Kabus dolu yuxular, yarımçıq sevgi, "qorxuram, mənə baxır" - Lent.az 23 yaşlı qardaş qatilinin evində
06 aprel 2021 16:15 (UTC +04:00)

Kabus dolu yuxular, yarımçıq sevgi, "qorxuram, mənə baxır" - Lent.az 23 yaşlı qardaş qatilinin evində

Onunla görüşməliyik, mütləq görüşməliyik... 
Amma bizi nə gözlədiyini də bilmirik... 
Ümumiyyətlə, bizi orda gözləyən varmı?

Kəndin, Ləcətin bir addımlığındayıq. Ətrafda xeyli adam var. Heç kim, hə, heç kim bizi o evə, onun evinə aparmaq istəmir. Hamı çəkinir, hamı ehtiyat edir. Sanki qəbahət bir iş tuturmuş kimi. Nədən? Niyə axı...

*

...Biz onu uçulub dağılmaqda olan bir evdə tapırıq. Pəncərədən baxıb gülümsəyirdi. Dupduru gözləriylə...
6 il dəmir barmaqlıqlar arasından baxmışdı bu gözlər. Bəlkə də elə buna görə durulmuşdu. 
6 il...
17 yaşlı qızcığaz...
Qətl...
Və...

*

İti addımlarla pilləkənlərdən enib bizi qarşılayır. Elə bil min ilin tanışıyıq, dərhal evə dəvət edir bizi. Onun qu kimi uçaraq düşdüyü çürümüş, aralı-aralı bir-birinə geydirilmiş taxtadan hazırlanan pilləkənləri, biz ayağımız əsərək qalxırıq. Göydə günəş gülümsəsə də, kəndi əhatə edən dağların soyuq havasından yaman üşümüşdük. Otağa girən kimi odun sobasının istiliyi üzümüzə vurur. Təzəcə dəmlədiyi çaydan süzür bizə. Mixək ətirli çaydan qurtumlayırıq... 

Hə, bilirsiniz kimin qonağıyıq? Alyonanın. Daha doğrusu, Alinanın. O Alina ki, 17 yaşında qardaşını öldürmüşdü. Xatırladınız? Bəli, 5 il 9 aydan sonra azadlıqdadır. Əgər buna azadlıq demək olarsa...

*

- Burda, kənddə qalmaq istəmirəm. Bakıya getmək, işləmək istəyirəm. Fərqi yoxdur, nə iş olursa, olsun işləyərəm. İndi mənə türmədən də pul veriləcək. Ümidim onadır. O pulu götürüb şəhərə getmək istəyirəm. Bu kənddən çıxmaq istəyirəm. Bura məni sıxır. Burda dəli olaram. Burda heç kimim yoxdu. Anam yanımda olsa belə. Bir həftədir gəlmişəm kəndə. Heç hara çıxmıram. Həbsdə bundan yaxşıydı. Heç olmasa söhbət eləməyə kimsə vardı. Burda təkəm. Danışmağa belə bir kimsə yoxdu. Dörd divar arasında, heç yerə çıxmadan yaşamaq çox çətindir. Bu, azadlıq deyil. Mən kəndə çıxa bilmirəm. Gözləyirəm axşam düşsün, hava qaralsın, heç olmasa bulağa gedim. Çox darıxmışdım bulağımız üçün. Həm də istəyirəm heç kim məni görməsin. O kinlə baxacaq gözləri görmək istəmirəm. Çünki bu kənddə hamı mənə baxanda haqqımda tək bir şey düşünür – qardaş qatili!

*
Pəncərədə, kiçik döşəkçənin üstündə oturan Alina qəhərlənir danışanda. Həyəcanını gizlətmək üçün dizlərini bərk-bərk qucaqlayır. Udqunur. Təngnəfəs olur.

- Biz iki qardaş, bir bacı olmuşuq. Çox istərdim bir bacım olsun. Çünki uşaqlıqdan elə bir rəfiqəm də olmayıb. Uşaqlığım çox pis keçib, çox pis. Həmişə söz-söhbət, problem. Haqsız yerə çox döyülmüşəm. Sinif yoldaşlarımla tez-tez problemlər yaşayırdım. Bir sinif yoldaşım var idi. Onun da adı Alina idi. Mən türməyə düşəndən sonra o ərə getdi Sonra eşitdim ki, boşanıb. Azadlığa çıxmağımı eşidib yanıma gəlmişdi. Məni itirib-axtaran tək o oldu...

Axtarmaq demişkən, 6 illik həbsdən sonra evlərinə qayıdan Alina nə vaxtıyla əkib-becərdiyi gülləri görür, nə də şəxsi əşyalarını tapır. Sanki hamı onu unutdurmaq istəyirmiş...

