Başında güllə ilə gəzən qazimiz  : Son qumbaranı özümə saxlayırdım
15 iyul 2022 13:58 (UTC +04:00)

Başında güllə ilə gəzən qazimiz : Son qumbaranı özümə saxlayırdım

O, başında güllə yarası ilə gəzir. 44 günlük müharibənin yadigarını canında daşıyır. Düşmənin atdığı güllə ilə ömür-gün yoldaşı olub Şükür.

Ana-atasının bir oğlu, 3 bacının tək qardaşıydı. Gül yastıqlarda yatırılmış, sevgiylə böyüdülmüşdü, uğruna qurbanlar kəsilmiş, doğulduğuna Allaha şükürlər edib adını Şükür qoymuşdular. Balaca olanda anasına-atasına göz aydınlığı verənlər “böyüsün, əsgər getdiyini görün” deyərdilər. Nə biləydilər bu əsgərlik onun ömrünün ən böyük imtahanı olacaq.
“Hərbi xidməti Gəncədə çəkirdim. Xidmətimin bitməyinə 4 gün qalmış müharibə başladı. Bizi öncə Goranboya apardılar. Başımızın üstündən qırıcı təyyarələr, dronlar uçurdu. Hətta dronlardan biri tam başımın üstündə partladı. Onda anladım ki, bu əsl döyüşdür. Yaman həyəcanlanmışdım. Elə irəli şığımaq, döyüşmək istəyirdim. Amma bizi bir neçə gün gözlətdilər. Sonra hərbi hissəsimizi Haramı düzünə apardılar. Döyüşlərə Haramıda başladım. Piyada qoşunlarının tərkibindəydim, öndə tanklar arxada avtomat ata-ata biz gedirdik. Qorxu hiss etmirdik. Hamının  yalnız bir arzusu var idi, yalnız qabağa getmək. Elə bil kütləvi şəkildə qorxu hissimizi itirmişdik”,- deyir qazi Şükür Məmmədov.

“Düşünürdüm ki, mən bu döyüşlərdə ölməyəcəm. Arxayın idim, ürəyimə dammışdı, özümə söz vermişdim ki, ölməyəcəm. Elə döyüşmək, elə ad qazanmaq istəyirdim ki, ailəm anam, atam, bacılarım mənimlə qürur duysun. Onların üzünü qızarda bilməzdim. Tək narahatlığım o idi ki, birdən əsir düşərəm. Əsir düşməmək üçün mən də, digər əsgərlər də üstümüzdə ehtiyat qumbara saxlayırdıq. Son qumbara özümüz üçün idi. Əsir düşsək özümüzü də, düşməni də partladacaqdıq. Başqa yol yox idi. Döyüşlərin 40-cı günü, qələbəmizə 4 gün qalmış başımdan güllə yarası aldım. Laçın rayonu ərazisində. Öncə ətrfımda torpağa dəyən güllələri gördüm, sonra hiss etdim ki, kaskamda vıyıltı səsi gəldi, yerə yıxıldım və ilk iş çox böyük sürətlə kaskamı başımdan çıxardım. Başımdakı o xırıltını hiss etdim. Əlimi başıma sürtdüm, qan axırdı, əlimin qanını komandirimə göstərdiyimi xatırlayıram, bir də son kəlməmi. “Evdəkilər bilməsin”.

Şükür Məmmədovun başındakı gülləni çıxarmaq olmaz. Həkimlər deyib ki, təhlükəli yerdədir, sinirlərinə toxunulusa, bədəninin sol tərəfi iflic ola bilər. O da güllə ilə yaşamağı seçib. Deyir başıma isti su dəyəndə, bərbərə gedəndə ağrısını hiss edirəm. Başqa vaxt mənə maneçiliyi yoxdur. Başındakı yara sağalandan sonra şükürü yenidən hərbi xidmətə aparıblar və o müharibədən  aylar sonra təxris olunub. 44 günlük müharibə onun taleyinə 4 rəqəmi ilə  yazılıb. Təxrisinə 4 gün qalmış döyüə girib, qələbəyə 4 gün qalmış yaralanıb, əsgərliyini 4 ay çox çəkib, 4 gün komada qalıb...

Şükür polis olmaq arzusundaydı. Bundan ötrü mübarizə də apardı. Seçimlərə qatıldı. Bütün mərhələləri keçdi, sonda boyunun 2 santimetr qısa olmasını əsas gətirərək seçmədilər. O da bundan incidi. Müharibə şəraiti üçün yararsız sayılsa da, sülh dövrü üçün yararlı sayılır. Döyüşlərdən sonra uzun müddət psixoloji dəstək alıb, hələ də ehtiyacı var. Başından güllə yarası aldığı gün  9 səngər yoldaşının şəhid olması xəbərini alıb sarsılıb.

“Deyirdik müharibədən sonra görüşərik, oturarıq. Sonradan öyrəndim ki, hamısı şəhid olub. Yaxın dostlarımdan biri mən yaralanmamışdan bir gün əvvəl qucağımda şəhid oldu.  Döyüş meydanından çəkdim çıxardım.  Yolda maşında öldü. Bütün bunları düşünəndə, döyüş günləri barədə videolara baxanda, qazilərə qarşı hansısa laqeydlik görəndə əsəbləşirəm. Bizi anlamalıdırlar. Məni başımdakı güllə yox, şəhid və qazi ailələrinə qarşı hansısa bir məmurun laqeyd yanaşması incidir”,- deyir qəhrəman vətən oğlu. 

Döyüşlərdən dörd medalla qayıdıb. Ayda 80 manat veteran kimi müavinət alır. Hazırda marketlərdən birində mühafizə xidmətində işləyir. Ən  böyük arzusu özünü polis sıralarında görməkdir. Vətəni qoruyub. İndi də onun vətəndaşlarını qorumaq istəyir. Layiq deyilmi?

 

# 2454
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar