maşın və.s. Bu kukla ilə oynayır, qız paltarlarına meyl edirsə, o zaman sən yönləndirməlisən. Üstəlik, orada təcavüzlər də olub, təbii ki. Uşaq qorxudan gəlib deyə bilməyir. Desə, ana döyəcəkdi.

- Valideynlər niyə uşaqlarına qarşı bu cür inamsızdırlar? Uşağını dinləmir, həmişə qonşunun sözü ilə uşağı döyür, danlayır, cəzalandırır.

- Bizim elə atalar sözü, məsəllərimiz var ki, yanlış fikir yaradır. Məsələn, böyük danışanda kiçik danışmaz. Uşağı buyur, dalınca yüyür. Bu, söz haqqının əlindən alınması deməkdir. Və yaxud da gəlin mənim süpürgəmdi, harada qoyaramsa, orada da qalar. Bizim məsələlərimiz aşağılayıcıdı.

Keçən dəfə qız anasına deyib ki, dayım məni istismara məruz qoyub. Ana qızını gətirib ki, məni aldadır, özündən, ağlına gələn fantaziyalar uydurur və qızını döyür. Deyirəm ki, aldatmır e, düzünü deyir. Ana reallığı qəbul etmək istəmir və eləmir. Məni də günahlandırdı ki, siz də ona inanırsınız. Qız ağlayır, özünü öldürür ki, mənim dayım bizə gəlməsin. Hər dəfə gələndə məni istismar edir. Ana da deyir ki, qızım yalan danışır, qoşulub filankəsin qızına, beynində fantaziya yaradır. Valideynə nə deyəsən? Artıq baxırsan qıza yazığın gəlir. Valideyn qətiyyən qəbul etmək istəmir. Ağzına gələn söyüşlərlə, təhqirlərlə öz cavan qızını alçaldır. O qızın nə həyatı olacaq?

Və yaxud valideynlər öz uşaqlarını başqalarının yanında təhqir edirlər, tənqid edirlər, aşağılayırlar. Heç vaxt belə şey eləmək olmaz. Həmişə uşağının yanında, dost olmalısan. Dərdini bilmək istəyirsənsə, uşaqla problemin varsa, gəl, evdə danla. Amma başqasının yanında heç vaxt belə etmək olmaz. Ona görə də uşaq problemini valideyninə demir.

Bir məqama da toxunmaq istəyirəm. Məsələn, valideyn qızını sevmədiyi birinə məcbur ərə verir. Bu nə deməkdir? Demək, valideyn öz uşağını cinsi istismara məcbur edir. Bir insan sevmədiyi biri ilə yatağa baş qoymalıdı. Bu nə deməkdir? Cinsi təcavüz deməkdi də. Və bunu da məcbur edən şəxs də valideyndir. Bu zorlanmanın başqa növüdü. Valideyn özü deyir ki, gəl mənim qızımı zorla, belədi də. Və yaxud da oğluna deyir ki, məcburən get filankəslə, istəmədiyin  insanla yatağa gir. Bu nə deməkdi? Cinsi istismara məruz qoymaqdı. Zorlanma bundan qaynaqlanır, sevmədiyi ilə ailə qurur, uşaq doğulur və yaxud da xəyanətə məruz qalır. Artıq bütün sevgisini qoparıb, uşağa verir. Uşağa da o qədər diqqət, sevgi verilir ki, artıq onunla böyüyür. Bu da gələcək ailə üçün virusdu. Bir qadın bütün sevgisini oğluna verirsə, artıq orda düzən pozulur. O oğlan gələcəkdə ailədə normal, məsuliyyətli ailə başçısı ola bilməyəcək. Bu birmənalı şəkildə belədir. Çünki ana ilə oğul arasında məsafə olmalıdı.

Psixoloq Samirə Bağırova və Nigar Adil 

- Kişi qadını xoşbəxt edə bilmir, uşaq böyüyüb, kiminləsə ailə qurur və gördüyü ata modelini əsas götürür. Beləliklə, hadisələr zəncirvarı davam edir. Ailənin xoşbəxt olması üçün kişi əsas fiqurdur?

- Çünki bizdə kişilər tərbiyədə ümumiyyətlə iştirak eləmirlər. Kişi düşünür ki, mən evləndim, uşaq verdim, mənim işim ancaq pul qazanıb gətirməkdir, vəssalam. Sabah uşağın hərəkətlərində bir yanlışlıq görəndə, anaya deyir ki, sənin verdiyin tərbiyədi. Tərbiyə prosesində iştirak etməyən kişi anadan ağıllı uşaq tələb edir. Uşağın tərbiyəsində hər iki tərəf iştirak etməlidir. Uşağı sevgi ilə böyütmək deyəndə, elə bilirlər ki, öpüb-qucaqlamağı deyirik. Elə deyil. Uşaq gözləri atanın, ananın bir-birinə münasibətini görür. Onların sevgisinə, qucaqlaşmasına, bir-birinə sığal, gözəl sözlər deməsinin şahid olsa, o sevgi böyüyəcək.