Alina Baxışova və Lamiyə Məmmədova

Uşaqlığından danışanda gözləri dolur Alinanın. Gözlərini yerə dikir. Aram-aram danışır. “Heç vaxt düşünməzdim ki, belə bir hadisə olar”, deyir.

- Mənə qarşı pis davranırdı. Amma etdiyim hərəkəti heç vaxt düşünməzdim. Bir anda oldu. Kaş ki, etməsəydim. Tək peşmanlığım odur ki, o mənim əlimdə öldü, qatili mən oldum. Qardaşım əsgərlikdə olanda, anam yanına gedirdi və məndən ona şikayətlənirdi. Qardaşım da üstümə xəbər göndərirdi. ”Ona de, oxumaq söhbətini bağlasın. Çıxıb məktəbdən, otursun evdə. Onu oxumağa qoymayacam”. Dediyini də, etdi. Məni oxumağa qoymadı. Sağ olsaydı, yenə qoymayacaqdı, ölümü ilə də buna imkan vermədi. Hər iki halda mənim təhsil almağıma mane oldu.  Nə başqa qızlar kimi geyinə, nə bəzənə, nə də gəzməyə gedə bilirdim. Mən də başqa qızlar kimi olmaq istəyirdim, amma anamgili buna imkan vermirdilər. Mənim tək dərdim oxumaq idi. Oxumaq istəyirdim. Anam bu barədə söz eşidən kimi məni danlayırdı. Deyirdi ki, “Qız uşağına oxumaq lazım deyil. Ərə gedərsən, o da olar sənin təhsilin”. Əgər mənim anam başqası olsaydı , mən bunları yaşamazdım. Mən də oxuyardım, xoşbəxt olardım... 
*

Hə, xoşbəxt olardı. Çünki 6 il əvvələ qayıdıb o günlərdən danışanda üzünü güldürən bircə xatirəsi var Alinanın. Bəlkə də elə o bircə xatirə onu dünyanın ən xoşbəxti etməyə bəs edərdi...

- Sevdiyim biri var idi. Qonşu kənddən. Qızlar bir gün dedilər ki, o oğlanın səndən xoşu gəlir, söhbət etmək istəyir. Qəribə hislər keçirmişdim. Mən də istəyirdim onunla söhbət edim. Amma qorxudan “yox” demişdim. Təsəvvür edirsən Lamiyə, sevərək yox dedim. Evdəkilərdən çox qorxurdum. İndi heç bilmirəm o hardadır? Nə edir? Kim bilir bu hadisəni eşidəndə haqqımda nə düşünüb?!

Alina Baxışova və Lamiyə Məmmədova

Hə, heç gözləmədiyi anda baş verən lənətə gəlmiş bu hadisə bütün həyatını alt-üst edir, arzularının üstünə qara pərdə çəkir, qızcığazın.

- O hadisə baş verdi və mən 8 ayı qorxu ilə yaşadım. Hamıya etiraf etmək istəyirdim ki, mən etmişəm, mən öldürmüşəm qardaşımı. Sonra deyirdim, yox, axı məni həbs edəcəklər, oxuya bilməyəcəm? Bu qorxu ilə yaşayırdım. İndi isə peşmanlıq var içimdə. Deyirəm kaş özümü öldürərdim. Amma bu əzabı çəkməzdim. Mən həbsxanadan çıxdım, amma içimdəki həbsim davam edir. Mən əslində azad deyiləm, azadlıqda deyiləm. (Kövrəlir)

*
...Hadisədən 8 ay sonra Alinanı həbs edirlər. Artıq özünün də gücü qalmamışdı çünki. Daha artıq gizlədə bilməzdi. Qarşıda isə onu tam fərqli bir həyat gözləyirdi.

- Həbsxanaya düşdüyüm gün çox pis idim. Ancaq ağlayırdım. Yemək yemirdim. Qorxurdum. Heç kimlə danışmırdım. Nələr baş verdiyini anlamırdım. Amma oradakılar mənə çox yaxşı münasibət bəslədilər. Hamı mənə uşaq kimi baxırdı. Uşaq idim də. 17 yaş...İş görməyə qoymurdular. Mən 17 ildə görmədiyim qayğını, sevgini 5 il 9 ay o türmədə gördüm. Həbsxanada keçən günlər bir insan ömrünün ən pis günləri olur. Amma mənim üçün əksi oldu. Mən bu evdə ancaq təhqir, danlaq görürdüm. Orda ancaq təşəkkür almışam. Orda tanıdığım bir neçə xanım var. Özümə iş tapandan sonra onların yanına gedib, görmək istərdim.
Həbsdə olarkən cəmi iki dəfə xalam, dörd dəfə də anam gəldi yanıma. Vur-tut dörd dəfə... Nənəm sovqat göndərirdi. Məni çox istəyirdi. Mənə inanırdı. Məhkəmədə də ağlayıb deyirdi ki, “Onun əvəzinə məni həbs edin”. Mənim orda olmağımı istəmirdi. Oxumağımı istəyirdi. Heyf ki azadlığa çıxmağımı görə bilmədi...

Alina Baxışova

Həbsxanaya düşdüyünə görə təhsil ala bilməyən Alina orada özünə məşğuliyyət də tapır.

- Məktəbdə yaxşı oxumuşam. Attestatımı da var. Həbsxanada olarkən iki diplom da aldım. Biri tikiş, digəri də mühasibatlıq üçün. Tikişi yaxşı bacarıram. Orda olanda nələr tikmişəm, nələr. (İlk dəfədi üzü gülür)

Alina deyir ki, əfv ərizəsini də özü yazıb...

- Heç ümidim yox idi. Həmin gün səhər türmədə sıra düzülüşü idi. Birdən dedilər ki, sən əfvə düşmüsən. İnanmadım. Hönkür-hönkür ağlamağa başladım. Hamı məni təbrik edir, mən isə ağlayıram.... 
 
*

Özündən iki yaş kiçik qardaşı da var Alinanın. Həmin hadisədən sonra nə üzünə baxır, nə də onunla kəlmə kəsib danışır.

- Kiçik qardaşım mənimlə danışmır. O hadisədən sonra qardaşıma çox sözlər dedilər, yalan-yalnış. O da məni günahkar görür. Bunda da anamın böyük rolu var. Anam indi mənim yanımdadı. Amma əslində də deyil. Tez-tez o hadisəni yadıma salır, ”mənim balamı öldürmüsən” deyir. Çox əzab çəkirəm, çox. Mən bu kənddən getmək istəyirəm. Hər şey, hamı üstümə gəlir, sanki.

*

- Yuxuda tez-tez görürdüm onu. Tutulmazdan əvvəl daha çox görürdüm. Bütün yuxularda da əlində bıçaq üstümə gəlirdi. Kabus kimi. Diksinib oyanırdım yuxudan. Həbsxanadan çıxandan sonra daha yuxuma girmir. Azadlığa çıxandan sonra bir həftə Sumqayıtda, xalamgildə qaldım. Orda çox rahat idim. Bura gələndən isə elə deyil. O, bax, bu evdədir. Burdadır, qarşımda. Gözümü yuman kimi həmin hadisə canlanır gözümün önündə. Bu məni narahat edir. Qardaşımın qəbri üstə belə heç getmədim. Getmək, qəbrini görmək istərdim. Bu dee, buradı. Amma gedəmmirəm, qorxuram...

Alina Baxışova və Lamiyə Məmmədova

Hə, tərəddüd edir. Qorxur. Həm getmək istəyir, həm də yox. 

Birlikdə qəbiristanlığa yollanırıq. Qəbiristanlığın dəmir çərçivəli qapısı cırıldayaraq açılır. İçəri giririk. Əvvəlcə asta addımlarla qəbirlərə doğru addımlayır. Daha sonra...daha sonra qəbirlər arasında dəli kimi dolaşır. Tapa bilmir. Hə, tapa bilmir. Çünki qardaşının hansı tərəfdə dəfn edildiyini bilmir axı. Lap kənarda gənc oğlanın baş daşı üzərindəki şəkli dəyir gözümə.

- Alyina, bəlkə budur?!

- Hə...hə, odur.

Asta-asta yaxınlaşır. Sonra heç gözləmədiyimiz anda geriyə qaçır. 

-Yox, yox, qorxuram. Getmək istəmirəm. Qorxuram.  Mənə baxır, görürsən, mənə baxır... 
...Siz həmin anda onun gözlərinin içinə baxa bilərdinizmi? Mən baxa bilmədim. Əlindən tutub araladım oradan.

Geri qayıdırıq. Alyinanın gözləri hələ də geriyə baxır. 

Alina 5 il 9 ay əvvəl bu kənddən qorxu hissi ilə çıxmışdı. Bu gün isə peşmanlıq hissi ilə yaşayır burda. Birdə başqa hiss bürüyüb indi onu...

- Onun üçün darıxıram. Çox darıxıram...

Alina Baxışova

Alina Baxışovanın böyüdüyü ev

Alina Baxışovanın qətlə yetirdiyi qardaşı

Alina Baxışova və rəfiqəsi

Alina Baxışova və qardaşı

Alinanın anası və qardaşı

Alina Baxışova və Lamiyə Məmmədova

Alina Baxışova

Alinanın böyüdüyü ev

Alina Baxışova

Alinanın böyüdüyü ev

Alinanın böyüdüyü ev

Alinanın böyüdüyü ev

 

Qusar, Ləcət

# 23922
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar