Azər Bağırov
02 dekabr 2022 15:20 (UTC +04:00)

Azər Bağırov

"Belə uşaqlar narkotik istifadəçisinə çevrilir" - PSİXİATRLA MÜSAHİBƏ

Psixiatr Azər Bağırovun Lent.az-a müsahibəsi:

əvvəli ötən sayımızda

- Stress insanda hansı xəstəlikləri yaradır?

- Stress insanda bir çox xəstəliklərə səbəb ola bilər. Stressə bağlı mədə-bağırsaq pozuntuları, dəridə allergik proseslərin artması, psixoloji problemlərin yaranması çox sıx görülür. Stress həmçinin ürək nevrozuna da səbəb ola bilər. Ürək nevrozu olan şəxslər sanki ürəyində ağrı olduğunu hiss edirlər. Müayinə olunduqdan sonra belə insanları ürəyində tibbi cəhətdən heç bir problem olmadığı görülür. Yəni problemin kökü tamamilə psixoloji olur.

- İnsan hansı məqamda özündən şübhələnir ki, onun psixoloji vəziyyəti yerində deyil? Pasiyentləriniz ən çox hansı xəstəliyə görə sizə müraciət edirlər?

- Əsasən nevrotik xəstələr özlərində bəzi əlamətləri görüb müraciət edirlər. Amma şizofreniya olan insan özünü xəstə hesab etmir. Psixotik əlamətləri, şübhələri real hesab edir. Bəzi insanlar isə səslər eşidirlər, hallüsinasiya görürlər. Bu tip xəstələri isə çox vaxt ailələri gətirir. Çünki onlar bunun fərqində olmurlar.

- Amma bir çox psixoloji problemi olan şəxslər psixiatrın ona heç bir kömək etməyəcəyini düşünür. Elə buna görə də daha çox nevropatoloqa müraciət etməyi üstün tuturlar. Belə bir məqamda sizcə, psixiatrın etdiyi müalicə daha faydalıdır, yoxsa nevropatoloqun?

- Dünya praktikasında da göstərilir ki, psixiatrik, əsəb, nevro qrupa aid olan xəstəliklər psixiatrik xəstələrdir. Nevroloji xəstələrdə isə beyində orqanik bir zədə olmalıdır. Yəni beyinə qansızma, epilepsiya və parkinson kimi xəstəliklər aiddir. Amma nevroz adındakı oxşarlığa görə, insanları beynində bu xəstəlik sanki nevrologiyanın müalicə edəcəyi bir sahə imiş kimi oturub. 

Digər bir problem isə nevrologiya sahəsində olan insanların bu sahəni yaxşı bilməməsidir. Bu səbəbdən bəzi həkimlər xəstələrə tam şəkildə köməklik edə bilmirlər. Nevrotik xəstəliklərin kökündə duran səbəblər psixolojidir. Sadəcə dərman müalicəsi etməklə deyil, həmçinin xəstənin psixologiyasını düzgün anlamalıdırlar. 

- Bu gün bəzi uşaqlarda hiperaktivlik pozuntu və diqqət əskikliyinin yarandığını müşahidə edirik. Bəs, bunun hər hansı bir müalicəsi varmı?

- Hiperaktivlik pozuntu və diqqət əskikliyi 5-7% nisbətində görülən bir haldır. Bəzən diqqət əskikliyinin olduğu amma hiperaktivliyin olmadığını da müşahidə edirik. Bu cür uşaqların əsas problemi odur ki, onların zəkaları yerində, əqli qabiliyyətləri yüksək olsa da, fikri fokuslamaq və sürdürmək mümkün olmur. Bu cür uşaqlar çox vaxt 5-ci sinfə qədər yaxşı oxuyurlar. Dərslər çətinləşdikcə onlar daha da zəifləyir. 

Araşdırmalarda da sübut olunub ki, diqqət əskikliyi və ya hiperaktivlik pozuntu müalicə olunmadıqda uşaqlar yeniyetməlik dönəmində narkotik istifadəçisinə çevrilir. Vaxtında müalicə olunduqda bu xəstəliyin qarşını almaq olur.

- Bəs, tik xəstəliyindən necə qurtulmaq olar?

- Tik xəstəliyi təşvişdən qaynaqlanır. Bu xəstəlik 10 yaşından sonra sıx görülmüş bir xəstəlikdir. Vokal tiklər və motor tiklər olaraq iki yerə bölünür. Vokal tiki olan uşaqlar qeyri-ixtiyari səslər çıxardır. Motor tiki olan uşaq isə qeyri-ixtiyari əzələ hərəkətləri edir. Həmin hərəkəti etmədikdə və ya səs çıxartmadıqda uşaq çox gərgin olur. Bu xəstəlik müalicə oluna bilən xəstəlikdir. 