Hətta bölgələrdə böyüklərin yanında uşağı qucağa almaq olmaz. Sabahısı gün oğlan özündən yaşca böyük hansısa bir qadından diqqət görüb, onu sevəndə, deyirlər ki, oğluma cadu elədi, əlimdən aldı. Anlamırlar ki, uşaq vaxtı ondan əsirgədiyi qayğını, sevgini o qadın verir.

- Ailə qurmaq istəyən oğlanların bir də xalaqızı travması var. Cəmiyyətdə qohum evliliyin yaratdığı problemlər hazırda nə dərəcədədir?

- Nə azalıb, nə də artıb. Elə o cür də gedir. Hələ də davam edir. Şəxsi fikrimi deyim ki, mən qohum evliliklərini qəbul eləmirəm. Əgər, qohum evliliyində doğulan uşaqlarda hansısa qüsur yoxdursa, bu olmayacaq anlamına gəlmir. Nəvədə, övladının övladında bu problem olacaq. Qan dəyişməlidir. Yadlarla evlənin, üz, simalar dəyişsin. Hamı eynidir. Yeni qohumluq olsun, nə qədər iç-içə olar… İnanın ki, boşanmalar da artıq çoxalıb.

- Boşanma üçün hansı ciddi səbəb olmalıdır?

- O vaxt boşanmaya tolerant yanaşırıq ki, artıq xəyanətdən əlavə şiddət, məişət zorakılığı, çox ciddi qadağalar var. Yəni artıq hər bir insanın hüququ var, istər qadın, istər kişi olsun və o hüquqlar pozularsa, feministlər kimi bərabərlik demirəm. Evdə kişi bilinməlidi və bir pillə üstün olmalıdır. Bərabərlik sözünü qəbul etmirəm. Bərabərlik bilirsiz nədə ola bilər? Qadın işləyə bilər, getsin işləsin. Qəbul edirəm, uşağa hər iki tərəf baxmalıdı. Bir söz var çox bəyənirəm, deyir, əgər bir kişi uşağın altını təmizləyirsə, yeməyini verirsə, o atalıq borcunu yerinə yetirir, qadına kömək eləmir. Bunlara normal baxıram. Amma evdə kişinin sözü əsas olmalıdır. Bilinməlidi, baxın, dövlətdə necədi, qayda qoyulur, maska taxın. Hamımız maska taxırıq. Bir nəfər idarəçi olur ki, hamı ona tabe olmalıdı. Ailədə də bu kişi olmalıdı, kişinin sözü olmalıdı. Bir qadın gəlir ki, ərim nə deyirəm razılaşır. İstədiyim hər şeyi edir, mənə maraqsızdı. Bütün qadınlar xarizmatik, güclü, sözünü deyən kişiləri bəyənirlər. Bu o demək deyil ki, qadını döyməlidir. Yox, şiddətə ümumiyyətlə qarşıyam. Qadına əl qaldıran kişi zəifdir. Sən bacarırsan onun dilinə söz çatdır. Bacarırsan et, bacarmırsan döyməklə artıq zəif olursan. Demək ki, o qadın səndən güclüdü. Həddindən artıq hər şeyə razılaşan kişi maraqsız biridir.

Psixoloq Samirə Bağırova 

- Kişilər də deyirlər ki, heç nədə qadınları razı sala bilmirik. “Hə” deyib, xoşbəxt etmək istəyəndə, maraqsız oluruq.

- Balans var. Nəyə görə bizdə qadağalar çoxdu. Çünki biz həmişə həddi aşırıq, ona görə.

- Bir də zor gücünə davam etdirilən evliliklər var.

- O artıq evlilik deyil. Özü üçün yaratdığı bir cəhənnəm əzabıdır. Kişilər sevib evlənirlər. İllər keçir, 5 il, 7 il, 15 il. Anlayıram, bu ağrılıdı, amma gəlir ki, mənim sevgim bitib, başqa bir xanımı sevirəm və ailəsini dağıdır, gedir. Qadının sevgisi axı davam edir. Uşağı var, sevgisi var, necə yəni, sevgi bitib, bəs mən?

Dünyaya gəlmişik xoşbəxt olaq. Ümumiyyətlə, sevgi nə deməkdi? Təmənnasız bütün gözəl hisslərini qarşı tərəfə ötürürsən və qarşılıq gözləmirsən. Sevgi bu deməkdir. Bu gün elə cütlüklər var ki, qəribə də olsa, bir evdə yaşayırlar, amma sənəd üzərində. Kişi öz həyatını yaşayır, qadın da öz həyatını. Bir-birlərinə qarışmırlar. Sadəcə, “camaat nə deyər” fikrinə görə, sənəd üzərində ailədirlər. Amma deyir bir-birimizə qarışmırıq. O öz həyatını yaşayır, mən öz həyatımı. Kişi də bilir ki, qadının sevgilisi var, qadın da bilir ki, kişinin. Sadəcə uşaqlar bizi bir yerdə görsün, travma yaşamasınlar deyə, rol oynayırlar. Özlərini incidirlər.

Gələcəkdə də uşaqlar eyni hadisəni təkrarlayacaq. Qız uşağıdısa, görür ki, ana özünü qurban verir, fəda edir, sabahısı gün o da bunu normal qəbul edəcək, ailə quranda, qurban olacaq. İstər-istəməz artıq o psixologiyada böyüyür. Çünki anasını belə görüb və yaxud da oğlan uşağı olsun. O artıq belə görüb. Bizim yaşadıqlarımız, travmalarımız təkrarlanır. Bu virus kimi bir-birinə zəncirvarı ötürülür. Ya gərək o xarakterdə, psixologiyada olasan ki,  artıq özünü tamamilə dəyişəsən. Təbii ki, kök, xarakter dəyişmir. Müəyyən bir məqamda özünü göstərir. Öz mənini ortaya qoyursan. Amma sevgidə olmur axı. Sevgi fədakarlıqdır, sevgi qurbandır. Ona görə də sevgi həmişə insanı zəif edir. Ailədə də bir tərəf ki, boşanmaq istəyir. Demək ki, o sevgi olmayıb, bağlantı olub. Bəzən səhv salırlar. Asılılığı, bağlılığı, simpatiyanı, aşiq olmağı, hamısının müəyyən müddəti var. Bitir. Bitəndə insan birdən ayılır ki, mən necə evlənmişəm, niyə evlənmişəm. O hislər müvəqqəti olur, belə məqamda ehtirası səhv salırlar.

- Kişilərə dəstək verəcək çıxışlarınız çoxdur. Şərhlərdə qadınlar yumşaq desək, sizə qarşı çıxırlar.

- Hə, məndən zəhlələri gedir (gülür). Çox qısqanclıq, özgüvənsiz deməkdi. Özünə arxayın insan niyə qısqanmalıdı? Özünə qadın kimi güvənən şəxs həyat yoldaşına istədiyi hər şeyi verirsə, niyə özündən əmin olmamalıdır. Hə, razıyam, elə kişi var ki, hər şeylə təmin edilir, amma yenə də xəyanət edir. Belə bir sindrom da var: Yaşından tez cinsi münasibətə başlayarsa, onlar bir ömür boyu xəyanət edirlər. Hər zaman yaxşı axtarışındadılar. Əslində nədir, hər şey var, heç nə yoxdu. Özünü axtarıb tapa bilmir. Artıq bu psixoloji problemdir. Gözləntiləri çoxdur, əldə etdikləri azdır.

Psixoloq Samirə Bağırova  və Nigar Adil 

- Kişilər hansı halda xəyanət edə bilər?

- Deyim də, qadınlar var, gəlib deyir ki, məsələn, mənim cinsi istəyim yoxdur, yoldaşım ehtiraslıdı. Təbii ki, kişi gedib, xəyanət edəcək. Daha sonra həddindən artıq çox tələbkar qadınlar, özü də tələb, əmr formasında. Bu olmalıdı, sənin borcundu, sən kişisən, sən qazanmalısan, sən gətirməlisən, sən eləməlisən. Artıq kişi bezir. Yaxud da çox qışqıran qadınlar var. Mən həmişə deyirəm ki, siz nə qədər çox qışqıra-qışqıra danışacaqsız, evdə hər zaman deyingən rolunu alacaqsız. Qadınlar belə olanda sözlərinin dəyərini itirirlər. Bir var gəlib deyirsən ki, əzizim, çay hazırdı və ya yemək hazırdı. Və ya bu otaqdan o biri otağa qışqırır ki, “Yemək hazırdı”. Kişi oturur yemək yeməyə, iş görə-görə bütün problemləri danışılır, olmaz. Onlar uşaq kimidilər. Qadın hər şeyi bacarır. Hər problemi şirin dillə həll etmək mümkündür. Acığa düşməsən, prinsipə düşməsən, qalibsən. Kişinin sevgisi uşağa qadından keçir. Qadını sevirsə, uşağını da sevəcək. Yeni boşananda uşaqla görüşür sonra heç yadına da düşmür, alimenti ödəmir. Gedir başqa qadınla ailə qurur, onun digər nikahdan olan övladlarına atalıq edir. Kişinin qadına sevgisi, hörməti varsa, uşağa da olacaq. Onu da yaradan qadındı.

