Bakıda bu yağlar marketlərdən yığışdırıldı - FOTO
23 may 2023 15:40 (UTC +04:00)

Bakıda bu yağlar marketlərdən yığışdırıldı - FOTO

Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 3007-ci məhəllədə yerləşən və fiziki şəxs Vüqar Maqsud oğlu Novruzova məxsus bitki yağlarının emalı müəssisəsində plandankənar yoxlama keçirilib.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Lent.az-a verilən xəbərə görə, yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, qida üçün nəzərdə tutulan “Medoil” və “Kavvamli” əmtəə nişanlı yağ məhsullarının emal tarixindən asılı olmayaraq, karton qablaşdırmanın, həmçinin kokos, çaytikanı, badam və qarazirə yağlarının üzərinə yapışdırılmış stikerlərdə eyni istehsal tarixinin və son istifadə müddətinin yazıldığı aşkarlanıb. Eləcə də, müəssisədə emal edilən qida yağlarının satışı zamanı istehlakçıların aldadıldığı, bəzi məhsulların dərman vasitəsi və bioloji aktiv qida məhsulları kimi alıcılara təqdim edildiyi məlum olub.

Qida obyektində emal edilən müxtəlif yağların üzərindəki stikerlərdə istehsalçı kimi fiziki şəxs “Vüqar Maqsud oğlu Novruzov” deyil, “Kavvamli şirkəti” yazıldığı, müəssisədə məhsullara dair türk qida kodeksi olmadığı halda, “Medoil” əmtəə nişanlı yağların karton qablaşması üzərində və içlik vərəqəsində “Türk Gıda Kodeksinə uyqun üretilmişdir” məlumatının qeyd olunduğu, “Medoil” əmtəə nişanlı çörəkotu yağının karton qablaşması üzərində məhsula dair Azərbaycan dilində məlumatların əksini tapmadığı aşkarlanıb. Eyni zamanda, müəssisədə havalandırma sisteminin quraşdırılmadığı, dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin aparılmadığı, işçilərin soyunub-geyinmələri üçün sahənin təşkil edilmədiyi müəyyənləşib. Qida obyektində məhsullara dair texnoloji təlimatın və resepturanın da mövcud olmadığı aşkar edilib. Yoxlama zamanı bəzi sənədlər isə müfəttişlərə təqdim olunmayıb.

Aşkarlanan nöqsanlarla əlaqədar protokol tərtib edilib. Həmçinin müəssisənin fəaliyyətinin dayandırılması, qanunvericiliyin tələblərinə zidd olaraq markalanan bütün qablaşma materiallarının və içlik vərəqələrinin dövriyyədən çıxarılması, satışı həyata keçirilən bitki yağlarının ticarət şəbəkələrindən geri çağırılması ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib. Eyni zamanda, laborator müayinələrin aparılması məqsədilə bitki yağlarından nümunələr götürülüb.

# 109020
avatar

Mehman Nəbiyev

Oxşar yazılar