- İnsanlarda yaddaş pozğunluğunun yaranmasını şərtləndirən amillər hansılardır?

- Bunu diqqət və yaddaş pozğunluğu olaraq iki faktora ayırmaq lazımdır. Gənc yaşlarda daha çox müşahidə etdiyimiz diqqət pozğunluğudur. Beyində çox fikirlərin olması insanın önündəki hər hansı bir şeyə diqqət yetirməsinə mane olur. 

Yaddaş pozuntusu isə əsasən irəli yaşlarda daha çox müşahidə edilir. Burada yaddaş itkisi qalıcıdır. Bu xəstəlik xüsusilə 60 yaşında yaranır, 65 yaşında özünü göstərir. Xəstə yavaş-yavaş unutmağa başlayır. Bir müddətdən sonra özünə baxa bilmir. Bu xəstəliyin qarşısını müalicə ilə almaq olur.

- Bir çox insan psixiatrla psixoloq arasındakı fərqi bilmir. Bu iki peşə arasındakı fərqlər nələrdir?

- Psixiatrla psixoloq arasında təməl fərqlərdən biri odur ki, biri həkimdir, biri deyil. Psixoloqlar Bakı Dövlət Universitetinin Psixologiya fakültəsini bitirirlər. Onlar işin tibbi tərəfini bilmir. Çünki psixiatrik xəstəliklərin beynin kimyəvi maddələr balansı ilə əlaqəli olan tərəfi var. Bundan əlavə olaraq insanların öz psixoloji dünyası var. Psixoloqlar daha çox insanın iç dünyası yəni onun psixoloji tərəfləri ilə maraqlanır. 

İnsanlar həmçinin psixoloqla psixoterapevti çox qarışdırırlar. Psixoterapiyaların müxtəlif növləri var. Bunun üçün mütəxəssislər iki illik kurslardan keçir və terapist adına layiq görülür. 

Psixoloq universiteti bitirdikdən sonra xəstə ilə işləyə bilməz. Mütləq magistratura səviyyəsində klinik psixologiya təhsili almalıdır. Amma ölkəmizdə vəziyyət belə deyil. Hər insan psixoloq kimi çıxış edir. Bu biabırçılıqdır. 

- İnsan ruhi sağlamlığını necə qorumalıdır?

- Ruhi sağlamlığın qorumağın ən vacib rolu günlük rejimə diqqət etməkdir. Yuxu saatı çox vacibdir. Qaranlıq saatlarda yuxuda olarkən bədənimizdə melatonin adlanan təbii antidepressant maddə ifraz olunur. Məsələn gecə yatmayıb kinoya baxdıqda həmin melatonin ifraz olunmur. Nəticə etibarilə insanda xroniki yorğunluq yaranır. Bu baxımdan qaranlıq saatlarda yatmaq çox vacibdir. 

Digər bir məsələ isə iş saatlarının limitli olmasıdır. Bu məsələ ölkəmizdə çox böyük bir problemdir. Ölkədə iş saatları qeyri-stabildir. İşdən evə gəldikdə də telefonla iş barədə məşğul oluruq. Bu mütəmadi olaraq insanı stressdə saxlayır. İnsanlar mütəmadi olaraq stressdə olanda bədəndə kartizol adlanan hormonun miqdarı artır. Bu da uzunmüddətli depressiyaya səbəb ola bilir. 

Bundan əlavə olaraq günümüzün monoton keçməsi də bizi uzunmüddətli depressiyaya səbəb ola bilər. Bu baxımdan hobbinin olması çox vacibdir. Hər bir insan özünə hobbi yaratmalıdır. 

- Bu gün Azərbaycanda əsasən hansı psixogenik xəstəliklər geniş yayılıb?

- Günümüzdə ən çox yayılan psixogenik xəstəlik nevrotik qrup psixogenik xəstəliklərdir. Bu xəstəliklərə generalizə pozuntusu, panik atak, obsessiv kompulsiv pozuntusu aiddir. 

Bu gün qadınlarda depressiya, biopolyar xəstəlik, uşaqlarda autizm xəstəliyi, xüsusilə oğlan uşaqlarında isə diqqət əskikliyi və hiperaktivlik daha çox müşahidə olunur. 

Psixoloji pozuntular səbəbindən bizə müraciət edənlər arasında kişilər daha çoxdur. Məsələn sosial fobiyası olan evdar bir qadın sosial mühitə çox girmədiyi üçün, sosial çəkingənliyi olduğu üçün müraciətləri az olur. Statistikaya baxdıqda sosial fobiya daha çox qadınlarda müşahidə olunur.

# 6477
avatar

Arzu Qurbanlı

Oxşar yazılar