- Bir azərbaycanlı ailədə qadından gözləntilər çox deyil ki?

- Qadın özünə hörmət edirsə, öz qaydalarını tərtib edib, xanımlığımı önə qoyursa, kişi artıq ona uyacaqdır. Hər şey hörmətdən başlayır. Sevgi də hörmətdən başlayır, bizə qarşı olunan münasibətə, göstərilən diqqətə, qayğıya, danışıq tərzinə, mədəniyyətinə aşiq oluruq. Nəzakətli olmaq səni dünyanın ən gözəl insanı edir. Ona aşiq olursan. Özünə qarşı bunları tələb edəndə o zaman qadına rahat olacaq. Çünki sən öz xanımlığını, kübarlığını ortaya qoyursan. Bu otaqdan digərinə qışqıranda, bir hərəkəti dəfələrlə təkrar edəndə, artıq adam ona öyrəşir. Məsələn, qışqıranda deyin, “zəhmət olmasa qışqırma. Sözün olanda gəl yanımda de, mümkünsə. “Mənim başım səs götürmür”, yaxud da “mən bunu hörmətsizlik kimi qəbul edirəm”. Qaydalarını qoyursan. “Mənə “aaz” demə zəhmət olmasa. Gözəl bir söz de, deyə bilmirsənsə adımla çağır. Gül kimi adım var”. Məsələn, siz öncədən necə qoyursunuzsa, artıq o biləcək ki, qadına hörmət etmək lazımdı.

Şəxsi əşyalara toxunmağa, nəsə axtarmağa qarşıyam. Kişinin əşyalarına qarışdırmaq olmaz, həmçinin kişi də. Hər bir insanın komfort zonası var. Telefonuna girim yoxlayım, pulqabına baxım, birdən nəsə taparam, məndən nəsə gizlədər. Nəsə axtarırsansa, tapacaqsan. Niyə? Çünki o niyyətlə baxırsan, axtarırsan. Qüsursuz insan yoxdur. Qadınlar son zamanlar həyat yoldaşlarının kimi layk etməsini izləyirlər. “Girim görüm kimə layk qoyub”. Kişi layk qoyacaq? Bir kişi bir qadına layk qoyursa, demək ki, bu kişidi.

- Siz bunu qadınlara deyəndə, necə qarşılayırlar?

- Kişinin hansısa qadını layk etməsinə tab gətirməmək bilirsiniz nə deməkdir? Sadə dildə deyim: Demək, o adam məndən üstündür və onu layk etdi, bəyəndi. Sən demək kimlərisə özündən üstün görürsən. Qısqanmaqla onu göstərirsən. Dostluqdan çıxardırsansa, əksinə, daha da yol açırsan. Qadağan olmuş şey həmişə şirin olur. Bəlkə də bu adam, məsələn, tanışlıqdanmı, yaxud da kişilərdə belə bir instink var da, şüuraltı, özündən asılı olmayaraq kimisə layk edə bilər, avtomatik xoşuna gələ bilər. Bəlkə də görməzdən, elə-belə etmişdisə də, ayıltdın, artıq onda həmin qadına qarşı maraq yaratdın. “A, mən buna layk qoymuşam. Kim idi ki, qoy baxım”. Artıq oyandı və yol açmış oldun. Kiminləsə, tutaq ki, filört edəcək. Filört hamıda var, qızlarda da var, kişilərdə də var.

 

Psixoloq Samirə Bağırova

- Azərbaycanda filört hansı dərəcəyə qədər o xəyanət sayılmır?

- Nömrə götürənə qədər. Kişi qadından nömrə götürürsə, artıq xəyanətdir. Hansı niyyətlə nömrə alırsan? Demək ki, danışacaqsan, görüşəcəksən.

Qadınlar anlamalıdır ki, ömür boyu bir insana özünü həsr eləmək, çox çətindir. Tamamilə başqa-başqa psixologiyada böyümüş insanlar gəlib birləşirlər. Bundan sonra 50-60 il bir yerdə yaşamaq çətindir. Biz adi doğma valideynlərimizlə bir yerdə olanda dava edirik. Arada ayrı qalın, bir-biriniz üçün darıxın. Göz görür, filört edir, müqayisələr gedir. Sən əgər ailənin içində yaxşısansa, müqayisə edəndə deyəcək mənimkinə çatan olmaz. Yenə də öz xanımına qayıdır. Qadın-kişi münasibətləri yox, insanlar özləri mürəkkəbdirlər.

 

Foto: İlkin Nəbiyev

# 29811
avatar

Nigar Adil

Oxşar yazılar